Bu gün bir çox dəyərlərin başında paylaşmaq hissi dayanır. Paylaşmaq nədir? Paylaşmaq bəzən sahib olduğun bir əşyanı paylaşmaqdır. Bəzən sahib olduğun bir loxmanı paylaşmaqdır. Bəzən sevgini paylaşmaqdır. Bəzən ömrünü paylaşmaqdır. Bəzən sevincini, bəzən kədərini paylaşmaqdır. Hər halda, nə olursa olsun, paylaşmağın çox fərqli mənaları var və bu, həyatımızın ayrılmaz parçasıdır. Mövzuya bir də psixoloq gözü ilə baxmaq istədik. Odur ki, mövzu ilə əlaqədar psixoloq Vəfa Mirzəbəyli ilə həmsöhbət olduq...

- Paylaşmaq nədir?

- Paylaşmaq dünyanın ən gözəl davranışlarından biridir. Paylaşmaq yaxşılığın, xeyirxahlığın və ən əsası isə insanlığın göstəricisidir. Paylaşmaq təkcə özünü deyil, başqalarını da düşünməkdir. Qısaca deyək ki, insan paylaşdıqca özü də bir çox duyğular qazanır. Bir sözlə, paylaşmaq təkcə maddiyyat deyil, həm də mənəviyyatdır. Bu cür paylaşmaya insanın özünün də ehtiyacı var. Çünki insan sosial varlıqdır və cəmiyyətin bir parçasıdır. İnsanların bir-birinə həmişə ehtiyacı olub və həmişə də olacaq. Belə düşünək ki, insan tənha bir adada yaşayır və onun istər hazırladığı yemək olsun, istər tikdiyi ev olsun, istər düzəltdiyi alət olsun onu kiminləsə paylaşmağa fürsəti yoxdur. Belə olduğu halda o, bu sahib olduqlarından nə qədər zövq ala bilər? Təbii ki, bunun əksini də düşünmək olar.

- Paylaşmaq hissi insana nə verir?
- Paylaşmaq hissi insana empatiya hissini qazandırır. Paylaşmaq hissi insana təvazökarlıq hissini qazandırır. Birlik hissini qazandırır. Güclülük hissini qazandırır. Xüsusilə də, biz insanlarımızda paylaşmaq hissini ən son Vətən Müharibəsi vaxtı gördük. Bu bizi daha da birləşdirdi və gücləndirdi. Bu, bizim bir-birimizi anlamağımızı təmin etdi. Ən sonda da bizə qələbəni qazandırdı. İnsan sahib olduğunu paylaşdıqca azalmaz, əksinə çoxalar.

- Paylaşmaq hissini aşılmağın yaşı varmı?
- Paylaşmaq anadangəlmə bir şey deyil, sonradan qazanılma bir hissdir. Bu hissi biz ətrafdan - ailədən, müəllimdən və ya başqa insanlardan öyrənirik. Ancaq ilk öyrəndiyimiz yer ailəmizdir. Çünki hər doğulan uşağın ailəsi bir dünyadır. Orada olanları çox gözəl təqib və tətbiq edir.

- Uşaqlara paylaşmaq hissini nə vaxtdan aşılamaq olar?
- Paylaşmaq hissini aşılmağın yaşı yoxdur. Paylaşmağı öyrədərkən bir neçə nüansa fikir vermək lazımdır. Uşaq paylaşırsa, burada uşağı məcbur etmək, təzyiq göstərmək, utandırmaq, həmçinin, bu kimi başqa davranışlar sərgiləmək uşaqdakı paylaşmaq hissini zədələyə bilər. Biz bilirik ki, uşaqlarda müxtəlif böyümə periodları var. 3 yaşına kimi uşaq mən mərkəzli olur. Misal üçün Arzu adlı bir uşaq üçün əvvəllər "Arzunun köynəyi", "Arzunun yeməyi", "Arzunun əşyası" deyilirdisə, artıq 3 yaşda o əşyaların yanına "mənim" sözü əlavə olunur. Məsələn, "Mənim köynəyim", "Mənim yeməyim", "Mənim əşyam" və s. Burada artıq sahiblik hissi ortaya çıxır. O uşaq əşyalarının sahibidir və onda hələ elə bir hiss formalaşmayıb ki, ona aid olan şeyi rahat bir şəkildə paylaşsın. Təbii ki, burada ilk növbədə itirmək qorxusu üzə çıxır. Ona görə də, bu dövrdə uşağa və onun hisslərinə həssas yanaşmaq lazımdır.

- Biz paylaşmağı adətən hər hansı bir əşyanı kiməsə verməklə ölçürük. Bəs hissləri paylaşmaq nə deməkdir?
- Paylaşmaq təkcə əşyalarla olmur, həm də hisslərlə olur. İnsanın həyatında bir çox mənəvi hisslər var ki, onu başqaları ilə paylaşır. Məsələn, sevincimizi, kədərimizi və ya həyəcanımızı paylaşarkən nə olur? Rahatlıq hıss edirik. Dostlarla görüşüb danışmaq da bizə rahatlıq hissi verir. Onları öz yanımızda hiss etmək bizim özümüzü güclü hiss etməyimizə səbəb olur. Bundan başqa xəstəlik, qəza, ölüm kimi bir sıra məyusedici anlarda da hissləri paylaşmaq bizə dəstək verir, yəni, acılarımız müəyyən qədər azalır. Bir çox dini və milli bayramlarımız var ki, bu bayramlar sevincimizi bərabər paylaşmaq üçün bizə fürsət verir və onları sevdiklərimizlə birlikdə qeyd edirik. Bu da sevincimizi bərabər bölüşməyimizə səbəb olur. Bundan başqa, insanlar arasında əsas amil biliyi paylaşmaqdır. İnsan əldə etdiyi biliyi başqaları ilə paylaşmasa, onun nə özünə, nə də başqasına faydası olar. Biliyi paylaşmaqla insan həm də özü üçün təcrübə əldə etmiş olur. Dinimizdə deyilir ki, "Təbəssüm sədəqədir". Biz də müsəlman olduğumuz üçün bu fikirlə yola çıxa, insanlarla maddi bir şeyimizi paylaşa bilmiriksə, o halda onlarla təbəssümümüzü paylaşa bilərik.

- İnsanın paylaşmaq hissinin qarşısına nə keçir? Niyə insan bəzən bu hissdən məhrum olur?
- Paylaşmaq hissinin qarşısına eqo keçir. Eqo hissi özünü başqalarından üstün tutmaq hissidir. Özünü başqalarından üstün tutmaq hissi isə insanı tənhalaşdırır. Hər işdə gərək sevgi və şəfqət hissi olsun. İnsanda inam hissinin olmaması onu paylaşmaq hissindən məhrum edir.


Aygün Zayıdova