Cəmiyyət qadınla var oldu və bununla da qadın üzərinə böyük bir missiya götürdü. Çünki o həm mənəvi gücü, həm də zərif yaradılışı ilə səhraları gülüstana çevirməyə, yaralara məlhəm olmağa qadirdir. Yetər ki, öz yaralarını sağalda bilsin... Bu dəfə psixoloq Gülzanə Bağırova ilə qadın haqqında danışdıq...
- Özünüzü oxucularımıza necə təqdim edərdiniz?
- Ən sadə bir şəkildə: Gülzanə Bağırova. Psixoloq.
- Bu bir həqiqətdir ki, qadın mənən daha güclü hesab olunur. Bəs qadını güclü edən səbəblər nələrdir?
- Bəli, qadın güclü olduğu qədər, həm də zərif bir məxluqdur. Qadın başlanğıcdır, qadın təməldir. Ona görə də, qadın necədirsə, davam da o şəkildə olur. Bu səbəblə qadından çox şey asılıdır.
- Qadın təməl hesab olunursa, sağlam nəsillərin yetişməsi üçün bu təməl necə qoyulmalıdır?
- Bütün başlanğıclar ailədən başlayır. Ailədə valideynlər övladlarına hansı duyğuları yükləsələr, o övladlar da gələcəklərini eyni duyğular əsasında formalaşdırarlar. Uşaqlar ən çox ananın duyğularını daşıdıqları üçün qadın, yəni, ana özünü tanıyan, sevgi və etibar dolu, hisslərinin fərqində olan fərd olarsa, sağlam nəsillər yetişər.
- Qadın özünü necə tanımalı, necə təqdim etməlidir?
- Özünü tanıyan qadın cəmiyyətdə öz mövqeyini çox yaxşı bilir. Belə insanlar cəmiyyətdə özlərini olduqlarından fərqli tanıtmaq ehtiyacı hiss etmirlər. Çünki öznəinamı yerindədir və qarşı tərəfin onu necə qiymətləndirəcəyi, fikrində hansı düşüncələri formalaşdıracağı çox da əhəmiyyət kəsb etmir. Lakin daxili aləmində tərəddüdlər yaşayan insanlar söhbət edərkən və ya müzakirə apararkən fikir söyləməyə ehtiyat edirlər. "Birdən məni bu fikrimə görə qınayarlar" deyir, öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu səbəblə ailədə uşaqlar sevgi ilə böyüməlidirlər. Çünki bir qadının formalaşması ailədən başlayır. Valideynlərə tövsiyəm odur ki, xüsusilə qız uşaqlarına sevgini tam versinlər. Sevgini, qayğını, diqqəti kifayət qədər yaşayan uşaqlar gələcəkdə özünütəsdiqə ehtiyac hiss etmirlər. Uşaqların fikri dinlənilməli, "yox" sözünə hörmətlə yanaşılmalıdır. Uşaq böyüdüyü ailə modelini özü ilə gələcəyə aparır. Çünki gördüyü, tanıdığı üsul yalnız budur. Gələcəkdə eynilə olmasa da, buna bənzər ailə yaratmağa çalışır. Beləliklə də, münasibətlərin düzgün qurulmadığı ailə tipi genetik kod kimi nəsildən nəsilə ötürülür.
- Qadın nə vaxt xoşbəxt olur? Bizim xoşbəxt olmaq üçün başqasına ehtiyacımız varmı?
- Xoşbəxt o adama deyə bilərik ki, nə istədiyini bilsin. Özündən əmin olsun. Və başqasına ehtiyac duymasın. Bu mənada bir qadının hiss dünyası zərər görməyibsə və özünü şəxsiyyət kimi reallaşdıra bilibsə, o özü özünü tam təmin edə bilər. İstər sevgi, istər qayğı, istər diqqət... adını nə qoyuruqsa qoyaq, başqasından gözlədiyimiz hər şey əslində özümüzdə var. Qadın özünü unutduğu zaman başqasına ehtiyac duyur. Çünki öz hisslərini, duyğularını unudur və tamamilə özünü ailəsinə, övladlarına qurban verir. Belə demək mümkünsə, daim özündən xərcləyən qadın bu dəfə qarşı tərəfdən ummağa başlayır. Umduğunu ala bilməyəndə isə artıq özünü zəif hiss etməyə başlayır.
- Ailə məsuliyyəti qadın və kişi arasında necə bölüşdürülməlidir?
- Çox təəssüflər olsun ki, cəmiyyətimizdə qəlibləşmiş düşüncələr var. Hamı elə bilir ki, uşaqla bağlı hər şeyə görə ana məsuliyyət daşıyır və ata yalnız onu maddi baxımdan təmin etmək üçün qazanc gətirən tərəfdir. Halbuki, uşaq hər iki tərəfin övladıdır. Ona görə də, məsuliyyət eyni bərabərdə bölünməlidir. Bəzən artıq boya-başa çatmış bir uşaq gələcəkdə həyatı ilə bağlı hər hansı bir uğursuzluq yaşasa, o zaman ana günahlandırılır, "Yaxşı tərbiyə verməyib" və ya "Yaxşı məşğul olmayıb" deyilir. Uşağın tərbiyəsində, eləcə də inkişafında həm ana, həm də ata iştirak etməlidir. Ana işləmirsə və evdə oturursa, bu onun evdə boş vaxt keçirməsi demək deyil. Nəzərə almaq lazımdır ki, ev işləri də kifayət qədər ciddi və məsuliyyət tələb edən bir məşğuliyyətdir. Bəzən qadın həddindən artıq yükləndiyi üçün işlərin altında özünü əzilmiş kimi hiss edir. Bu zaman psixoloji olaraq gərginləşən qadın hadisələrə neqativ reaksiyalar verməyə başlayır. Ailənin hüzuru pozulur. Reallıq budur ki, uşaq emosional olaraq anadan qidalanır. Onun hərəkətlərini bir növ kopyalayır. Ana hansı əhvali-ruhiyyədədirsə, bu özünü uşaqda da göstərməyə başlayır. Çünki uşaqlar emosional olaraq anaya bağlı olurlar. Burada atanın üzərinə böyük vəzifə düşür. Belə ki, atanın anaya münasibəti necədirsə, ona necə münasibət göstərirsə, ana da uşaqlara onu paylayır.
- Reallaşmış qadın obrazı necə olmalıdır?
- Reallaşmış qadın ilk növbədə həyatının mərkəzinə özünü qoymalıdır. Özünü sevməli və özünə dəyər verməlidir. Buradan elə başa düşülməsin ki, qadın özündən başqa heç kəsi fikirləşməməlidir. Əksinə, ilk növbədə özünü sevən və dəyər verən fərd ətrafına da sevgini və dəyəri düzgün paylayacaq. Həm özü xoşbəxt olacaq, həm də ailəsini və uşaqlarını sevgi ilə qucaqlayacaq. Ümumiyyətlə, ailədə hər kəs öz yerini və rolunu bilsə, burada heç kəs zərər görməz. Elə ailələr olur ki, qadın evin bütün yükünü çiynində daşıyır. Evdə həm uşaqlarla məşğul olur, həm də ev işlərini (hətta sınıq-sökük işlərini də) həll etmək məcburiyyətində qalır. Çünki kişi səhər evdən çıxır, bir də axşam evə qayıdır. Gəlib evdə hər şeyi yerbəyer görür və kişidə belə bir düşüncə yaranır ki, onsuz da qadın bütün bu işlərin öhdəsindən gəlir. Amma fərqində olmuruq ki, bu qədər yüklənmək, bütün işlərdən özünü məsul bilmək zaman keçdikcə qadını sıradan çıxarır və ruh dünyasını zəiflədir. Qadın ailədə anadırsa, ana olduğunu qəbul etməli və öz mövqeyindən çıxış etməlidir. Balans o zaman pozulur ki, hər kəs kim olduğunu unudur və başqasının işlərini öz üzərinə götürməyə başlayır. Yəni, hər kəs öz üzərinə düşən rolu oynamalıdır.
- Qadın gözlənti içərisinə girərsə, bu, onda hansı mənfi təsirlərə yol aça bilər?
- Ümumiyyətlə, gözlənti içərisində olmaq öz məsuliyyətindən qaçmaq deməkdir, bu isə çox hallarda məyusluqla və təəssüflə nəticələnir. Qadının gözlənti içərisində olması onun öz gücünə inanmaması deməkdir ki, bu da zaman keçdikcə onun özünə olan dəyərini və hörmətini itirir.
- Ailədə hüzur necə təmin olunmalıdır?
- Ailədə hər kəs öz yerini bilsə, hüzurlu mühit də formalaşar. Ana qadın kimi, ata kişi kimi, övladlar isə uşaq kimi üzərinə düşən məsuliyyəti bilməlidir. Bu zaman biri digərinin yerinə keçmədiyi üçün anlaşılmazlıq da yaranmaz. Təəssüf ki, buna həmişə riayət etmək mümkün olmur. Çünki hər iki valideyn müxtəlif ailələrdə böyüdükləri üçün, hadisələrə fərqli baxış bucağından yanaşırlar. Və çox vaxt bir-birilərindən gözləntiləri ifrata vardığı üçün balansı qorumaqda çətinlik çəkirlər.
- Bəzən qadın ailədə həddindən artıq kontrolçu davranır. Ailə fərdlərinə müdaxilə hansı səviyyədə olmalıdır?
- Kontrolçuluq qayğı və qorxudan yaranan duyğudur. Qadınlar sanki kontrol etməklə hər şeyi dəyişə biləcəklərinə inanırlar. Hətta onlar bundan o qədər əmindirlər ki, özləri də hiss etmədən ailədə hər kəsi idarə edərək onları qorumağa çalışırlar. Bu da ailə üzvlərinin həyat təkamülünə qarışmaqdır. Nəticədə, qarşı tərəfdə aqressiyalar yaranır və şikayətlər çoxalır. Belə vəziyyətdə qadın hər şeyin onun idarəsindən çıxdığını qəbul edə bilmədiyi üçün özünü uğursuz sayır. Yaxşı olar ki, hər kəsə ailədə həm daha rahat, həm də daha azad şəkildə davranmağa şərait yaransın.