Gənc rejissor yeni filminin qəhrəmanını oynamaq üçün qadın aktrisa axtarırdı. Hətta bunun üçün qəzetlərə elan da vermişdi. Aradan çox az vaxt keçsə də, müraciət edənlərin sayı xeyli çox idi. Buna görə heç iki gün keçməmiş namizədləri studiyasına dəvət etdi...
İndi o bütün günü studiyaya gələn namizədlərlə söhbət etmiş və üstəlik, xeyli gərgin keçən bu söhbətlədən yorğun düşmüşdü. Nəfəsini yenicə dərmişdi ki, növbəti namizəd içəri girdi və üzündə qəribə bir təbəssüm sınaq kamerasının qarşısında oturdu. Gənc qızın adı Emili Müller idi. Qısa bir tanışlıqdan sonra rejissor gənc qızla söhbətə başladı və başlanğıc üçün: "Çantanızı açıb mənə içindəkilər barədə danışa bilərsiniz?" - dedi. Gənc qız əlini arxasındakı çantaya uzatdı və çantadan iri qırmızı bir alma çıxardı: "Bu almanı səhər meyvələrini rəfə düzən bir meyvəsatan hədiyyə etdi. Görünür, çox iştaha ilə baxmışam". Sonra növbə bir kitaba çatdı. Gənc qız hələ kitabın ilk səhifələrində olduğunu, ancaq oxuduğu sətirlərin ona çox təsir etdiyini dedi. Sonra isə romanın qəhrəmanının macəralarından bəhs etdi. Bu dəfə gənc qız çantadan bir qəzet çıxardı. "İstedad axtarırıq" elanını da o, bu qəzetdən oxumuşdu. Təbii ki, elanlar arasında hələ müraciət etmədiyi başqa yerlər də var idi. Daha sonra çantadan çıxanlar isə gənc qızın qeyd dəftərçəsi və gündəliyi idi. Rejissor sonuncudan istənilən bir səhifəni oxumağı xahiş etdi. Gənc qız gündəliyi açdı və bir az da utancaq ifadə ilə oxudu. Əlbəttə ki, oxuduğu şeylər son günlər yaşadığı hadisələrlə bağlı idi. Sonra gənc qız əlini çantanın gizli cibinə atdı və oradan iki şəkil çıxardı. Şəkillərdən biri yatan gənc bir oğlanın şəkli idi: "Bu mənim qardaşımın şəklidir", - deyə gənc qız izah etdi, - "Şəkil çəkdirməyi heç sevmir. Buna görə də, şəklini ancaq yatanda çəkə bilirəm". İkinci şəkil isə anasının evlənməzdən əvvəl çəkdirdiyi şəkil idi və nədənsə o, anasının bu şəklini indiki şəkillərindən daha çox sevirdi. Gənc qızın çantasından çıxarıb böyük təbiiliklə təqdim etdiyi hər bir əşya sanki bir bütövün parçaları idi və onun iyirmi illik həyatını əks etdirirdi. Və bu "sınaq" təqribən 15 dəqiqə davam etdi. Axırda rejissor gənc qıza təşəkkür etdi və qapıdan çıxanda assistentə telefonunu verməyi xahiş etdi. Üstəlik, rejissor: "Assistentim gələn həftə sizə zəng edər", - deməyi də unutmadı...
Gənc qız çıxandan sonra assistent içəri girdi. Çinki çöldə gözləyən hələ nə qədər namizəd var idi. Ancaq rejissor qısa bir fasilə vermək istəyirdi. Çünki hələ də axtardığını tapa bilməmişdi. Özünə yenicə gəlmişdi ki, gözü qarşısındakı stuldan asılmış çantaya ilişdi. Bu, bir az əvvəl gənc qızın içindəkilərdən bəhs etdiyi çanta idi. Rejissor həyəcanla assistentini yanına çağırdı və: "Gedən qız çantasını unutdu, tez çat, bunu ona ver", - dedi. Assistent qız təəccüblə çantaya baxdı və: "Axı bu, mənim çantamdır", - dedi. Rejissor tez yerindən qalxdı və gənc qızın çıxdığı qapıya üz tutdu. Artıq axtardığı qəhrəmanı tapmışdı...