Ucsuz-bucaqsız, sonsuz bir okean düşünün. Bəzən elə gəlir ki, bu okeanın sərhədlərinə çatmaq, ümumiyyətlə mümkün deyil. Və o gəmidə üzən, neft daşıyan bir tanker. Bəlkə də, ünvana çatacağını bilməsə də, yolundan dönməyən, öz missiyasını davam etdirən bir tanker. Futbol üzrə keçmiş SSRİ çempionatında Azərbaycanı təmsil edən yeganə klub "Neftçi" də məhz o tankerə bənzəyirdi. "Neftçi" uzun illər Azərbaycanın futbol ictimaiyyətinin bütün yükünü öz çiyinlərində daşıdı. O, Azərbaycan üçün bir futbol klubundan çox, tutunacaq bir qala, arxalanacaq bir ordu funksiyasını yerinə yetirdi. Məhz bu "Neft tanker"i 18 mart 1937-ci ildə "okeana buraxıldı". Bu il isə "Neftçi" artıq 86 yaşlı flaqman kimi qarşımızda olacaq. Klubun Azərbaycanda və ölkədən kənarda çox sayda azarkeşi var. Onlar "Neftçi"nin yaxşı günündə də, pis günündə də həmişə komandalarının arxasında dayanmağı, onu yenidən ayağa qaldırmaq üçün əllərindən gələni etməyi özlərinə borc bilirlər. Biz isə "Neftçi"nin doğum günündə komandanın kapitanı Emin Mahmudova bir neçə sual ünvanladıq...
- 18 martda 86 yaşlı "Neftçi"nin kapitanı olacaqsınız. Neftçili olmaq nə deməkdir? "Neftçi" sizin həyatınızda hansı rola malikdir?
- Mən də bütün azarkeşləri, bütün "Neftçi" sevənləri təbrik edirəm. Çünki "Neftçi" Azərbaycan futbolunun tarixidir. Burada oynamaq çox məsuliyyətli işdir. Burada kim olubsa, kim oynayıbsa, hamı öz üzərində məsuliyyət daşıyıb. Çünki "Neftçi"nin böyük tarixi var. Biz də burada ona uyğun oynamalıyıq
- "Neftçi"yə "flaqman" deyilməsi, yəqin ki, təkcə onun tarixiliyi ilə əlaqədar deyil. "Neftçi"ni "flaqman" edən dəyərlər...
- Bu, bir az çətindir. Çünki əvvəllər, SSRİ vaxtında həmişə bir "Neftçi" var idi. Çox vaxt ancaq "Neftçi"dən danışırdılar. Ümumiyyətlə, o vaxtlar Azərbaycanda da ancaq "Neftçi"nin adını eşidirdilər. Üstəlik, "Neftçi" 1966-cı ildə SSRİ çempionatının bürünc medalına sahib oldu. Bəlkə də, o vaxtdan "flaqman" adlanmağa başladı. Məncə, burada əsas tarixilik rol oynayır.
- Kapitan məsuliyyəti... Sizdən əvvəlki kapitanların, veteranların sizə ötürdüyü klubun ənənələrini, yazılmamış qanunlarını qorumağın və gələcək nəsillərə ötürməyin öhdəsindəm necə gəlirsiniz?
- Çətin sualdır. Əsas insanın özü məsuliyyətlidirsə, belə böyük klubda məsuliyyət altına girmək onun üçün problem olmaz. Mən də öz işimə həmişə çox professionallıqla yanaşmışam. Ona görə mənə bir az asan olur. Mən qeyri-peşəkar biri olsaydım, gəlib klubun kapitanı olmağım çox çətin olardı. Məndən əvvəlki kapitan, yəni, mən bura gələndə ilk kapitanım Ruslan Abışov idi. O da uzun müddət idi ki, kapitan idi. Mən də ona baxırdım, ondan öyrənirdim. Bizim də istəyimiz odur ki, bizdən sonra gələnlər başa düşsünlər ki, "Neftçi" məsuliyyətli komandadır. Burada təkcə meydanda yox, meydandan kənarda da özünü yaxşı tərəfdən göstərməlisən.
- "Neftçi"yə transfer olunana qədər bir sıra xarici klublarda oynamısınız. Həmin dövrlərdə "Neftçi" sizin gözünüzdə necə bir klub idi və transfer olunmağınıza əsas səbəb nə oldu?
- Ümumiyyətlə, mən Azərbaycan futboluna o qədər də baxmırdım. Çünki uşaqlıqdan Rusiyada böyümüşəm. Mənim üçün daha çox Rusiya futbolu maraqlı idi. Mən uşaq olanda da Azərbaycanın adı gələndə həmişə "Neftçi"- dən bəhs edirdilər. Çünki mənim o vaxtkı məşqçilərim də SSRİ vaxtında ancaq "Neftçi"ni görmüşdülər. Mən açığı, yalan deməyim, o vaxtlar "Neftçi"nin oyununa baxmamışam. Əlbəttə, bilirdim ki, belə bir komanda var. Digər Azərbaycan komandalarından da bəzilərini tanıyırdım. Gələnə kimi 3-4 oyuna da baxmışdım. Azərbaycan millisində oynamağa başlayandan sonra isə arabir oyunlara baxmağa başladım. Ancaq onların da sayı o qədər çox deyildi. Ondan sonra təklif oldu, mən də razılaşdım, gəldim.
- Sizcə, "Neftçi"nin son illərdə avrokuboklarda uğurlu olmamasının səbəbi nədir?
- Məncə, konkret bir şey - "Hansısa bir problem var, onu həll edək və nəticələr gəlsin" - bu yoxdur. Avrokubokların qrup mərhələsinə ancaq bir dəfə çıxmışıq. Deməli, nə isə çatışmır və biz o yerə çatmaq üçün daha çox şey etməliyik. Həm oyunçu, həm də klub olaraq irəli addım atmalıyıq ki, qruplara düşə bilək. O addımı da biz ata bilmirik. Hansı səbəbdən? Onu bilmirəm. Əgər bilsəydim, deyərdim ki, bu səbəbdən və onu düzəldərdim. Çünkı tək bir səbəb olmur. Səbəblər çox olur. Bəzən bəxtsizliklər də olur, məsələn, "Rapid"lə oyunda olduğu kimi. Bəzən də çox güclü rəqiblər düşür... Mən burada olduğum 5-6 ildə "Qalatasaray", "Olimpiakos" kimi çətin komandalarla qarşılaşmışıq ki, bu oyunlarda bəzən keyfiyyət, bəzən də bəxt rol oynayıb. Amma ümumi olaraq bir səbəb deyə bilmərəm. Məncə, Avroliqanı düşünməsək, onda biz daha nə üçün oynayırıq? Biz təkcə Azərbaycan çempionatı üçün oynamırıq ki? Düzdür, ən vacibi çempionat olsa belə, çempionluq üçün mübarizə aparsaq belə, Avroliqaya da iddialı olmalıyıq.
- Azarkeşin bir futbolçunun və yaxud da bir klubun fəaliyyətindəki rolunu necə qiymətləndirirsiniz?
- Ümumiyyətlə, azarkeş futbol üçün ən vacib şəxslərdəndir. Çünki futbol azarkeşsiz maraqsız olur. Oyunlara daha çox azarkeş gələndə futbolçunun da daha çox həvəsi olur. Onların dəstəyində və ya tənqidində (təbii ki, təhqiri demirəm, təhqir pis şeydir və onu heç vaxt qəbul etmirəm) pozitiv məqamlar axtarmaq lazımdır. "Neftçi" azarkeşləri də bizi həmişə dəstəkləyirlər. Aramızda bəzi problemlər olsa da, bunları düzəltmək çətin olmur. Futbolda bəzən elə məqamlar olur ki, onlar səni başa düşmürlər, sən onları başa düşmürsən. Bundan sonra da, anlaşılmazlıqlar baş verir. Azarkeşlər bizim üçün çox vacibdir. Sağ olsunlar ki, bizi heç vaxt tək qoymurlar.
- Son olaraq, azarkeşlərə demək istədikləriniz...
- Bu vaxta kimi bizi necə dəstəkləyirdinizsə, elə də dəstəkləməkdə davam edin. İnşallah, biz də çalışacağıq ki, sizi sevindirək.
- Biz də "Neftçi" futbol klubunu yeni yaşı münasibətilə təbrik edir, ona hər zaman Azərbaycan futbolunun flaqmanı kimi qalmağı, azarkeşlərini hər zaman uğurları ilə sevindirməyi arzu edirik.
- Təşəkkür edirəm.