Müharibənin bir üzü ölümdür, bir üzü şərəf; bir üzü zülmdür, bir üzü ədalət; bir üzü məhrumiyyətdir, bir üzü ləyaqət... Bir müharibədə iki haqlı olmur, tərəflərdən biri haqsızdır və qarşı tərəf də öz haqqı üçün döyüşür. Nə qədər ağır, ölümlü, məhrumiyyətli olsa da, bəzən müharibə qaçılmaz olur, çünki o müharibə artıq ölüm-qalım məsələsinə dönür. 2020-ci ilin 10 noyabrında qazandığımız Qarabağ Zəfəri son bir neçə əsrlik tariximizin ən parlaq səhifəsi olmaqla yanaşı, bizim üçün şəfər işi, ədalətin təntənəsi, ləyaqət pasportu oldu. Çünki tarixin hər dövrünü fürsət bilən, kürəyini söykədiyi güclərlə üstümüzə gələn və torpaqlarımızı bölük-bölük ələ keçirən düşmən ilk dəfə qarşımızda diz çökdü, məğlubiyyətini qəbul etdi, sənəd imzaladı. Doğrudur, bu zəfər bir qədər zamana yayılmış qələbə oldu, amma inşallah artıq dönüşü yoxdur, inanırıq ki, bundan sonra hər şey bizim maraqlarımız istiqamətində inkişaf edəcək. Dünyanın bizə münasibəti də dəyişdi, güclü olduğumuzu görəndən sonra haqlı olduğumuzu da qəbul etdi, yoxsa nə qədər haqlı olursan-ol, gücün yoxdursa, heç kim tərəfini tutmaz. Dibində durduğun dağın zirvəsini görə bilmədiyin kimi, biz də bu yaxın tarixdə yaşadığımız zəfərin ehtişamını, bizim üçün nə qədər böyük bir nemət olduğunu ondan uzaqlaşdıqca görəcək, biləcəyik. Bəli, 10 noyabr 2020-ci ildə haqqımızı geri aldıq, şərəfimizi, ləyaqətimizi, hünərimizi dünyaya göstərdik və qarşı tərəfin nə qədər haqsız, şərəfsiz və ədalətsiz olduğunu sübut etdik. Amma bu uğur heç də asan başa gəlmədi, nə igidlər candan keçdiər, necə gülüzlü balalar şəhid oldular, neçə ocaqlar söndü, neçə gənc gəlinimiz boynubükük qaldı, neçə körpəmiz bu dünyaya atasız göz açdı... Çox ağrılar, bu çox ağrılarla yanaşı çox da hikmətlər yaşandı 44 gün davam edən bu müharibədə. Döyüş meydanlarında, arxa cəbhədə, anaların yuxularında bu zamana qədər gördüyümüz, bildiyimiz dünya qanunlarını alt-üst edən necə hikmətlər yaşandı...

***

İki şəhid anası: "Düşünmədim ki, heç olmasa biri qalsın"

Bəzən elə insana rast gəlirsən ki, özünü onunla müqayisə edəndə içindəki dünya sevgisinə, sərvət düşkünlüyünə, hər cür pis niyyətə görə xəcalət çəkirsən, bir ona baxırsan, bir özünə baxırsan və özünün nə qədər cılız olduğunu, necə rəziıl duyğularla yaşadığını anlayırsan, çünki qarşındakının sözün hər mənasında BÖYÜK İNSAN olduğuna inanırsan. Sən beş manat artıq qazanmaq üçün gündə min oyundan çıxırsan, qarşındakı İNSAN isə ALLAH deyib iki balasını haqq yolunda, bu vətən uğrunda şəhid verir. Belə ANAnın əllərini öpmək azdır, ayaqlarının altı da öpülməyə layiqdir.
Özü düzüb qoşduğu qəhrəmanlıq nağılları ilə bir-birindən igid, bir-birindən ağıllı, vicdanlı, qeyrətli, gözəl iki oğul böyütdü Ziba ana, böyüyü İntiqam, kiçiyi Nurlan. İntiqam 1990-cı, Nurlan isə 1995-ci ildə doğulmuşdu. Hər iki qardaş Xüsusi Təyinatlılarda xidmət edirdi. Nurlan 2016-cı ildəki Aprel müharibəsində, İntiqam isə 2020-ci ildə Vətən müharibəsində şəhid oldular. Hər iki oğlu ilə bağlı qeyri-adi hallar yaşadı Ziba ana, sanki ürəyinə nəsə sızdı, baş verəcəkləri irəlicədən hiss etdi, amma qədərə təslim olub susdu, Allaha sığındı, təsəlli tapdı:
- Nurlanla son görüşümüz 2016-cı il yanvarın 13-də oldu. Onun bir sinif yoldaşı əsgərlikdən gəlmişdi, Nurlan da bir neçə saatlığa icazə alıb gəlmişdi dostu ilə görüşməyə. Sonra dostunu da götürüb bizə gəlmişdi. Bir xeyli söhbət etdik. Gedəndə Nurlan dedi ki, ana, bu mənim dostumdur. Mən Xüsusi Təyinatlılar kursuna oxumağa gedirəm. İmkan olmur, səninlə tez-tez danışa bilmirəm, bilirəm ki, darıxırsan. Ona görə də, bundan sonra bu dostum hər gün gəlib sənə baş çəkəcək ki, darıxmayasan, çünki bu mənim ruhumdur. Ayrılanda mən Nurlanımı qucaqladım və o an qəribə bir qoxu məni necə bürüdüsə, sanki bihuş oldum. Nə o zamana qədər, nə də ondan sonra mən heç yerdə o qoxunu duymadım, hiss etmədim, nə idisə başqa bir şey idi.
O qoxudan sonra ürəyimə bir qorxu sızdı. Bilməzdim ki, o qoxu mənim yaddaşımda Nurlanımın son yadigarı kimi qalacaq. Arpel döyüşündə Nurlanım şəhid oldu. Onun nəşini döyüş meydanından qardaşı İntiqam çıxarmışdı. Nə qədər dözümlü olsa da, bala dərdi ana ürəyinə ağır gəlir və mən çox ağladım, bir həftə sonra Nurlanım yuxuma girdi, dedi ki, mənim üçün ağlama, layla de.
Sağdan-soldan "bir oğlunu şəhid verdin, heç olmasa o birini ordudan çıxar, gətir gözünün qabağında olsun" deyənlər də oldu, amma Ziba ANA bu haqda heç düşünmədi belə. "Oğul düşmən çəpəridir, vətən şəhid oğulların çiynində yüksəlir" deyən Ziba ANA Nurlanın şəhidliyini qoxusundan hiss eləmişdisə, İntiqamın şəhidliyini də yuxusundan anlamışdı:
- Gördüm ki, Şuşanın yüksək qayasının zirvəsində İntiqam da, mən də namaz qılırıq. Namazı qurtardıq, İntiqam dedi ki, ana, ora bax. Baxdım ki, qayanın dibindən ağaclar yüksəlib zirvəyə qədər, budaqları şümal, gövdəsi şəffaf, üstündə də meyvələr var. İntiqam bir meyvə dərib dişlədi, birini də dərib mənə verdi, dedi ki, ana, bu gilasdır. O meyvə alma boyda idi. Dedim ki, ana qurban, adam bunun birini yesə, doyar. Elə o andaca yuxudan ayıldım və oğlumun şəhid olduğunu anladım, çünki "gilas - göz yaşıdır" deyirlər, o meyvənin böyüklüyünü də Cənnət meyvəsi kimi başa düşdüm.

***

"Nə gözəl iy gəlir!.."


Milli Ordumuzun zabiti, kapitan Mətin Abdinovun söhbəti:
- Xocavənd istiqamətində güclü atışma gedirdi. Barıt qoxusundan boğulurduq, nəfəs almaq mümkün deyildi. Bir əsgərimiz vuruldu. Mən özümü ona yetirib başını qucağıma aldım. Əsgər gözlərini açdı, çöhrəsinə təbəssüm qonmuşdu. "Komandir, nə gözəl iy gəlir" - dedi və elə o andaca şəhid oldu. O təbəssüm çöhrəsində donub qaldı.

***

"Komandir, üşüyürəm axı"...


Ağır döyüş başa çatmış, şəhidlər, yaralılar yerbəyer edilmişdilər. Komandir bir əsgərdən narahat qalmışdı, nə yaralılar arasında idi, nə şəhidlər, heç kim də görməmişdi. Nə qədər soraqlasa da, təsəlli olacaq bir xəbər ala bilməmişdi. Növbətçilər postlarda yerlərini tutmuş, qalan əsgərlər səngərdə hərə bir küncə çəkilib dincəlirdilər. Komandir də kürəyini səngərin divarına söykəyib yuxuya getmişdi. Yuxuda həmin əsgərini gördü, əsgər bir qədər də sitəmli bir dillə:
- Komandir, durduğun səngərdən bir qədər aşağıda böyük bir daş var, o daşın yanındakı çaladayam. Gəl məni buradan götür, üşüyürəm axı, - dedi.
Gecə yarısı yuxudan ayılan komandir özü ilə bir əsgər götürür, yuxuda deyilən yerə gedir və şəhid əsgərinin nəşini yuxuda deyilən yerdən götürüb səngərə gətirir.

***

52 gündən sonra


Şəhid Elnur Məmmədovun anası Maisə Pirverdiyeva:
- Yuxuda gördüm ki, oğlum evə gəldi, stolun üstünə çıxdı, lüstrün iki işığını kəsdi, əvəzinə bir lampa bağladı, ev oldu süd kimi işıqlı. Dedi, görürsən ev nə işıqlı oldu?! Sonra da mənə dörd yaşıl alma verib getdi. Yuxudan ayılanda bildim ki, balamın başında iş var. Sən demə həmin gecə balam şəhid olubmuş.
Şəhid Elnurun atası İsrafil Məmmədov:
- Elnurun nəşi neytral zonada qalmışdı. Onun cənazəsini 52 gün sonra oradan götürə bildik. Cənazə təzə-tər idi, elə bil 52 gün əvvəl deyil, elə indicə şəhid olmuşdu.

***

"Ölməmişəm, sağam"...


Ağamirzə Quliyev Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid oldu. Anası Dürdanə xanım oğlundan xəbərsiz olsa da, noyabrın 4-də əri İlhama deyir ki, ürəyim möhkəm sıxılır. Ağamirzənin şəhidlik xəbəri gəlir, amma bir müddət cənazəni tapa bilmirlər. Nəhayət, qələbədən bir həftə sonra hospitaldan zəng gəlir, ailə gedib Ağamirzənin nəşini tanıyır və gətirib Şəhidlər Xiyabanında dəfn edir. Ana sakit ola bilmir, çox ağlayır. Ağamirzə əvvəlcə atasının, sonra da bir neçə yaxın qohumun yuxusuna girib deyir ki, anama deyin, sakit olsun, ağlamasın, mən ölməmişəm, sağam.

***

Son söz yerinə


Bu yazıda "Yeniavaz.com" saytı əməkdaşlarının hazırladıqları çəkilişlərdən və eləcə də internet saytlarında yayınlanmış materiallardan istifadə etdik, həm də çalışdıq ki, nəyisə dəyişməyək, necə səslənibsə, eləcə yazıya köçürək. Heç bir şərh, izah əlavə etməyə də lüzum görmədik. Çox söhbətlər eşitdik, hər biri də böyük bir araşdırma mövzusu. Məsələn, bir ana hər gecə yuxusunda şəhid oğlunu görür və bununla təsəlli tapır. Bir gecə oğul ananın yuxusuna gəlmir, növbəti gecə ana yuxusunda oğlundan "Dünən niyə gəlmədin?" deyə soruşanda o şəhidimiz belə cavab verir: "Burada işimiz çoxdur, İmam Hüseyn öndə, biz də onun yanında, Cənnətə gələnləri qəbul edirik". Yuxarıda dediyimiz kimi, heç bir şərh, rəy əlavə etmirik, eşitdiyimizi olduğu kimi oxucularımıza təqdim edirik. Unutmayaq ki, o 44 gün qeyri-adi hadisələrlə doludur və hamısı da bizim haqlı, ədalətli olduğumuzun dəlilidir. Bir də ki, günümüzdə Mars planeti ilə görüntülü danışan insan bir addımın o üzündəki ölümün arxasında nələr var, bunları bilmir, çünki ora nə telefon çatır, nə internet yetişir, olsa-olsa ya yuxularla, ya da hansısa könüllərə bəzi həqiqətlərin sızması ilə bəzi qənaətlər əldə etmək mümkündür, onlar da isbatsız, dəlilsiz, inanan da olacaq, inanmayan da.
Əmin olduğumuz bir həqiqət var ki, o şəhidlər öz qanları ilə bu xalqın tarixinə şərəf səhifəsi yazdılar. Bu gün bir Azərbaycan ailəsində ailə başçısı hər bir ailə üzvünün gözünün içinə şax baxa bilirsə, bunda o şəhidlərimizin haqqı var. Bu şəhidlərimiz həm də şəhid sələflərinin yarıda buraxdıqları işi tamamladılar. Əgər diqqət etdinizsə, yazıda heç bir coğrafi ad çəkilmədi, yəni hansı şəhidimizin hansı rayonda, hansı kənddə doğulduğu yer almadı, çünki şəhid bir ailənin deyil, bir ölkənin, bir xalqın övladıdır. Nə fərqi var ki, general Polad Həşimov harada doğulub; nə fərqi var ki, Mübariz İbrahimov hansı torpaqda yetişib; nə fərqi var ki, Pəncəli Teymurov hansı məktəbdə təhsil alıb.., hamısı bizim əzizimiz, sevimlimizdir. Biz Allahın izni-inayəti ilə, onların qanı bahasına başımızı dik tuta bilirik. Allahverdi Bağırov, Fred Asif, Əliyar Əliyev, Mikayıl Cəbrayılov.., adını burada çəkə bilmədiyimiz şəhidlərimiz hamısı bizim dəyərimizdir.
Bu qələbəyə qədər həmişə deyirdik ki, torpaqlarımız alınanda şəhidlərimizin ruhu rahat olacaq, indi Allaha sonsuz şükürlür olsun ki, o dualarımız, o istəklərimiz həqiqətə dönüb. Allah bütün şəhidlərimizi rəhməti ilə bürüsün. Allahın rəhmətinə qovuşmuş hər kəsin yeri Cənnət, məqamı da uca olacaq inşallah... 


Əli Çərkəzoğlu