Yəqin ki, əksəriyyətimiz gələcəkdə kim olacağımız barədə uşaq yaşlarından düşünürük. Kimi həkim, kimi polis, kimi isə müəllim olmaq arzusunda olur. Kimi də müxtəlif texniki peşə sahələrinə üz tutmaq istəyir. Qızlar adətən xalçaçı, dərzi, tibb bacısı, oğlanlar isə texnikaya maraq göstərdiklərinə görə avtomobil təmirçisi, kompüter ustası, radiomexanika mütəxəssisi sahələrinə həvəs göstərirlər. Lakin cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, orta məktəbi bitirən hər kəs mütləq ali məktəbə qəbul olmalıdır. Hətta, çox vaxt qohumda, qonşuda və ya başqa yerdə qarşımıza çıxan valideynlərin əksəriyyətinin övladlarına təkidlə "həkim, müəllim, hüquqşunas və s. olacaqsan" dediyinə şahid oluruq. Onlar övladlarının fikirləri ilə maraqlanmır və istedadlarını nəzərə almırlar. Çox vaxt deyirlər ki, "Sən uşaqsan, nə istədiyni bilmirsən", "Bu sahədə daha çox qazanc əldə edə bilərsən". Buna görə də, müəyyən istedadı olan gənclər öz arzularını yarımçıq qoyub, ali məktəbə imtahan verirlər. Valideyn istəyi ilə peşə seçən gənclər də çox vaxt uğur qazana bilmirlər. Çünki onların bu peşəyə sevgisi, marağı olmur. Şübhəsiz ki, bu gün ölkədə peşəkarlarla yanaşı, peşəkar olmayan peşə sahibləri də çoxdur. Hətta, bəzən gənclərin ali məktəbi bitirdikdən sonra yenidən öz sevdikləri peşələrə yönəldiklərinin və orada daha uğurlu olduqlarının şahidi oluruq.

Reallığa baxdıqda peşə məktəblərinə maraq göstərilməməsinin bir səbəbi də işəgötürənlərin savad deyil, diplom və dil bilikləri tələb etməsi olur. Bu da həqiqi mənada gənclərin stimulunu aşağı salır və onlar düşünürlər ki, orta ixtisas təhsili ilə uğur qazana bilmərik və gələcəyimiz olmaz. Hətta, bir çoxlarımızın həyatında diplomu üzrə işləməyən və ya ali məktəbi bitirsə də, iş tapa bilməyən tanışlarımız var. Yadda saxlamaq lazımdır ki, müəyyən sahələrdə işləmək üçün ali təhsilli olmaq zəruri deyil. Müasir dövrümüzdə istədiyin peşəyə maraq göstərib və bu sahədə özünü inkişaf etdirib, iş qurmaq mümkündür. Əsas odur ki, şəxs öz istək və arzularının arxasında dayanıb, ona sevgi ilə yanaşsın. Təəssüf ki, bütün bunlara baxmayaraq şagirdlər peşə təhsilinə maraq göstərməyərək, illərlə pul verib repetitor yanına gedirlər. İmtahan zamanı istədiyi nəticəni əldə etmədikdə isə həm maddi, həm də mənəvi cəhətdən itki ilə üzləşirlər. Yadda saxlamaq lazımdır ki, peşə seçimi insanın həyatında verdiyi ən vacib qərarlardan biridir. Çünki bu vaxt şəxs gələcək həyat yolunu, kim olmaq istəyini seçmiş olur. Buna görə də, əvvəlcə "Mən kim olmaq istəyirəm?", "Mənim hansı bacarıqlarım var?" sualına cavab tapmaq lazımdır. Çünki savadlı və işinin peşəkarı olmaq diplomdan asılı deyil, bir sənət və peşəyə yiyələnərək də uğur qazanmaq mümkündür.

Peşə təhsili nədir?
Peşə təhsili bu təhsilin həyata keçirilməsi üçün nəzərdə tutulan peşə təhsili müəssisələrində tədris edilir və əmək bazarının tələbatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif peşələr üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edir. Peşə məktəblərində tələbələrin seçdikləri sahədə peşəkarlaşıb, iş tapmaları daha asandır. Çünki burada ali məktəblərdən fərqli olaraq, biliklə yanaşı bacarıq da tətbiq edilir və bu məktəbləri bitirənlər daha sonra işlə təmin olunurlar. Eyni zamanda təhsil alan şagirdlər öz peşələrini erkən yaşlarından seçərək özlərinə inamlarını artırırlar. Hətta, 2020-2021-ci tədris ilindən etibarən pilot layihə olaraq iki ixtisasda peşə məktəbini bitirən şagirdlər ixtisaslarını artırmaq üçün imtahansız ali məktəblərə qəbul ola biləcəklər. Bu avtomobil və İnformasiya Texnologiyaları (İT) istiqamətində olan ixtisaslardır. Bununla yanaşı, ölkəmizdə kifayət qədər texniki peşə təhsili müəssisələrində ixtisaslar mövcuddur və hazırda ölkəmizdə kənd təsərrüfatının bir sıra sahələrində yetişdirilmiş kadrlara ehtiyac var. Ümumiyyətlə, iqtisadiyyatın müəyyən sahələrinin inkişafı üçün ali təhsilli mütəxəssislərlə yanaşı, müxtəlif peşə sahələri üzrə zəruri bilik və vərdişlərə malik mütəxəssislərin hazırlanması vacibdir.
Sonda isə məqaləni dahi şair Nizami Gəncəvinin məşhur kəlamları ilə bitirmək istərdim:
"Bir elmi öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da, insan,
Yaxşıdır, yarımçıq papaqçılıqdan"... 


İlahə Hüseynova