Erməni millətçiləri tarixin müxtəlif dövrlərində türklərə qarşı soyqırımlar, qətliamlar törətdilər. Daim böyük dövlət qurmaq, torpaq işğal etmək həvəsi ilə yaşayan erməni millətçiləri tarixdə demək olar ki, ancaq qətlləri, cinayətləri ilə tanınırlar. Başqa ölkələrin ərazi bütövlüyünə təcavüz etmək, bu istiqamətdə minlərlə insanı qətl etməkdən çəkinməmək bir çox erməninin əsas amalına çevrilmişdi. 20-ci əsrin əvvəllərində həm Azərbaycanda, həm də Türkiyədə bu istiqamətdə çox sayda müsəlman, türk qətlə yetirildi. Xüsusilə, 1905-1918-ci illərdə böyük Ermənistan qurmaq istəyən bəzi cinayətkarlar Azərbaycanda və Türkiyənin bəzi bölgələrində soyqırımlar həyata keçirdilər.
Ermənilərin Türkiyədə törətdikləri qətliamlardan biri də Alaca kənd qətliamıdır. 1918-ci ilin mart ayında ermənilər Türkiyənin Ərzurum vilayətinin İlıca rayonunun Alaca kəndində türklərə qarşı qətliam həyata keçirdilər. 1986-cı ilin may ayında isə həmin kənddə bu qətliamın dəhşətlərini göstərən çox sayda kütləvi məzarlar aşkar edildi. Bu hadisə barədə danışan türk general tapılan cəsədlərin üzərində zorakılıq əlamətlərinin olduğunu bildirirdi:
"Alaca kəndində tapılan cəsədlər insanı dəhşətə gətirirdi. Bütün uşaqlar süngüdən keçirilmiş, yaşlılar və qadınlar samanlıqlara doldurulub yandırılmış, gənclər isə baltalarla doğranmışdı".
Həmin vaxt Ərzurumun Yaşılyayla kəndində də ermənilər tərəfindən qətllər törədildi. Həmin kənddə tapılan kütləvi məzarlarda 100-ə yaxın insan skeleti tapıldı.
Ermənilərin Türkiyə ərazisindəki növbəti vəhşiliyi Ərzincan qətliamıdır. 1918-ci ildə türklərə qarşı həyata keçirilən soyqırım əməliyatları həmin bölgədən də yan keçmədi. Ərzincanda 600 mülki şəxs ermənilər tərəfindən qətlə yetirildi.
"Təpəköy qətliamı"
17 fevral 1918-ci ildə Türkiyədə Ərzurum vilayətinin Təpəköy kəndində ermənilərin həyata keçirdiyi qətliamdır. Təpəköydə öldürülən türklərin cəsədləri 2010-cu ildə Atatürk Universiteti tərəfindən aparılan qazıntılar zamanı aşkar edildi. Bu qətliamda qətlə yetirilənlərin sayı isə 150 nəfər idi.
"Ağdamar Adası qətliamı"
Ermənilərin Ağdamar adasında türk qadınlarına qarşı törətdikləri qətliamdır. 1915-ci ildə Van qırğınında ermənilərin müsəlman qadınlara təcavüz etdiyi və qətlə yetirdiyi bu adanın adı "İffət adası" və ya "Təcavüz adası" da adlandırılır. Bu qətliamdan yadda qalan dəhşətli hadisələrdən biri də təcavüz etmək üçün bu adaya aparılan 50 müsəlman Van qadınının mindikləri qayıqdan özlərini Van gölünə atmasıdır. Bu qadınların bir çoxunun adı hələ də yaddaşlarda yaşayır.
"Hakmehmet qətliamı"
1915-ci ildə İğdırın Hakmehmet kəndində ermənilərin törətdiyi qırğındır. Bu qətliamda 51 nəfər su quyusuna atıldı və bu quyuda ölümə məhkum edildi.
"Haskay qətliamı"
1915-ci ilin fevral ayında Van vilayətinin Haskay kəndində erməni dəstələri tərəfindən türklərin qətlə yetirildiyi hadisədir. Qırğında yüzlərlə uşaqla birlikdə 200 günahsız qadın da vəhşicəsinə qətlə yetirildi. Bu qətliamda həmin kəndin sakinlərindən bir nəfər də sağ qalmadı.
"Hizan qətliamı"
1915-ci ildə Bitlis vilayətinin Hizan kəndində ermənilərin 113 türkü qətlə yetirdiyi hadisədir.
"Qars qətliamı"
1915-ci ilin mart ayında Qars ətrafında ermənilərin türklərə qarşı törətdiyi soyqırımdır. 85 ailə müxtəlif işgəncələrə məruz qoyuldu və sonra da qətlə yetirildi.
"Muş qətliamı"
Erməni dəstələrinin 1915-ci ildə Muşda törətdikləri qətliamdır. Tarixi mənbələrə görə, qırğında 800 nəfər öldürüldü.
"Müküs qətliamı"
1915-ci ildə erməni dəstələri tərəfindən türklərə qarşı törədilən qırğındır. Bu qətliamda öldürülənlərin sayı isə 126 nəfər idi.
Ermənilər təkcə Türkiyədə yox, Qafqazın müxtəlif bölgələrində də türk və müsəlmanlara qarşı qırğınlar törətdilər. Xüsusilə, 1905 və 1906-cı illərdə müsəlmanlara qarşı dəhşətli qırğınlar həyata keçirildi. Osmanlı arxivləri 1910-1922-ci illər arasında 523 min türkün ermənilər tərəfindən öldürüldüyünü göstərir. Ümumilikdə isə 1914-1918-ci illər arasında baş verən hadisələr zamanı 2,5-3 milyon müsəlman türkün ermənilər tərəfindən qətlə yetirildiyi məlumdur. Fransa Xarici İşlər Nazirliyindən 14 May 1915-ci ildə Rusiyanın Fransa səfirliyinə göndərilən bir məktubda Van qiyamı zamanı bölgədə təxminən 6000 müsəlmanın öldürüldüyü bildirilir.
1919-cu ilin iyul ayında ingilis polkovnik-leytenant Albert Roulinson İstanbuldakı ingilis baş qərargahına göndərdiyi bir teleqramda ermənilərin Oltudan Bəyazid sərhəddinə qədər qırğınlar törətdiklərini etiraf edir. 16 iyul 1919-cu il tarixli bir Osmanlı sənədində isə ermənilərin Şərur və Naxçıvan bölgələrindəki müsəlmanlara hücum edib öldürdükləri, Şərur xalqını Araz çayına tökdükləri və qırx beş kəndə hücum etdikləri vurğulanır. Bu qırğınlara cavab olaraq bölgəyə 11-ci Qafqaz Diviziyası göndərildi və 600 nəfərdən ibarət olan erməni dəstələri Osmanlılar tərəfindən məğlub edildi. Erməni polkovnik-leytenant Melik Şahnazarov bir erməni bölməsinin hesabatında 30-a yaxın türk kəndini ələ keçirdiyini, sakinlərini öldürdüyünü, kəndləri qarət etdiyini və növbəti 29 türk kəndinə hücum etmək üçün icazə istədiyini bildirir.
1905-1919-ci illlər arasında ermənilər Azərbaycan ərazisində də soyqırımlar törətdilər. Ermənilər mart soyqırımı kimi tarixə düşən hadisədə minlərlə azərbaycanlını öldürdülər.
1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım törətdilər. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirildi, on minlərlə insan isə itkin düşdü.
1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək planı həyata keçirilməyə başladı.
Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutdular. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə aldı. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırdılar.
1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü elan edildi.
1998-ci il martın 26-da prezident Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladı. Həmin gündən 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Ruslan Yusubov