Dünyanın nüfuzlu nəşrlərindən olan məşhur "Forbes" jurnalı 2020-ci ildə "Youtube" sosial şəbəkəsindən ən çox pul qazanan şəxsin 9 yaşlı Rayan Kadji olduğunu açıqlayıb. Atası Yaponiya, anası isə Vyetnam əsilli olan Rayan 2011-ci ilin oktyabr ayında ABŞ-da anadan olub. 2015-ci ildə 4 yaşı olanda anasından "Youtube"da onun üçün kanal açmasını istəyib. 5 il əvvəl açılan və hazırda 30 milyona yaxın abunəçisi olan "Ryan's World" adlı "Youtube" kanalına yüklənən videolara indiyə kimi 45 milyarddan çox baxış olub. Son 3 ildə "Ryan's World" kanalı dünyada ən çox pul qazanan kanal olub və bu kanalın ötənilki gəliri 29,5 milyon dollar təşkil edib.
Üstəlik, "Youtube"dan təkcə Rayan Kadji milyonlar qazanmır və "Youtube" istəyən hər kəsə pul qazanmaq imkanı verir. Belə ki, illik gəliri 15 milyard dollardan çox olan "Youtube" qazandığı pulların müəyyən hissəsini Rayan Kadji kimi digər aktiv istifadəçiləri ilə bölüşür. Son məlumatlara görə 2 milyarddan çox istifadəçisi olan "Youtube"a bir dəqiqə ərzində orta hesabla 500 saatlıq video yüklənir. "Youtube"un sahibi isə 2005-ci ildə fəaliyyətə başlayan və cəmi bir il sonra dünyanın ən böyük internet axtarış sisteminə çevrilən "Google"dur. "Google" tərəfindən 1,6 milyard dollara satın alınan "Youtube" istəyən hər kəsə pul qazanmaq imkanı versə də, bunun üçün onun müəyyən etdiyi şərtlərə və qaydalara əməl etmək lazımdır. Bu şərtlərdən (və ya qaydalardan) biri də qadağan olunmuş videoları "Youtube"a yükləməməkdir. Bu cür videolara isə əsasən cinayət, cinsi məzmunlu videolar və s. daxildir. Son illər "Youtube"un diqqət etdiyi məqamlardan biri də müəllif hüquqları ilə bağlıdır. Başqasına məxsus videoların razılıq alınmadan yüklənməsinə icazə verilmir. Hətta, bu cür videoları yükləsəniz belə, sizin oradan pul qazanmaq şansınız yoxdur.

Nədən başlamaq lazımdır?

Məlum məsələdir ki, "Youtube"dan pul qazanmağa başlamağın ilk addımı sizə məxsus olan hesab, yəni "Youtube" kanalı açmaqdır. Bu, ilk addım olsa da, diqqət etməli olduğunuz əsas mərhələdir. Kanal sizə məxsus olacaq və bu kanalı siz idarə edəcəksiniz. Buna görə də, siz ən yaxşı bildiyiniz sahəyə müraciət edin. Məsələn, yazının əvvəlində haqqında bəhs etdiyimiz "Youtube"dan ən çox pul qazanan Rayan Kadjidən ilhamlanaraq insanlar uşaqlarla bağlı kanal açmağa çalışırlar. Bir çox hallarda bu sahədə məlumatsız olduqlarından bir müddətdən sonra səhv etdiklərini başa düşürlər. Unutmayın, "Youtube"dan hər gün milyonlarla insan istifadə edir və onların hamısı uşaqlarla bağlı videoları, ya da kulinariya mövzusunda videoları izləmir. Əlbəttə "Youtube"da kanal açarkən insanların ən çox izlədiyi mövzuların nə olduğunu araşdırmaq lazımdır. Lakin "ən qısa yol, bildiyiniz yoldur" prinsipini də unutmayın.

Hər işin bir adı olmalıdır...
Diqqət etməli olduğunuz əsas məsələlərdən biri də kanalınızın adı, istifadə etdiyiniz açar sözlər və profil şəklinizdir. Daha çox istifadə olunan, axtarışa daha çox verilən sözlərdən istifadə etmək lazımdır. Məsələn, "idman" sözü ilə eyni mənaya gələn "sport" sözü seçmək sizin videoların daha çox izlənməsinə səbəb ola bilər. Yaxud da siz tanınmış şəxs deyilsinizsə, profil şəkli olaraq özünüzün deyil, paylaşacağınız videoların mövzusuna uyğun və insanlar arasında populyar olan bir şəkil seçə bilərsiniz. Kanal açarkən müəyyən texniki tələblərə və incəliklərə də mütləq əməl etmək lazımdır. Kanalın nədən bəhs etdiyini sadə, asan başa düşləcək ifadələrlə qeyd etmək lazımdır. Eyni zamanda "Google"un təqdim etdiyi "Google Ads", "Google Analytics" kimi bir sıra proqramlardan yararlanmaq olar.

Nə qədər pul qazanmaq olar?
Kanal açmaq, bu kanala videolar yükləmək işin ilk mərhələsidir. Ancaq bu sadaladıqlarımız öz-özlüyündə sizə pul qazandıra bilməz. Pul qazana bilmək üçün kanalınız və yüklədiyiniz videolar "Youtube" istifadəçiləri tərəfindən izlənməlidir. "Youtube" bununla bağlı şərtlərini zaman-zaman dəyişə bilər. Açıqlanan son şərtlərdə pul qazanmaq üçün kanalın ən azı 1000 abunəçisinin olması və videoların son 12 ayda ən azı 4000 saat izlənməsi tələbi var. Yəni, sizin kanalınızın abunəçilərinin sayı 1000-ə çatıbsa və videolarınız son 12 ayda 4000 saatdan çox izlənibsə, onda "Youtube"dan pul qazanmağa başlaya bilərsiniz. Təbii ki, bunun üçün siz "Youtube"un Tərəfdaşlıq Proqramına (Partner Program) qoşulmalı və qazandığınız pulları qəbul edəcəyiniz bank hesabınızı (plastik kart) oraya qeyd etməlisiniz. Bundan sonra "Youtube" sizin kanalınıza, o cümlədən də videolarınıza reklamlar yerləşdirəcək.
"Youtube"dan pul qazanmaq üçün sizə müxtəlif imkanlar verilir. Bunların başında videoların izlənməsindən əldə olunan qazancdır. Videolar nə qədər çox izlənsə, bu daha çox qazanc deməkdir. Videoların izlənməsindən əldə olunacaq qazancın məbləği sabit deyil. Bu məbləğ videonun məzmununa, hətta hansı ölkələrə məxsus İP-lərdən izlənməsinə görə dəyişir. Məsələn, sizin videonu ABŞ-dan izləsələr, daha çox, Azərbaycandan izləsələr, daha az qazana bilərsiniz. Bu səbəbdən, hazırladığınız videolar başqa ölkələrdəki istifadəçilər üçün də nəzərdə tutulsa, fərqli dillərdə, xüsusilə də ingilis dilində olsa, bu sizin üçün daha faydalı ola bilər. Qeyd etdiyimiz kimi baxış sayından nə qədər pul qazanmağın dəqiq bir məbləği yoxdur. Bəzən sizin videonuz 1000 baxış üçün 3 manat, bəzən də 3 qəpik qazanc gətirə bilər. Videonun məzmunu, ora yerləşdirilən reklamlar, hansı ölkədən izlənməsi bu məbləğin dəyişməsinə səbəb olur. "Youtube"dan pul qazanmağın başqa bir yolu həm də kanalınıza birbaşa reklamlar cəlb etməkdir. Əgər sizin kanalınızın çoxlu sayda izləyicisi varsa, siz özünüz reklamverənlərlə birbaşa ünsiyyətə girə və onlarla əməkdaşlıq edə bilərsiniz. Bunlardan başqa "Youtube" sizə kanalınız vasitəsilə yardım və ianə toplamaq imkanı da verir.
"Youtube"da pul qazanmağın ən mühüm yollarından biri də sizə məxsus videoların müəlliflik hüququnu tanıtmağınızdır. Bu sahədə fəaliyyət göstərən şirkətlərə müraciət edərək videonun sizə məxsus olduğunu tanıdırsınız. Bundan sonra həmin videonu sizin, ya da sizin adınızdan çıxış edən şirkətin razılığı olmadan heç kim istifadə edə bilmir, ya da istifadəsinin əvəzində əldə etdiyi gəlirlərdən sizə də müəyyən məbləğ ödəyir.
Göründüyü kimi, "Youtube"da pul qazanmağın fərqli qaydaları və tələbləri olsa da, əsas məsələ abunə sayından və videoların izlənməsindən asılıdır. Kanalınızın nə qədər çox abunəçisi olsa və videolarınız nə qədər çox izlənsə, bir o qədər çox pul qazanmaq olar.

Necə etmək lazımdır ki, videolarımız daha çox izlənsin?
Bu sahənin mütəxəssislərinin ortaq qənaəti odur ki, hazırladığınız videolar orijinal, yəni sizə məxsus olmalıdır. Təkrarçılıqdan qaçmalı, ortaya "yeni məhsul" çıxarmalısınız.
Hazırladığınız videolar geniş izləyici kütləsinə xitab etməlidir. İnsanları əyləndirən, düşündürən və öyrədən mahiyyət daşımalıdır. Yəni, siz videodan pul qazanmaq istəyirsinizsə, izləyicilərə də nələrisə qazandırmağa çalışmalısınız. Daha yaxşı olar ki, bir videoda insanlara həm yeni xəbər vermək, həm əyləndirmək, həm də öyrətmək imkanlarını birləşdirə biləsiniz. "Bir daşla, iki quş vurmaq" deyimi əksər hallarda özünü doğruldur.
Hər işdə olduğu kimi "Youtube" kanalında da davamlılıq çox vacibdir. Davamlı olaraq video paylaşmağa çalışmaq lazımdır. Bunun üçün bir iş planı da hazırlaya bilərsiniz.
Virtual dünya yalnız "Youtube"dan ibarət deyil. "Youtube" kanalınızda yer alan videolarınızı digər internet resurslarda, sosial şəbəkələrdə də paylaşa bilərsiniz.
Paylaşacağınız videoda görüntülərin keyfiyyəti, səsi, ön görüntü (örtük) şəkli izləmə sayına təsir edən əsas vasitələrdir. Xüsusilə, ön görüntü (örtük) şəkli videoların izlənməsində böyük paya sahibdir. Ön görüntü şəkli evin qapısı kimidir. İzləyicilər hər hansı bir mövzuda video axtardıqları zaman qarşılarına onlarla video çıxır. Bu zaman hansı videoda ön görüntü şəkli daha çox diqqət çəkirsə, izləyicilər də ona baxırlar. Bu səbəbdən, videoları hazırlayarkən texniki imkanlardan yararlanmağa çalışmaq lazımdır. Bunun üçün müxtəlif proqramlar, texniki vasitələr mövcuddur.
Videonun başlığı və haqqında yazılan qısa açıqlama da ön görüntü şəkli qədər əhəmiyyətlidir. Videoya baxmazdan əvvəl izləyicilər başlığı və haqqında yazılan qısa açıqlamanı oxuyurlar. Başlıq və açıqlamalar qısa, aydın və cəlbedici olmalıdır. Eyni zamanda aldadıcı olmamalıdır. Unutmayın ki, heç kim aldadılmağı xoşlamır.


Allahverdi Cəfərov