Pandemiyanın qəfil həyatımızın mərkəzində oturması sözün əsl mənasında çoxumuzda xaosa səbəb oldu. Nə edəcəyimizi, necə davranacağımızı bilmədik. Odur ki, bu sayımızdakı söhbətimizi Trabzon Universitetinin dosenti, psixoloq Mehmet Palancı ilə koronavirusun insanların sosial həyatına təsiri üzərində qurduq...
- Əvvəldən adət edilmiş sosial həyatın pandemiya dövründə dəyişməsi insanların psixologiyasına necə təsir etdi?
- Əslində, sosiallığın çox geniş mənası var. Əvvəlcə baxmaq lazımdır ki, pandemiya, insanların sosiallığını hansı ölçüdə öz təsiri altına aldı? Məncə həqiqi sosiallığa pandemiya özbaşına təsir edə bilməz. İstər bugünkü şərtlər altında olsun, istərsə də, normal vaxtlarda ağıllı insan həyatındakı sosiallığı özü təyin edir. Bundan başqa, onu da bilmək lazımdır ki, bir insanın pandemiyadan əvvəl psixoloji vəziyyəti necə idi? Və ya ümumiyyətlə o insan üçün sosiallıq nədir? İnsan sosiallığı nə qədər real və ya nə qədər virtual yaşayıb? İlk əvvəl diqqət etmək lazımdır ki, pandemiyadan əvvəl insanlar həqiqətən sosial və psixoloji cəhətdən sağlam idimi? Məsələ burasındadır ki, hazırda yaşanan vəziyyət insanların bir neçə ay əvvəl və illərlə yaşadığı həyat tərzinin üstünə gələrək onların həyatında daha da gərginlik yaratdı. Beləcə, insan öz daxilində və ətrafında cərəyan edən hadisələrin fərqinə varmış oldu.
Pandemiya texnologiya və pulla istədiyi hər şeyə nail olan saxta sosiallığa sahib insanların belə imic projektorlarının işığını söndürdü. Geriyə isə sadəcə olaraq qarşıdakı divara əks olunmuş işığın saldığı kölgə qaldı. İnsanların həmin divardakı əksi indi onlara "ayaq saxla və özünü dinlə" deyir. Özünün divardakı əksi ilə rahat şəkildə üz-üzə qalanlar sağlamlıq və dinclik əldə etdrlər. Bunun əksi ilə qarşılaşanlar isə çaşqın halda qayğılara qərq oldular.
Əslinə baxsaq, bəlkə də pandemiyanın insanlara ziyanı qədər xeyri də dəydi. Məsələn, insanlar bu dövrdə ailələri, uşaqları, anaları, ataları, qohum-əqrabaları ilə daha çox vaxt keçirdilər. Özləri də bilmədən daha çox sosiallaşdılar. Amma bu yaxınlıq onları yetərincə xoşbəxt etdimi? İnsanlar sosiallığı harada axtarır? Əlbəttə ki, sosial yaşamaq üçün yalnız ailə kifayət etmir. Ancaq bu da bir həqiqətdir ki, həmişə yaşadığımız həyatın gərginliyindən şikayət edir və buna görə də, "Sevdiklərimə kifayət qədər vaxt ayıra bilmirik" deyirdik.
İnsanlar sanki evdə qalanda da sosiallaşmağın açarını texnologiya və sosial şəbəkələrdə axtarmağa başladılar. Özü, sözü, davranışı ilə üz-üzə gəlməkdə yox.
Haqsızlıq etməyək, insanın psixoloji vəziyyəti ilə real davranışı arasında ötürücü rabitə var. Məsələn, 6 həftə velosiped sürən insanın beyin fəaliyyəti 10 il gəncləşir. Burada əsas məsələ qadağalardır, bir növ həbs edilmə psixologiyası. Adi halda, həmin gün evində oturub dincələcək adama qadağa qoysaq ki, bu gün küçəyə çıxma, o, psixoloji olaraq sarsılacaq. Halbuki nəticə başımıza gələ biləcəklərlə müqayisədə ortaya çıxır. 1900-cu ildə doğulmuş bir şəxs düşünün. O, 2 böyük müharibəni, 2 böyük iqtisadi böhranı və Hitlerin Avropanı işğal etmək istəyini, bir sözlə, bu gün heç kəsin şahid olmadığı hadisələri görüb. Üstəlik, həmin vaxt 200 milyondan çox qaçqın ölüb və ya ölkəsini dəyişib.
Buna görə də, sizi siz edən, hətta, lazım gəldikdə güclü edən sizin tələbləriniz və bu tələblər müqabilində yaşayış şərtlərinizdir. Daxildəki mənəm-mənəmlik hissi, istəyinə o dəqiqə nail olmaq və əldə etmək arzusu insanda zəlzələ effekti ilə çatlar əmələ gətirir. Həmin çatlar sonradan insanda böyük məyusluq hissi yaradır. Həm də çox böyük... Məsələn, sosial şəbəkələrdə yaranmış lazımlı-lazımsız trendlərin şahidi oluruq. Bu trendləri tətbiq etməklə əslində sosial olmayan insanlar öz eqolarını məmnun etməyə çalışırlar. Və ya başqa sözlə, bununla öz eqolarını bir şəkildə razı salmağa cəhd edirlər. Pandemiya isə kim olmaqla, kim olmamaq arzumuz arasında həqiqi olmayan, süni uçurumu ortaya çıxardı. İnsanlar getdikləri kafelər olmayanda, ad günləri istədikləri kimi keçirilməyəndə nəyinsə əksikliyini hiss etdilər. Əslinə qalsa, bunun üçün sadə bir təbrik də kifayət edərdi. Ancaq, deməli, bu bəzilərimiz üçün belə deyilmiş. Həyat şərtləri, dolanışıq, amansız rəqabət haradan baxsaq həyatımızı işğal etmiş vəziyyətdə imiş.
Pandemiya dövründə insanlar həyatları çətinə düşən kimi özlərinə bu sualı verdilər: "Bir dəqiqə, yaxşı bəs mən əvvəl nə edirdim?" Meydana gələn boş vaxt insanda düşünməyə, araşdırmağa yol açdı. Gördünüz ki, heç bir vəzifəniz yoxdur, heç bir gücünüz yoxdur, sabaha çıxıb-çıxmayacağınız şübhəlidir, heç kim sabah ona nə olacağını bilmir. Adət edilmiş vərdişlər təxirə düşdü. Biznes sinif biletləriniz dörd divar arasında qaldı.
Ortada hər şeydən əli üzülmüş bir siz varsınız. Ancaq siz. Modern insanın bütün virtual təminat və xoşbəxtlik qaynaqları azalan kimi ona, nə olacağını bilməmək qaldı.
Pandemiya güc qaynağı özündən olan insana təbii yaşamağı və reallıqla sünilik arasındakı fərqi göstərdi. Əgər bu fərq elə də böyük deyilsə, əksinə siz özünüzü daha da yaxşı hiss edirsiniz. Yox, əgər bu fərq çox böyükdürsə, deməli, siz hələ də nə baş verdiyini başa düşməyə çalışırsınız. Hətta, mən deyərdim ki, hələ də başa düşəməmisiniz.
Xahiş edirəm heç kim inciməsin, ancaq müasir dövrün insanı çox məqsədsizdir. Hər şeyi insanlara göstərmək istəyi çox böyükdür, ancaq bunun əvəzində özü çox zəifdir. Təbiəti və vaxtı israf edərkən narsistlik və qəddarlıq edirdi, ancaq bu dövrdə o, nə qədər zəif olduğunu gördü.
Qısa demək lazımdırsa, dırnaqarası cilalanmış görüntü dövründə "istehsal etdiyiniz" hər şey lazım olanda sizə dəstək olmadı. Çünki COVID-19 onları da girov götürmüşdü.
Virus varlı-kasıb, ağ-qara, vəzifəli-vəzifəsiz deyə ayrıseçkilik etmir. Olanlar qarşısında elm-texnologiya, tibb tamamilə çarəsizdir. Hətta, deyə bilərik ki, "müasir daş dövrünü" yaşayırıq. Bir də yaşanan bu vəziyyətə gələcək qayğısı da əlavə olundu. Nə olacağını bilməmək fikrinə neqativ təsirlər də əlavə olunduqdan sonra həyata nəzarət etmək tamamilə əldən çıxdı. İnsanlar psixoloji olaraq bu vəziyyətdən sıxılmağa, narahat olmağa başladılar. "Nə isə pis bir şey olacaq" hissinin təsiri altına düşdülər. Və narahatlıq kəskin şəkildə artmağa başladı. Hələ bu az imiş kimi sosial şəbəkələrin də olanları davamlı olaraq gündəmdə saxlaması gərginliyi daha da artırdı. Guya psixoloji cəhətdən insanı rahatlaşdırmağa çalışan mütəxəssislər də gündəmi öz şoularına çevirdilər. Hərəkət edin, qaçın, nəfəs alın kimi gərəksiz tövsiyələri ilə pandemiyanın çörəyinə daha çox yağ sürtdülər.
- Yaxşı, bəs insanlar bu vəziyyətdən necə çıxa bilərlər?
- Stefan Sveyq deyir ki, hər kim ki, işıqlıqda qaranlığı, müharibədə sülhü, yüksəlişdə enişi yaşayıbsa, deməli, o insan həqiqətən həyatı yaşayıb. Ona görə də, əziz oxuculardan xahişim budur ki, tədbiri əldən vermədən normal həyatlarına davam etsinlər. Qlobal vəziyyət əlbəttə ki, bizə təsir edir. Amma bu vəziyyətin köləsi olmamaq da bizim əlimizdədir. İnsan proaktiv olduqda güclü olur. Amma insan öz gücünü həyatı asta yaşamaq bacarığından almalıdır. Bax, onda heç kimin sosiallığına bir şey olmaz.
- İnsan beyni nə üçün daha çox mənfiyə fokuslanır?
- İnsan beyni doğulandan kiçik bir təhlükə görən kimi mənfiyə fokuslanmağa meyillidir. Misal üçün bir ana ömür boyu övladına bütün sevgisini və qayğısını verir. Amma övlad anasının ona qarşı etdiyi hər hansı sərt bir davranışı unutmur. Məqam düşən kimi bu davranışı onun üzünə vurur və: "Ana, bax sən mənə o vaxt filan şeyi etmişdin" deyə içindəki mənfi hissləri üzə çıxarır. Əslində, evlilikdə də belədir. Həmişə o, ən ilk haqsızlıq yadda qalır. Bitməmiş işlər də insanın psixologoyasını öz təsiri altına alır və beyni mənfiyə istiqamətləndirir. Xoşbəxtlik özünü tez göstərir və tez də sönür. Bizə xoş təəssürat bağışlayan hər hansı bir həzz anlıq və ötəridir. Biz isə o həzz üçün uzun-uzadı vaxt itiririk. Hər hansı bir yeməyi hazırlamaq məhsulu yetişdirməkdən, yeməyi yeməkdən çox vaxt aparır. Bir məsələ də var ki, siz məsələyə hansı tərəfdən baxırsınız? "Çətin və əziyyətli oldu" nöqtəsindənmi? "Ləzzətli oldu" nöqtəsindənmi? Qərarı siz verirsiniz. Çünki həyat bir seçimdir. Nəyi seçirsinizsə, onu da yaşayırsınız. Amma mənfi olan şeylər də şüuraltını davamlı olaraq məşğul edir. Plan, proqram axtarışında olmaq davranışlarının təcəssümünə şərait yaradır. Mənfiyə fokuslanmanın birinci səbəbi insanların ölümlü olmasıdır. Yaşamaq hissinin davamlı olması insana neqativlik verir. Ən cüzi davranışı belə araşdırdıqda bu addımı dəstəkləyəcək nəticəyə çatırıq. Məsələn, padşahlar, sultanlar, vəzirlər kimi hakimiyyət təmsilçiləri qarşılarına qoyulan yeməyi yeməzdən əvvəl onların yeməkləri yalnız bu işdən məsul olan bir nəfər tərəfindən yoxlanılırdı. Nə üçün? Çünki düşmənləri tərəfindən yeməklərinə və ya içkilərinə zəhər qatıla bilərdi. Bizə görə bu vəziyyət doğru addımdır. Çünki onlar buna nəzarət etmək məcburiyyətindədirlər. Amma arxa planda isə ana fikir yenə də eynidir. Ölüm qorxusu...
İndi isə başqa, həm də daha praktiki misal verək. Şosse yolunu keçərkən hər iki istiqaməti də yoxlayırıq. Bu hərəkət belə inamın və ölümlü olmağımızın mənbəyi deyilmi? Burada problem bizim mənfilərə nə qədər diqqət yetirməyimiz və onun həyatımızı nə qədər təsiri altına almasıdır. Bir şəxs əlində mikrop olduğu fikri ilə əllərini saatlarla yuyursa, nə isə olar düşüncəsi ilə çölə çıxmaqdan boyun qaçırırsa, həddən çox qayğı çəkirsə, o insan mütləq şəkildə bir mütəxəssisin yanına getməlidir.
Bir də bu misalı verək. Düşünün ki, Qazaxa getmək üçün Bakıdan yola çıxmışıq. Maşına mindik, təhlükəsizlik kəmərlərimizi bağladıq. Sürət də normaldır. Biz nəyə fokuslanmalıyıq? Mənzərəyə tamaşa etməyə və dostlarla söhbət etməyə. Qəzaya düşmək təhlükəsinə yox....
- Pandemiya dövründə beynimizin həll etməkdə çətinlik çəkdiyi ünsiyyət problemlərimizi necə həll edə bilərik?
- İlk növbədə biz özümüz beynimizin nəyi həll edib, nəyi həll edə bilməyəcəyini dərk etməliyik. Çünki ünsiyyətdəki problemlərin həlli üçün lazım olan bütün tədbirlər beyində öz əksini tapır. Ünsiyyətin zəifləməsi problemi də buradan başlayır. İkitərəfli ünsiyyətlərdəki birbaşa ittihamlar və fərdlərin müdafiə etdikləri "belə olmalıdır" fikrindən əvvəl "kimə və nəyə görə belə olmalıdır" fikrinə baxmaq lazımdır.
Pandemiya dövründə ailədaxili münasibətlər artdı və inkar edilməyəcək bir səviyyəyə çatdı. Əvvəllər evin içərisində bir-birini az görən insanların və ya az ünsiyyət quran ata və oğulun münasibətlərinə güzgü tutaq.
Atanın səhərdən axşama kimi "Oğlum, süd iç", "Oğlum, tez yat", "Oğlum, kitab oxu?" kimi sözlərlə oğula yanaşma tərzi ona təqib olunurmuş kimi bir hiss bağışlayır. Artıq ata tərəfindən deyilən sözlər onun adi dövrdəki həyatı ilə pandemiya dövründəki həyatı arasında ziddiyyət təşkil edir. Bu cür davranışlı ailələrin pandemiyadan əvvəlki ilə pandemiya dövründəki addımları arasında fərq müşahidə olunur və buradan da göründüyü kimi, bu iki davranış arasında əlaqə yoxdur. Başqa sözlə, bu cür ciddi nəzarətin uşağa təzyiq etməkdən başqa bir işə yaramadığı aydın şəkildə görünür. Necə deyərlər, valideyn tərəfindən edilən tələb və təzyiq uşağa mənfi təsir göstərir.
- Mehmet bəy, insanlar evdə qaldıqca daha çox yeyib içdiklərindən şikayət etməyə başladılar. Sizcə, bunun səbəbi nədir?
- Normadan artıq qidalanma ilə bağlı tədqiqatlar göstərir ki, insan evdə qaldıqca yaşadığı narahatlıq və stress onu daha çox və ya daha nəzarətsiz yeməyə vadar edir. Temporal və oksipital bölgədə stresin yaratdığı gərginlik daha çox adrenalin axtarma istəyini üzə çıxarır. Bu isə əslində tarazlaşdırma müharibəsidir desək, yəqin ki, səhv etmərik.
Pandemiya dövründə artan qayğılar, insanların makaron, çörək, tort və s. kimi karbohidratları qəbuletmə hisslərini gücləndirdi. Bu məsələyə diqqət etmək lazımdır, çünki karbohidratla beyin arasında qəribə bir əlaqə var. Stresi azaltmaq üçün idman etmək və bədəni güclü saxlamaq şərtdir. Buna görə də, idmana kifayət qədər üstünlük vermək lazımdır. Yoxsa, idman da gərginlik mənbəyi olar. Stress təkcə yeməyə yox, yuxuya da təsir edir və insanın yuxusuz qalmasına səbəb olur. Yuxusuzluq fərdlərin yuxu rejimini də pozur. İnsanlar gec yatdıqları üçün gec də qalxmaq məcburiyyətində qalırlar. Ona görə də, bu məsələ insanları sağlam yuxu rejimindən uzaqlaşdırmağa başlayır. Bunun qarşısını almaq üçün insanlar gecələr yata bilməsələr belə, səhərlər adət etdikləri vaxtda oyanmağa çalışmalıdırlar.
Gecə yatma vaxtı adət edilmiş vaxtdan çıxsa da, hər gün eyni vaxtda oyanmaq sizin əvvəlki rejimə qayıtmağınızı asanlaşdırar. Eyni zamanda stresli vaxtlarda böyrək və qaraciyərin iş prinsipi də dəyişir və bu da sağlamlığa mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün adi su içmək vacibdir. Streslə əlaqədar ortaya çıxan şirniyyat bağlılığını da nəzarət altında saxlamaq lazımdır.
Bu cür ziddiyyətli davranışların səbəbi pandemiya dövründən əvvəl fərdlərin yaratdığı həyat tərzidir. İndi həyat tərzi dəyişdiyi üçün hədəfə yönəldilə bilməyən yersiz diqqət ailə üzvlərinə yönəldilir. Üstəlik, doğru olmayan bir şəkildə. İndi də gələk, hər kəsi düşünməyə vadar edən o sualın üzərinə. "Yaxşı, bəs biz bu problemləri necə həll edə bilərik?" Hər şeydən əvvəl deyək ki, bir problemi həll etmək üçün əvvəlcə problemin yaranma səbəblərini öyrənməliyik. "Niyə bu şəxs bu hərəkəti etdi?" və ya "Bu hərəkətin səbəbi (ya da səbəbləri) nədir?" kimi.
- Uzun müddət davam edən karantinin məktəbli və tələbələr üzərində meydana gətirdiyi boşluğu necə aradan qaldırmaq olar?
- Hazırda vəziyyət elədir ki, hər kəs eyni problemlə üz-üzədir. Ona görə də, bunu boşluq kimi qiymətləndirmək elə də doğru olmaz. Əgər itirilmiş vaxt nəzərdə tutulursa, bu, bir az da bilirsiniz nəyə bənzəyir? Uşağın süd dişlərinin gec çıxmasına. Çünki uşağın dişləri gec çıxanda ailədə bir narahatlıq yaranır. Uşağın süd dişi gec çıxanda azı dişi də gec çıxır deyə düşünə bilmərik. Əgər məsələyə "Öyrənmək heç vaxt gec deyil" prinsipi ilə baxsaq, dərslərdən geri qalmaq məsələsini də həll etmək asanlaşar. İş həyatında da bəzən 10 illərlə üzərində işlədiyiniz bir layihə ani bir qərarla kənara atıla və yeni layihəyə start verilə bilər. Bunu belə qəbul etmək lazımdır ki, uşaqlar və yetkin yaşdakılar öyrənməyə açıqdırlar. Ümumiyyətlə, insan ömrünün sonuna kimi nə isə öyrənə bilər. Unutmayın ki, Lev Tolstoy velosiped kursuna 67 yaşında başlamışdı. Halil İnalcık dünya tarixini təkbaşına yaza biləcək 5-6 tarixçi arasındadır. Halbuki o, əsərlərinin çoxunu 80 yaşında yazmışdı. Bizim səhvimiz məktəbi həyata hazırlıq kimi görməyimizdən başlayır.
Həyat bir məktəbdir, harada istəsəniz, orada ola bilər. Əgər sizin üçün məktəb həyata hazırlıqdırsa, o zaman siz gecikmisiniz. Amma bunun əksidirsə, onda narahat olmağınıza dəyməz. Bir sözlə, gec olan və ya geridə qalan heç nə yoxdur. Bu, sizin həyatınızdır. Bir də təkcə sizin yox, hər kəsin həyatı sizin kimi dəyişib. Nə irəlidəsiniz, nə də geridə. Sadəcə olaraq, həyat tərzi başqadır. Xoşbəxt olmaq və uğur qazanmaq üçün istənilən gün sizindir. İstədiyiniz kimi yaşaya bilərsiniz. Amma məktəbi "Mənim filan vəzifəm var", "Mənim maşınım budur", "Mənim evim budur" xatirinə oxumusunuzsa, onda siz itirənlərdənsiniz. Bir də boşluğun ölçüsünü yalnız öz həyat tərzimizə görə müəyyən etsək, bu, doğru olmaz. Əgər belə düşünməkdə davam edirsinizsə, qorxmayın, siz artıq qaçaraq yorulanları, ya da yolunu çaşanları bir az qabaqda keçəcəksiniz.
- Koronavirusun meydana gətirdiyi narahatlıqları azaltmağın yolları nələrdir?
- Nə deyə bilərəm?! Açıq havada gəzmək, su içmək, nəfəsi tənzimləmək və s. kimi müxtəlif fikirlər irəli sürülür. Halbuki, pandemiya dövründə insanların qayğıları çoxaldı və narahatlıqları artdı. Biz artıq bu vəziyyətə öyrəşmişik və bəzən bu vəziyyətdə uyğunlaşmaq mübarizə aparmaqdan daha konstruktivdir. Əminəm ki, indi narahatlıqlarımız pandemiyanın ilk vaxtlarındakı ilə eyni deyil. Nə üçün? Çünki artıq taleyimizlə barışmışıq. Qayğılarımız da azalıb. Və yavaş-yavaş da yox olacaq.
Əgər dəqiqliklə demək lazımdırsa, stress və qayğı ayrılmaz ikilidirlər. Bir-biriləri ilə qarşılıqlı əlaqə nəticəsində hərəkət edirlər və fərqli şəkillərdə özlərini büruzə verirlər. Bir də biz qayğılara nəzarət etməyin mümkünsüzlüyünü anlamalıyıq.
Hazırkı vəziyyətdən çıxmaq üçün yeganə yol isə qəti addımlar atmaqdan keçməlidir. Nəyisə nümayiş etdirmək, hisslərlə hərəkət etmək, özünə qapanmaq təəssüf ki, qayğılarla mübarizədə gücünüzü azaldacaq. Mümkün olduqca mənfi informasiyalardan və mənfi düşüncələrdən uzaq olmalıyıq. İlk növbədə, təhlükə vəd edən hər şeydən uzaq olmaq lazımdır. Şüurumuz təhlükəli hadisələrdən və ya vəziyyətlərdən məna çıxardıqca, bizi qayğılar içərisində saxlamağa meyilli olur. Əslində isə bu cür düşüncə və təcrübələrdən uzaqlaşmalı, həyat tərzimizi sağlam bir şəkildə istiqamətləndirməliyik. Daxilimizdəki narahatlıqlarımızla dost olsaq, bu, bizim qayğılarımızın səbəbini məntiqi olaraq tapmağımıza da səbəb olar. Əks halda, insan heç bir narahatçılıq keçirməməlidir ki, bu da mümkün deyil. İçərisində olduğumuz vəziyyətə fokuslanmalıyıq. Yoxsa, gələcək naminə daha mənfi nəticələrə səbəb ola bilərik. Bu metaforaya əsaslanaraq, ağlımız bizi faydasız və mənasız düşüncələrlə üz-üzə qoysa, narahatlığımızı azaltmaq üçün diqqətimizi yayındıran fəaliyyətlərlə məşğul ola bilərik. Məsələn, enerjimizi fərqli bir məşğuliyyət sahəsinə yönəldə bilərik. Ünsiyyətimizin azaldığı dostlarımızla və ya tanışlarımzıla internet üzərindən əlaqə saxlaya bilərik. Ya da internet üzərindən hər hansı sosial bir fəaliyyət həyata keçirə bilərik və s...
Aygün Zayıdova