İbn Nədim Abbasilər dövründə Bağdad şəhərində bir kitabçı ailəsində dünyaya gəlmişdir. Atasınınkiçik, ancaq insanların tez-tez gəlib-getdiyi, dar küçələr boyu uzanan qapalı bir bazarda taxtadan tikilmiş bir kitabçı dükanı var idi. O bu balaca dükanda kitabların surətinin köçürülməsi, cildlənməsi və kitab ticarəti ilə məşğul olurdu. İbn Nədim bu peşəni atasından öyrənmiş və beləcədövrün elm, mədəniyyət və sənət sahəsində fəaliyyət göstərən bütün müəllifləri ilə görüşmək, onları tanımaq fürsəti əldə etmişdir. İbn Nədim bu balaca dükandan dünyanı görə bilmiş, müxtəlif mövzularda qələmə alınmış kitablarla tanış olmuşdur.
İbn Nədim İslam aləminin həm ilk, həm də ən mühüm biblioqrafiya kitablarından biri olan “Əl-Fihrist” əsərinin müəllifidir. İbn Nədimin “Əl-Fihrist” əsərində müxtəlif dinlər, məzhəblər, elm və sənət sahələri haqqında məlumat verməsi, həmçinin bu sahələrdə yazılan əsərləri və onların məzmununu tanıdarkən hər sahənin mütəxəssisi kimi sağlam bilgilərə əsaslanması onun çoxyönlü və güclü bir təhsil aldığını göstərir. İbn Nədim yazı elmi və yazının tarixi, dil, ədəbiyyat, hədis, fiqh, fəlsəfə, məntiq və Hellinizm dövrünün elm və mədəniyyətinə dair əldə etdiyi bilgiləri dövrünün məşhur alimlərindən öyrənmişdir.
İbn Nədimin təxminən 987-ci ildə qələmə aldığı “Əl-Fihrist” əsəri İslam dünyasında yazılan ilk biblioqrafik əsər hesab edilir. Vaxt ötdükcə unudulan, yoxa çıxan bir çox əsərin adı, mövzusu və müəllifi haqqında məlumatlar günümüzə yalnız “Əl-Fihrist” vasitəsilə gəlib çatmışdır.
İbn Nədim xüsusilə tərcümə fəaliyyətlərinin dövlət tərəfindən dəstəkləndiyi Abbasilər dövründə yaşamış, o dövrün məşhur tərçüməçiləri ilə görüşmüş, atasının kitabçı dükanında gördüyü bütün əsərləri “Əl-Fihrist”də olduğu kimi nəql etmişdir. Qeyd edək ki, “Əl-Fihrist” əsərində tanıdılan yüzlərlə əsər, onların məzmunu və müəllifləri haqqında məlumatlar əldə etmək və belə dəyərli bir əsəri ərsəyə gətirmək o dövrdə “vərraq” adlandırılan və kitab işi ilə məşğul olan insanlardan başqasının edə biləcəyi bir iş deyildi.
Gəlin, İbn Nədimin elmi fəaliyyətini belə bir misalla izah edək… Bir ötürücü kimi hərəkəti maşının bir hissəsindən başqa hissəsinə nəql edən qayış və ya dişli çarxa ötürücü deyilir. Həmçinin, məlumatın müəyyən məsafəyə ötürülməsi üçün istifadə edilən qurğular kompleksinə də ötürücü stansiya deyilir. Bu baxımdan İbn Nədimi və onun “Əl-Fihrist” əsərini də güclü və sağlam bir elm və mədəniyyət ötürücüsü hesab etmək olar. O təkcə bir biblioqrafiya əsərinin müəllifi deyil, eyni zamanda bir tarixçi olmuş, yaşadığı dövrdə cərəyan edən hadisələri və bu hadisələrin səbəblərini qələmə alaraq tarixə şahidlik etmişdir.
İbn Nədim “Əl-Fihrist” əsərində təkcə minlərlə müəllifin həyatını və yazdıqları əsərləri, onların ədəbi və elmi cəhətlərini qeyd etməmiş, həm də dinlər və məzhəblər tarixi, yazı və əlifbanın keçmişi, dini elmlər və yaşadığı dövrün adət-ənənələri, inancları ilə bağlı da məlumatlar vermişdir. Buna əlavə olaraq dövrün elmi fəaliyyətləri, fəlsəfi cərəyanları, cəmiyyətdə mövcud olan batil inanclar, əyləncə tərzləri, mədəni fərqliliklər, danışılan dillər və s. kimi zəngin məlumatları “Əl-Fihrist” əsərində bizə, bütün dünya oxucusuna təqdim etmişdir.
İslam dünyasında bir dildən başqa bir dilə ilk tərcüməni kimin etdiyi, tərcüməçilik işində ən uğurlu müəlliflərin kim olduğu, ən çox tərcümələrin hansı sahələrdə aparıldığı, siyasi xadimlərin tərcümə fəaliyyətlərinə verdiyi maddi dəstəkləri, həmçinin bu kimi bir çox zəngin bilgiləri “Əl-Fihrist” əsərindən öyrənmək olar. İbn Nədimin “Əl-Fihrist” əsəri X əsrdə Bağdadda mövcud olan mədəni mühiti, dini və fəlsəfi cərəyanları özündə əks etdirən mədəniyyət arxividir. Tərcümə tarixi baxımından böyük əhəmiyyətə malik olan əsər bizə erkən tərcümə fəaliyyətləri və tərcüməçilər haqqında geniş məlumat verir. Bütün bunlar göz önünə alınanda İbn Nədimin bu əsərinin həqiqətən də etibarlı bir mənbə olduğunu anlamaq olar.
İbn Nədim “Əl-Fihrist” əsərində 77 mütərcimin adı, onların həyatı, təlif və tərcümə etdikləri əsərlər haqqında bilgilər verir. “Əl-Fihrist” ən qədim mənbə olduğuna görə tərcümə fəaliyyətləri ilə bağlı ən etibarlı mənbədir. Məhz bu əsərdən aydın olur ki, İslam filosoflarından Əl-Kindi və Fərabi tərcüməçiliklə məşğul olmamışlar. Bir sözlə, İbn Nədim “Əl-Fihrist” əsərində dünya tarixində baş verən mühüm tərcümə fəaliyyətlərindən biri olan Yunan mədəniyyətinin İslam aləminə nəql olunmasını hərtərəfli olaraq araşdırmış, mühüm tarixi hadisələrə şahidlik etmişdir.
“Əl-Fihrist” əsərindən öyrənirik ki, mütərcimlərin əksəriyyəti Süryani həkimlər olmuş və onlar əsasən Yunan mədəniyyətinin elmi mirasını ərəb dilinə tərcümə etmişlər. Tərcümə edilən Yunan mənşəli əsərlər tibb, həndəsə, fəlsəfə, astronomiya və riyaziyyat kimi sahələrə aid olmuşdur. Bu əsərlərin müəllifləri Qalen, Klavdi, Ptolemey, Aristotel, Platon, Perikl, Arximed, Evklid, Hippokrat, Miletli Fales, Porfirius, Tianalı Apollonius, Dioskorid və s. kimi Yunan alimləridir. Unutmayaq ki, tərcümələr yolu ilə dövr edilən bu elmi mirasa İslam dünyası yüzilliklər boyu ev sahibliyi etmiş, bu elmi mirasa şərh və əlavələr gətirmiş, Avropa da məhz müsəlmanların əli ilə dünyanın bu elmi irsi ilə tanış olmuşdur.
İslam dünyasında ilk üç əsrdə əldə edilən bütün elmi biliklər sonrakı əsrlər üçün zəngin bir qaynaq və mənbə rolunu oynamışdır. İbn Nədim sözü gedən bu zəngin elm xəzinəsini yaşadığı dövrdə davamlı olaraq qeydə almış, hər bir elmi fəaliyyəti təsnif etmiş və “Əl-Fihrist” əsərində sonrakı nəsillərə ötürmüşdür. İbn Nədim özünəməxsus bir metoda sahib idi. Belə ki, o, həyatı haqqında bilgi vermək istədiyi alimlərlə bağlı məlumatları yaşadıqları dövrə və zamana görə deyil, fəaliyyət göstərdiyi elm sahəsinə görə təsnif etmişdir.
İbn Nədim bu əsərini elmə xidmət məqsədilə qələmə aldığını qeyd edir. Hətta, o daha sonra ortaya çıxa biləcək yeni bilgilərin başqaları tərəfindən əsərinə yerləşdirilməsinə icazə verir. Buradakı məqsədi isə ortaya ümumi bir faydanın çıxmasıdır. Ancaq bu məsələ ilə bağlı İbn Nədimdən daha əvvəl yaşayan Əl-Cahiz başqa cür düşünür və belə deyirdi: “Qüsur axtaranların dərhal işə başlayaraq yanlış və dəyərsiz fikirlərini kitabımıza yerləşdirmələrindən, mənanı pozmalarından tərəddüd edirəm. Bu səbəblə bəsirətli davranmaq və tədbir almaq lazımdır. Əsərimin nüsxələrini bəsirət sahibi alimlərə göndərdim. Əgər əsərimizə zidd fikirlər ora yerləşdirilərsə, bu vəziyyəti aşkar etmək üçün həmin təyin edilən nüsxəyə müraciət edər və beləcə mənanı pozmaq istəyənlərə qalib gələrik”.
O, bu əsərində yaşadığı dövrə qədər İslam elm tarixində yazılmış əsərlərin demək olar ki, hamısını bizə təqdim etmişdir. Bu minvalla “Əl-Fihrist” əsəri təfsir elminin mənbələri baxımından da əhəmiyyət daşıyır. İbn Nədim “Əl-Fihrist” əsərində müəllifləri ilə birlikdə 350 ədəd təfsir əsərinin adını çəkir.
İbn Nədimin bəhs etdiyi bu əsərlər hicri təqvimlə ilk üç əsrdə yazıldığı üçün təfsir (Quran ayələrini izah və şərh edən elm və bu sahədəki əsərlərin ortaq adı) elmində nadir bir mənbə xüsusiyyəti daşıyır. Bu əsər eyni zamanda bizə təfsir elminin istifadə etdiyi hədis, dil, fiqh, tarix və siyər kimi elmlərə dair ilk qaynaq əsərləri də tanıdır. Sözügedən mənbələrdən bəziləri bu gün kitab halında elm dünyasına məlum olsa da, əksəriyyətinin təkcə adları məlumdur.
Əslində, müəllifin qeyd etdiyi bu əsərlərin əlyazma əsərlərin saxlanıldığı kitabxanalarda mövcudluğunu yoxlamaq, bunun axtarışına çıxmaq öz-özlüyündə müstəqil bir araşdırma mövzusudur. Əlbəttə, bu sahədə aparılacaq işlər təfsir elminə mühüm töhfələr verəcək. Çünki həmin əsərlərin və müəlliflərininəldə olması, bu əsərlərin kitabxanalarda mövcudluğunu yoxlamağı, onları əldə etməyi asanlaşdıracaq bir amildir.
İbn Nədim yaşadığı dövrə qədərki üç yüz illik İslam elm ədəbiyyatının geniş və əhatəli siyahısını çıxarmış və “Əl-Fihrist” əsərində bunları bölmələr halında vermişdir. Əsərdəki əsas bölmə başlıqlarını dillər, yəhudilik, xristianlıq və Quranla əlaqəli yazılan kitablar, dilçilər, tarixçilər, şairlər, fiqh alimləri, filosoflar, ədəbiyyat və folklor, etiqad və məzhəblər, kimya elmi və s. kimi göstərmək olar.
“Əl-Fihrist” əsərində Quran elmləri, təfsir və təfsirə köməkçi elmlərə dair xeyli miqdarda mənbəqeyd edilmişdir. İslamın ilk üç yüz illik elmi mirası olaraq Quran elmləri və təfsir haqqında yazılan əsərlər bizə göstərir ki, İslam sivilizasiyası yalnız iqtisadi, siyasi və hərbi cəhətdən deyil, elmi cəhətdən də bir intibah və sıçrayış əldə etmişdir. Hələ təkcə Quran sahəsində bu qədər əsərin yazılması, müsəlmanların müqəddəs kitablarını başa düşmək üçün nə qədər istəkli olduqlarını göstərir. İlk üç əsrdə yalnız bir kitabı anlamaq üçün bu qədər əsərin yazılması ciddi bir elmi fəaliyyətin mövcudluğundan xəbər verir. Bu baxımdan, günümüzdə Quran tədqiqatçılarının bu həqiqətdən öyrənə biləcəkləri bir çox dərs var.
Yazını haşiyə çıxaraq bir misalla bitirmək istəyirəm… “Birləşmiş qablar”a su əlavə edəndə burada borular müxtəlif ölçü və quruluşda olsa da, suyun səviyyəsinin hər bir boruda eyni olduğunu görürük. İbn Nədimin xəbər verdiyi kimi İslamın doğuşundan hələ üç əsrlik bir vaxt keçməsinə baxmayaraq, müsəlmanlar tərəfindən 350 təfsir əsəri qələmə alınmışsa, bu təkcə dini elmlərə əhəmiyyət verilməsi ilə baş verməmişdir. Sadəcə olaraq, hər bir sahədə baş verən elmi səfərbərlik təfsir sahəsində də özünü göstərmişdir. Əks halda üç yüzdən çox təfsirin qələmə alındığı, dini elmlərdə belə bir fəallığın yaşandığı dövrdə digər elm sahələrində tənəzzül yaşandığını, belə demək mümkünsə digər elm sahələrinin yerlə süründüyünü demək olmaz. Bir sosial reallıq olaraq o dövrdə elmin bütün sahələrində güclü bir inkişaf yaşanmış, “birləşmiş qablar”dakı suyun bir-biri ilə bağlı və ya əlaqəli olması kimi bu inkişaf da hər sahədə özünü göstərmişdir.
Nazim Mustafayev