Bir vaxtlar hər yerdə sıxışdırılan, yalnız evlərdə və tarlalarda işləməyə məhkum edilən xanımlar indi bir çox peşə sahələrində bəylərdən geri qalmırlar. Bu gün xanımlar hər yerdədirlər. Nazirliklərdə... İdarə və təşkilatlarda... Kosmosda... Bir sözlə, ağlımıza gələ biləcək hər peşə sahəsində xanımların izinə rast gələ bilərik. Eləcə də, elm sahəsində... Yəqin, artıq təxmin edə bildiniz ki, budəfəki qonağımız elm sahəsində öz yolu olan bir xanımdır. Söhbət gənc alim, "Click energy" layihəsinin startapçısı Zəhra Qasımzadədən gedir.
Zəhra İsa qızı Qasımzadə 22 dekabr 2002-ci ildə Sumqayıt şəhərində anadan olub. 2009-2016-cı illərdə Sumqayıt şəhər Nizami Gəncəvi adına liseydə oxuyub. 2016-2020-ci illərdə akademik Zərifə Əliyeva adına liseydən məzun olub...

- Zəhra Qasımzadə kimdir?

- Zəhra Qasımzadə Türkiyənin Özyeğin Universitetinin Biznesin İdarə Edilməsi fakültəsinin 1-ci kurs tələbəsidir. 3-4 ilə yaxındır ki, dünyada və Azərbaycanda bir çox layihələrin təsisçisidir.

- Sizə məxsus olan "Click energy" layihəsi nədir? Necə oldu ki, bu layihə meydana gəldi?
- "Click energy" ilə biz öz-özünü elektriklə təmin edən naqilsiz klaviatura hazırlamağı planlaşdırırıq. Bunu necə düşündük? 2018-ci ilin dekabr ayından artıq bu haqda düşünürdüm. Bu başdan onu deyim ki, mən əvvəldən, yəni, 2016-cı ildən layihələr üzərində işləməyə başlamışdım. Daha çox enerji, enerji mənbəyi kimi layihələrin üzərində işləyirdim. Çünki dünyanın əsas probleminin enerji olduğunu başa düşürdüm və layihələrimi bu istiqamətdə davam etdirmək istəyirdim.
Hamımızın bildiyi kimi dünyada enerji, enerji mənbəyi çox böyük problemə çevrilib. İnsan sayı artdıqca bu problem get-gedə genişlənməkdə davam edir. Alternativ enerji resursları isə azalan xətt üzrə inkişaf edərək, daha geniş vüsət alır. PS elektrik sensorlarından xəbərim var idi. Bir az da araşdırma apardım və daha sonra komanda yığdım. Ondan sonra rəhbərlik etdiyim komanda ilə bir yerdə bir layihə hazırladıq. Bəs, bu necə baş verdi? Düşündüm ki, PS elektrik sensorlarından istifadə edərək, bunu klaviaturalara yerləşdirsəm, buradan öz-özünü enerji ilə təmin edən klaviatura əldə edə bilərəm. Proses necə olur? İnsanlar klaviaturadan istifadə etdikcə, barmağın klaviaturaya göstərdiyi təzyiqlə PS elektrik sensorları öz-özünü şarj edən batareyalarda toplanır. Məsələn, oyunçular və ya proqramçılar klaviaturalardan istifadə edərkən gərginlik yaşayırlar. Klaviaturaya basarkən daha çox təzyiq göstərirlər və həmin təzyiqlə enerji toplanır və saxlanılır. Bununla da, cihaz enerji ilə təmin edilmiş olur. Nəticədə, bu, naqilsiz klaviatura olur. Hansı ki, PC dediyimiz kompüterlərdə və ya laptoplarda da istifadə oluna bilər.

- Bu və ya digər uğurlarınızda ən çox kimin və ya kimlərin payı olub?
- 2018-ci ildə mən akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinifində oxuyurdum. Məktəbdən həqiqətən çox böyük dəstək alırdım. Siz də bilirsiniz ki, 10-11-ci siniflər ən ağır siniflərdir. Bu səbəbdən də, öz üzərimdə işləmək çox çətin olurdu. Xüsusilə də, mən xarici universitetlərə hazırlaşdığım üçün başqa imtahanlar da verirdim. Qısaca, vaxt tapmaq elə də asan deyildi. Amma çox sağ olsunlar, bu şəraiti mənə yaradırdılar. Bundan əlavə, mənim mentorlarımın, məktəbdəki müəllimlərimin, ətrafımdakı bütün insanların bir missiya üzərində özümü inkişaf etdirməyimdə payları var. Həmin vaxt məktəbin direktoru Mehriban Vəliyeva da öz köməyini əsirgəmirdi. 2016-cı ildə azyaşlı olduğum halda yuxarı yaşlı insanlarla yarışda idim. Ona görə də, özümü göstərməli idim. Dünyanın 35 ölkəsində keçirilən ən böyük "ClimateLaunchPad" proqramında ilk dəfə iştirak edirdim. 2016-2017-ci illərdə bu proqramda mənim mentorlarım istər Asif İbrahimov olsun, istər Cəsur Həsənov olsun, istər Leyla Tağızadə olsun, mənə çox böyük köməklik etmişdilər. Onlar çox səbirlə bizə öz dəstəklərini göstərirdilər. Bundan başqa, Təhsil və İqtisadiyyat Nazirliyinin də dəstəyi var idi.

- Bir az da ailənizin sizə dəstəyindən danışaq...
- Sizə dediyim kimi, 2016-cı ildən bu işlə məşğul olmağa başlamışam. Onda cəmi 14 yaşım var idi. Bu səbəbdən də, ilk əvvəl mənə ailəmin dəstəyi lazım idi. Çünki onlar olmasaydı, mən nə qədər çalışıramsa-çalışım, heç bir nəticə əldə edə bilməzdim. Hər işdə ən böyük dəstəyi ailə verir.

- Bildiyimiz qədəri ilə atanızın yolu ilə gedirsiniz. Onunla işləmək daha rahatdır, yoxsa həmyaşıdlarınız və ya müəllimlərinizlə?
- (Gülür) Belə deyək, valideynlərimizlə aramızda yaş fərqi olduğu üçün fikir ayrılıqları olur. Bir az o baxımdan problem olur. Amma ümumilikdə bir-birimizi başa düşəndən, dinləyəndən sonra elə də problem yaşamırıq. Amma öz yaşıdlarım olanda bir-birimizi daha rahat başa düşürük. Onda hamı öz fikrini irəli sürür və çox fikir olduğu üçün onlardan birini seçmək daha rahat olur. Belə deyək də, "brain storm" (beyin fırtınası) edirik. Belə olanda da daha az vaxt israfımız olur. Atamın gördüyü iş daha böyük olduğu üçün və Azərbyacanın eko-sisteminə daha çox hakim olduğu üçün mən ona sadəcə olaraq kömək edirəm. Onun xırda işlərini görürəm.

- Sizə layihələrinizlə bağlı maddi dəstək olmuşdumu?
- "İnnoFest" festivalı var idi, hansı ki, böyük miqyaslı bir festival idi. Həmin layihədə çox nazirliklər və ABŞ səfirliyi də iştirak edirdi. Bir çox layihə içərisindən bizim layihə 3-cülük qazanmışdı. Orada böyük olmasa da, 150 AZN əldə etmişdik. Kiçik bir miqdar olmasına baxmayaraq, biz bununla prototipimizi, ilk modelimizi ortaya çıxardıq. Bundan əlavə, Bakı Mühəndislik Universitetinin (BMU) mütəxəssisləri universitetin texnoparkında bizə məxsus 3 prototipi düzəltməkdə dəstək olmuşdular. Bunu da xüsusilə vurğulayım ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən biz inkubasiya dəstəyi aldıq. Çünki ilk başda bütün startaplara lazım olduğu kimi, bizə də inkubasiya dəstəyi lazım idi və onlar bu işdə bizə dəstək oldular. Biz də bundan lazımınca istifadə etdik. Bu, çox uğurlu bir proses idi. Amma ümumilikdə siz deyən kimi biz xüsusi bir qrant və ya maddi dəstəyi hələ də axtarırıq. Hazırda mən və komanda yoldaşlarım Türkiyədə təhsil aldığımız üçün bu ölkədə də, dünyada da irimiqyaslı qrant axtarırıq.

- Azərbaycanı xaricdə təmsil etdiyniz ilk layihəniz "Click energy" idi, ya bundan əvvəl də layihələriniz olmuşdu?
- Xeyr. Tək bu layihə deyildi. Əvvəllər Reyhan Camalova ilə birgə hazırladığımız və mənim də həmtəsisçisi olduğum "Rainergy" layihəsi var idi. Hazırda mən o layihədə yoxam. Hətta, bu eko-sistemə onunla başlamışam. İstər öz layihəm olsun, istərsə də bu layihə, ondan çox şey öyrəndim. "Rainergy" ilə biz ABŞ-a göndərilmişdik. Haradasa, bir həftəlik proqram idi.

- Sırada nə kimi layihələriniz var?
- Mənim bu dəqiqə planımda birinciliyim universitetdir. Çünki mən tələbəyəm. Üstəlik, bu onlayn dərslərin davam etdiyi müddətdə dərslərimə daha çox diqqət etməliyəm. Ondan əlavə deyə bilərəm ki, mən hazırda da bir çox layihələr üzərində işləyirəm. Bir az da iştirak etdiyim planlarımdan bəhs edim. İstər könüllülük proqramları olsun, istər öz sahibkarlıq fikirlərimi başqaları ilə bölüşmək olsun, əsasən, bu tipdən olan proqramlar haqqında düşünürəm. Texnologiyaya da xüsusi marağım var. Bu marağı evdə daha da inkişaf etdirirəm və bununla bağlı bir sıra layihələrim var, onları həyata keçirmək istəyirəm. Pandemiya dövrü bitsə, bunları həyata keçirmək daha rahat olacaq. Çünki "Click energy" ilə bağlı laboratoriyalarda xeyli işimiz var.

- Dediniz ki, sizə layihələrinizi həyata keçirməkdə çox insanın köməyi olub. Bəs özünüz necə? Siz də öz yaşıdlarınıza və sizdən daha azyaşlılara hər hansı layihənin həyata keçirilməsində köməklik edirsinizmi?
- Bəli, edirəm. Məsələn, evdə məndən 3-4 yaş balaca bacım var. O da bu sahəyə çox meyillidir. O, məndən fərqli olaraq işə daha çox emosional yanaşır. Öz məzun olduğum məktəbdən də müəllimlərim hansısa şagirdlərinin işinə köməklik etməyimi istəyirlər. Bu işdə də sevə-sevə hər bir şagirdə kömək etməyə çalışıram.

- Azərbaycanda öz layihənizlə tanındıqdan sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə də görüşünüz oldu. Bu barədə təəssüratlarınız...
- İlk əvvəl onu deyim ki, qeyri-neft sektorundakı irəliləyişlərdən və buna qiymət verilməsindən çox məmnunam. Buna görə ölkə başçısına da, Mehriban xanıma da çox təşəkkür edirəm. Bir gəncin işinin ölkə rəhbərliyi tərəfindən qiymətləndirilməsi mənim üçün böyük bir uğurdur.

- Ali təhsil üçün Zəhra Qasımzadə niyə Amerikanın, Avropanın daha məşhur universitetlərini deyil, Türkiyənin Özyeğin Universitetini seçdi?
- Maraqlı sualdır. Əslində, bir çox amil mənim bu universiteti seçməyimə səbəb oldu. Birinci, özümüm seçimlərim var idi, daha sonra ailəmin məsləhətləri oldu. Təbii ki, Amerikaya, Avropaya açılmaq böyük uğurdur. Sonda belə qərara gəldim ki, bakalavrı Türkiyədə alım. Yüksək təhsil verən bir çox universitetlərə müraciət etdim. Müsbət rəy gəldi. Seçdiyim universitetdə isə mənim ölkəmdən və digər ölkələrdən gələn tələbələrə 75 faiz təqaüd proqramı təqdim olunur.

- Həmyaşıdlarınıza sözünüz...
- Həmyaşıdlarıma demək istədiyim odur ki, məktəb dərsləri ilə kifayətlənməsinlər. Məsələn, məktəblilər düşünürlər ki, məktəb dərslərində iştirak edim, dərslərdə müvəffəq olum, sinifin əlaçısı olum, müəllimin ən sevdiyi tələbə olum. Bunlar gözəldir, amma monotonlaşmaq yaxşı deyil. Məktəb dərsləri yalnız bizdən tələb olunandır. Buna böyük bir şey imiş kimi baxmaq doğru deyil. Biz başqa yönlərdən də inkişaf etməliyik. Hərənin bir sahəyə marağı var. Məsələn, kiminsə telefona, kiminsə kompüterə marağı var. Özlərini o sahədə inkişaf etdirsinlər...



Aygün Zayıdova