Həkim xəstəni müalicə etmək üçün əvvəlcə onu dəqiq müayinə etməli, xəstəliyin yaranma səbəbini və ya kökünü ortaya çıxarmalıdır. Ancaq bu mərhələdən sonra davamlı və effektli müalicədən söhbət gedə bilər. Bu minvalla yoxsulluğun nə olduğu bilməsək, yaranma səbəbləri və növlərindən, ümumiyyətlə, yoxsulluğun anatomiyasından xəbərsiz olsaq, davamlı həll yolları tapmaqdan bir o qədər uzaq olarıq.
“Mütləq yoxsulluq”, ya da “həddindən artıq yoxsulluq” burada problemin ən ağır halıdır. Mütləq yoxsulluq bir ailənin və ya şəxsin içməli su, ərzaq və sanitariya daxil olmaqla əsas həyat ehtiyaclarını təmin edə bilməməsi, bunlardan məhrum qalmasıdır. Bütün gəlirini yalnız həyatda qala bilmək üçün ərzaq tələbatına xərcləyən yoxsul bir ailə bu vəziyyətdən çıxa bilmək, ya da vəziyyətini yaxşılaşdıra bilmək üçün əlavə vəsait toplaya bilmir. Belə bir xroniki yoxsulluq girdabından çıxa bilmək üçün əlbəttə kənar yardımların rolu danılmazdır. Ancaq onu da qeyd edək ki, belə xroniki hal almış bir yoxsulluq girdabından qurtulmaq müvəqqəti yardımlarla deyil, davamlı sosial, siyasi və digər tədbirlərin alınması ilə mümkündür.
Bir insanın və ya qrupun həyat səviyyəsini daha yüksək gəlirli bir insan və ya qrupla müqayisə etməsi nəticəsində ortaya çıxan yoxsulluq anlayışı var ki, buna da “nisbi yoxsulluq” deyilir. Nisbi yoxsulluq anlayışında bir insan içində yaşadığı sosial həyatın müəyyən etdiyi və yaşamaq üçün tələb olunan səhiyyə, təhsil və mədəni fəaliyyətlərdən məhrum qalma nəzərdə tutulur.
Yoxsulluğun digər bir növü isə sistem, quruluş, ya da strukturdan qaynaqlanan yoxsulluqdur. Burada gəlirlərin ədalətsiz və qeyri-bərabər bölgüsünə görə baş verən yoxsulluq nəzərdə tutulur. Bütün bunlar onu deməyə əsas verir ki, yoxsulluğa səbəb olan amillər təkcə fərdi çatışmazlıqlardan qaynaqlanmır. Sosial quruluşdakı mənfi şərtlər, həmçinin iqtisadi amillər fərd və cəmiyyətlərin yoxsul olmasına, yoxsul yaşamasına səbəb olur.
Yoxsulluq və kasıblığı hansı bölmələrə ayırsaq, hansı ifadələrlə tərif etsək də, yoxsulluğun səbəb olduğu nəticələr dəyişməz olaraq qalır. Yoxsulluq aclıqdır. Yoxsulluq qalacaq yeri olmamaqdır. Yoxsulluq müalicəsiz qalmaqdır (həm də xəstə olduğu halda). Yoxsulluq məktəbə gedə bilməməkdir. Yoxsulluq savaddan uzaq qalmaqdır. Yoxsulluq heç bir işə sahib olmamaqdır. Yoxsulluq gələcək qayğısı ilə yaşamaqdır...
Yoxsulluğu tərif etmək üçün bəzən sözlər kifayət etmir. Əslində, yoxsulluğu ən yaxşı onu yaşayanlar tərif edə bilərlər. Bəzən gözdən axan iki damla göz yaşı, bəzən bir susqunluq, bəzən də mənalı bir baxış yoxsulluğu anlamaq üçün kifayətdir.
Yoxsulluq burulğanına düşən və bunun mənfi təsirləri qarşısında aciz qalan təbəqə əsasən uşaqlar olur. Yoxsul ailələr uşaqlarını məktəbdən ayıraraq, nə qədər az pul qazansalar da, onların iş həyatına atılmalarında maraqlı olur. Bu da kasıb və yoxsul təbəqənin təhsilə olan münasibətinə mənfi təsir göstərir və onlar üçün təhsilin hər hansı funksiyası qalmır.
Yoxsulluğun gətirdiyi risklər qarşısında müdafiəsiz qalan uşaqlar bunun əvəzini gələcəkdə az təhsilli olmaları, narkotik maddə asılılığına tutulmaları, cinayətə meyilli olmaları və s. kimi mənfi hallarla ödəyirlər. Düzdür, uşaqların gəliri olmadığına görə onların “kasıb” və ya “yoxsul” sayıla bilməyəcəyini deyənlər də var. Ancaq “uşaq yoxsulluğu” dedikdə ailənin yoxsulluğu və bunun uşağa gətirdiyi, ya da gətirə biləcəyi mənfi təsirlər nəzərdə tutulur.
Hər bir uşağın təhsildə bərabərlik haqqı var. Ancaq belə bir haqqa sahib olmaqla yoxsul bir uşağın varlı bir uşağın səviyyəsinə çatmaq ehtimalı yenə də azdır. Çünki eyni yaşda məktəbə başlayan biri kasıb, digəri varlı iki uşağın eyni imkanlara sahib olduğunu söyləmək olmaz. Bu zaman varlı və ya orta təbəqəli bir ailənin uşağı yenə də üstün vəziyyətdə olacaq. Bu üstünlüklərə həyat tərzini, ev və ailə mühitini, ala bildiyi kitab və dərs vəsaitlərini, gedib gördüyü müxtəlif məkanları, tətil gəzintilərini və məktəb xaricində inkişaf etdirə biləcəyi digər qabiliyyətləri göstərmək olar.
Əhalinin böyük hissəsinin müasir informasiya texnologiyalarından istifadə etdiyi informasiya cəmiyyətində yoxsulluq sanki sistemin problemi deyilmiş kimi təqdim edilməyə çalışılır. Əməyə olan ehtiyacın azalması yoxsullara ehtiyacı tədricən azaldır. Təbii ki, bu vəziyyət cinayətlərin artımında da özünü göstərir və var olan bir problemin inkar edilməsi mövcud sistemdə təhlükə mənbəyi yaratmağa başlayır.
Yoxsulluğu insanların fərdi xüsusiyyətləri, ya da “bacarıqsızlıqları” ilə açıqlamaq və bu vəziyyətə görə yoxsulları günahlandırmaq doğru deyil. Yoxsulluğun insanlar tərəfindən şüurlu şəkildə seçilən bir həyat tərzi olduğunu söyləmək də olmaz. Sosial araşdırmalar göstərir ki, əksər yoxsullar onların xaricində meydana gələn şərtlərlə əlaqədar yoxsul həyat yaşayırlar. Misal üçün müharibələr, vətəndaş qarşıdurmaları, epidemiyalar, qlobal iqtisadi və siyasi böhranlar və təbii fəlakətlər kimi hadisələr həmişə yoxsulların xaricində baş versə də, bunların acı nəticələrini yoxsullar ömür boyu yaşayırlar.
Bu gün yer üzündə milyonlarla insan öz iradəsi ilə seçmədiyi yoxsul bir həyatı yaşamalı olur. Keçmişdə olduğu kimi, bu gün də dünyada yoxsulluğa səbəb olan amillər sistem mənşəlidir. İqtisadçı alimlərin qeyd etdiyi kimi kapitalist sistemlərin fəaliyyət mexanizmi bir tərəfdə varlı bir təbəqə, digər tərəfdə yoxsul bir kütlə istehsal etməkdə davam edir və buna məhkumdur.
Dünyada ən zəruri ehtiyaclarını qarşılamaqda aciz olan, hətta yemək və içmək tələbatını ödəyə bilməyən milyonlarla insanın olmasını dünyada resursların məhdud olması ilə deyil, resursların ədalətli bölüşdürülməməsi ilə açıqlamaq daha doğru yanaşmadır. Məsələyə bu aspektdən baxanda yoxsulluğa dair davamlı həll yolları tapmağın elə də çətin məsələ olmadığını anlamaq olar. Ancaq ortada həll yolları olsa da, yoxsulların sayının milyardlarla ifadə edilməsi ağıla başqa ehtimalları gətirir. Bu ehtimallardan biri də yoxsulluğun bir idarəetmə vasitəsi kimi seçilməsi, həmçinin, bir idarəetmə mexanizmi kimi istifadə edilməsidir.
Osmanlı cəmiyyətində yoxsullara yardım edən, yoxsullarla varlılar arasında körpü vəzifəsi görən vəqf təşkilatları mövcud olmuşdur. Günümüzdə qəbul edilən əsas anlayışa görə isə yoxsullara yardım etmək vəzifəsi ilk növbədə dövlətə məxsusdur. Könüllülük əsasında fəaliyyət göstərən yardım təşkilatları isə yoxsulluğun azaldılması ilə bağlı sadəcə olaraq dövlətə töhfə verə, bu məsələdə yükü bir az yüngülləşdirə bilər. İqtisadi böhranlarla əlaqədar yoxsulların sayının artmasını, aclıqdan əziyyət çəkən insanların ah-naləsini, görüntülərinin sosial mediada yayılmasını, dövlətə məxsus ictimai qurumların bu məsələdə qeyri-kafiliyini yoxsullara yardımı labüdləşdirən amillər arasında saymaq olar.
Nigeriyaya vaxtaşırı səyahətlər təşkil edən bir xeyriyyə cəmiyyətində çalışan könüllüyə: “Sizi bu işlərə sövq edən nədir?” deyə sual verirlər. Cavab isə belə olur: “Yoxsulların vəziyyətini ürəyimizdə hiss etmiriksə, insanlığımıza şübhə etmək lazımdır. İnsanlar burada quru torpaq üzərində yatırsa, üstündə yatacaq bir döşək belə tapa bilmirsə, ömrü boyu ancaq bir növ ərzaqla qidalanırsa, bu vəziyyət qarşısında riqqətə gəlməmək mümkün deyil”.
Qara qitə Afrikada hər səhər və axşam eyni növ yeməyin yeyildiyi süfrəyə qonaq olan başqa bir könüllü isə öz xatirəsində belə deyir: “Onlarla eyni süfrəyə oturdum. Hamının əl atdığı qaba mən də əl atdım. Bir loğma yemək alıb yemək istədim. Ancaq boğazım düyünləndi, gözüm yaşardı. O yeməyi yeyə bilmədim”.


Halim Mustafa