XIX əsrin ikinci yarısında baş verən rus-türk müharibələri bu coğrafiyada demoqrafik dəyişikliklərə səbəb oldu. Belə ki, Rusiya ərazisindəki müsəlmanların və türklərin Anadoluya, Anadoludakı xristianların, əksəriyyət etibarı ilə ermənilərin o zamankı Rusiya ərazisinə mərhələ-mərhələ köçü baş verdi. Çar Rusiyası Anadoludan köçürülən erməniləri Qafqaza, tarixi Azərbaycan - türk torpaqlarına yerləşdirərək, əsrlər boyu burada yaşayan yerli əhalinin bu coğrafiyadan sıxışdırılıb çıxarılması üçün onlardan bir alət kimi istifadə etməyə başladı. Rusiya rəhbərliyi erməni xislətini yaxşı bilirdi və hələ əsrlər əvvəl Anadolu torpaqlarında özünə krallıq qurmuş bu zavallıların asanlıqla əldə maşa olacağına əmin idi. Amma onu da bilirdi ki, ilk fürsət düşən kimi onlar hər cür xəyanəti işləməyə hazırdırlar. Uzun müddət Şərqi Romalıların, sonra isə Osmanlıların himayəsi altında olan ermənilərin hər iki dövlətə xəyanəti dünyaya məlum idi və tarixdə yer almış məşhur şəxslər erməniləri və erməniliyi xəyanətin, satqınlığın, zülmün simvolu kimi xarakterizə edirdilər.
Rusiya da insanlıq hissindən məhrum belə bir "topluluğu" türk xalqları arasına yerləşdirərək, özü üçün bir baryer, bir səngər qazanmaq istəyirdi. Artıq XIX əsrin sonlarında ruslardan dəstək alan ermənilərin Qafqaz türklərinə qarşı provokativ hərəkatları müşahidə olunmağa başladı və XX əsrin əvvəllərində bu gedişat qanlı müharibəyə çevrildi. 1905-ci ildə Rusiyanın mərkəzində Romanovlar sülaləsinə qarşı inqilabi hərəkat güclənəndə ermənilər də Qafqazdakı rus hərbi birlikləri ilə anlaşmaya girərək buradakı müsəlmanlara, xüsusilə də yerli türklərə qarşı qanlı müharibəyə başladılar. Eyni proses 1914-cü ildə də baş verdi, 1917-18-ci illərdə də. Çar Rusiyası erməniləri orduya çağırır, silahlandırır, Azərbaycan türklərini isə ordudan uzaq tutur, əllərində olan ən adi silahları belə müsadirə edirdi. Tarix boyu həmişə belə olub, ermənilər silahla təmin olunub, bizi isə əliyalın halda onların hədəfinə çeviriblər.
1918-ci ilin mart ayının 30-31-i və aprel ayının ilk günlərində Bakıda və eləcə də, Azərbaycanın digər rayon və kəndlərində dəhşətli soyqırımlar baş verdi, soydaşlarımız rus-erməni hərbi birlikləri tərəfindən tarixdə nadir görünən zülm və işgəncəyə, qırğınlara məruz qaldılar. Bakıda soyqırımı planı hələ 1917-ci ildə "Daşnaksütyun" partiyası və Erməni Milli Komitəsi tərəfindən hazırlanırdı. Onların bu niyyəti 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri Leninin Stepan Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etdikdən sonra baş tutdu. Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq, Azərbaycan xalqına qarşı terror və qırğınlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları bu barədə xalqı məlumatlandırır, onlara özünümüdafiə hissi aşlayırdılar.
Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini cismən məhv etmək idi. Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi mütəşəkkil erməni hərbi hissələri tərəfindən planlı surətdə həyata keçirilirdi. Bu, adi bir müharibə deyildi, təpədən-dırnağa qədər silahlanmış rus-erməni hərbi birlikləri bizi bu torpaqlardan silib atmaq, kökümüzü kəsmək istəyirdi. Azərbaycanın hər yeri alov içində idi, hər yerdə bizim qanımız axıdılırdı. Bakı Sovetinin qüvvələrinə rəhbərlik edən Şaumyanın erməni hərbi hissələrindən istifadə etməsi bu qırğını daha da dərinləşdirmişdi. Daşnaklar müsəlman fəhlələrin orduya qəbul edilməsinə hər vasitə ilə əngəl törədirdilər. Ona görə də, Bakı Soveti, onun yaratdığı ordu əsas etibarilə ermənilərdən ibarət idi. Azğınlaşmış erməni quldurları dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. "Dikaya diviziya" əsgərlərinin silahlarının qaytarılması əvəzində müsəlmanlara qarşı hərbi əməliyyatlara hazırlaşanlar martın 18-də (təzə təqvimlə martın 31-də) axşam qanlı olayların icrasına başladılar. Qırğınları icra edən isə Stopka Lalayevin erməni dəstəsi idi. Həmin gün axşam saat 7-də bir neçə azərbaycanlı qətlə yetirildi və sonra qırğınlar şəhərin müsəlmanlar yaşayan hissəsinə keçirildi, əhali Mars teatrının damında yerləşdirilən pulemyotlardan atəşə tutuldu. Artıq saat 10-da məlum oldu ki, mərkəzi küçələr işğal edilib, şəhərin aşağı hissəsi ilə əlaqə kəsilib. 3 gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi. Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: "Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yaraşmayan böylə qəbahətlərin icrasına qədər varmışlar". Bu qanlı olayları öz səhifələrinə köçürən milli mətbuat orqanlarımız soyqırımın təfərrüatına vararaq yazır: "Nəinki, Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində də mətbuatda məlumat dərc edilirdi.
Fövqəladə Təhqiqat Komissiyasının üzvü Aleksandr Kluqe bu komissiyanın sədrinə ünvanladığı məruzədə yazırdı: "Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını qırırdılar".
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox türk-müsəlman öldürülüb. Onların çoxunun meyitləri tapılmayıb. Ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə, quyulara atırdılar ki, cinayətin izini itirsinlər. Bakı əhalisindən 400 milyon manatlıq daş-qaş və əmlak qarət olunub. Bir çox ziyarətgahlar və tarixi abidələr yerlə-yeksan edilib. Memarlıq incilərindən sayılan İsmailiyyə Sarayı yandırılıb. Mart talanlarında yaxşı təşkil olunmuş hərbi hissələrlə yanaşı, erməni ziyalıları və gəncləri də iştirak edirdilər.
1918-ci ilin mart hadisələri zamanı qədim Şamaxı şəhəri də dəhşətli talanlara və vəhşiliklərə məruz qaldı. "Azərbaycan" qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: "Şamaxı mahalına bir qitə göndərilib və onlar vasitəsi ilə əhalı məhv edilib. 4 min əsgərin yüzdə səksəni erməni olub". Ermənilərin bu şəhərdə və ümumən Şamaxı qəzasında törətdikləri vəhşiliklər haqqında 7 cilddən ibarət təhqiqat materialları toplanıb. "Azərbaycan" qəzetində Fövqəladə Təhqiqat Komissiyasının "Çağırış"ı dərc olunub. Komissiyanın sədri Ələkbər bəy Xasməmmədovun imzaladığı bu sənəddə deyilir: "Şamaxının yalnız xarabalıqları qalmışdır. Şəhərin müsəlman hissəsindəki bu xarabalıqlarda məscidlərin ən qədimi olan, 800 ildən çox tarixə malik Cümə məscidinin ancaq yanıb qaralmış minarələri görünür, şəhərin 15 minlik müsəlman əhalisindən sağ qalanlar isə bütün Zaqafqaziyaya dağılmış, əllərində qoltuq ağacı və bellərində torba qapı-qapı düşüb dilənirlər ki, acından ölməsinlər. Adlarını "bolşevik" qoyan qaçaq-quldur dəstələrinin əlindən qaçıb canını qurtaran əhalinin qalan hissəsi türk qoşunları Azərbaycana gəldikdən sonra öz el-obalarına qayıtdılar. Onlar qayıdıb gəldikdə əsrlərdən bəri yaşadıqları ocaqlarını yandırılmış və yerlə yeksan edilmiş halda gördülər".
Ermənilər Qubada, Lənkəranda və digər qəzalarda da qırğınlar törədiblər. Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il may ayının 1-də Qubaya girən daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən artıq olub. Ona görə də, onlar silahsız dinc əhaliyə divan tuta biliblər. İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlatmaq kifayətdir.
Andrey Novatski qeyd edir ki, müsəlmanların dini heysiyyətinə toxunaraq, məscidlərə od vurub yandıran daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırıblar. Hamazasp Srvandzyanın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilib. Ayrı-ayrı mənbələrə əsasən, qırğın zamanı Quba qəzasında 12 minədək ləzgi, 4 mindən çox azəri türkü və tat əhalisi öldürülüb. 1918-ci il qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıdıblar ki, bunlardan 35-i hazırda mövcud deyil.
Hacıqabuldan Salyana və oradan da Muğana bolşevik qoşunu göndərilmişdi. Lənkəranda olan "Dikaya diviziya"nı tərkisilah etmək üçün dəniz təriqi ilə bolşevik dəstələri göndərilmişdi. Bunlar hamısı erməni milli şurasının xəbəri ilə edilirdi. Göndərilən bolşevik əsgərlərinin hamısı yolda qarşılarına çıxan müsəlman kəndlərini dağıdıb zirizəbər edirdilər. Bu qərar üzrə Astarayadək bolşevik əsgərləri göndərilmişdi. Astara top atəşinə tutulub qarət edildikdən sonra, əhalinin var-yoxu aparılmışdı. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasında olan hamı müsəlman kəndləri "Aleksandr Candar" paraxodu tərəfindən top atəşinə tutulmuşdu. Stopka Lalayevin quldur dəstəsi gecələr müsəlman evlərinə hücum edib ev sahibinin silahını aldıqdan sonra özünü döyürdülər. Flot matrosları da bu cür hərəkətdə bulunurdular. Yanvar ayından başlamış Mart hadisələrinə qədər bu hal davam edirdi. Şura hökumətinin başında olan Şaumyan, Saakyan və Arakelyan Azərbaycan ərazisində müsəlmanların qırılması üçün əllərindən gələni edirdilər.
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı Sovet tarixşünaslığında saxtalaşdırıldı və ört-basdır edildi, amma unutdurula bilmədi. Ümumiyyətlə, 1918-ci il tariximizin ən ağır səhifəsi, can düşmənimiz olan ermənilərin əlindən ən çox zülmlər gördüyümüz zaman dilimidir. Xüsusilə, martın 31-də başlayan və aprelin ilk iki günündə davam edən soyqırım xüsusilə dəhşətli idi. Bir-birindən qara üç gün yaşadıq və o üç gündə Bakıda qətlə yetirilən şəhidlərimizin sayı on minlərlə hesablanır. 1918-ci il başlayandan bolşevik adı ilə torpaqlarımıza soxulmuş erməni-rus cəlladları hər yerdə soydaşlarımızı qətlə yetirməyə başladılar və bu qırğın sentyabrın 15-nə, Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinə qədər davam etdi.
Mütəxəssislər bu qənaətdədirlər ki, Qafqaz İslam Ordusu Anadoludan qalxıb Azərbaycanın yardımına gəlməsəydi, bu gün bu coğrafiyada Azərbaycan adında müstəqil bir dövlətin varlığı böyük bir sual altında qalardı. Çünki təkcə ermənilərin deyil, erməniləri üstümüzə qaldıran imperiyanın da maraqları bizi bu torpaqlardan silib atmaq istiqamətində idi.
2021-ci ili yaşayırıq, o qanlı tarixdən 103 il keçır və biz bütün o qaranlıq səhifələri qatlayıb, yeni bir zəfər səhifəsi açmışıq. Bu zamana qədər də biz müharibələrdə ermənilərə qalib gəlmişik, amma bütün bu qələbələr lokal mahiyyət daşıyıb və hər müharibənin sonu bizim itkimizlə, məğlubiyyətimizlə nöqtələnib. 2020-ci il Azərbaycan tarixinin zəfər salnaməsinin ilk səhifəsidir, 150 illik müharibənin zəfər bayrağı bizim əllərimizdə dalğalanır. 2783 şəhid qanı ilə yeni bir tarix yazıldı və bu yeni tarixdə erməni azğınlığı Azərbaycan gücü qarşısında darmadağın oldu. Amma arxayınlaşmaq olmaz, Dədə Qorqud deyir ki, su yatar, düşmən yatmaz. Ona görə də, hər zaman ayıq olmalı, hər sahədə düşməni üstələməliyik ki, bir daha baş qaldıra bilməsin. Tarix keçmişin nağılları deyil, gələcəyin həqiqətləridir, keçmişini unudanın gələcəyi qaranlıqlarda itər. Ona görə də, tarixdən dərs almalı, dostu-düşməni yaxşı tanımalı və gələcəklə bağlı planlar düzgün qurulmalıdır ki, yaşadığımız faciələr bir daha təkrarlanmasın...
Əli Çərkəzoğlu