İngilis dilindən tərcümədə "başlamaq", "işə salmaq" mənalarını verən startap mövcud olmayan hər hansı bir ideyanın reallaşdırılması və ya daha əvvəldən mövcud olan hər hansı bir ideyanın təkmilləşdirilməsi üçün ehtiyacı aradan qaldıran və bəzən də həmin ideyanı ehtiyaca çevirən inkişafa meyilli təşəbbüslər və ideyalar kimi başa düşülür. Startap, adətən, İT sahəsi ilə əlaqədar təşəbbüslər kimi başa düşülsə də, belə deyil. Bu layihələr iqtisadiyyatın bütün sahələrinə aid ola bilər.
Startap anlayışı 1939-cu ildə texnologiyanın əsas mərkəzi hesab olunan ABŞ-ın Kaliforniya ştatında, San-Fransisko şəhərinin yaxınlığındakı Santa-Klara vadisində yaranıb. Söhbət hazırda dünyanın yüksək texnologiyalar mərkəzi hesab olunan Silikon Vadisindən gedir. Elə həmin illərdə Stanford Universitetində təhsil alan tələbə dostlar Uilyam Reddinqton Hyulett və Devid Pakkard o zamanlar üçün kiçik və yeni hesab edilən layihələrini yaradaraq ona "start-up" adını verdilər. Zaman keçdikcə bu layihə hazırda dünyanın ən nəhəng texnologiya şirkətlərindən biri olan "Hewlett-Packard" (HP) şirkətinə çevrildi. Şirkət bu iki dost tələbə tərəfindən 1 yanvar 1939-cu ildə ölçü avadanlıqları və ölçü cihazları istehsalçısı olaraq quruldu. Xatırladaq ki, HP şirkətinin başlanğıc sərmayəsi 538 dollar idi və onun ilk ofisi Palo Alto şəhərində adi qarajda yerləşirdi.
Bu gün ölkəmizdə də yenilikçi gənclər tərəfindən müxtəlif startaplar həyata keçirilir. Jurnalımızın bu sayında onlardan bəziləri ilə tanış olacağıq.
Hazırda ölkədəki ən uğurlu startaplardan ikisinin təsisçisi olan Orxan Əhmədov həm də, Azərbaycanda ilk dəfə özəl bir şirkət tərəfindən qurulan bonus "cashback" sisteminin - "MultiBon"un müəllifidir. "MultiBon" fəaliyyətə başladıqdan bir müddət sonra bağlansa da, bu sahədə atılmış vacib addımlardan hesab olunur. Onun müəllifi olduğu "Xercim.az" və "Kvotter" startapları bu gün də ölkənin startap bazarında əhəmiyyətli yer tutur. "Xercim.az" layihəsi bazarda mövcud olan sadiqlik kartlarını üstünüzdə daşımaq əvəzinə telefonda virtual əksini yaradaraq rahat istifadə etmək imkanı verən mobil pul kisəsidir. Layihə bir sıra yerli və xarici şirkətlərlə əməkdaşlıq etməklə yanaşı, "İKT Fondu", "Startup Azərbaycan 2014" və "MilliNet 2014" müsabiqələrinin qalibidir.
"Kvotter" isə kitab oxucularına oxuduqları kitablardan bəyəndikləri sitatları skan edib sosial şəbəkələrdə paylaşmağa imkan verən mobil tətbiqdir. "Yeni Fikir 2016" və "Seedstars Baku startup" yarışlarının qalibidir.
Ülviyyə Rüstəmova, Arif Mövsümzadə və Fidan Rüstəmovanın təsisçisi olduğu "Spinal" adlı startapın məhsulu olan "Lia" onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarət xüsusi qurğudur. "Lia" istifadə etdikdən minimum 3 həftə sonra heç bir narahatlıq hiss etmədən və artıq xərc olmadan alıcıya öz onurğa sütununu düzəltməyə kömək edir. İnsan onurğa sütununa mənfi təsir göstərən vəziyyətdə oturduqda "Bluetooth" modulu vasitəsi ilə əməliyyat sistemi üzərində işləyən smartfona siqnallar daxil olur və düzgün oturuş pozisiyası seçmək üçün xəbərdarlıq edir.
Ağıllı ev xidmətlərini göstərən ilk yerli layihə isə "Sumaks"dır. Cavid Məmmədov, Elgün Həsənov və Sənan Quluzadənin təsisçisi olduqları "Sumaks Technologies" şirkətinin həyata keçirdiyi startap, gündəlik məişət proseslərini mobil telefon vasitəsilə idarə edilə bilən təhlükəsizlik və komfort cihazları ilə daha da asanlaşdırır.
Azərbaycan Startap Ekosistemində uğurlu hesab olunan layihələrin müqayisəsi zamanı ən yüksək səs çoxluğunu alan startap isə "Edu-Active"dir. Bu layihə keçmiş sovet ölkələrindən olan gənclər üçün xaricdə təhsil imkanları, magistratura və doktorantura proqramları, təlimlər, konfranslar, təqaüdlər, qrantlar, könüllü proqramları, yarışlar, təcrübə proqramları və vakansiyalar haqqında faydalı məlumatlar təqdim edir.
Dünyanın istənilən ölkəsinə səyahət, təhsil və iş vizalarının alınması üçün sənədlərin hazırlanmasına kömək edən onlayn platforma - "Vizam.az" da Azərbaycanda reallaşdırılan ən uğurlu startaplardan hesab olunur. Layihə sizə gedəcəyiniz ölkənin səfirliyinin Azərbaycanda olub-olmamasından asılı olmayaraq dünyanın istənilən ölkəsinə səyahət vizalarına müraciət etmək imkanı yaradır.
Rasim Abdurəhmanov və Toğrul Bayramlının təsisçisi olduğu "Edumap.az" layihəsi təhsil sahəsindəki yeniliklər, layihələr, təlimlər, seminarlar və xaricdəki təhsil imkanları barədə yenilikləri gənclərə çatdıran onlayn platformadır. Bununla yanaşı, mədəniyyət, gənclərin fərdi inkişafı üçün nəzərdə tutulan proqramlar barədə məlumatları geniş oxucu kütləsinə çatdırır. Platformada elektron kitabxana da fəaliyyət göstərir.
Tofiq Hidayətzadənin 2015-ci ildə təsis etdiyi və uğurlu hesab olunan VeloKuryer startapı velosiped vasitəsilə kuryer xidməti təklif edir. Sürətli və ekoloji təmiz kuryer xidməti şəhərin sıx küçələrindən və tıxaclarından asanlıqla keçərək, bağlamaları sahiblərinə çatdırır. Layihə çərçivəsində həmçinin, velosipedlərin təmiri, kirayəsi, şəhərdə təhlükəsiz yerdə saxlanması, velosipeddə yürüş dərsləri və eləcə də, alışı zamanı konsultasiya xidmətləri də göstərilir.
Şahmərdan Əhmədli