Ehtiyaclar, ümumi estetik görünüş və s. kimi amillər nəzərə alınmadan bir bina inşa ediləndə ilkin plansızlıq ucbatından bu tikilinin bir pazl oyunu kimi gələcəkdə dəfələrlə sökülüb yenidən tikilməsi qaçılmaz olur. Eynilə bunun kimi hədəf və qayədən məhrum və məhz keçib gedən arzu, həvəs və ehtiraslar üzərində qurulan ailənin də bir gələcək vəd etməsi mümkün deyil. Bu minvalla nikah və evliliyə gedən yolda nəfsani həvəs və arzular kənara qoyulmalı, bu işdə məntiq, sağlam düşüncə hakim olmalıdır. Hədəf və qayədən məhrum qurulan ailənin davamlı olaraq cəmiyyətə işsiz-gücsüz, sərsəri şəxslər qazandırması isə qaçılmaz bir nəticədir.
Mübahisələrin və münaqişələrin kəsilmədiyi bir ailədə qadın və kişi əsla bir vəhdət təşkil edə, bir evi bölüşə bilməz və eyni evdə fərqli dünyaların insanı olaraq qalarlar. Belə bir toqquşma və mübarizə mühitində böyüyən uşaqlar da bir əşya kimi bəzən bir, bəzən də digər tərəfə yuvarlanaraq iki cəbhə arasında gedib gələr, hissiz, duyğusuz vəziyyətə düşər, cəmiyyətə və ailəyə düşmən bir hala gələrlər. Bütün bunlar göz önünə alınanda qadın və kişi evliliyə qədəm qoyarkən bu məsələləri düşünməli, əgər lazım gəlsə, təcrübəli insanlarla məsləhətləşməli və seçimlərinin səbəblərini çox yaxşı müəyyənləşdirməlidirlər. Evlilik həm dünya, həm də axirət səadətinin çox vacib bir təməlidir. Belə ciddi bir məsələdə səhv etmək isə həm dünya, həm də axirət səadətindən məhrum qalmaqdır.
Uca dinimiz İslam bir tərəfdən evliliyi məşru bir əməl kimi görür və buna təşviq edir, digər tərəfdən də, evlilikdə sağlam bir qayə və hədəfin olmasını istəyir. Evlilik həyatına qədəm qoyarkən burada əsas hədəf və qayə Cənab Allahın (c.c.) və Həzrət Peyğəmbərimizin (s.ə.s.) göstərdiyi yolda bir nəsil yetişdirmək olmalıdır.
İdeal ailədə valideynlər uşaq tərbiyəsində özlərini bir mütəxəssis kimi yetişdirməli, bunun üçün gərəkli bilgilərə sahib olmalıdırlar. Bu minvalla müəyyən bir səviyyədə uşaq tərbiyəsi ilə bağlı psixoloji və pedaqoji biliklərə yiyələnməlidirlər. Valideynlər əvvəla gözəl bir nəsil, yaxşı bir övlad yetişdirməklə bağlı mütləq bir qənaətə və fikrə gəlməlidirlər. Uşaq tərbiyə etmək bacarığı və qabiliyyəti olmayan, əgər olsa da, uşaq tərbiyəsi ilə bağlı heç bir məsuliyyət hissi daşımayan bir ana və onların heç bir problemi ilə maraqlanmayan bir atanın nəzarətindəki uşaqlar valideynləri olsa da, yetimdirlər.
Bəzən elə olur ki, evdə həm kişi, həm də qadın işləyir. Bu vəziyyətdə uşaqlara yaxın qohum-əqrabadan kimsə baxmalı olur, ya da bağçaya, körpələr evinə göndərilirlər. Bəli, bir evdə həm kişi, həm də qadın işləyəndə uşaqlar müəyyən dərəcədə təkliklə üzləşir, yalnızlığa məruz qalırlar. Bu kimi hallarda valideynlər, adətən, özlərinə belə təsəlli verirlər: "Orada çox mərhəmətli və savadlı müəllimlər, tərbiyəçilər var. Orada uşaqlara bizdən daha yaxşı baxırlar". Ancaq bu zaman unudurlar ki, bütün bunlardan başqa uşağın valideynlərindən istədiyi başqa şeylər var.
Uşaq bağçasında uşağın paltarını yuya, yeməyini verə, parkda gəzdirə və ya əyləncə yerlərinə apara bilərlər. Ancaq bunu edənlər heç vaxt uşağın atası və ya anası ola, uşağa ən çox ehtiyacı olan şəfqəti verə bilməzlər. Şəfqət uşağın anasının üzündən oxuduğu, sinəsinə başını qoyanda tapdığı, atasının qucağında hiss etdiyi duyğudur. Uşaq bu duyğuları valideynlərindən ala bilməyəndə onu başqa yerdən tapması mümkün deyil.
Gəlin, uşaq bağçalarına və ya uşaq baxıcılarına verilmiş uşaqları hələlik bir yana qoyaq və ixtisas təlimi və şəyirdlik üçün usta yanına verilən uşaqları nəzərdən keçirək. Əgər usta mərhəmətdən uzaq və sərt təbiətli bir tipdirsə, uşaq da onun yanında bu ab-havaya vərdiş edəcək və sərt bir şəxs kimi böyüyəcək. Bir sözlə, sərt təbiətli insanların yanına şəyird kimi verilən məsum və mülayim ruhlu uşaqlar bir müddət sonra yanında yetişdiyi ustası kimi sərt olmağa başlayacaq. Bu aspektdən məsələyə baxsaq, dünyaya gələn kimi başqa qucaqlara təslim edilən uşaqların, o başqa nəzər və baxışlar altında nələr yaşayacaqlarını anlamaq hər halda çətin olmaz.
Əslində, qadın dediyimiz o incə ruhlu varlıq Uca Yaradan (c.c.) tərəfindən elə ülvi duyğularla təchiz edilmişdir ki, bu baxımdan o həmişə kişidən bir neçə addım öndədir. Bu baxımdan qadınlar, analar şəfqət qəhrəmanlarıdır. Uşaqlarını qorumaqla bağlı kişilər heç vaxt qadınlarla yarışa, onlarla rəqabət apara bilməzlər. Bu vəziyyət təkcə insanlara xas deyil. Misal üçün toyuğun bütün sərmayəsi öz həyatı olsa da, balasını itin ağzından qurtarmaq üçün özünü qurban verməkdən çəkinməz. Bütün canlılara balalarına qarşı Cənab Allah (c.c.) tərəfindən verilən bu mərhəmət hissi analar üçün elə böyük bir sərmayədir ki, bunu onların əlindən alıb əvəzində onlara nə versəniz də, Cənab Allahın (c.c.) verdiyi ilə müqayisədə çox kiçik qalar.
Bəzən övladımız üçün hədiyyələr alır və onları sevindirməyə çalışırıq. Hətta, Həcc ziyarətinə gedəndə Kəbədə, ya da Həzrət Peyğəmbərimizin (s.ə.s.) məscidində, Onun (s.ə.s.) qəbrinin yanında olanda övladlarımız üçün Uca Allaha (c.c.) dualar edirik. Bir sözlə, övladlarımızı harada olsaq da, həmişə xatırlayıb yad edirik. Müqəddəs ziyarətlər, ən vacib ibadətlər belə bizə övladlarımızı xatırlayıb onları yad etməkdən yayındıra bilmir. Əslində, övladlarımızı xatırlamağın, onları sevməyin ən yaxşı yolu onlara İslam əxlaqını, Peyğəmbər (s.ə.s.) tərbiyəsini verməkdən keçir. Çünki axirətdə sonsuz sevinclərinə səbəb olacaq belə bir hədiyyə ilə müqayisə ediləcək başqa bir hədiyyə tapmaq mümkün deyil.

Halim Mustafa