Empatiya hər gün olmasa da, həyatımızda ən çox eşitdiyimiz və işlətdiyimiz sözlərdən biridir. Bəzən bu sözü heç eşitməmiş də ola bilərik. Amma bu hissi hər gün, hər an yaşayırıq. Empatiya hər birimizə anadangəlmə verilmiş bir hissdir. Sadəcə olaraq, bu hissin kiçik yaşlarda bəlli edilməsi o qədər də asan olmadığı üçün bizə bu hiss sonradan qazanılmış kimi gəlir. Psixoterapevt Rövşən Nəzərli ilə "Empatiya nədir?", "Nə üçün lazımdır?" kimi suallara cavab axtarmağa çalışdıq...
- Empatiya nədir? Psixologiyada empatiya necə ifadə olunur?
- Empatiya sözünün kökü ingilis və qədim yunan dillərindən tərcümədə "hiss, emosiya" mənalarını ifadə edir. Tam mənası ilə ifadə etsək, empatiya şəxsin özünü başqa birinin yerinə qoyaraq, onun hisslərini, həyəcanlarını - hətta, istəklərinə və davranışlarına qədər - anlamaq qabiliyyətidir. Yəni, insanın yalnız özünü deyil, ətrafını da anlama və hiss etmə bacarığıdır. Empatiya dedikdə başqasının dərdinə şərik olma hissi, həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyəti nəzərdə tutulur. İnsan psixikasında empatiya vacib yer tutur. Çünki psixologiya ruh halımızı öyrənən elm, empatiya isə birbaşa ruh halımızdan irəli gələn duyğudur. Empatiya qurmaq üçün əvvəlcə insan öz ruhunu duymalıdır ki, qarşı tərəfi hiss etməyi bacarsın. Özünü hiss etmədən qarşı tərəfi hiss etmək mümkün deyil. Bu hal kortəbii olaraq ana ilə övladı arasında yaşanır. Təbiət qanunlarına əsasən ana ilə övlad arasında ruhi əlaqə var və bu əlaqə əsasında ana və övladın onların hansı uzaqlıqda olmasından asılı olmayaraq bir-birini, başlarına gələcək hadisələri hiss etmələrini təmin edir.
- Empatiya necə yaranır və nə üçün lazımdır?
- İki cür empatiya var: hiss və idrak empatiyası. Gəlin, hər bir növə ayrı-ayrılıqda baxaq.
1. Hiss empatiyası: Empatiyanın bu növü əsasən qarşısındakı insanı daha dərindən başa düşən, hər hansı mövzuda onun keçirdiyi hiss-həyəcanı anlamaq qabiliyyəti olan insanlara aid edilir. Biz hər hansı filmə baxdıqda və ya hər hansı kitabı oxuduqda bəzən kövrəlirik, amma bunu xəyal etmirik. Sadəcə olaraq, bir an içərisində kövrəlirik və gözlərimiz dolur. Çünki ruhumuz həmin an personajla empatiya halında olur.
2. İdrak empatiyası: Empatiyanın bu növü isə əsasən başqalarının hərəkətlərini mənəvi baxımdan anlamaqdır. Bir çox psixoloqlar pasiyentlərlə işləyərkən özlərini qarşılarındakı şəxsin yerində təsəvvür edirlər. Bu ən böyük yanlışdır. Hər kəs öz həyatını öz zamanında və məkanında yaşayır. Bir şəxs digər şəxsin zamanında var ola bilməz. Buna görə də, empatiya düşüncə ilə deyil, ruhi baxımdan qurulmalıdır. Yəni, idrak, təfəkkür empatiyası dedikdə beynimizin dərk etdiyi vəziyyəti öz anlayışımıza görə dəyərləndirmək nəzərdə tutulur. Elə buna görə də, təfəkkür empatiyası müxtəlif formalarda olur. Məsələn, bir qrup idrak empatiyasına sahib insanlar başqalarını psixoloji cəhətdən anlaya bilir, digər bir qrup isə yaratdıqları xarakterlərlə təsəvvür formalaşdırmağa meyilli olurlar. Psixoloq birbaşa qarşısındakı insanın hərəkətlərini və mimikalarını analiz etməklə onun davranışlarını duymağı bacarmalıdır. Beləliklə də, o, ruhi olaraq duyğuları paylaşmaq yolu ilə qarşılıqlı enerji axınını təmin etmiş olar. Enerji axını düzgün təmin olunduqda pasiyentlərdə seansdan sonra rahatlıq hissi formalaşır. Bu hal gündəlik həyatımızda tez-tez baş versə də, ruhumuzdan uzaq oluğumuz üçün bunun fərqinə varmırıq.
- İnsanlarda empatiya hissi hansı yaşlarda formalaşır?
- Mən deyərdim ki, insan doğulduğu andan empatiya qurmaq bacarığına sahib olsa da, onu idarə edə bilmir. Məhz bu idəarəetmə bacarığı bir çox insanlarda zaman keçdikcə kortəbii olaraq formalaşır. Bəzi insanlar var ki, onlarda təbii olaraq bu duyğu geniş və dərin olur. Bu insanlar empatlar adlanırlar. Empatlar həqiqi hədəfləri, düşüncələri və niyyətləri anlayırlar. Onları başqalarından fərqləndirən də elə budur. Onlara nə danışdığın deyil, ruhunda nə hiss etdiyin maraqlı olur. Buna görə də, bu tip insanlara cəmiyyətdə maraq daha çox olur. Empatlarla danışdıqda rahatlıq tapırıq və beynimizdə yaranan fikir qarışıqlığı aradan qalxır. Eyni zamanda empatlar qarşılarındakı insanın yalan, yoxsa doğru danışdığını duymağı bacarırlar. Bəzi hallarda reallığı bilmələrinə baxmayaraq, yalana inandıqlarını göstərirlər. Bu isə sadəcə olaraq, həqiqəti ifadə etmək üçün onların düzgün məqamı gözləmələri ilə əlaqədardır.
Empatlar həmişə insanların ancaq müsbət cəhətlərini görməyə və bu dünyanı daha yaxşı bir yerə çevirməyə çalışırlar. Onlara dəfələrlə yalan danışsanız da, dəyişə biləcəyinizi hiss etsələr, yenə də kömək əlini uzatmağa hazır olarlar və bu heyranlıq doğurmaya bilməz. Empatlar qərəzsiz və fədakardırlar. Təəssüf ki, bir çox insan bundan faydalanmağa çalışır. Bir çox cəmiyyətlərdə belə insanlar seyid, falçı, sehrbaz, ekstrasens və s. kimi xüsusi titullarla adlandırılırlar. Lakin bu adlar altında fəaliyyət göstərən empatlar "müalicəvi sehrin" bütün hallarda işə yaramadığını bilirlər. Bu halda onlar üçün qalan yeganə yol uzaqlaşmaq olur. Adətən, uzaqlaşmağı ən son çıxış yolu kimi seçirlər.
- Bir insanla empatiya qurmaq üçün nə etmək lazımdır?
- İnsan özünü başqa birinin yerinə qoyaraq, bir növ onun şüuraltısı ilə əlaqə yaratmış olur. Yəni, qarşısındakı şəxsin müəyyən bir mövzuda hansı hissləri keçirdiyini, mənəvi əziyyətlərini, sevincini, kədərini və hətta, həmin anda nələr düşündüyünü başa düşə bilir. Bu hiss özünü anlaya və hiss edə bilən insanlarda daha çox olur. Edit Ştayna görə empatiya qurulmasını asanlaşdırmaq və ya qarşısını almaq mümkündür. Ştayna görə empatiyanı qeyri-adi edən şey onun birdən ortaya çıxması, vəziyyətə uyğun özümüzü qarşı tərəfin yerində hiss etməyimiz və idarə oluna bilməməsidir. Empatiya çox vaxt kortəbii baş verən haldır və əsas müsbət xüsusiyyəti bizi qarşı tərəfin hərəkətlərini ittiham etməzdən əvvəl onun niyə bu davranış formasını seçməsini analiz etməyimizə kömək olmasıdır. Empatiya qurmaq üçün kindən uzaq olmalı, qarşımızdakına şübhə ilə deyil, inamla yanaşmalı, sözlərə deyil, mimikalara əhəmıyyət verməli və empatiya qurmaq istədiyimiz şəxsin ruhunu dinləməliyik.
- Hər insan empatiya hissinə sahibdirmi?
- Empatiya şüuraltının məhsulu olduğu üçün demək olar ki, hər bir şəxsdə var. Müəyyən insanlarda bu hiss özünü inkişaf etmiş formada, bir başqasında isə daha zəif formada büruzə verir. Müəyyən qrup insanlar isə sadəcə olaraq, bu hissləri boğaraq öz şüuraltılarını hiss etmədən yaşamağa üstünlük verirlər. Bu halda isə yalnız gördüklərinə inanır və reallıqdan uzaq düşürlər. Anlamalı olduğumuz məqam budur ki, empatiya qurmaq vacibdir və hər kəs bu duyğunu inkişaf etdirməyə çalışmalıdır. Çünki bu inkişaf qarşımızdakı insanlardan əvvəl bizim özümüz üçün vacibdir. İnsanın özünü, öz duyğularını və ruhunu hiss etməsi ətrafını dərk etməsi deməkdir.
- Empatiya qura bilən insanların əsas xüsusiyyətləri nələrdir?
- Qarşıdakı insanı anlamaq, duymaq, hiss etmək, onu başa düşmək empatiyanın xüsusiyyətləridir. Empatiya qurmaq üçün ilk olaraq dinləmə bacarığını formalaşdırmaq lazımdır. Dinlədiyin insanda səhv və düz axtarmadan hadisələri analiz etmək bacarığı formalaşdıqca, insanda empatiya qurmaq bacarığı da formalaşır. Empatiya qura bilən insanlar həssas olmaqla yanaşı, diqqətli və açıq zehinli olurlar. Qapalı duyğular çərçivəsində empatiya qurmaq mümkün deyil. Burada yalnız kortəbii hisslərdən söhbət gedə bilər ki, əvvəlcə bunun fərqində olmaq, daha sonra isə bu hissləri inkişaf etdirmək vacibdir.
Bəzən isə biz qarşımızdakı insanı anlayıb empatiya qurduğumuzu zənn edirik. Lakin etdiyimiz təkcə öz beynimizdə səhnələri canlandırmaq, özümüzü onun yerinə qoymaqla qarşımızdakına məsləhət verməkdən başqa bir şey deyil. Bu isə yanlış atılmış addımdır. Çünki heç kim kiminsə həyatının eynisini yaşaya, onun duyğularının eynisini duya bilməz. Empatiya qabiliyyəti olan insanlar yaxşı dinləyici, diqqətli müşahidəçi, özünü dərk etməyi bacaran, müsbət tərəfləri düşünməyə üstünlük verən insanlardır. Empatiya qurmaq qabiliyyətinizi inkişaf etdirmək üçün sadalanan müsbət cəhətləri özünüzdə formalaşdırıb daha da mükəmməlləşdirməyə çalışmalısınız.
- Bu mövzuda əlavə etmək istədiyiniz bir sual varmı?
- Qeyd etdiyimiz kimi empatiya qarşımızdakı şəxsin fikir, düşüncə və davranışını anlamağa əsaslanır. Bu duyğusu formalaşmayan şəxslər qarşılarındakı insanlara adekvat yanaşma tərzi sərgiləyə bilməzlər. Belə insanlarda sevgi, mərhəmət, hörmət, aqressiyanı idarə etmək, hadisələrə düzgün aspektdən yanaşmaq və eyni zamanda neytrallığı qorumaq kimi hisslər zaman keçdikcə azalır. Empatiyanın formalaşması ilə birbaşa əlaqəli olan sadaladığımız bütün bu emosiyaların azalması - hətta, bəzən itməsi - müxtəlif psixoloji problemlərə səbəb olur və nəticədə, şəxsiyyət pozuntusu daşıyan şəxslər formasında təzahür edir. Beləliklə, yalnız bir anlayışın - empatiya anlayışının yox olması cəmiyyətdə müxtəlif həddlərdə cinayət və zorakılıq sayının artması ilə müşahidə olunur.
Ona görə də, burada psixoloqların üzərinə böyük məsuliyyət düşür. Belə ki, cəmiyyəti duymaq, onun hər bir üzvünə fərd kimi yanaşmaq, onları hiss etmək və ən əsası cəmiyyətdə empatiya anlayışını formalaşdırmaq və zaman keçdikcə aşılamaq, təbliğ etmək vacibdir. Bunu bacara bilsək, o zaman cəmiyyətdə bir çox anlaşılmazlıqlar aradan qalxacaq və insanlarımız irəliyə doğru addımlayacaq, daha sağlam düşüncə tərzinə malik gənc nəsil formalaşacaq. Hər kəsin fərdi psixikası və psixologiyası olduğu kimi, cəmiyyətin və kütlənin də özünəməxsus psixikası və psixologiyası formalaşır ki, burada da psixoloqların rolu, düzgün yanaşma tərzi və müdaxiləsi mütləqdir. Cəmiyyətin düşüncələrinə ən az psixoloqlar qədər ciddi təsirə malik amillərdən biri də mətbuat və sosial platformalardır. Çünki bütöv bir cəmiyyətin yalnız elmi cəhətdən deyil, həm də psixoloji cəhətdən maarifləndirilməsi əsas şərtdir və günümüzdə mətbuatın bu maarifləndirmədə rolu əvəzsizdir. Belə həssas bir mövzuya toxunduğunuz, bu addımda yanımızda olduğunuz və bizə dəstək verdiyiniz üçün sizə minnətdaram.
Aygün Zayıdova