Günümüzün ən məşhur dizayn sahələrindən biri də avtomobil dizaynerliyidir. Ölkəmizdə insanların, əsasən də kişilərin avtomobilə olan böyük marağı ilə əlaqədar bu sahə ölkəmizdə əvvəllər də diqqət çəkən sahələrdən biri olub. Amma o, bu sahəni bizim üçün daha da cəlbedici etdi. Söhbət isə əksəriyyətimizin "Ferrari Samir" kimi tanıdığımız, adını dünya üzrə məşhur avtodizaynerlərlə bir sırada gördüyümüz gənc dizayner Samir Sadıxovdan gedir...
- Samir bəy, uğurunuzun sirri nədədir?
- Burada elə bir sirr olduğunu düşünmürəm. Səbəbi isə sadəcə olaraq, çox işləmək, çox əmək sərf etmək və davamlı olaraq yeni nə isə öyrənməyə çalışmaq... Məncə, əsas düstur özünü inkişaf etdirməyə istiqamətlənmiş enerji və motivasiyadır.
- Hədəfə çatmaq üçün insanın əsas prioriteti nə olmalıdır?
- Heç kimin neqativ fikirlərinə qulaq asmamaq. İnamla və əzmlə çalışmaq...
- Dizayner olmaq üçün ilk növbədə nə lazımdır?
- Yeni nələrsə ixtira etmək arzusu, onu bir sonrakı səviyyəyə çatdıra biləcək xəyal gücü və onları kağıza köçürəcək əl qabiliyyəti (muasir dövrümüzdə kompüter bilgisi).
- Professional dizayner olmaq üçün hansı elmlərə daha dərindən yiyələnmək lazımdır?
- Məncə bu hansı kateqoriyada dizayner olmağınızdan asılıdır. Memar da dizaynerdir, aşpaz da dizaynerdir, bəstəkar da. Hər bir yaradıcı prosesdə davamlı olaraq nə isə dizayn edirsiniz. Avtomobil dizaynında fizika və həndəsəni bilmək faydalıdır, ancaq ən əsası, zənnimcə, rəssamlıq qabiliyyətidir.
- Avtomobil dizayneri həm rəssamlıqdan, həm heykəltəraşlıqdan, həm də mühəndislikdən agah olmalıdırmı?
- Əlbəttə! Bu, çox vacibdir. Əsl dizayner olmaq üçün bu saydıqlarınızın, məncə, hər biri mütləqdir.
- Samir bəy, orta məktəbdə ən çox hansı elmlərə həvəsiniz var idi?
- Orta məktəbdə ən çox sosial fənlərə həvəsim var idi. Tarix, ingilis dili və coğrafiya dərslərinə həmişə həvəsim olub. Hazırda, tarix və coğrafiya sahəsində kitabları çox oxuyuram.
- Sizcə, dövlət orta məktəblərində və ya dövlət ail təhsil müəssisələrində təhsil almaqla Samir Sadıxovun bu sahədə belə irəli getmək şansı nə qədər yüksək olardı?
- Orta məktəbdə ola bilərdi, ancaq çox az ehtimalla. Çünki böyüdüyüm coğrafiyada bu sahədə təəssüf ki, elə bir resurs yoxdur. Yəqin ki, mənim üçün ən böyük üstünlük internet erasında böyüməyim oldu. Çünki avtomobil dizaynının nə olduğuna ilk dəfə internetdə rast gəldim.
- Yerli və xarici universitetlərdən öz sahənizi tədris etmək üçün təklif alırsınızmı?
- Hələ ki, belə bir təklif olmayıb, ancaq olsa, çox maraqlı olar. Təcrübələrimi gənclərlə sevə-sevə bölüşərəm.
- Samir Sadıxov gələcəkdə azərbaycanlı gənclərin onun ardınca getməsi üçün nə kimi köməklik edir və ya gələcəkdə nə kimi köməklik etmək istəyir?
- Xaricdə yaşadığım üçün köməyim ancaq onlayn internetlə mümkün olur. Lakin Azərbaycana hər gələndə həvəskar dizayner gənclərlə görüşür və onlara nə isə öyrətməyə çalışıram. Ancaq istərdim ki, gələcəkdə vaxtım olsa, bu barədə bir ktiabça hazırlayım və yaxud dərslər verim.
- Azərbaycanda öz sahənizlə bağlı bir məktəb açmaq üçün Təhsil Nazirliyinə layihə formasında nə isə təqdim etmisinizmi və yaxud da Azərbaycandan sizə bu barədə nə isə bir təklif gəlibmi?
- Xeyr. Açığı, bir neçə il əvvəl Təhsil Nazirliyinin numayəndəsi bu barədə mənim kimi kadra ehtiyacı olmadığını demişdi.
- Çalışdığınız yerlərdə insanlarda Azərbaycanla bağlı fikir formalaşdırmaq istəyəndə ilk ağlınıza gələn nə olur? Azərbaycanı nəyi ilə tanıdırsınız?
- Azərbaycanın necə böyük potensiala malik olduğunu, insanlarının qonaqpərvərliyini görmək üçün ölkəmə getmələrini tövsiyə edirəm.
- Əgər dizaynerdə güclü rəqabət hissi olarsa, bu onu irəli aparar, yoxsa geri? Ümumiyyətlə, siz bu sahədə özünüzə kimi rəqib görürsünüz?
- Dizaynerlik sahəsi rəqabət mühiti böyük olan peşədir. Bu isə işimizdə özünü həm müsbət, həm də mənfi tərəfləri ilə biruzə verir. Əsas odur ki, rəqabət hissini həsəd hissi ilə qarışdırmayasan.
- Çalışdığınız komandada bir dizaynerin layihəsi bəyənilirsə, sonra hər kəs bu layihə üçün əmək sərf edir, yoxsa ondan sonra hər kəs fərqli layihələr barədə düşünür?
- Hər ikisi mümkündür. Bu, komandamızın layihə sayından asılıdır. Çox layihəmiz olsa, onları bölüşdürürük. Əgər tək layihə varsa, hər kəs bir layihə üzərində işləyir.
- Hazırda xanımlar əvvəllər olmadıqları bir çox sahələrdə fəaliyyət göstərirlər. Bəs, bu sahədə necə qadın dizayner varmı?
- Əlbəttə var. Tanıdığım bir neçə xanım dizayner var ki, dizayn etdikləri avtomobillər istehsal olunur və beynəlxalq avtosərgilərdə nümayiş etdirilir. Ümid edirəm ki, bizim xanımlarımızın da bu sahəyə marağı artar və uğur qazanarlar.
- Sizcə, bir insan peşə seçərkən kənardan müdaxilə etmək lazımdırmı? Sizin fikrinizcə peşə necə seçilməlidir?
- Zənnimcə, bu çox həssas mövzudur. Ən əsas amil sevdiyi peşənin arxasınca getməkdir. Nə olur-olsun... Təkrar edirəm, nə olur-olsun... Sevdiyin peşəyə yiyələnməyin necə böyük xoşbəxtlik olduğunu izah etmək çətindir. Əgər sevdiyin peşəyə sahibsənsə, maddi tərəfi necə olur-olsun, bu, insanın şəxsi gündəlik həyatına da təsir edir. Ona görə də, valideynlərimizin üzərinə bu barədə ciddi məsuliyyət düşür. Qoy övladlarınız sevdiyi peşənin arxasınca getsinlər. Onlara dəstək olun, onlara yol göstərin. Öz doğrularınızı övladlarınıza zorla qəbul etdirməyə çalışmayın...
- Samir bəy, bu vaxta kimi təqdim etdiyiniz layihələr arasında bəyənilməyəni olubmu? Olubsa, necə reaksiya vermisiniz və ya olarsa, necə reaksiya verərsiniz?
- Əlbəttə olub. Həm də çox. Əksər hallarda təmkinli və açıq fikirli olmağa çalışıram. Əgər bəyənilməyibsə, onun səbəbini bilmək istəyirəm. Əgər neqativ şərh və ya fikir olmursa, dinləyib dəyərləndirirəm. Tənqidi götürə bilməyən insanların dərində qorxu səbəbləri var.
- Samir bəyin də digər insanlar kimi motivasiyaya ehtiyacı olurmu? Olursa, motivasiya qaynağınız nədir?
- Əlbəttə, ehtiyacım olur. Ən birinci motivasiya qaynağım isə ailəmdir. Həm də nə olur-olsun yanımda olan ailəm. Yəqin ki, onların dəstəyi olmadan bü günlərə qədər gələ bilməzdim.
- Bildiyimiz qədər dizaynerlər eskizlərini 3D formatı ilə təqdim edirlər. Samir Sadıxov isə bunu əllə çəkməklə həyata keçirir. Səbəb?
- Hazırda iş rejimim 3D formatında olduğu üçün bu üsulla işləyirəm. Lakin eskizlərimi etmək üçün həmişə bloknotlarım yanımda olur. Eskiz etməyi heç vaxt dayandırmamışam.
- Hazırda üzərində işlədiyiniz layihədən danışardınız...
- Təəssüf ki, işdə işlədiyim layihələrdən danışa bilmərəm. Təbii ki, məxfi olduqları üçün. Lakin evdə boş vaxtlarımda yarış avtomobilləri dizayn edirəm. Çünki avtoidmana çox böyük həvəs göstərirəm...
- Məktəblilərə, abituriyentlərə, tələbələrə və ümumiyyətlə, gənclərə tövsiyəniz...
- Çox çalışın... Heç kimə qulaq asmadan, inamla və əzmlə çalışın. Biz qloballaşan dünyada yaşayırıq. Özünüzü azad hiss edin, qəfəsdə deyilsiniz. Əgər gördüyünüz işdə özünüzü inkişaf etdirsəniz, beynəlxalq arenaya çıxmaq üçün cəhd edin. Çox oxuyun, lazımsız, faydasız məşğuliyyətlərlə vaxtınızı israf etməyin. İstədiyiniz hədəfi əldə edənə qədər gecə-gündüz çalışın. Əgər əlinizdə olanın maksimumunu verməsəniz, uğursuzluq qapınızdadır. Bunun səbəbi isə başqası yox, sizsiniz.
Aygün Zayıdova