Belə bir ifadə var: "Əgər pul kisənizdə hər zaman pul olmasını istəyirsinizsə, o zaman ya daha çox qazanmalısınız, ya da daha az xərcləməlisiniz". Bu ifadə günümüzdə daha da aktuallaşıb. Bildiyimiz kimi, dünyada yayılan koronavirus pandemiyası ilə əlaqədar daha yaxşı iş tapmaq, yaxud da daha çox pul qazanmaq müşkülə çevrilib. Üstəlik, iş yerlərinin bəziləri ya həmişəlik, ya da müvəqqəti olaraq bağlanıb. Bir çox hallarda isə insanlar maaşlarını tam şəkildə ala bilmirlər.
Belə olan halda pul xərcləməklə bağlı gündəlik vərdişlərinizdə bəzi dəyişikliklər etməyə məcbursunuz. Gündəlik vərdişlərinizdə kiçik dəyişikliklər edərək pulunuza nəzərəçarpacaq dərəcədə qənaət edə bilərsiniz.
1. Koronavirusa yoluxma qorxusu istər-istəməz insanların stress keçirməsinə səbəb olur. Amma unutmayın ki, stress keçirmək təkcə insanın sağlamlığına mənfi təsir etmir, həm də büdcəsinə mənfi təsir göstərir. Bildiyimiz kimi, hər bir insanın streslə mübarizə üsulu fərqlidir. Bəzi insanlar stress keçirdikləri zaman xərclərinə nəzarət edə bilmir və adi vaxtdakından daha çox pul xərcləyirlər. Odur ki, özünüzü narahat hiss etdiyiniz, gərgin olduğunuz zamanlarda alış-veriş etməkdən çəkinməyiniz məsləhətdir.
2. Dostlarla alış-veriş etmək adətən, insanlarda "sosial təzyiq" yaradır. Normal şərtlərdə daha ucuz əldə edə biləcəyiniz bir məhsulu "sosial təzyiq"in təsiri ilə daha baha qiymətə ala bilərsiniz. Belə bir vəziyyətlə qarşılaşmaq istəmirsinizsə, təkbaşına alış-veriş edə bilərsiniz.
3. Yemək yemək aylıq xərclərimizin böyük bir hissəsini təşkil edir. Bu səbəbdən hazır yemək almamağa, əvəzində yeməklərinizi özünüz hazırlamağa çalışın. Konservləşdirilmiş məhsulların əvəzinə təzə məhsullar alın. Çünki təzə məhsullar konservləşdirilmiş məhsullardan həmişə ucuz olur. Unutmayın ki, konservləşdirilmiş məhsullar da təzə məhsullardan hazırlanır. Təzə məhsulu konservləşdirilmiş məhsula çevirmək üçün işçi qüvvəsi və digər xərclər tələb olunur. Satış nöqtələrinə gətirmək üçün isə daşınma xərcləri var. Konservləşdirilmiş məhsulları insanlar üçün cəlbedici edən onların tez və asan hazırlanması və bir də tərkibinə əlavə edilən qida əlavələri hesabına daha dadlı olmasıdır. Lakin bütün bunlar təzə məhsullardan hazırlanan yeməyin daha ucuz başa gəldiyi həqiqətini dəyişmir.
4. Mətbəxinizdə və soyuducunuzda tez-tez "axtarış" edin. Bir çox hallarda hansısa qida məhsulunun "diqqətdən kənarda" qalıb xarab olduğuna şahid oluruq.
5. Son istifadə tarixini nəzərə almaq şərtilə daha çox məhsul almağa çalışın. Məsələn, 100 qram quru çayı 3 manata satan market eyni adda 1 kiloqramlıq quru çayı 20 manata satır. Siz hər dəfə 100 qramlıq çay almaqla hər 1 kiloqramlıq çayda 10 manat israf etmiş olacaqsınız.
6. Endirimli mağazalardan alış-veriş edin. Yalnız həftənin müəyyən günlərində və ya ilin müəyyən vaxtlarında endirim edən mağazalar var. Həmin tarixləri unutmamaq üçün telefonunuzun yaddaş kitabçasına qeydlər edə bilərsiniz. Lakin qarşınıza çıxan endirimli məhsulu almazdan əvvəl özünüzə sual verin: "Bu məhsul endirimdə olmasaydı, yenə alardım?" Əgər cavabınız "xeyr"dırsə, deməli, bu məhsula ehtiyacınız yoxdur.
7. Hər bir məhsulu istehsalçı şirkətin öz mağazasından almağa çalışın. A şirkətinin istehsal etdiyi məhsulu B şirkətinin mağazasından almayın. Heç bir istehsalçı məhsulunu öz mağazasında digər mağazalardakından baha qiymətə satmaz. Məlumdur ki, supermarket şəbəkəsinə sahib olan şirkətlərin böyük əksəriyyəti həm də ərzaq istehsalı (bir çox hallarda paketləmə) ilə məşğul olurlar. Hansı ərzaq məhsulunun hansı marketə aid olduğunu bilmək sizin üçün faydalı ola bilər.
8. İstehlak etdiyinizdən çox məhsul almayın. Yemədiyiniz və ya xarab olma ehtimalı olan heç nəyi almayın. Xarab olma ehtimalı az olan, uzun müddət saxlamaq imkanı olan yeməkləri daha çox bişirin. Belə olan halda qaz, işıq, su kimi xərclərinizə, ən əsası da vaxtınıza qənaət etmiş olarsınız.
9. Xərclədiyiniz pulları vaxtla ölçməyə çalışın. Məsələn, siz gün ərzində (8 saat) 20 manat pul qazanmısınız və işdən sonra çayxanaya gedib 2 manatını orada xərcləmisiniz. Siz xərclədiyiniz pulu vaxta çevirin: 8 saata 20 manat qazanmısınızsa (1 saata 2,5 manat), deməli, xərclədiyiniz hər 2 manat sizin həyatınızdan 48 dəqiqə aparır.
10. Çayxanalara daha az getməyə çalışın. Məlumdur ki, insanlar çayxanalara çay içmək üçün deyil, sosiallaşmaq üçün gedirlər. Ancaq unutmayın ki, çayxanalarda içdiyiniz çayın qiyməti evdə içdiyiniz çayın qiymətindən dəfələrlə bahadır. Dostlarınızla görüşmək və söhbət etmək üçün mütləq çayxanaya getmək lazım deyil. Məsələn, dostlarınızla Dənizkənarı parkda gəzintiyə çıxa bilərsiniz. Soyuq havalarda internetin imkanlarından istifadə edərək, onlayn görüşlər təşkil edə bilərsiniz.
11. Xərclərinizi əvvəlcədən planlaşdırın. Bu gün, bu həftə və bu ay nə alacaqsınız? Bunları dəqiq şəkildə qeyd edin. Daha sonra günlük, həftəlik və aylıq xərclərinizi yazın. Yekunda müqayisə aparın. Bu müqayisə imkan verəcək ki, siz xərclərlə bağlı səhvlərinizi daha yaxşı görə biləsiniz.
12. Alacağınız məhsulların qiymətlərini müqayisə edin. Bunun üçün internetin imkanlarından istifadə edə bilərsiniz. Məsələn, telefon almaq istəyirsinizsə, mağazaya getməzdən əvvəl internetdə qiymətlərlə bağlı araşdırma aparın. Sosial şəbəkədən istifadə edirsinizsə, alacağınız məhsulla bağlı insanların nə fikirləşdiklərinə də baxa bilərsiniz.
13. Uzun zaman axtardığınız bahalı bir məhsulu gördünüz. Əgər onu almaq istəsəniz, bunu dərhal etməyin. Ən azı iki gün gözləyin. Ola bilsin ki, iki gündən sonra həmin məhsul barədə sizin fikiriniz dəyişsin. Çünki artıq siz həmin məhsulu axtarmırsınız və onun harada satıldığını bilirsiniz. İki gün keçdikdən sonra həmin məhsulu satın almaq fikirindən vaz keçə bilərsiniz.
14. Aldığınız jurnal və kitabları oxuduqdan sonra dostlarınızla paylaşmağa çalışın. Bu zaman həm siz, həm də dostlarınız jurnal və kitablara daha az pul xərcləmiş olacaqsınız.
15. Maaşınızın bir hissəsini xərcləmədən növbəti aya saxlamağa çalışın. Əlbəttə, bu bir çoxunuz üçün real görünməyə bilər. Amma bunu etmək pulunuza qənaət etmək baxımından faydalıdır. Hətta, qəpiklə ifadə olunacaq simvolik məbləğdə olsa belə, maaşınızdan növbəti aya saxlayın və bunu davamlı olaraq artırmağa çalışın.


Allahverdi Cəfərov