Bəzən bir mövzunu araşdıranda fikirləşirsən ki, uzaqda bir nöqtə var. Gedib ona toxunub, ya da onu götürüb gələcəksən. Ancaq mövzu haqda bilgilər əldə etməyə başladıqca görürsən ki, artıq bir ümmanın içindəsən və sən özün orada bir nöqtə olmusan. Sözün açığı, bu yazını hazırlayanda da eyni hissləri yaşadım. Məgər etibarlı şəxs, etibarlı qurum və etibarlı tərəfdaş olmaq, ya da olmamaq həyatın özü imiş...
Həyatda etibarlı insanlar, bir də digərləri var. Həmçinin, həyatda etibarlı qurum və tərəfdaşlar, bir də digər qurum və tərəfdaşlar mövcuddur. Belə bir təsnifatı ayrı-seçkilik mənasında deyil, həyatda etibarlı olmağın əhəmiyyəti kimi anlamaq lazımdır. Etibarlı olmaq, lüğətdə etibar edilməyə layiq olan, etibarında şübhə doğurmayan, etimad ediləcək, inanılacaq, hörmətli və prestijli olmaq kimi mənalara gəlir. Etibarlı olmağa reputasiya, yəni hər hansı şəxsin mənəvi keyfiyyətləri haqqında cəmiyyətdə mövcud olan rəy və təsəvvürlər, şəxsə və ya quruma verilən ictimai qiymət də demək olar.
Etibarlı olmaq günümüzdə fərdlər üçün vacib və arzu edilən bir məsələ olduğu kimi, etibarlı bir tərəfdaş olmaq, ətrafa güvən vermək həyatın istənilən sahəsində fəaliyyət göstərən qurum və təşkilatlar üçün də mühüm bir məsələyə çevrilib. Etibarlılıq imicinə sahib olmaq normal bazar münasibətlərində digər qurum, şirkət və tərəfdaşlarla rəqabətdə həmişə bir addım öndə olmağın əsas səbəblərindən biri hesab olunur.
Qurum və təşkilatların etibarlılığından danışdığımız kimi, lider və idarəçilərin, həmçinin, cəmiyyət və ölkələrin etibarlılığından da danışa bilərik. Bir sözlə, bütün bu sadalanan subyektlərin ən dəyərli sərvəti onların sahib olduqları nüfuz və etibardır. Məhz maddi fayda gətirdiyinə görə bazarda zahirən etibarlı şəxs və ya tərəfdaş kimi görünmək kifayət etmir. Etibarlı və inanılan insan olmağın gətirdiyi və gətirəcəyi faydaları kəşf edərək, bunu məhz maddi mənfəət qazanmaq uğrunda sərf etmək etik bir davranş hesab edilmir. Çünki insanlar həqiqi mənada etibarlı insanlara, etibarlı qurumlara güvənir, onlarla iş görmək istəyirlər. Ancaq quzu dərisinə bürünmüş qurd kimi etibar libasına bürünərək insanları yanıltmaq suyu bulandırır və insanların aldanmasına səbəb olur.
Gəlin, etibarlı olmaqla bağlı bir sıra məşhur filosof, mütəfəkkir və iş adamlarının sözlərinə nəzər yetirək... Sokrat belə deyir: "Etibar atəş kimidir. Bir dəfə yandırandan sonra onu söndürmədən qorumaq olar. Ancaq onu söndürsən, ardınca dərhal yandıra bilməzsən".
Məşhur iş adamlarından biri kimi tanınan Vəhbi Qoç isə etibar haqqında bunları deyir: "Etibar qazanmaq çox çətindir və bunun üçün uzun illərə ehtiyac var. Etibarı itirmək isə çox asandır və bu bir gündə belə başa verə bilər".
İngilis şairi və yazıçısı Uilyam Şekspir bunları qeyd edir: "Etibar insan ruhunun ən dəyərli incisidir. Kimsə pul kisəmi oğurlasa, əslində dəyərsiz bir şey oğurlamış və pulun köləsi olmuş olar. Ancaq ona heç bir şey qazandırmasa da, kimsə etibarımı oğurlasa, məni həqiqətən müflis və yoxsul vəziyyətə salmış olar".
Güclü bir etibar müştəriləri, işçiləri və sərmayəçiləri özünə cəlb edən bir maqnit rolunu oynayır. Dünyanın ən tanınmış sərmayəçilərindən biri olan amerikalı sahibkar Uorren Baffett işçilərinə belə deyir: "Səhv bir qərar nəticəsində şirkətin pulunu itirsəniz, bunu anlayışla qarşılaya bilərəm. Ancaq yanlış bir qərar nəticəsində şirkətin etibarını itirsəniz, bunu bağışlaya bilmərəm".
Haradasa bütün qurum və şirkətlərin dəyərinin bir hissəsini onun sahib olduğu etibar təşkil edir. Deməli, xalqın gözündə etibarı olmayan, hətta, bunun əksinə mənfi bir imic və etibara sahib olan şirkət və firmalar nə qədər güclü və maddi imkana sahib olsalar da, bir cəhətləri ilə onlar çox zəifdirlər. Sadəcə olaraq, onların alternativi olmadığı üçün varlıqlarını davam etdirə bilirlər. Bu mənada bir qurum etibarlı olduğu və insanlara güvən verdiyi müddətdə satışlarını artıra, bacarıqlı işçi qüvvəsini özünə cəlb edə və gələcəkdə baş verə biləcək böhranlara qarşı tab gətirə bilər.
Güvən verməyən, ortaya qoyduğu məhsul və xidmət keyfiyyəti ilə hədəf kütləsinin tələblərini qarşılaya bilməyən, qərəzli yayımlar edən, etik dəyərlərə riayət etməyən bir media qurumu nə qədər geniş və işıqlı studiyalara, bahalı avadanlıqlara sahib olsa da, insanların etibarını qazana bilməz. Bir avtomobil yanacaq olmadan öz missiyasını yerinə yetirə bilmədiyi kimi, bir media qurumu, ya da hər hansı başqa bir qurum və təşkilat da insanlara güvən vermədikcə, etibarlı olmadıqca inkışaf edə bilməz.
Etibarlı olmaq təkcə şirkət və firmaların rəqabətdə bir addım önə çıxmalarını təmin edən bir vasitə deyil. Etibarlı olmaq öz-özlüyündə bir dəyərdir. Sözün həqiqi mənasında etibarlı insan, güvənli adam imici formalaşdırmağı bacarmaq qarşı tərəfdə bəlkə də paradoksal və anlaşılmaz kimi görünən müsbət təsirlər meydana gətirə bilər.
Məsələn, İstanbulun fəthi zamanı Bizansın qala divarları içərisində müdafiə mövqeyinə keçən və artıq Avropadan gələcək hərbi yardımlardan da imtina edən Lukas Notaras belə demişdir: "Konstantinopolda latın külahı görməkdənsə, türk sarığı görməyi üstün tuturam". Bəli, bu ifadələr artıq məğlubiyyətin bir etirafı kimi səslənsə də, əslində, Osmanlı ordusunun timsalında müsəlmanlara bəslənən etibar və etimadın da göstəricisi idi.
Əfqanıstanda, ya da dünyanın başqa-başqa yerlərində bir sıra radikal qruplaşmaların təzyiqlərinə baxmayaraq, oradakı insanların bir anda öz övladlarını, qızlarını məktəblərə oxumağa göndərmələrini, bəslədikləri etibar və etimad duyğusundan başqa nə ilə açıqlamaq olar?
Düzdür, bəzi müsbət nümunələr olsa da, təəssüflə demək lazımdır ki, bu gün dünyamızda biz müsəlmanların vəziyyəti o qədər də ürəkaçan deyil. Müsəlmanlar o qədər də rəğbət bəslənən, qibtə ilə baxılan və sevilən bir mövqedə deyillər. Dünyada bütün insanların İslamı qəbul etməsi, müsəlman olması mümkün deyil. Ancaq dünyada yaşayan insanlar İslama və müsəlmanlara rəğbət bəsləyə, etibar edə və onları sevə bilərlər. Müsəlman deyəndə ağıla terror, başkəsmə və s. mənzərələr gəlirsə, bu anlayışın formalaşmasında biz müsəlmanların özlərini daha düzgün və daha doğru tanıtmamasını səbəb göstərmək olar.
Həzrət Musa (ə.s.) bir gecə Misirdən çıxmaq məcburiyyətində qalmış və Həzrət Şuaybın (ə.s.) məmləkəti olan Mədyənə gəlib çatmışdı. Quranın ifadəsi ilə Həzrət Şuaybın (ə.s.) qızlarından biri atasına Həzrət Musanı (ə.s.) muzdla çoban tutmasını tövsiyə etmiş və bu zaman Onun (ə.s.) məhz əmin, yəni etibarlı şəxs olduğunu vurğulamışdı (Qəsəs, 28/26).
İnsanların etibarını qazanan və sözünə sadiq olan şəxs mənasını verən "əl-Əmin" adı məlum olduğu kimi Allah Rəsuluna (s.ə.s.) hələ ona peyğəmbərlik verilməzdən əvvəl verilən ad və ünvan idi.
Cənab Allah (c.c.) Nəcaşinin qəlbinə onun ölkəsinə pənah gətirən müsəlmanların sevgisini qoymuşdu. Əgər belə olmasaydı, Nəcaşi nə müsəlman olardı, nə də ona edilən təzyiqlərə tab gətirə bilərdi. İllərdir tanıdğı, dostu və həmkarı Amr ibn As hədiyyələrlə Nəcaşinin yanına gəlmişdi. Hədiyyələri vermək, ona sığınan müsəlmanları qandallayıb Məkkəyə aparmaq istəyirdi. Ancaq belə olmadı. Amr ibn As Məkkəyə əli boş qayıtmalı oldu.
Xalq dilində desək, Nəcaşi səhabələrin gözünə, qaşına vurulmamışdı. Səhabələrin daşıdığı dəyərlər var idi. O dəyərlərə görə səhabələrə rəğbət bəsləmiş, etimad etmiş və onları sevmişdi. Bir müsəlman etibarlı bir şəxs kimi tanınmalı, daşıdığı ümumbəşəri dəyərlərə görə rəğbət bəslənən, etimad edilən bir şəxs olmalıdır. Bu əməllərinə görə sevilməlidir. Ayədə keçən: "Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman ürəklərdə bir sevgi yaradacaq" (Məryəm, 19/96) ayəsi məhz bu məsələdən xəbər verir, etibarlı olmağın həm Haqq (c.c.) qatında, həm də xalq gözdündə olan dəyərini bizə bildirir.
Abid Öməroğlu