Təhsil insanların gələcəklə bağlı planlarını həyata keçirmək, düşüncə və davranışlarını inkişaf etdirmək üçün göstərdikləri səydir. Təhsil tərbiyə işinə xidmət etməklə, müxtəlif istiqamətlərdə bilikalma və ixtisasa yiyələnmə prosesini həyata keçirir. Təhsil bilik, bacarıq və vərdişlərə yiyələnməyin məzmununu, həcmini, səviyyəsini, müddətini və tipini müəyyən edir. Bir sözlə desək, təhsil geniş anlayışdır. Müasir təhsil yeni təcrübələrə əsasən daim inkişaf edir və hər il dünya üzrə müxtəlif yeniliklərin şahidi oluruq. Ölkəmizdə də artıq bir neçə ildir ki, bununla bağlı pilot layihələr icra olunur. Bu layihələr ənənəvi təhsilə yenilik gətirərək, şagirdlərin zehinlərinin daha çevik olmasına gətirib çıxarır. "Fraza" jurnalı olaraq oxucularımız üçün təhsillə bağlı Azərbaycanda icra olunan bir neçə maraqlı pilot layihələri araşdırdıq.
İlk olaraq 2014-2015-ci tədris ilindən tətbiqinə başlanılan "Sağlam təhsil, sağlam millət" layihəsindən başlayaq. Burada təhsil hərəkətli tədris şəraitində həyata keçirilir. Layihənin əsas məqsədi şagirdlərin təhsil nailiyyətlərini artırmaqla yanaşı, klassik tədris mühitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, şagirdlərin sağlamlığını qorumaqdır. Şagirdlər ənənəvi siniflərdə olduğu kimi deyil, daha fərqli formada sıralanmış partalarda əyləşirlər. Partalar günəş şüasının düşmə istiqamətinə əsasən müəyyən edilir və dərs başlayarkən şagirdlərin yarısı oturaraq, yarısı isə ayaqüstə dərsə qulaq asırlar. Hər 15 dəqiqədən bir "Sağlam təhsil vaxt pultu" vasitəsilə şagirdlər arasında yerdəyişmə olur. "Sağlam təhsil" siniflərində şagirdlərin boyun fəqərələrinə yük düşməməsi və gözlərinin zəifləməməsi üçün həm yazı, həm də oxu zamanı partalar 16 dərəcə endirilir. Eyni zamanda boy ölçən şkala vasitəsilə uşaqlara görə partların uyğunlaşdırılması tənzimlənir. Siniflərin dizaynı da ənənəvi siniflərdən fərqlənir. Belə ki, sinif otaqları bucaqsızdır və düz xətlər yoxdur. Bu, uşaqları psixi stressdən qorumaq üçün nəzərdə tutulub. Otaqda panorama effekti yaradılıb və görünən bucaqlarda ağac şəkilləri çəkilib. Bu yenilik uşaqların özlərini fərqli bir məkanda hiss etmələrinə səbəb olur. Tavanda isə "universal simvollar sxemləri" çəkilib, bu da göz əzələlərini gücləndirir. Dərslər demək olar ki, oyunlar üzərində qurulur. Bu da dərsin daha maraqlı keçməsinə, eyni zamanda daha tez mənimsənilməsinə öz təsirini göstərir. Tənəffüs zamanı oğlanlar xüsusi idman avadanlıqlarında məşq edirlər. Bundan başqa, qızlar üçün də xüsusi oyunlar təşkil olunur.
Maraqlı pilot layihələrdən biri də "STEAM" layihəsidir. Bu layihə 2019-2020 tədris ilindən start götürüb. "STEAM" təhsil metodu 5 əsas sahədən - Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatdan (Mathematics) - ibarətdir. Hazırda bu layihə Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 45 regionun 147 ümumtəhsil məktəbində tətbiq olunur. Lahiyə əsasən VI və VII siniflər daxil olmaqla 25 000-dən çox şagirdi və 800 müəllimi əhatə edir. Təlimlər zamanı "STEAM" metodologiyaları, Robototexnika, 3D CAD Modelləşdirmə və Çap, Proqramlaşdırma, Nano və Neyro texnologiyalar, Mühəndislik modulları tədris olunur. Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri 3D printer, robot texnologiyaları və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.
Şagirdlərin informatika fənnini daha yaxşı mənimsəmələri və texnoloji ixtisaslara maraqlarının artırılması məqsədi ilə tətbiq edilən layihə isə "Rəqəmsal bacarıqlar" pilot layihəsidir. 2017-ci ildən həyata keçirilən layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Proqram fərdi təlim, nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır. Bu məqsədlə müəllim və şagirdlər vahid rəqəmsal sistemdə fəaliyyət üçün fərdi akkauntlar əldə edirlər. Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir. Rusiya, Qazaxıstan, Polşa, İsrail və Kiprdə müvəffəqiyyətlə həyata keçirilən alqoritmika uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir. Qeyd edək ki, sözügedən layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki rayon və şəhərləri üzrə 222 məktəbi, II-IX siniflər üzrə 120 mindən çox şagirdi əhatə edir.


İlahə Hüseynova