Fəriduddin Əttar 1136-cı ildə Nişapur şəhərində dünyaya gəlmişdir. Onun əsərləri və düşüncə dünyası ilə bağlı geniş məlumat olsa da, həyatı haqqındakı məlumatlar məhduddur. Fəriduddin Əttar həyatının ilk dövrlərində ata məsləyi ilə məşğul olmuş, atasından qalan əczaçı dükanında bitkilərdən hazırladığı dərmanlar və ətirlər satmışdır. Beləcə, “Əttar” təxəllüsü onun həyatının bir parçasına çevrilmişdir. O, Əttar Nişapuri, yəni, Nuşapurlu Əttar kimi də tanınır. Fəriduddin Əttarın əsərləri tədqiq ediləndə onun hədis, təfsir, fiqh və kəlam kimi dini elmlərlə yanaşı, fəlsəfə və astronomiya elminə də dərindən bələd olduğu məlum olur. Fəriduddin Əttar 1221-ci ildə 85 yaşında dünyasını dəyişmişdir. Qəbri və türbəsi onun həm də dünyaya gəldiyi Nişapur şəhərindədir.
Fəriduddin Əttar həyatının ilk dövrlərində əczaçılıq və tibb elmilə məşğul olsa da, bir gün dükanına daxil olan alim və arif bir şəxslə arasında keçən dialoq onun həyatında bir dönüş nöqtəsi,yeni bir mərhələnin başlanğıcı olur.
Rəvayətə görə bir gün Fəriduddin Əttar dükanında oturaraq bacarıqlı usta və işçilərinə tapşırıqlar verir vədükanına gəlib gedənlərlə maraqlanırdı. Elə bu ərəfədə zahirən divanə dərviş kimi görünən, əslində isə ağıllı və müdrik alimolan bir şəxs dükana daxil olur. Bu adamın hərəkətləri Fəriduddin Əttarın gözündən qaçmır. Ona, “Ey dərviş! Dükandan çıxıb getsən, daha yaxşı olar”, - deyir. Bu divanə şəxs də Əttara dönərək: “Ey ağa! Mən yükü yüngül bir şəxsəm. Üstümdəki bu xirqədən başqa heçnəyim yoxdur. Çıxıb getmək mənim üçün çətin deyil. Bəs sən üzərindəki bu yük və ağırlıqla bu dünyadan köçüb gedə biləcəksənmi?”
Dükana daxil olan dərviş libaslı adamın sözləri sanki Fəriduddin Əttarın can damarına toxunur, belə demək mümkünsə “ova gedərkən ovlanır”, qəlbdən çıxan sözlər ox kimi onun qəlbinə sancılır. Əslində, Fəriduddin Əttarın yaşadığı bu hadisəni müsbət elmlər sahəsində başqa bir alimin yaşadığı hadisə ilə açıqlamaq olar…
Özünə yol tapa bilməyən bir su kütləsi bir dərəyə yığılaraq böyük bir göl əmələ gətirir. Burada cəmləşən güc və enerjinin bir ümmana çevirilməsi isə adətən kiçik bir işarəyə,kiçik bir toxunuşa bağlı olur. Elə buna görə təəccüb doğurmamalıdır ki, daha əvvəl bir çox insanın gözü qarşısında yüzlərlə alma ağacdan yerə düşdüyü halda, bu mənzərəyə baxaraq yerin cazibə qanununu kəşf edən məhz Nyuton olmuşdur. Çünki Nyuton digər insanlardan fərqli olaraq bu məsələ haqqında sistemli bir şəkildədüşünmüş, bu məsələ haqqında aylarla baş yormuşdu. Vaxtı, zamanı gələndə də ağacdan düşən bir alma başqa insanlardan fərqli olaraq ona kitablar dolusu həqiqətlərdən xəbər vermişdi.
Dərviş libaslı bir zatın sözlərinin Fəriduddin Əttara bu qədər təsir etməsini də məhz bu aspektdən baxaraq anlamaq olar. Əslində, həyatında belə bir dönüş nöqtəsi yaşayan, həyatında bu mənada yeni bir mərhələyə başlayan təkcə Fəriduddin Əttar deyildi. Ondan əvvəl Bəlx şəhərinin hökmdarı olan İbrahim ibn Ədhəmin, ya da daha sonralar bir Osmanlı müftisi (şəriət hakimi) olan Mahmud Hüdayinin həyatındakı dönüş nöqtələri də məhz haqqında danışdığımız Fəriduddin Əttarın yaşadıqları ilə eyni idi. Bir sözlə, bu və başqa onlarla, yüzlərlə mənəvi eşq atəşi ilə dolu insanın çağlar boyu ətrafına işıq saçması üçün tək kiçik bir qığılcım kifayət etmişdi. Həmçinin, Şəms Təbrizinin ta Konyaya gələrək Mövlana ilə görüşməsi də onda məknuz olan eşq atəşinə bir qığılcım çalmaqdan ibarət deyildimi?
Fəriduddin Əttar təsəvvüf ənənəsində olduğu kimi hər hansı bir şeyxin müridi olmamışdır. O,yalnız təsəvvüf aşiqi idi. Bu həyat tərzini bəyənmiş və mənimsəmişdi. O, təriqət qaydalarından daha çox təsəvvüf fəlsəfəsinə və təsəvvüf həyatına sevgi bəsləyirdi. Fəriduddin Əttarın təsəvvüf ənənəsində olduğu kimi ustad və şeyxləri, yetişdirdiyi tələbə və müridləri məlum deyil. Yəni, təsəvvüf tarixində özünü Fəriduddin Əttara aid edənlərə və onun tələbəsi olduğunu söyləyənlərə rast gəlmirik. Bu da Əttarın bir təkkə quraraq,orada şeyxlik etmədiyi kimi,bu mənada mürid yetişdirmədiyini də göstərir.
Ümumiyyətlə, şərq ədəbiyyatına dərindən nüfuz edən və güclü təsirə malik olan təsəvvüf anlayışı əsasən bəzi kitablar ətrafında formalaşır. Fəriduddin Əttarın “Məntiqut-tayr” (Quşların dili) adlı əsəri də məhz bu qəbil əsərlərdən biri hesab olunur. Fəriduddin Əttar bir şair və təsəvvüfi həyat tərzini mənimsəyən bir sufi kimi həm fars, həm də klassik türk ədəbiyyatında dərin izlər buraxan mühüm bir şəxsiyyətdir.
Fəriduddin Əttar “Məntiqut-tayr” əsərində həqiqət yolunun yolçularından quşların dili ilə danışır, fərqli insan xarakterlərini quş simvolizmindən istifadə edərək fəhmin anlaya biləcəyi hala gətirir. Hekayədə keçən quş adları əslində müxtəlif tip insanları ifadə edir.
Əsərin əvvəlində qeyd edildiyi kimi padşahları olan Simurqa çatmaq istəyən quşlar yol rəhbəri olaraq özlərinə Hüd-hüdü seçirlər. Hüd-hüd də onlara yolun məşəqqətlərindən, yolda qarşılarına çıxa biləcək təhlükələrdən danışır. Bu çətinlikləri eşidən quşlardan bəziləri bəhanələr gətirməyə başlayırlar. Ancaq mürşid və yol rəhbəri olan Hüd-hüd onları doğru yola sövq edə bilmək üçün hər bir bəhanəyə qaneedici cavablar verir.
Yola rəvan olmaqla bağlı Hüd-hüdün dəvətinə ilk bəhanə gətirən və bu səfərdə iştirak edə bilməyəcəyini deyən quş bülbüldür. Bülbül gülə aşiq olduğunu bəhanə gətirir, onun sevgisilə sanki sərxoş olduğunu, hətta, gülün eşqinə düşərək özünü itirdiyini iddia edir. Hüd-hüd ona maddi eşqə (həmçinin, zahiri gözəlliyə) aldanmamağı tövsiyə edir. Buradakı bülbül obrazı fani və keçici dünyaya aldanan insanı təsvir edir. Buradakı bülbül obrazı həddindən artıq istək və arzulara qərq olmuş bir insanın düşdüyü vəziyyətdir.
Fəriduddin Əttarın məcaz və metaforalarla zəngin “Məntiqut-tayr” əsərindən onu anlamaq olar ki, çətinliklər və problemlərlə dolu bu dünyada insan əvvəla öz daxili aləmində bir səyahətə çıxmalıdır. İnsan özündə olan çatışmazlıqlara və ruhunun zəif tərəflərinə qarşı məğlub olmamalı və nəfsinin istəklərini bütləşdirməməlidir.
Günümüzdə də insanlar “Məntiqut-tayr” əsərindəki quşlar kimi həqiqət yolçuluğunda yol yorğunluğu yaşayır, bəzən bezir, yola davam etməmək üçün bəhanələr gətirməyə başlayırlar. Fəriduddin Əttar Hüd-hüdün dili ilə müridlərə hər şeydən əvvəl xalis bir niyyətlə yola rəvan olmağı söyləyir. Xalis bir niyyətə sahib olduqdan sonra insanlar zəfərdən deyil, səfərdən məsul olurlar.
Hər hansı bir fikir və ya mücərrəd məfhum ifadə ediləndə simvollardan istifadə olunur. Bəşər tarixinin ilk dövrlərindən günümüzə qədər bütün dövrlərdə simvolik dilə ehtiyac olmuşdur. Mövlana söz və məramını metaforik və məcazi bir üslubda ən gözəl şəkildə ifadə edən sufi alim və şairlərdən biridir. O, Quran ayələri və Peyğəmbər (s.ə.s.) kəlamlarında insanlara bir çox həqiqətin hekayə, məcaz və metofor yolu ilə çatdırıldığını qeyd edir: “Allahdan başqa özlərinə dost (hami) qəbul edənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!” (Ənkəbut, 29/41). Quranda və Peyğəmbər (s.ə.s.) kəlamında istifadə edilən bu metod sufi-məşrəb şair və alimlərə ilham vermiş, əsərlərində məcaz və metaforadan geniş istifadə etmişlər.
Fərqli-fərqli məkanlarda və müxtəlif dövrlərdə yaşayan insanların bir-birinə bənzər metafora və simvollardan istifadə etməsi bu məcazi və metaforik dilin ümumbəşəri və beynəlmiləl bir xüsusiyyətə malik olduğunu göstərir. Əsərlərində dilin bu zənginliyindən istifadə edən alim, mütəfəkkir və şairlərin əsas məqsədi məramlarını daha təsirli bir şəkildə çatdırmaq olmuşdur.Fəriduddin Əttarın “Məntiqut-tayr” (Quşların dili) əsərinin timsalında deyə bilərik ki, təsəvvüf əhli və sufi-məşrəb alimlər mənanı gücləndirmək üçün bu üslubdan geniş istifadə etmişlər.
Göz önündə olan və insanların anlamaqda çətinlik çəkmədikləri bir həqiqətdən danışarkən adətən məcaz və metaforaya ehtiyac qalmır. Anlaşılması nisbətən çətin olan həqiqətlər isə məcaz və metaforanın təsir gücündən istifadə edilərək izah olunur. Bu mənada metafora və məcaz bilinən bir həqiqətdən bilinməyənə uzanan bir körpü rolunu oynayır.
Fəriduddin Əttarın “Məntiqut-tayr”, yəni “Quşların dili” əsəri bir çox şərq alimi və şairlərinin yaradıcılığına güclü təsir etmişdir. Fəriduddin Əttar Mövlana Cəlaləddin Ruminin zehin dünyasını formalaşdıran ən mühüm simalardan biri kimi tanınır. Məlum olduğu kimi bütün dünya Mövlananı metafora və məcazın dilindən çox usta bir şəkildə istifadə edərək həqiqətləri bəyan edən bir alim olaraq tanıyır. Ancaq Mövlana təsəvvüf yolunda bir öndər və özü üçün bir ilham mənbəyi olaraq Fəriduddin Əttarı görmüş, əsərlərindən istifadə etmiş, ona dərin hörmət və ehtiram göstərmişdir.
Mövlana, “Həllaci Mənsurun ruhu Əttarda təcəlli etdi” deyərək onun təsəvvüf anlayışını xülasə bir şəkildə tərif etmişdir. Fəriduddin Əttarın təsəvvüf anlayışı Həllaci Mənsur, Bəyazid Bistami və Əbu Said Əbil-Xayr kimi mütəfəkkir və alimlərin təsəvvüf anlayışının inkişaf etdirilmiş və tamamlanmış bir davamı mahiyyətindədir.
Fəriduddin Əttarın qeyd etdiyinə görə əldən çıxdıqdan sonra heç vaxt geri dönməyən şeylər var. Ağızdan çıxan söz bunlardan biridir. Söylənən bir söz yaydan çıxan bir ox kimidir, atdıqdan sonra geri gəlməz. Düşünmədən söz söyləyənin peşman olması labüddür. Söyləmədiyin bir sözü nə vaxtsa söyləyə bilərsən. Ancaq söylədiyini geri gətirmək artıq mümkün deyil. Əttara görə ömür də söz kimidir. İnsan hər nəfəsini qənimət bilməlidir. Çünkü ömür bitdikdən, söz də ağızdan çıxdıqdan sonra bir daha geri dönməz.
Nazim Mustafayev