Qatarlar bu yerlərdə şərqdən qərbə, qərbdən şərqə gedirlər...
Coğrafiyada hər şey Qrinviç meridianından ölçüldüyü kimi, bu yerlərdə də bütün məsafələr dəmir yolu ilə ölçülürdü.
Həm dünya ədəbiyyatında, həm də türk xalqları ədəbiyyatında əvəzsiz yerə sahib olan bir əsər haqqında danışmaq istəyirəm. Qırğız xalq yazıçısı Çingiz Aytmatovun 1980-ci ildə yazdığı, adı aforizmə çevrilən "Gün var əsrə bərabər" romanı çap olunan gündən oxucular tərəfindən böyük rəğbət gördü. Əsərin mövzusu, qəhrəmanları, onların ailə-məişət həyatı, yazıldığı dövr və s. bizim üçün tanışdır, doğmadır.
Hadisələr qatarların illərdir şərqdən qərbə, qərbdən şərqə getdiyi böyük Sarı-Özək düzənliyində, cəmi 8-9 evin olduğu, yayı qızmar, qışı boranlı keçən Boranlı adlı kiçik kənddə cərəyan edir. Yedigey dostu, həm də iş yoldaşı Qazanqapın ölüm xəbərini alır. Həmin gün bütün həyatı film kadrları kimi gözünün önündən keçir. Həmin gün məhz "əsrə bərabər gün"dür. Yedigey həyat yoldaşı Ukubala ilə Boranlıya necə gəldiyini, dostu Qazanqapın dəstəyi ilə burada necə həyat qurduğunu xatırlayır.
Yedigey əsl qırğız xalqının xüsusiyyətlərini daşıyır və əsərin baş qəhrəmanıdır. O, stalinizmin çətinliklərini görən, siyasi-mənəvi əsarətdən qurtulmağa çalışan, zəhmətkeş, mərd, vəfalı insandır. Yedigey sovet rejiminə baxmayaraq, qəlbində milli-mənəvi dəyərlərini qoruyub-saxlamağı bacaran qırğızdır. O, qatar stansiyasında kiçik işçi kimi çalışır. Qar, boran demədən dostunun vəsiyyətini yerinə yetirə bilmək üçün dəvə belində yola çıxır.
Uzun zaman idi ki, gözdənuzaq bu kənddə heç kim vəfat etmirdi. Yedigey Boranlıda ölü yumağın dini qaydalarını bilən, dua oxumağı bacaran tək insandır, necə deyərlər, sonuncu mogikandır. Dostuna sonuncu vəzifə borcunu yerinə yetirmək üçün 30 km yolu qət etməkdən çəkinmir. O, yol boyu Qazanqapı xatırlayır. Qazanqap həm fədakar ailə başçısı, həm də yaxşı ata idi. Çətinliklə də olsa, yeganə oğluna təhsil vermiş, ən yaxşı rus məktəblərində oxutmuşdu. Atasının dəfninə gələn Sabitcanın soyuq münasibətini görəndə Yedigey məyus olur.
Dəfn Ana-Beyt qəbiristanlığında baş tutmalı idi. Bu zaman Yedigey Ana-Beyt haqqında dolaşan əfsanəni, manqurt əfsanəsini xatırlayır. Müəllifin ustalıqla qələmə aldığı manqurt əfsanəsi roman içərisində ayrıca roman dəyərindədir. Juanjuanların işgəncəsi nəticəsində kimliyini, ata-anasını, uşaqlığını, insanlığını unudan Joloman artıq manqurtdur. Bildiyi tək şey var, ac mədəsi. O, sabihinə sadiq it kimi bağlıdır. İtin hürmək ixtiyarı olsa da, manqurtun belə bir ixtiyarı da yoxdur. Manqurt juanjuanlar üçün əvəzolunmaz işçidir. Çünki manqurt oğurluq bilmir, gəlir güdmür, üsyan etmir. İtirməkdən qorxduğu tək şey, başındakı işgəncə papağıdır.
Oğlu Jolomanın izinə düşən Nayman-Ana axır ki, onu tapır. Lakin onun oğlundan qalan yalnız hissiyyatsız cismi, ruhsuz bədəni, donuq baxışlarıdır. Ana ilə oğulun qarşılaşma səhnəsi əsərin ən təsirli hissələrindəndir. Laqeyd nəzərlərlə baxan manqurt oğluna layla oxuyan, ağı deyən Nayman-Ana səbirlə, şəfqətlə, oğlu nəsə xatırlayar deyə dayanmadan keçmişdən danışır, onu evə aparmaq arzusu ilə çırpınır. Nayman-Ana nəinki Jolomanı evinə apara bilmir, özü də çöllükdə canını tapşırır.
Romanda Manqurt obrazının daha bir örnəyi isə Qazanqapın oğlu Sabitcandır. O, atası sayəsində yüksək təhsil alsa da, insanlıqdan yoxsul, mənən bivec adamdır. Onu nə atasının, nə doğulduğu Boranlının, nə də ölkəsinin taleyi narahat edir. Manqurtlaşmış Sabitcan ədəbiyyatda mənəvi cəhətdən yoxsulluğun, insanlıqdan uzaqlığın ümumiləşdirilmiş obrazıdır. Çingiz Aytmatov bu əsərlə ədəbiyyata, leksikologiyamıza manqurt anlayışını gətirmişdir.
Boranlıda 8-9 evdən biri də Yedigeylə qonşuluqda çətin şəraitdə yaşayan Abutalib və Zərifənin ailəsidir. Boranlıda tək ziyalı olan Abutalib sovet rejiminə baxmayaraq, açıqfikirliliyi ilə seçilən keçmiş əsirdir. Əsirlikdən qayıdandan sonra yeni həyata başlamış, dişi ilə, dırnağı ilə həyat mübarizəsini davam etdimişdir. İki oğluna yazmağı, oxumağı özü öyrətmişdir. O, yazıya köçürdüyü əsirlik xatirələrinə görə günahsız yerə həbs edilir. Boranlının şaxtasına, boranına dözən Abutalib ayrılıq acısına dözə bilmir.
Boranlıda həyat sadə, yoxsuldur. İnsanları kiçik hadisələrdən xoşbəxt olmağı bacarırlar. Qatarlar bu yerlərin havası, suyu, həyat nişanəsi, gəlir yeridir. İnsanlar dəyişir, fəsillər, illər dəyişir, dəyişməyən tək şey qərbdən şərqə, şərqdən qərbə gedən qatarlardır.
Dünya şöhrətli Lev Tolstoy deyirdi: "Bütün möhtəşəm hekayələr iki cür başlayır: Ya bir insan bir yola çıxır, ya da bir şəhərə yad bir adam gəlir".
Tolstoy haqlı imiş, Yedigeyin yola çıxması ilə başlayan "Gün var əsrə bərabər" dünya ədəbiyyatının ən möhtəşəm incilərindəndir. Yaş həddi tanımayan bu roman vəfa, humanizm, mübarizlik, sevgi, sadəlik, öz soykökünə sadiqlik və başqa nəcib hissləri aşılayır. 150-dən çox dilə tərcümə edilən əsərin motivləri əsasında film də çəkilmişdir. Ümumilikdə isə Çingiz Aytmatovun bütün yaradıcılığı türk xalqları arasında daha böyük rəğbət görmüş, ümumtürk abidəsi kimi sayılıb, seçilmişdir. Çingiz Aytmatov 2008-ci ildə "Dostluq" ordeni ilə təltif edilmişdir.
Romanı oxuduqdan sonra stolüstü kitabınıza çevriləcəyinə və təkrar-təkrar oxumaq istəyəcəyinizə əminəm.
Tükəzban Məmmədli