Tibbin ən mühüm və məsuliyyəti sahələrindən biri də neyrocərrahiyyə sahəsidir. “Fraza” jurnalının budəfəki sayında da məhz bu sahənin mütəxəssislərindən olan neyrocərrah Ruslan Yunusovla həmsöhbət olduq. Gəlin, həm müsahibimizi yaxından tanıyaq, həm də bu sahənin sirlərini birlikdə öyrənək...
- Sizi daha yaxından tanımaq üçün özünüz haqqında məlumat verərdiniz...
- Mən, 2003-cü ildə Mingəçevir şəhər 6 saylı tam orta məktəbi bitirmişəm. Həmin il Azərbaycan Tibb Universitetinə qəbul olub 2009-cu ildə fərqlənmə ilə bitirmişəm. 2009-2010-cu illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında internatura keçmişəm. 2011-ci ildə Ankarada Hacettepe Universitetinin beyin cərrahiyyəsi şöbəsinə daxil olub uzmanlıq təhsili almışam. 2016-cı ildə uzman adı aldıqdan sonra Azərbaycana qayıtmışam. Artıq 4 ildən çoxdur ki, burada fəaliyyət göstərirəm. Avropa Neyrocərrahiyyə Cəmiyyətinin (EANS), Beynəlxalq Uşaq Neyrocərrahiyyə Cəmiyyətinin (İSPN), Beynəlxalq Endoskopik Neyrocərrahiyyə Federasiyasının (İFNE) üzvüyəm.
- Neyrocərrahiyyə tibb sahəsinin ən çətin bölmələrindən biri sayılır. Niyə məhz bu sahəni seçdiniz?
- 6 illik tələbə həyatımda hər il fərqli ixtisaslar düşünürdüm. Amma daha sonra cərrahiyyə sahəsinə həvəsim olduğunu gördüm. Bu sahə daha çətin, sirli, araşdırmaya açıq olduğundan və Azərbaycanda da inkişafına ehtiyac duyulduğundan marağımı çəkdi. Yaxşı ki, bu sahəni seçmişəm, heç peşman deyiləm. Türkiyədə də neyrocərrah asistenti olmaq ciddi ixtisaslardan biri hesab edilir. Çünki, bizim sosial və şəxsi həyatımız olmur, vaxtımızın böyük hissəsi xəstəxanada və əməliyyatda keçir. Bunun nəticəsidir ki, 6 illik dövrdə minə yaxın əməliyyatda iştirak etmişəm.
- Neyrocərrahiyyəni çoxumuz damar, onurğa, beyin və s. xəstəlikləri ilə əlaqəli başa düşürük. Əslində, tibbin bu sahəsi insan orqanizminin hansı nahiyələrini müalicə edir?
- Neyrocərrahiyyə beyini, onurğa beynini və bunlardan çıxan sinirləri və onların xəstəliklərini öyrənən tibb sahəsidir. Beyində olan qanaxmalar, şişlər, daha çox uşaqlarda rast gəlinən hidrosefaliya xəstəliyi (beyində su yığılması), onurğa beyninin travmaları, törəmələr, qanaxmalar bu sahəyə daxildir. Bundan başqa, sinir sıxılması dediyimiz karpal tunel (bilək nahiyəsində olur) və kubital tunel (dirsək nahiyəsində olur) sindromu əməliyyatlarını da icra edirik. Bu sahənin nevrologiyadan fərqi odur ki, həm konservativ (dərman), həm də cərrahi müalicələr tətbiq olunur. Bu o demək deyil ki, hər bir pasient bizə müraciət etsə, ona ancaq əməliyyat tövsiyə edirik. Patologiyadan asılı olaraq hər iki müalicəni də tətbiq edə bilirik.
- Azərbaycanda ən çox hansı neyrocərrahi əməliyyatlar icra olunur və ya siz ən çox hansı əməliyyatları icra etmisiniz?
- Statistik baxımdan əhali arasında daha çox onurğa ilə bağlı problemlər olduğuna görə, cərrahi əməliyyat etdiyimiz pasientlərdə onurğa problemləri daha çox olur. Onlar arasında əsasən bel yırtığı ilə bağlı müraciətlər çoxluq təşkil edir. Bu, demək olar ki, insanların 15-20 faizində var və həmin xəstələrə 80-90 faiz hallarda dərman müalicəsi tətbiq olunur. Bundan başqa, həm uşaqlar, həm də böyüklər beyindəki problemlərlə bağlı müraciət edirlər. Bizim sahədə uşaq, böyük fərqi olmur, lakin mənim daha çox uşaq pasientlərim olduğundan deyə bilərəm ki, əsasən hidrosefaliya xəstəliyi olan uşaqlar müraciət edirlər. Bu xəstəlik 15 yaşına qədər uşaqlarda rast gəlinməklə yanaşı, həm anadangəlmə, həm də doğuşdan sonra uşağın keçirdiyi xəstəlik, infeksiya, travma, beyində əmələ gələn kista və s. nəticəsində yaranır.
- Baş ağrıları demək olar ki, bir çox xəstəliklərin simptomu sayılır. Miqren, nevroz və s. Nə zaman baş ağrısı beyin şişləri ilə bağlı ola bilər?
- Baş ağrıları insanlar arasında ən çox rast gəlinən problemlərdən biridir. Bununla bağlı həm nevroloji, həm də neyrocərrahi poliklinikalara bir çox müraciətlər daxil olur. Müxtəlif travmalardan sonra yaranan beyin qanaması, beyin şişləri, hidrosefaliya xəstəliyinin əsas simptomlarından biri də baş ağrılarıdır. Əgər pasientin baş ağrılarından başqa, yanaşı əlamətləri də varsa, bu, beyində olan problemin göstəricisi hesab edilir. Əl və ayaqlarda uyuşma, keyimə, gücsüzlüyün əmələ gəlməsi, davamlı olaraq səhər oyanan zaman şiddətli baş ağrıları, urəkbulanma və qusmanın olması beyindaxili problemin olduğunun göstəricisidir. Baş ağrıları ilə yanaşı eşitmə və görmədə problemlər olduqda da bu, beyin probleminin olduğuna işarə edir. Ümumiyyətlə, beyində bir problem olduqda bu, özünü lokal əlamətlərlə də büruzə verir.
Beyinin müəyyən yerində törəmələr varsa və o beyini sıxırsa, bu həm başda olan ağrılarla, həm də sıxılan yerin özünə xas olan əlamətlərlə özünü göstərir. Ənsə nahiyəsində olduqda görmə, gicgah nahiyəsində olduqda eşitmə, sağ alın nahiyəsində olduqda bədənin sol tərəfində gücsüzlük və keyimə kimi əlamətlər olur. Ümumiyyətlə, baş ağrısı olduqda həmişə “beyində şiş var” ifadəsini demək doğru deyil. Buna görə əvvəlcə nevroloq müayinəsinə getmək lazımdır. Araşdırma nəticəsində beyində şübhəli məqam aşkar edilərsə, biz o zaman müdaxilə edirik. Beyin şişlərinin diaqnostikasında əsasən Kompüter Tomoqrafiya (KT) və Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulundan istifadə edilir. KT daha çox sümükləri, MRT isə yumşaq toxumaları yaxşı göstərir. Bir pasientdə travma və qanaxmadan şübhələniriksə, KT, törəmə və ya başqa beyindaxili problemdən şübhələniriksə, MRT məsləhət görürük.
- El arasında belə bir fikir var, deyirlər, beyində şiş varsa, heç bir çarəsi yoxdur, əməliyyatın effekti olmayacaq. Buna münasibətiniz necədir?
- Hazırda müasir təbabətin bütün imkanlarından istifadə edilir və çox nadir hallarda beyin şişlərində əməliyyat məsləhət görülmür. O da beyindəki şiş çox böyükdürsə, beyinin böyük bir hissəsini zədələyibsə və ya bədənin başqa bir yerində törəmə olub, beyinə metastaz veribsə... Belə xəstələrin proqnozları yaxşı olmadığına görə, əməliyyat etməyin bir mənası qalmır. Bu zaman həmin xəstələri onkoloji mərkəzə göndəririk. Lakin dünyanın hər yerində qəbul edilmiş protokola əsasən xəstənin beynində şiş varsa, ilk növbədə, onun əməliyyat olunması məsləhətdir. İstər xoş, istərsə də bəd xassəli olsa belə. Xoş xassəlidirsə, biz əməliyyatla onu çıxarırıq və bir müddət sonra xəstə normal həyatına davam edir. Bəd xassəli olduqda isə biz şişin böyük hissəsini və ya hamısını çıxarır, ondan bir parça analizə göndəririk. Gələn analiz cavablarına görə şüa terapiyası və kimyəvi müalicə tətbiq olunur. Bu müalicənin tətbiq edilməsi üçün törəmənin adının qoyulması mütləqdir. Başqa bölmələrdən fərqli olaraq biz biopsiyanı çox nadir hallarda tətbiq edirik. Bu yanlız riskli beyin əməliyyatlarında olur. Beyin cərrahi əməliyyatları isə mikroskopik və ya endoskopik üsullarla icra olunur. Endoskopik üsulu bütün beyin şişləri növlərinə tətbiq edə bilmirik. Yalnız hipofiz adenoması dediyimiz şişlər var ki, onu burundan daxil olmaqla əməliyyat etmək mümkün olur. Digər hallarda isə açıq və mikroskopik üsullardan istifadə edilir. Bundan başqa, hidrosefaliya xəstəliyində də tək dəlikdən daxil olub endoskopik əməliyyat etmək mümkündür.
- İndi oturaq işlərlə daha çox rastlaşırıq. Eyni zamanda düzgün olmayan qidalanma, hava, su çirklənməsi və s. Bütün bunlar beynimizə, orqanizminizə necə təsir edir?
- Neyrocərrahi tərəfdən baxdıqda oturaq həyat tərzi, mobil telefonlardan, kompüterdən çox istifadə onurğamızda ciddi zədələnmələrə səbəb olur. Belə ki, uzun müddət oturmaq bel və kürək nahiyəsində onurğa fəqərələrinin ciddi yüklənməsinə gətirib çıxarır. Bu da qığırdaq və sümük yeyilməsinə səbəb olur. Bundan əlavə zərərli vərdişlərimiz qığırdaq qidalanmasını pozaraq, onurğamızda olan qığırdaqların erkən zədələnməsi, yaşlanması və degenerasiyasına səbəb olur. Bu da kənardan özünü bel və boyun yırtığı kimi büruzə verir. Bildiyiniz kimi boynumuzda S-vari əyrilik var və buna lordoz deyilir. Mobil telefondan uzun müddət istifadə etdikdə başı önə doğru əyərək bu lordozun düzləşməsinə səbəb oluruq. Bu da boyun düzləşməsi adlanır. Beləliklə də xəstədə xroniki boyun ağrıları yaranır. Ona görə belə vərdişlərdən qaçmaq lazımdır. Oturaq iş görənlərə isə məsləhət görərdim ki, 40 dəqiqə işlədikdən sonra fasilə edib, daha sonra davam etsinlər.
- Tez-tez pasientlərin müalicə və əməliyyat üçün xarici ölkələrə üz tutmasının şahidi oluruq. Sizin sahənizdə Azərbaycanda icra olunmayan əməliyyat varmı?
- Azərbaycanda neyrocərrahiyyə sahəsində ən son texnologiyalarla təchiz olunmuş xəstəxanalarımız var. Demək olar ki, bir çox xəstəxanalarda beyin cərrahiyyəsində istifadə etdiyimiz bütün mikrocərrahi və kəllə qapağının qaldırılması üçün lazım olan xüsusi alətlər var. Bundan başqa, xəstəxanalar mikrocərrahi əməliyyatları icra etmək üçün xüsusi mikroskoplarla təchiz edilib. Lakin çox nadir hallarda törəmələr həssas hissədə olur və ya neyromonitorizasiya etmək üçün xüsusi avadanlıqlar lazım gəlir. Bu hallarda pasientlərə xaricə getməyi tövsiyə edirik.
- Son olaraq neyrocərrahiyyə sahəsini seçmək istəyən abituriyentlərə nə tövsiyə edərdiniz? Həkim olmaq istəyən gənc dostlara nələr demək istərdiniz?
- Neyrocərrahiyyə həqiqətən də tibbin ən çətin sahələrindən biridir. Bu peşəyə sahib olmaq üçün keçilən proses həm psixoloji, həm də fiziki baxımdan ciddi enerji tələb edir. Eyni zamanda bu, işə başlayandan sonra da davam edir. Bizim telefonlarımız demək olar ki, 24 saat açıq olur və istənilən saatda əməliyyata çağırılma ehtimalımız var. Çünki biz həyat xilas etməyə gəlirik və təcili əməliyyatlarda vaxt itirməmək üçün bu iş qrafikində işləmək məcburiyyətindəyik. Ona görə də, bunları nəzərə almaq lazımdır. Ən əsası isə istəkdir. Əgər ortada həqiqətən bir istək varsa, abituriyent ona nail ola biləcək. Məsləhət görərdim ki, bu sahəni seçib, işləmək istəyənlər heç bir şeyə qulaq asmasınlar, məqsədlərinə çatmaq üçün çox çalışsınlar. Biz özümüz də vaxtında istəyimizi ortaya qoymuşuq və uzmanlıq əldə etmək üçün gün ərzində 15-16 saat çalışmışıq.
İlahə Hüseynova