Bir vaxtlar dünyanın ən məşhur elm adamlarından Albert Eynşteyn: "Məni çox şişirdib göylərə qaldırmayın. Mən heç nə bilmirəm. Siz bunu anlamağa qadir olsaydınız, mənə ən savadsız bir adam kimi baxardınız", - demişdi. O vaxt çoxları Eynşteynin bu sözlərini təvazökarlıq kimi qiymətləndirmişdi. Ancaq bu yaxınlarda tanınmış yapon alimi, professor Masaru Emotonun su kristalları üzərində apardığı tədqiqatlar bəşəriyyətin indiki elmi səviyyəsinin həqiqətən də çox yüksək olmadığını ortaya çıxardı.
Emoto "Su kristalları" adlı kitabında yazır: "Heç kəs düşünməsin ki, su cansız maddədir. Su canlı və ətrafında baş verənləri dərhal hiss etməyə və ona müvafiq cavab verməyə qadir olan ağıllı kristallardan ibarətdir". Qeyd edək ki, Emoto suyun canlı orqanizm olduğunu sübut etmək üçün öz kitabında su kristallarının 70-ə yaxın şəklini verir. Emotonun suyun canlı orqanizm olduğunu sübuta yetirməsi də maraqlı bir hadisə ilə bağlıdır. Belə ki, o, 10 il bundan əvvəl mikroskopla apardığı tədqiqatlarda donmuş su kristallarının xarici təsirlərə çox müxtəlif reaksiyalar verdiyinin şahidi olur. Emoto dərhal bunun təsadüf olub-olmadığını öyrənmək qərarına gəlir. Bu məqsədlə alim su molekullarına yaxşı və pis sözlərlə müraciət edir. Yaxşı sözlər dedikdə su kristalları bir göz qırpımında gözəl bir forma alır və insanı valeh edən bir nizamla düzülür. Pis sözlər dedikdə isə su kristallarının həm forması, həm də nizamı pozulur və su kristalları eybəcər bir formaya düşür.
Berlin təcrübəsi
2002-ci ilin iyun ayında "Sanacell" şirkəti Masaru Emotonu Berlinə dəvət etdi. Məqsəd Berlin Texniki Universitetində 1200 alimin iştirakı ilə keçirilən konfransda çıxış etmək idi. Masaru Emoto çıxışında su kristallarının canlı orqanizm olduğunu elmi faktlarla sübut etdi. Daha sonra o, çıxışında dağdan çıxan su ilə şəhərdə istifadə edilən (və təbii ki, müəyyən təsirlərə məruz qalan) su arasında böyük fərqlər olduğunu bildirdi. Onun fikrincə, təmiz dağ suyu xlorlaşdırılmış şəhər suyundan daha gözəl nizama malikdir. İnsanların su ilə davranışlarına kristalların müxtəlif reaksiyalar verdiyini bildirən Emoto həmin fikri təcrübə yolu ilə də konfrans iştirakçılarına nümayiş etdirdi. Üzərində təcrübə aparılan su kristalları yaxşı sözlərdən sonra bir göz qırpımında gözəl nizamla düzüldülər, pis sözlərdən sonra isə eybəcər bir forma aldılar. Emoto, hətta, su kristallarının insanın hisslərini və hərəkətlərini də həssaslıqla qeyd etdiyini dedi. Məsələn, təcrübə aparılarkən suya yaxın olan alimlərdən biri su kristallarının bu reksiyasından təəccüblənmiş və ürəyində "Şeytan əməli" demişdi. Bu vaxt su kristalarının forması dərhal dəyişdi. Bunu görən Emoto alimlərdən: "Sizdən hansınız şeytan adını çəkdiniz?" - deyə soruşdu. Və o alim, həqiqətən də, ürəyində "şeytan əməli" sözünü dediyini etiraf etdi və hər dəfə şeytan sözünü təkrarladıqca su molekullarının qarışıq bir forma aldığının şahidi oldu.
Yuxarıda da qeyd edildiyi kimi, təmiz dağ suyu olduqca estetik bir nizama, estetik bir quruluşa malikdir. Ancaq Masaru Emotonun tədqiqatlarında başqa vacib bir məsələ də üzə çıxdı. Məlum oldu ki, qar dənəciklərinin və ya kristallarının bir-birindən fərqli olması da onun əsasını təşkil edən suyun məruz qaldığı xarici təsirlərlə bağlıdır. Başqa sözlə, Uca Allahın əsrarəngiz möcüzələrindən biri olan və heç biri bir-birinə bənzəməyən qar dənəcikləri də ətrafda baş verən hadisələrə qarşı olduqca həssasdırlar və bu hadisələrin təsirindən asılı olaraq forma alırlar.
"Su kristalları" kitabında suyu müxtəlif aspektlərdən tədqiq edən Emoto tədqiqatlarını elmi təməllər üzərində qursa da, din reallığını da untmur. Məsələn, Emoto "Su kristalları" kitabında yazır: "XXI əsrdə ən mühüm hadisə elmlə dinin yenidən birləşməsi olacaq. Əgər din olmasaydı, insan axmaq bir varlığa çevriləcək, müasir elm isə heç vaxt ortaya çıxmayacaqdı".
Su kristalları və zəlzələ
Emoto su üzərində apardığı tədqiqatlardan sonra bu qənaətə gəldi ki, onlar (su kristalları) zəlzələni əvvəlcədən hiss edirlər və buna uyğun olaraq formalarını dəyişirlər. Buna görə də, o, ənənəvi zəlzələ ocaqlarında su kristallarını diqqətlə öyrənməyi təklfi etdi. Onun fikrincə zəlzələ ocaqlarında sular mini mikroskoplarla həmişə nəzarət altında saxlanmalı və su kristallarında baş verən hər hansı bir dəyişiklik dərhal tədqiq edilməlidir. Çünki zəlzələ heç də birdən-birə meydana gəlmir və ona uzun müddət hazırlıq gedir. Təbii ki, bu hazırlıq ərzində su kristalları ona uyğun reaksiya göstərirlər.
Emotonun bu fikirlərinə və elmi araşdırmalarına əsasən, hazırda Yaponiya, ABŞ və Fransada zəlzələni su vasitəsi ilə əvvəlcədən öyrənmək üçün böyük elmi tədqiqatlar aparılır. Hətta, bəzi ABŞ alimləri yaxın vaxtlarda artıq su kristalları ilə zəlzələnin vaxtını əvvəlcədən müəyyən edəcəklərini irəli sürürlər. Yaponiya alimləri isə artıq suyun təbii fəlakətlərə əvvəlcədən reaksiya verdiyini sübut etdiklərini bildirirlər. Belə ki, Yaponiya alimlərinin tədqiqatlarına görə, Sakit Okeanda baş verən qasırğadan əvvəl təcrübə altında olan su kristalları hərəkətə gəlmiş və müxtəlif istiqamətlərdə hərəkət etməyə başlamışlar. Ona görə də, bəzi alimlər artıq qasırğa, fırtına və s. kimi təbii hadisələrin bəziləri barədə əvvəlcədən dəqiq proqnozlar verməyə başlamışlar.
Qeyd edək ki, gələcəkdə təbiətdə baş verə biləcək təbii fəlakətləri əvvəlcədən müəyyən etmək üçün milyonlarla dollarlıq cihazlara ehtiyac qalmayacaq. Bunun üçün adi su üzərində aparılan tədqiqatlar kifayət edəcək.
Su kristalları və intuisiya
İnsanın öz başına gələn hadisələri əvvəlcədən hiss etməsi və ya qarşısındakı insanın düşündüklərini duyması da təsadüfi deyil. Çünki insan orqanizminin 70 faizindən çoxu sudan ibarətdir. Orqanizmimizdəki su da başqa sular kimi ətrafdakı hadisələrə olduqca həssas reaksiya göstərir. Emoto hesab edir ki, bir çox hadisələri əvvəlcədən hiss edən insanların orqanizmlərindəki suda digərlərininkindən daha çox həssaslıq var və onlar insan orqanizmində bizim hələ sirrini aça bilmədiyimiz bir prosesin köməyi ilə hadisələri qabaqlayır və ya hadisələrin nəbzini tuturlar.
Alim başqa bir məsələyə də xüsusi diqqət yetirir. O, insanın psixoloji vəziyyətinə təsir edən amillər içərisində suyun özünəməxsus rol oynadığını bildirir. Əsəbi insanlarda suyun formasının dəyişdiyini qeyd edən Emoto belə hesab edir ki, gələcəkdə insan orqanizmindəki suyun tərkibini öyrənməklə ən ağır xəstəlikləri belə müalicə etmək mümkün olacaq. Bu baxımdan suyun şəfalı xüsusiyyətlərə malik olması da Allahın möcüzələrindəndir.
Beləliklə, su dünən olduğu kimi, bu gün də özünəməxsus xüsusiyyətləri ilə bizi təəccübləndirməkdə davam edir. Görünür, XXI əsrin gələcəkdə ən böyük kəşfi də məhz suyun sirlərini öyrənmək olacaq.