Tarixdəki irihəcmli və taleyüklü müharibələrə nəzər salsaq görərik ki, öz hüquqlarını qoruyan, azadlığı və torpaqları uğrunda mübarizə aparan cəmiyyətlərdə ön cəbhədə vuruşan əsgərlər hər zaman xalqın, yəni arxa cəbhənin misilsiz dəstəyini görüb və hiss edib. Elə buna görədir ki, öz haqlı mübarizəsi uğrunda döyüşən heç bir xalq əsla məğlub olmayıb. Gec ya tez, zəfər özünü müdafiə edənlərin, başqasının torpağına göz dikməyənlərin və azadlığını, torpağını, bayrağını hər şeydən uca tutanların olub.
Bu baxımdan Azərbaycan tarixinin ən şanlı səhifələrinə şahid olmaq hamımız üçün qürur mənbəyidir. 30 ilə yaxın bir müddətdir, demək olar ki, ilin bütün aylarında hansısa yaşayış məntəqəsinin işğal edilməsini böyük kədər və təəssüf hissi ilə xatırlayan, bu xalqın başına gətirilmiş müsibətlərin ağrısını, acısını yaşayan azərbaycanlılar, artıq əbədiyyətə qədər hər il böyük bir təntənə ilə özünün Zəfər gününü qeyd edəcək. O Zəfər günü ki, minlərlə Vətən övladı gələcək nəsillərin başıdik, alnıaçıq yaşaması üçün öz canından keçdi, ya hansısa bədən üzvünü, ya da psixologiyasını qurban verdi. Bizim də ən müqəddəs vəzifəmiz həmin qəhrəmanların bizə yadigar buraxdıqları ailələrinə sahib çıxmaq, onların ən adi ehtiyaclarını belə gözardı etməməkdir. Dövlətin aidiyyatı qurumlarının bu istiqamətdə qanunla tənzimlənmiş bütün addımları atacağına şübhə etmirik.
Lakin Vətən Müharibəsi başladığı andan etibarən indiyə qədər bütün imkanlardan istifadə edərək cəbhədəki əsgərlərə və onların ailələrinə yardım aparan, bu işi təşkilatlandıran bir sıra sadə vətəndaşlar, ictimai fəallar və tanınmış şəxslər də var. Bu müddətdə Azərbaycan xalqının göstərdiyi misilsiz birlik və bərabərliyə dayaq verən bu insanlar arxa cəbhə ilə ön cəbhə arasında körpü rolunu oynadılar. Xalqın könlündən qopardığı bütün yardımları minbir əziyyətlə və tam təmənnasız ön cəbhədəki əsgərlərə çatdıran fədakar vətənsevərlər mərmi yağışında islanan igidlərin əyninin qalın, qarnının tox olması üçün əllərindən gələni edirdilər. Dövlət bütün maddi resursları ilə hər cəhətdən əsgərlərimizi təmin etsə də, arxa cəbhədən gələn və hansısa ibtidai sinif şagirdinin yazdığı bir neçə sətirlik məktub səngərdə dayanan dağ kimi insanları sevinc və qürurla qarışıq gözyaşlarına boğur, onlardakı döyüş ruhunu daha da yüksəldirdi. Arxa cəbhə həm də analarımızın, nənələrimizin hördükləri isti əlcək, şərf, qalın corab və bişirdikləri bir-birindən dadlı ev yeməkləri demək idi. İşin ən vacib mərhələlərindən biri isə bütün bunları döyüşlərin ən qızğın vaxtında belə hərbçilərimizə çatdırmaq idi.
Vətən Müharibəsi dövründə və sonra döyüş bölgələrinə, işğaldan azad edilmiş ərazilərimizdə xidmət aparan əsgərlərimizə xalqımızın ianələrini çatdıran belə şəxslərdən biri də ictimai fəal Bəxtiyar Hacıyevdir. O, hələ ilk günlərdən öz könüllü komandası ilə birlikdə geniş yardım kampaniyasına başladı və bu işi uğurla təşkilatlandırdı. "Milli orduya dəstək" adı verilən və könüllülərdən ibarət bu qrup bu gün də toplanan ianələri və lazımi ləvazimatları işğaldan azad edilən ən uca yüksəkliklərə, orada xidmət aparan Azərbaycan əsgərlərinə çatdırır. Tanınmış hüquqşünas Fərhad Mehdiyev də “Milli orduya dəstək” qrupunun ən fəal üzvlərindən və təşkilatçılarındandır. Gördükləri işə son dərəcə ciddi yanaşan bu insanlar toplanan vəsaitləri kortəbii şəkildə yox, əsgərlərin ehtiyaclarına görə xərcləyir və Qarabağın bütün istiqamətləri üzrə müzəffər ordumuza yardımları şəxsən özləri çatdırırlar.
Bu müddətdə II Qarabağ Müharibəsi zamanı şəhid olan hərbçilərimizin ailələrinə, qazilərimizin isə həm ailələrinə, həm də özlərinə hər cür maddi, mənəvi dəstək göstərmək üçün müxtəlif fondlar yaradıldı. Lakin Elnur Əliyevin təşkilatlandırdığı Könüllü Yardım Fondu bunların içində xüsusi seçilir. Tamamilə xalqın ianələri əsasında maliyyələşən bu fond fəaliyyətini bu gün də davam etdirir. Ötən müddət ərzində minə yaxın şəhid və qazi ailəsinə evlərinin təmirindən tutmuş ən adi ehtiyaclarına qədər dəstək göstərmiş bu fondun Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən könüllü əməkdaşları var. Elnur Əliyev həmçinin, Tovuz döyüşləri və Vətən Müharibəsi dövründə ordumuzun səngərlərin mühafizəsi üçün istifadə etdiyi avtomobil təkərlərinin paytaxtda toplanılıb cəbhəyə çatdırılmasında da xüsusi canfəşanlıq nümayiş etdirdi.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru olan və sosial şəbəkələrdə özünəməxsus üslubu ilə yumor xarakterli çarxlar hazırlayan Ərtoğrul Kamalov da 44 günlük müharibə dövründə və ondan sonra ordumuzun əsgərlərinin ehtiyacları üçün geniş yardım kampaniyaları təşkil edənlərdən və onu cəbhəyə çatdıranlardandır.
Bu siyahını səhifələrlə uzatmaq olar. Çünki Azərbaycanın adlarını sadalamadığımız yüzlərlə belə yardımsevər və ürəyi vətən eşqi döyünən qəhrəman övladları var. Bu isə onu göstərir ki, xalqımızla nə qədər qürur duysaq, azdır. Nə qədər ki, ehtiyacı olduğu halda 180 manat pensiyasını ordumuza bağışlayan Hikmət babalarımız, kəfənpulunu yardım fonduna köçürən nənələrimiz və adlarını bilmədiyimiz neçə-neçə fədakar insanlarımız var, heç bir qüvvə Azərbaycanın haqqını tapdalaya, torpağını bölə bilməz. Bəli, bu gün ölkəmiz azaddır, müstəqildir, bütövdür. Və bütün bunları sinəsini düşmənə sipər edən qəhrəman əsgərlərinə, o əsgərlərin dayağı olan həmrəy xalqına, arxa cəbhəyə borcludur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Şahmərdan Əhmədli