Son vaxtlar sosial şəbəkələrdə ən çox müzakirə olunan məsələlərdən biri də demək olar ki, əlinə smartfon alan hər kəsin istifadə etdiyi “Whatsapp” mobil tətbiqi və onun yeni məxfilik qaydalarıdır. Hər nə qədər insanlar bu tətbiqdən geniş şəkildə istifadə etsələr də, “Whatsapp”ın onlara məxsus məxfi məlumatları kommersiya məqsədləri üçün istifadə etmək istəməsi ciddi etirazlara səbəb oldu. İstifadəçilər kütləvi şəkildə şirkətin qərarını boykot etməyə və tətbiqi smartfonlarında başqaları ilə əvəz etməyə başladılar. Cəmiyyətdə onlara məxsus çox gizli məlumatların başqaları tərəfindən ələ keçiriləcəyi ilə bağlı yaranan narahatlıq təkcə bizim ölkədə deyil, bütün dünyada mətbuatın bir nömrəli gündəminə çevrildi. İnsanlar ən çox da, “Whatsapp”la birlikdə Mark Zükerberqə məxsus olan dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” vasitəsilə bu məsələni müzakirəyə çıxararaq, bir-birilərinə alternativ tətbiqlər tövsiyə etməyə başladılar. Əslində isə “Whatsapp”ın kommersiya məqsədilə istifadə etmək üçün bizdən icazəsini istədiyi məlumatlar, onsuz da bir çox tətbiqin icazə istəmədən əldə etdiklərindən ibarət idi. Bəli, bu hal, yenə də “Whatsapp”ın aldığı qərara haqq qazandırmır, lakin ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (National Security Agency (NSA) - ABŞ-ın ən çox məlumat toplayan kəşfiyyat orqanı) sabiq əməkdaşı Eduard Snoudenin həyatını təhlükəyə ataraq qurum haqqında ortaya çıxardığı sirrlər göstərir ki, “Whatsapp”ın etmək istədiyi dəvədə qulaq belə deyil.
Amerikalı kompüter mütəxəssisi, Mərkəzi Kəşfiyyat İdarəsinin və Milli Təhlükəsizlik Agentliyinin keçmiş məxfi agenti Edvard Cozef Snouden 1983-cü ilin 21 may tarixində ABŞ-ın Şimali Karolina ştatında dünyaya gəlib. Orta məktəbdə və iş həyatında müxtəlif uğursuzluqlara düçar olan Snouden qabaqcıl kompüter biliklərinə görə əvvəlcə məşhur texnologiya şirkəti “Dell”də, daha sonra isə CIA-də (Mərkəzi Kəşfiyyat İdarəsi) işləməyə başlayıb. 2009-cu ildən etibarən isə o, ABŞ-ın Milli Təhlükəsizlik Agentliyində, yəni NSA-da fəaliyyət göstərməyə başlayıb.
30 minə yaxın əməkdaşı olan NSA 1952-ci ildə yaradılıb. Əsas məqsədi isə elmi-texnoloji yeniliklər sahəsində heç bir ölkənin ABŞ-ı qabaqlamaması olub. SSRİ-nin dağılmasında birbaşa rol oynadığı iddia edilən bu qurum hələ 1990-cı ildə, həmin dövrün texnoloji imkanları ilə 96 fərqli ölkədə 3 milyon telefon danışığını dinləmək potensialına sahib idi. Kriptologiya (kodlar haqqında elm) sahəsində ixtisaslaşmış qurum, həmçinin, ABŞ-a məxsus ən məxfi məlumatları qorumaq öhdəliyini yerinə yetirir, daha dəqiq desək, yetirirdi. Ta ki, 2013-cü ilə qədər...
Həmin ilin may ayında E. Snouden NSA-dakı işindən ayrıldı. Ancaq o, bunu məzuniyyət bəhanəsi ilə etdi və Honq Konqa yollandı. İyun ayının 6-da isə NSA-nın iş prinsipləri haqqında "Washington Post" və "The Guardian" kimi nüfuzlu nəşriyyatlara ötürdüyü məlumatlar əslində heç kimin məxfi məlumatının olmadığını ortaya çıxardı. Belə ki, o, NSA və FBI-ın (Federal Təhqiqat Bürosu) qeyri-qanuni olaraq telefon danışıqlarını dinləmək və internet istifadəçilərinin bütün addımlarını izləmək üçün PRISM adlı məxfi proqram həyata keçirdiklərini açıqladı. Daha sonra isə məlum oldu ki, PRISM 2007-ci ildə Terrorizmə Nəzarət Proqramının əvəzi kimi qəbul edilib və telekommunikasiya şəbəkələri üzərindən ötürülən məlumatların kütləvi gizli toplanması məqsədi ilə həyata keçirilən tədbirlər kompleksidir. Hətta ABŞ rəsmiləri bu barədə açıqlama verməyə belə məcbur oldular.
“Washington Post” təkcə 2010-cu ildə PRISM də daxil olmaqla NSA-ya məxsus kəşfiyyat sistemlərinin təqribən 1,7 milyard telefon danışığı və elektron poçtu ələ keçirdiyini, həmçinin dünyadakı mobil telefon sahiblərinin 5 milyard dəfə yer və hərəkətlərini qeyd etdiyini hesablamışdı. PRISM proqramı həm də “Microsoft” (Hotmail), “Google” (Google Mail), “Yahoo!”, “Facebook”, “YouTube”, “Skype”, “AOL”, “Apple” və “Paltalk” kimi nəhəng platformalarda xüsusi məxfilik qaydaları ilə mühafizə olunan şəxsi hesablara belə maneəsiz qoşulmağa icazə verirdi. Bəlkə də, bu hələ indi də belədir. Amma ABŞ bütün bunları dövlət sirri adlandıraraq heç bir məlumat vermədi. Təbii ki, milyardlarla dollar xərclənmiş bir layihənin belə tezliklə sonlandırılacağını gözləmək absurd olardı.
Honq Konqda bir neçə ay yaşadıqdan sonra E. Snouden Rusiyaya üz tutdu və siyasi sığınacaq tələb etdi. Hazırda orada məskunlaşıb və təhlükəsizliyi üçün yaşadığı ünvan haqqında heç bir yerdə məlumat yoxdur. Snoudenin özü və bu məlumat Rusiya hökuməti tərəfindən qorunur.
Daha sonra mətbuata verdiyi müsahibələrdən birində sabiq NSA əməkdaşı atdığı addımların səbəbi kimi əxlaqi dəyərləri göstərdi: “Belə şeylərin yaşandığı bir dünyada yaşamaq istəmirəm. Həyata keçirdiyim bütün hərəkətlərin və dediyim bütün sözlərin izləndiyi bir dünyada yaşamaq istəmirəm”.
Təbii ki, ABŞ hökuməti dövlət sirrini ortaya çıxarmaq ittihamı ilə Snouden haqqında həbs qərarı çıxardı. Lakin bunun da hər şeyi bilmək və görmək istəyən ABŞ kəşfiyyatının bir oyunu olmadığını heç kim əminliklə deyə bilməz.
2019-cu ildə isə E. Snouden avtobioqrafiya hesab olunan və bütün bu prosesləri ən incə detallarına qədər təsvir etdiyi “Daimi qeyd” (Permanent Record) adlı kitabını çapdan çıxardı.
Bütün bunlarla müqayisədə isə “Whatsapp”ın bizə təklif etdiyi müqavilə çox gülünc və absurd görünür. Bu qədər...
Şahmərdam Əhmədli