Bütün dünyada neft ölkəsi kimi tanınan Azərbaycan XIX əsrin sonlarında neft hasilatı və emalına görə dünyada birinci yerdə qərarlaşmışdı. 1899-cu ildə dünyada hasil olunan neftin yarısı artıq Azərbaycanın payına düşürdü. Belə olan halda, XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan neft sənayesinə xarici kapitalın axını başladı. Həmin dövrdə neft sənayesində çalışan əcnəbilərdən biri də Nobel qardaşları idi.

Nobellər Bakıya necə gəldi?
Nobel qardaşlarının Bakıya gəlişi XIX əsrin 2-ci yarısına təsadüf edir. Nobellər ailəsi İsveçdə yaşayır və burada silah istehsalı ilə məşğul olurdular. 1843-cü ildə Nobel qardaşlarının atası Emanuel oğulları Alfred, Lüdviq və Robertlə birgə İsveçdən Rusiyaya gəlir və Krım müharibəsinə cəlb olunan Rusiya ordusu üçün silah istehsal etməyə başlayır.
Silah istehsalı ilə məşğul olan Nobel qardaşlarının tüfəng qundağı üçün daha möhkəm ağaca ehtiyacları yaranır. Keçmiş çar Rusiyasının ərazisində ağac axtarışına çıxan Nobel qardaşlarının ən kiçiyi - Robert Lənkərana qədər gəlib çıxır. Robert Nobel geri qayıdanda yolu Bakıdan keçir və yeni-yeni inkişaf etməyə başlayan neft sənayesinin geniş imkanlarını görür.
Robertin istəyi ilə 1876-cı ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" adlı şirkət yaradırlar. Çox qısa müddətdə Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olur, bir sıra zavodlar alırlar. Bakının tarixini araşdıran yazıçı Qılman İlkin “Bakı və bakılılar” əsərində yazır ki, Nobel qardaşları Bakı mədənlərinə Amerikadan neft avadanlığı və texnologiyalar, nefti müasir üsullarla çıxarmaq üçün Pensilvaniyadan Bakıya buruq ustaları gətirirlər.

Dünyada ilk neftdoldurma tankeri …
Lakin Nobellərin ən böyük nailiyyəti - dünyada ilk neftdoldurma tankerinin yaradılması olur. 1877-ci ildə Nobel qardaşlarının sifarişi ilə İsveçdə ilk neftdoldurma gəmisi "Zoroastr" (“Zərdüşt”) inşa edilir.
Artıq 20-ci əsrin əvvəllərinə yaxın Bakıda fəaliyyət göstərən 20-yə qədər xarici şirkət arasında ən aparıcı yer “Nobel Qardaşları”na məxsus idi. 1897-ci ildə "Nobel Qardaşları" şirkətinin kapitalı artıq 32 milyon rubla bərabər idi.
Bakının neft sənayesinə yeni texnologiyalar gətirən Nobel qardaşları burada çox baha başa gələn mürəkkəb təcrübələri sınaqdan çıxarırdılar. Nobellər neft sənayesində ilk dəfə olaraq buxar maşınından Bakıda istifadə etdilər.
Neft istehsalının artması neftin daşınması məsələsini də vacib məsələ kimi irəli sürürdü. Daşınma çox vaxt hava şəraiti ilə əlaqədar ləngiyirdi. Neft emalı sürətlə inkişaf edir, daşınma isə ibtidai şəkildə qalmaqda idi. Bu sahədə də ilk addım Nobel qardaşları tərəfindən atıldı. Onlar başqa sahibkarlara müraciət edərək Balaxanıdan Qara Şəhərə müştərək kəmər çəkməyi təklif etdilər. Lakin onlardan heç kəs bu təkliflə razılaşmadı. Lüdoviq Balaxanıdan Qara Şəhərə öz hesabına kəmər çəkdirdi. O, xərclədiyi 100 000 manatı bir ildə çıxartdı. Kəmərin çəkilməsi nəticəsində neftin zavoda daşınması çox ucuz başa gəldi.
Bu kəmər hər gün Balaxanıdan Qara Şəhərə 24 min pud neft vururdu. Bu, iqtisadi cəhətdən Nobel qardaşları üçün çox əlverişli idi. Balaxanıda neftin pudu 8 qəpik idi. Nobel qardaşları isə onu Qara Şəhərdə 14 qəpiyə satırdılar. Beləliklə, Nobel qardaşları bir pud neftin kəmərlə daşınması üçün 6 qəpik alırdılar. Arabaçılar isə Balaxanıdan Qara Şəhərə neftin pudunu 8 qəpiyə daşıyırdılar və onların daşıdığı bir pud neft 16 qəpiyə başa gəlirdi. Bununla belə Nobel qardaşları bundan hər gün 1000 manat pul əldə edirdilər. Nobellərdən sonra “Bakı neft şirkəti” də Balaxanıdan Suraxanıya - öz zavodlarına kəmər çəkdirdi.

Məşhur “Nobel mükafatı”nda Bakı neftinin payı
Bakıda “Nobel Qardaşları” şirkətinin təsisçiləri üç qardaş - Lüdoviq, Robert, Alfred olur.  Şirkətin əsas rəhbərliyi Lüdoviqin əlində cəmlənir. Alfred təsisçilər siyahısına daxil edilsə də, şirkətin işində bilavasitə iştirak etmir. O, İsveçdə yaşayırdı. Görkəmli alim idi. Elmi əsərlərinə görə kimya elmləri doktoru adını almışdı. Bütün dünyada dinamitin və tüstüsüz barıtın ixtiraçısı idi. “Nobel Qardaşları” şirkətinin idarə heyətində yaxından iştirak etməsə də, öz kapitalı və tətbiqi kimyanın böyük mütəxəssisi kimi öz məsləhətləri ilə şirkətə kömək edirdi. 1879-cu ildə "Nobel Qardaşları" şirkəti təsis edilərkən Alfred Nobelin adına cəmi 115 min rubl məbləğində səhm alınmışdı. Şirkətin əsas kapitalının (3 milyon rubl) cəmi 3,8 faizinə bərabər olan bu rəmzi "səhm paketi"nin dəyəri 17 il ərzində artaraq 3 milyon 740 min İsveç kronuna çatdı.
Alfred Nobelin ümumi sərvətinin 12 faizini Bakı neftindən əldə etdiyi gəlirlər təşkil edirdi. Və öləndə vəsiyyət etdi ki, hər beş ildən bir onun sərvətindən gələn gəlir insanlara xidmət edən şəxslərə mükafat kimi verilsin. Bu gün “Nobel mükafatı” kimi məlum olan həmin mükafat 1901-ci ildən etibarən təqdim olunur.
Əsrin axırında neft istehsalının 20 faizini, kerosin emalının 40 faizini “Nobel Qardaşları” şirkəti verirdi, “Nobel Qardaşları” şirkəti Rotşildə məxsus “Mazut cəmiyyəti” ilə birləşib “Nobel-Mazut” inhisar birliyi yaratmışdılar. Rusiyanın bütün daxili bazarlarında birlikdə hegemonluq edirdilər. Xəzər dənizi vasitəsilə Rusiyanın bazarlarına daşınan duru yanacağın 57 faizi, sürtgü yağlarının 57,5 faizi və ixrac olunan neftin 60 faizi bu şirkətlərin əlində idi.
1908-ci ildə “Nobel Qardaşları” şirkəti müxtəlif sənaye sahələrini birləşdirən iri kapitalist konserninə çevrilmişdi. Nobellərin neft imperiyasında 25 mindən artıq adam işləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif müəssisə daxil idi. Şirkət dünyanın kerosin bazarının bölüşdürülməsində Rotşild və Rokfellerlə bərabər fəal iştirak edirdi.

“Bizi ifliç vursa, Bakıdan vuracaq"...
XX əsrin əvvəllərində Rusiyada başlayan inqilabi hərəkat ən çox Bakının neft mədənlərində çalışan fəhlələr arasında yayılımağa başladı. O zaman Peterburqda yaşayan Nobel qardaşlarından biri öz xatirələrində belə yazırdı: “Elə gün olmur ki, mədən və zavodlarda fəhlələr iğtişaş salıb, maşın və avadanlıq sındırmasınlar. Ürəyimiz Bakıdadır. Bizi ifliç vursa, Bakıdan vuracaq”…
Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atmağa başladılar və 1920-ci ilin aprel ayında onlar Bakıya daxil olub neft sənayesini milliləşdirdilər. Bununla da Nobel qardaşlarının Bakıdakı fəaliyyəti sona çatdı…

 

Allahverdi Cəfərov