Son illərdə dünyanın ən yaxşı təhsil sistemi dedikdə sözsüz ki, ağıla ilk olaraq Finlandiya təhsili gəlir. Çünki fin təhsili təhsildə bərabərlik və mükəmməlliyi təmin etmək üçün şagirdlərə yüksək imkanlar yaradır. Burada təhsil sistemi tam şəkildə dövlət tərəfindən maliyyələşdirilir. Praktiki olaraq təhsil siyasəti dövlət və bələdiyyələr tərəfindən həyata keçirilir. Ancaq hər bir məktəb öz işini, təlim-tərbiyə prosesini müstəqil şəkildə planlaşdırmaq hüququna malikdir. Ölkədə 1 illik məktəbəqədər, 9 illik əsas, 3 illik peşə təhsili olmaqla tam təhsil 12 ildən ibarətdir. Finlandiya təhsili ilə bağlı “Fraza” jurnalına danışan pedaqoq Elnur Əzizov bu təhsilin maraqlı və mükəmməl tərəflərini izah etdi. Onun sözlərinə görə, fin təhsili parta arxasında oturaraq deyil, əylənərək öyrənməyə üstünlük verir: “Fin təhsili dünyanın ən yaxşı təhsil sistemlərindən biridir. Burada uşaqlar 7 yaşından etibarən məktəbə getməyə başlayırlar. Məktəblərdə təhsil sisteminin keyfiyyəti eyni olduğundan valideynlər rahatlıqla fərq qoymadan evə ən yaxın məktəbi seçə bilirlər. Araşdırmalara görə, Finlandiya ən az cinayət hadisəsi baş verən ölkədir, buna görə də, valideynlər uşaqlarını rahatlıqla tək başına məktəbə yola salırlar. Şagirdlər məktəbə istər piyada, istərsə də velosipedlə gedirlər. Hətta Finlandiya təhlükəsizliyinə görə “Xoşbəxtlər ölkəsi” adlandırılır. Fin təhsilində ibtiadi sinifdə olan ən maraqlı metodlardan biri də burada qiymətləndirmənin olmamasıdır. Yəni, şagirdlər hər hansı bir şəkildə sorğuya çəkilmir və bilikləri ölçülmür. Beləliklə də onlar məktəbə gedərkən düşünmürlər ki, bu dərsi danışmasam, nə olacaq. Bir sözlə, şagirdlər arasında rəqabət anlayışı olmur. Fin təhsili şagirdlərin yaşlarını nəzərə alaraq uşaqlıqlarını əlindən almır. Yəni, gün ərzində 4 fənn tədris olunur və fasilə dərs vaxtından çox olur. Dərsdən sonra isə uşaqlar oyun oynayırlar, mahnı oxuyurlar, musiqi dinləyirlər, məktəbdə olan əlavə dərnəklərdə iştirak edirlər. 8-ci sinifə qədər şagirdlər arasında fərq qoyulmadan vahid proqram tərtib olunur, daha sonra isə onlar xüsusi peşə proqramı seçmək hüququna malik olurlar. Məktəbdə qidalanma da ödənişsiz verilir. Belə ki, azyaşlılara gün ərzində iki dəfə (səhər və günorta), yuxarı sinif şagirdlərinə isə bir dəfə (günorta) yeməyi verilir. Məktəbdə şagirdlərə diqqət o qədər yüksəkdir ki, allergiyalı uşaqlar üçün xüsusi menyular hazırlanır.
Fin təhsil sisteminin ən böyük uğuru formal və qeyri-formal təhsilin vəhdət təşkil etməsidir. Yəni, burada öyrənərkən müəllim şagirdlə, şagird də müəllimlə birlikdə əylənir. Hətta sinifin dizaynı belə hər iki tərəfdən asılı olur. Siniflərdə standart parta, lövhə anlayışı olmur və uşaq sərbəst şəkildə otura, gəzə və istədiyi zaman əlini yuya bilir. Təbii ki, bu diqqət çəkməyəcək, dərsə mane olmayacaq şəkildə baş verir. Bunun üçün sinif otaqlarında istənilən şərait var. Burada dəqiq fənləri öyrənərkən əyləncəli üsullardan istifadə edilir. Bir sözlə, fin təhsil sistemi parta arxasında oturaraq deyil, əylənərək öyrənməyə üstünlük verir. Bu, həm öyrədən, həm də öyrənən üçün rahatdır. Beləliklə də uşaq məktəbi ağlayaraq getdiyi məkan yox, konfort zonası kimi düşünür və ora ikinci ev anlayışı ilə yanaşır. “Məktəb bizim ikinci evimizdir” anlayışı bizdə yalnız sözdə olsa da, finlandiyalılarda belə deyil. Orada uşaqlar məktəbə girəndə ayaqqabılarını çıxarır, geyimlərini qarderoba qoyur və corabla gəzirlər.
Pedaqoqun sözlərinə görə, Finlandiyada məktəblərdə təbəqələşmə anlayışı yoxdur: “Burada hər hansı fiziki məhdudiyyəti olan uşaqlar ayrı siniflərdə deyil, digər uşaqlarla birlikdə oxuyurlar. Belə uşaqların ümumi məktəblərdə təhsil alması onların sosial həyata adaptasiya olmasına şərait yaradır. Düzdür, son dövrlərdə Azərbaycanda da fiziki məhdudiyyəti olan uşaqların cəmiyyətə inteqrasiyası barədə addımlar atılır, layihələr təqdim olunur, sosial çarxlar çəkilir. Lakin təhsil müddətində sağlam uşaqlar ayrı, məhdudiyyətli uşaqlar ayrı təhsil alırlar. Belə olanda istər-istəməz uşaqlar düşünürlər ki, fiziki məhdudiyyəti varsa, fərqlidir. Finlandiyada isə bu məsələni məkətəbə gedən yaşdan etibarən həll edir və uşaqlara bunun praktikasını yaşadırlar. Bir vacib məqam isə qavrama qabiliyyəti zəif olan uşaqlara müəllimlərin fərdi yanaşmasıdır. Yəni, müəllimlər şagirdlərin hansı sahədə zəif olduğunu tapır və ona uyğun əlavə tapşırıqlar verirlər. Beləliklə, həmin şagirdlər digərlərindən geri qalmamış olurlar. Müəllimlər burada işə götürülərkən üç mərhələdən keçirlər və onların magistratura təhsili olur. Əgər müəllimin öz sahəsində geriləməsi varsa, bu, problem olaraq qəbul olunmur və o, hər həftə xüsusi kurslarda iştirak edərək özünü inkişaf etdirir. Finlandiya məktəblərində dərs o qədər mükəmməl tədris olunur ki, hər hansı hazırlıq kursları və ya repititorlara ehtiyac qalmır. Burada təhsilə biznes gözü ilə baxılmadığından, müəllimlərin maaşları da yüksək olur”.
Elnur Əzizov eyni zamanda Azərbaycandakı təhsil sistemi ilə fin təhsil sistemi arasındakı fərqləri də izah etdi: “Fin təhsili ilə Azərbaycan təhsili arasında fərqlər çoxdur. İlk öncə siniflərdəki şagird sayından başlayaq. Finlandiyada siniflərdə 15-20 nəfər olur. Bu da onların nəzəri olaraq öyrəndiklərini praktikada tətbiq etmələrinə çox müsbət təsir edir. Azərbaycanda isə məktəblərin əksəriyyətində 30-40 şagird olur. Bundan başqa, valideynlərin uşaqların çantasını qapıya qədər aparma məqamını qeyd etmək istəyirəm. Bu addımın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, valideyn istəmir övladı ağır çanta daşısın. Çünki ağır çantalar uşağın fiziologiyasına, onurğa sütununa təsir göstərir. Mənfi tərəfi odur ki, şagird özündə məsuliyyət hiss etmir, hətta çantanı hər gün valideyn yığmağa başlayır. Burada əslində günahı valideyndə yox, təhsil sistemində axtarmaq lazımdır. Çünki dərsliklər çox qalın olur, hətta bir kitabın özünün bir neçə əlavə dəftəri, test kitabı, iş dəftəri olur. Bunlar da bir arada olduqda çantanın çəkisi 7-10 kq-a çatır. Tədris proqramının ağır olması uşağın savadlı olması demək deyil. Azərbaycanda həqiqətən də bu proqram çox ağırdır. Fin təhsilində isə belə deyil, onlarda ev tapşırığı anlayışı yoxdur. Əgər tapşırıq varsa, o, məktəbdə həll olunmalıdır. Evdə isə uşaqlar vaxtlarını valideynləri ilə gəzərək, oynayaraq keçirirlər. Bundan başqa, Fin təhsilində şagirdlər əlavə sınaqlara gedib, imtahan stressi yaşamırlar. Sadəcə olaraq, 16 yaşına çatdıqda ölkə üzrə bütün şagirdlər vahid bir imtahana girirlər.
Mən həm özəl, həm də dövlət məktəblərində işləmişəm. Hətta sinif rəhbəri də olmuşam və şagirdlərimə rahatlığı təbliğ edib istədikləri zaman diqqət yayındırmadan su içə biləcəklərini öyrətmişəm. Bir dəfə fənn müəlliməsi məni sinifə çağırdı və mənə dedi ki, şagirdləriniz tərbiyəsizlik edir. Mən də çox pis oldum. Şagirdlərimə dedim ki, görün siz nə etmisiniz ki, müəllimə bu ifadəni işlədir. Daha sonra müəllimədən soruşdum ki, uşaqlar hansı hərəkəti edirlər. Dedi ki, mənim gözümün qarşısında su içirlər. Mən həmin vaxt özümü güclə saxladım ki, etika qaydalarını pozmayım, həm də uşaqların qarşısında müəlliməyə nəsə söz deməyim doğru olmazdı. Uşaqlara dedim ki, bu barədə sonra danışarıq, dərsə mane olmayım. Müəlliməyə isə uğurlar arzulayıb, bir daha belə vəziyyətlə qarşılaşmayacağını bildirdim.
Ona görə təhsilə olan yanaşma fərqli olmalıdır. Təhsildə şagird elə faktordur ki, onu hansı qəlibə qoysan, o formada inkişaf edəcək. Burada əsas olan təhsil sistemi, təhsilə olan yanaşma və valideyn faktorudur. Biz sovet dövrünün təhsil sistemindən çıxmışıq və mühafizəkar, klassik düşüncəli valideynlərlə qarşılaşırıq. Belə valideynlərin yerini isə zaman keçdikcə müasir düşüncəli valideynlər əvəzləyir. Məlumdur ki, sovet təhsil sistemi öz dövrünə görə güclü təhsil sistemi idi. Bəzən qocaman müəllimlər hələ də sovet təhsilini müdafiə etsələr də, görünən odur ki, bu təhsil ilə gedən ölkələr o qədər də inkişaf edə bilmirlər.
Müəllim əslində yaradıcı olmalıdır və daim öz üzərində işləməyi bacarmalıdır. Məsələn, mən həmişə çalışmışam ki, dərsləri uşaqların maraq dairəsinə uyğun təşkil edim. Ədəbiyyat dərsini tədris edəndə heç vaxt şeirlərin hamısını uşaqlara əzbərlətdirmirdim. Biz şairin oxucuya çatdırmaq istədiyi məqamları müzakirə edir, intonasiyalı şəkildə oxumağı öyrənirdik. Əksər uşaqlar isə mən demədən şeiri özləri əzbərləyirdilər və hədəf qoyurdular ki, bir neçə bənd əzbərləyəcəyəm. Bundan başqa, drama üstünlük verirdik və mövzunu səhnələşdirirdik. Beləliklə, dərs həm əyləncəli, həm də yaddaqalan olurdu”.
İlahə Hüseynova