Ötən ilin əvvəlindən başlayaraq yayılan koronavirus pandemiyası dünyada elektron (onlayn) ticarətə, yəni internet vasitəsilə həyata keçirilən alış-verişə marağı daha da artırdı. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) B2C ("Business to Consumer" - "Biznesdən Müştəriyə") elektron kommersiya indeksinə görə son bir ildə dünyada elektron ticarətin həcmi 20%-ə yaxın artıb.
Azərbaycan Statistika Komitəsinin məlumatında isə deyilir ki, son bir ildə ölkədə elektron ticarətin həcmi 2,4 dəfə artıb. Azərbaycanda ümumi ticarət dövriyyəsinin 10%-ə yaxını elektron ticarətin payına düşür. Halbuki? bu göstərici 5-6 il əvvəl 1-2% həddində olub.
Elektron ticarət nə zaman ortaya çıxıb: Dünyada və Azərbaycanda?
Məlumat üçün bildirək ki, onlayn ticarət sisteminin ilkin forması 1960-cı ildə ABŞ-da ortaya çıxıb. Həmin tarixdə "American Airlines" və IBM şirkətləri aviabiletlərin satışını avtomatlaşdırılmış sistem vasitəsilə həyata keçiriblər. Bu elektron ticarət sistemi ilə bağlı ilk təcrübə hesab edilir. Ancaq müasir elektron ticarət sistemi internetin geniş şəkildə tətbiqindən sonra, yəni ötən əsrin 90-cı illərindən başlayaraq sürətlə inkişaf etməyə başlayıb.
"Elektron ticarət haqqında" qanun Azərbaycanda 2005-ci ildə qəbul olunub. Lakin, 2008-ci ilə kimi ölkədə internet üzərindən ödəmə sistemi, yəni onlayn ödəniş mümkün olmadığı üçün elektron ticarət tətbiq edilməyib. İlk dəfə 2008-ci ilin dekabr ayının 2-də "SilverKey Azərbaycan" şirkəti "GoldenPay" adlı onlayn ödəmə sistemi qurub. Məhz bu tarixdən sonra ölkədə elektron ticarətin tətbiqinə başlanıb.
Elektron ticarət nədir?
"Elektron ticarət haqqında" qanunda qeyd olunur ki, bu ticarət - informasiya sistemlərindən istifadə edilməklə, malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyətdir. Yəni, hər hansı xidmət və ya məhsulun satıcı ilə birbaşa ünsiyyətdə olmadan, internet vasitəsilə satın alınmasıdır. Bunun üçün müştəri satıcının veb-saytına daxil olmalı, almaq istədiyi məhsul və ya xidməti seçməlidir. Sonra müştəri ödəniş aparılacaq veb-sayta istiqamətləndirilir. Ödəniş edildikdən, yəni məhsul və ya xidmətin haqqı müştərinin kart hesabından satıcının bank hesabına köçürüldükdən sonra, satıcı alınmış məhsul və ya xidməti müştəriyə çatdırmalıdır. Mövcud qanunvericilikdə tərəflərin - alıcı və satıcının hüquq və vəzifələri göstərilib. Qeyd edək ki, ölkəmizdə elektron ticarətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) tələb olunmur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan istənilən vergi ödəyicisi elektron ticarətlə də məşğul ola bilər. Ənənəvi ticarətdə olduğu kimi, burada da müqavilə bağlamaq, qəbz almaq mümkündür.
"Elektron mağaza"lar kirayə haqqı ödəmirlər...
Elektron ticarət ənənəvi ticarətdən əlavə vəsaitə və vaxta qənaət edilməsi ilə fərqlənir. Məsələn, ənənəvi mağazalardan fərqli olaraq "elektron mağaza"lar (veb-saytlar) üçün kirayə haqqı ödənilmir. "Elektron mağaza"larda ənənəvi mağazalardakı qədər işçiyə ehtiyac olmur. Həmçinin, "elektron mağaza"ların müştəriləri daha çox olur. Bu "mağaza"larada satılan məhsulları dünyanın hər yerindən satın almaq mümkündür. Üstəlik, evdən bayıra çıxmadan istənilən məhsulu və ya xidməti satın almaq imkanınız var. Elektron ticarət əməliyyatları qeydə alındığı üçün burada vergidən yayınma halları da olmur. Bu da təbii olaraq "gizli" iqtisadiyyatın qarşısını alır.
Təhlükəsizlik necə təmin edilir?
Ölkəmizdə elektron ticarətin geniş yayılmamasının ən ciddi səbəblərindən biri də insanların bu sistemə inamsızlığı ilə bağlıdır. İnsanlar kart hesabları ilə bağlı məlumatları başqaları ilə paylaşmağa çəkinirlər. Lakin bütün dünyada olduğu kimi ölkəmizdə də elektron ticarət sistemində təhlükəsizliyi təmin etmək üçün zəruri tədbirlər görülür. Məsələn, Visa, Visa Electron, Master Card kimi plastik kartlar xüsusi təhlükəsizlik koduna sahibdirlər. Hətta, kartınızın nömrəsi oğurlansa belə, bu kodu bilmədən heç kim sizin hesabınızdan pul çıxara bilməz. Bundan başqa, dünyada SSL (“Secure Sockets Layer” - “Təhlükəsiz Soketlər Protokolu”) şifrlənməsindən istifadə edilir. Məlumatlar bir saytdan digərinə ötürülən zaman şifrlənir. Ölkəmizdə ödəniş sistemlərini təşkil edən şirkətlər də bu şifrlənmədən istifadə edirlər. Məlumat üçün qeyd edək ki, hazırda dünyada ən etibarlı şifrlənmə "VeriSign SSL" hesab edilir. Bütün bunlara baxmayaraq, elektron ticarət sistemində iştirak edənlərdən diqqətli olmaları tələb olunur. Mütəxəssislər tanınmış və etibarlı veb-saytlar vasitəsilə alış-veriş etməyi məsləhət görürlər.
Aldanmamaq üçün nələrə diqqət etmək lazımdır?
Əgər "onlayn mağaza"dan mal almaq istəyirsinizsə, bəzi məqamlara xüsusi diqqət etməlisiniz. Mütəxəssislər hesab edirlər ki, istər yerli, istərsə də xarici saytlardan alış-veriş edərkən, diqqət və ehtiyat etməli olduğunuz bir neçə məqam var:
- Yalnız tanınmış, yəni, daha çox insanın etibar etdiyi veb-saytları seçin. Daxil olduğunuz veb-saytda satıcının - "onlayn mağaza"nın sahibinın adı, ünvanı, əlaqə məlumatları (telefon, faks və elektron poçt ünvanları və s.), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), malların, xidmətlərin qiyməti, çatdırılma haqqını kimin ödəyəcəyi barədə məlumat, elektron müqavilə bağlamaq üçün imkanlar və digər zəruri məlumatların olması vacibdir.
- Şifr seçdiyiniz zaman sizin üçün yaddaqalan, başqaları üçün mürəkkəb görünən rəqəmlərdən və hərflərdən istifadə edin. Şifrdə eyni zamanda həm rəqəmlər, həm də hərflərdən istifadə edin. Əgər elektron ticarətdən mütəmadi istifadə edirsinizsə, zaman keçdikcə şifrlərinizi dəyişin. Kartla ödəniş edərkən veb-saytların sizə təklif etdiyi "Şifrimi saxla" təklifini təsdiqləməyin. Hətta, etibarlı veb-saytların belə "Şifrimi saxla" təklifini qəbul etmək məsləhət görülmür. Çünki, onlayn ticarət etdiyiniz cihaz (telefon, planşet, kompüter və s.) itdikdə, ya da oğurlandıqda sizin hesablar təhlükə altına düşə bilər.
- Onlayn alış-veriş etdiyiniz veb-saytların, ya da ödəniş etdiyiniz saytın SSL şifrlənməsindən istifadə edib-etmədiyinə diqqət edin. SSL şifrlənməsi sayt ünvanlarının düzgünlüyünü yoxlayan və iki nöqtə arasındakı məlumat əlaqəsinin şifrlənmiş kanal üzərindən etibarlı şəkildə ötürülməsini təmin edən bir məhsuldur. Bir veb serverə quraşdırıldıqda, kilidləmə düyməsini və “https” protokolunu aktivləşdirir və veb serverdən brauzerə etibarlı əlaqələr əldə etməyə imkan verir. Bəs veb-saytın SSL şifrlənməsi quraşdırdığını, yəni, etibarlı olduğunu necə müəyyən edə bilərsiniz? Əgər sayt SSL şifrlənməsi quraşdırıbsa, ünvan yerindəki “http” yazısı “https”a çevrilir və buradakı “s” hərfi etibarlıdır mənasını verir. Yaxud da SSL quraşdırılan saytın ünvan yerində kilid və ya yaşıl çubuq işarəsi göstərilir.
- Şişirdilmiş və ya qeyri-real təkliflərdən uzaq durum. Əgər təklif reallığa uyğun deyilsə, burada aldanma ehtimalı yüksəkdir. Məsələn, əgər bir məhsulun qiyməti mağazalardakı analoji məhsulun qiymətindən kəskin şəkildə aşağı təklif olunursa, ehtiyatlı olmaq lazımdır və mütləq həmin məhsul və "onlayn mağaza" barədə ətraflı araşdırma aparılmalıdır.
- Açıq “Wi-Fi” məkanlarında alış-veriş etməyin. Əgər alış-veriş edəcəksinizsə, “Wi-Fi” əlaqəsinin etibarlı olmasından əmin olun. Çünki bu cür pulsuz əlaqələr vasitəsilə kredit kartı məlumatlarınız çox asanlıqla görünə və nəticədə, başınıza gəlməsini arzu etmədiyiniz oğurluq hallarına səbəb ola bilər.
Allahverdi Cəfərov