Unutmaq fəlakətdir
Qan qanla, tarix tarixlə həm yuyulur, həm təzələnir. Qanımız çox axıdıldı, tariximiz qara yazıldı. Ağır illərdən keçdik, ağla gəlməyən məşəqqətlər yaşadıq. Savaşdıq, amma hər dəfə də əzildik, ağır yaralar aldıq. Arxalı köpək qurd basar deyiblər, biz təkcə köpəklərlə savaşmadıq, köpəklərin arxasındakılarla da savaşdıq. Ona görə də, istədiyimiz nəticəni ala bilmirdik. Ona görə də, hər dəfə yeni bir yara alırdıq. Yara var canda olur, yara var yaddaşda, həm canımızdan, həm yaddaşımızdan qanımız axdı. Zaman keçdikcə bəzi yaralarımız qaysaq bağladı, ağrısı səngidi, amma yara var ki, ağrısı canda səngisə də, yaddaşımızda hər zaman qan verəcək, hər il qaysağı qopacaq və o tarix yaddaşlarda yenidən yaşanacaq. XX əsrdə çox belə hadisələr gəlib başımıza, hamısı da eyni əllərlə icra olunub. Amma yaşadığımız o müsibətlərdən elələri var ki, onları unutmaq fəlakətdir, qeyrətsizlikdir, növbəti faciələrə qapı açmaqdır, 1918-ci il mart qırğınları, 1990-cı il 20 yanvar hadisələri və 1992-ci il Xocalı soyqırımı kimi.
"Tarix hadisələrin təkrarından ibarətdir" deyənlərə qarşı Mehmet Akif Ərsoyun,
“Tarixi təkərrür deyə tərif ediyorlar,
Heç ibrət alınsaydı, təkərrürmü olurdu?!”
- düsturu dayanır və çox da haqlı səslənir. Əgər tarixdən ibrət alınsa, tarixi həqiqətlər nəzərə alınaraq addımlar atılsa, hər kəs dostunu da, düşmənini də yaxşı tanıyar, kimə güvənməli, kimdən qorunmalı olduğunu bilər, bir dəfə başına gəlmiş fəlakəti bir daha yaşamaz.
 
O gecəyə gedən yol

Tarix boyu ən amansız deyilən müharibələrdə qocalara, uşaqlara, qadınlara toxunulmadı, İkinci Dünya Müharibəsində Volqa çayına qədər irəliləyən almanların hansısa kənddə dinc əhalini kütləvi şəkildə qırdığı qeydə alınmayıb, amma 200 ildir ki, yersiz gəldi, yerli qaç prinsipi ilə bizə yağı kəsilmiş erməni nəinki cana qıyır, hələ üstəlik ağacları da kəsir, heyvanları da tələf edir, evləri də yandırır. Bir vaxtlar ermənilərin dinc əhalinin kürəyinə qaynayan samovar bağlaması söhbəti adama nağıl kimi gəlirdi, amma Xocalıda yaşananlar onların necə zalım, zalım olduqları qədər də qorxaq, ikiüzlü olduqlarını göstərir.
Xocalı soyqırımına qədər Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında ermənilər tərəfindən xüsusi amansızlıqla qətlə yetirildi. Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qaldı. Xocalı isə başqa bir dəhşəti yaşadı, tarixdə mislinə az rast gəlinən, sözlə ifadə edilməsi mümkün olmayan bir faciə yaşandı bu şəhərdə.

Xocalı həqiqətləri
Rəsmi mənbələrdə Xocalı soyqırımı haqqında belə yazılır: "1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdi, onlara misli görünməmiş qəddarlıqla divan tutdu, şəhər barbarcasına yerlə-yeksan edildi. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur."
Əslində, o gecə qətlə yetirilənlərin sayının 613 göstərilməsi doğru deyil, çünki xilas olunan yaralıların bir çoxunun cəmi iki-üç gündən sonra dünyadan köçdüyü məlumdur. Bu zamana qədər taleyindən heç bir xəbər tutmadığımız 150 soydaşımızın da adlarını itkin deyil, şəhid siyahısına daxil etməliyik. O hadisədən sonra neçə insanımız dözmədi, evində oturduğu yerdə canını tapşırdı.
 
Xocalı dərsləri
Xocalı soyqırımı zamanı başımıza gətirilən müsibətlər tarixdə az-az rast gəlinən hadisələrdəndir. Videogörüntülər, şəkillər, şahid ifadələri, ermənilərin özlərinin etirafları sübut edir ki, biz insanlığını itirmiş, hər cür vəhşiliyi işləyə biləcək kütlə ilə savaşmışıq və savaşmağa məhkumuq. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı diviziyasının hərbi maşınlarının müşayiəti ilə əliyalın Xocalı üzərinə basqın edən ermənilər tarixdə elə bir cinayət işlədilər ki, ifadə etməyə söz tapmırıq. İnsan da ananın döşünü kəsib çağanın ağzına bacaraq hər iksini də qətrlə yetirərmi? - İnsan etməz, amma erməni edər. İnsan da yaralıları, meyitləri təpə kimi toplayıb, sonra da üstünə benzin töküb atəşə verərmi, göylərə ucalan fəryada laqeyd qala bilərmi? - İnsan qalmaz, amma erməni qalar. İnsan da bələkdəki çağanı süngüyə keçirərmi? - İnsan keçirməz, amma erməni keçirər. İnsan da can verməkdə olan yaralıları, meyitləri bataqlığa atıb körpü kimi üstündən keçərmi? - İnsan keçməz, amma erməni keçər. İnsan da körpə uşaqları diri-diri divara mıxlayıb, sonra da başının dərisini soyaraq neçə dəqiqəyə can verəcəyini sayarmı? - İnsan saymaz, amma erməni sayar. İnsan da məscidə sığınmış müsəlmanları diri-diri oda verib yandırarmı? - İnsan yandırmaz, amma erməni yandırar...
 
2783 rəmzi
1905-06-cı illərdə baş verən müharibələrdə ermənilər minlərlə soydaşımızın canına qıydılar; Birinci Qarabağ Müharibəsində 30 mindən artıq şəhid verdik; 20 yanvarda bir gecədə mindən çox insanımız yaralandı, qətlə yetirildi; 1918-ci ilin mart qırğınlarında ermənilər Azərbaycanda 12 mindən çox insanımızı həyatdan qopardı. Tarixin hansı səhifəsini qaldırsan, tökülən qan və göz yaşlarımızı görərsən. 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ Müharibəsi tariximizdə dönüş nöqtəsinin başlanğıcı oldu. 44 gün davam edən müharibə Azərbaycanın parlaq zəfəri, həm də ermənilərin diz çökərək yalvarması ilə tamamlandı. Müharibə başa çatan gün verdiyimiz şəhid sayı 2783 rəqəmi ilə ifadə olundu. Təbii ki, qarşı tərəfin itkisi ən azı beş dəfə artıq idi. 2783 rəqəmi əslində bizim üçün zəfərin rəmzi halına gəldi, çünki onlar ardınca qələbə bayrağı ucaldaraq, zəfər sevinci buraxaraq şəhadət şərbəti içmişdilər. Təbii ki, sonrakı günlərdə şəhidlərimizin sayı daha da artdı, amma 2783 rəqəmi bizim üçün dəyişməz qalmalıdır, özü də bu rəqəm təkcə İkinci Qarabağ Müharibəsi şəhidlərini deyil, bütün şəhidlərimizi təmsil etməlidir. 2783 - qələbəmizin rəmzidir, 2783 - bütövlüyümüzün simvoludur. 2783 rəqəmi təqvimimizdən çox qara ləkələri sildi, işğal olunmuş şəhər və kəndlərimizin ağrısını unutdurdu, ən başlıcası isə Şuşanı bizə qaytardı, 8 mayı 8 noyabrla yuyub təmizlədi. Çox yaralarımız sağaldı, çox ağrılarımız səngidi 2783 sayəsində. Ona görə də, Azərbaycanın hər şəhərində, hər qəsəbəsində 2783 adını daşıyan küçə və meydanlar, abidələr olmalıdır, amma unutmadığımız, unutmaq haqqına sahib olmadığımız yaralarımız, ağrılarımız var, Xocalı kimi.
 
Dünya nə deyir...
Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edildi. Xocalı soyqırımının dünya miqyasında tanıdılması sahəsində aparılan sistemli işin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edildi. Rumıniya, Bosniya, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini soyqırım kimi qiymətləndirərək qətiyyətlə pislədi. Amma dünyanın əksər güc mərkəzləri hələ də hər şeyi öz adı ilə səsləndirmək, haqlıya haqlı, haqsıza haqsız demək istəmirlər.
 
Son söz yerinə
Xocalı soyqırımı dərsliklərdə yer almalı, bu haqda kitablar yazılmalı, filmlər çəkilməlidir. Bu gün Bakının mərkəzində Xocalı şəhidlərinin xatirəsinə abidə kompleksi ucalır, amma əsas məsələ o abidənin Qarabağda ucaldılmasıdır. Biz o abidəni elə yerdə ucaltmalıyıq ki, Qarabağın hər tərəfindən görünsün, biz ona baxanda tariximizi, keçmişimizi yaşayaq, erməni isə ona baxaraq öz vəhşiliyi ilə bir daha üzləşsin. O abidə bizim üçün kin, nifrət qaynağı olmayacaq, ehtiyat, tədbir, tarixə bağlılıq mənası daşıyacaq.
Bu gün biz qalibik, düşmən diz çöküb, amma unutmayaq ki, unutmaq, tədbiri əldən vermək hər zaman tənəzzülə səbəb olur. Xocalı soyqırımı bizi hər zaman oyaq tutmalı, Xocalı abidəsi gücümüzə güc qatmalıdır. Unutmayaq ki, düşmən içimizdəki vərəm çöpü kimidir, zəiflədiyimiz an baş qaldırıb bizi yıxmağa çalışacaq. Ona görə də, hər zaman tədbirli və güclü olmalıyıq.
Xocalı şəhidlərinin simasında bu Vətən, bu xalq üçün canından keçmiş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.
 

Əli Çərkəzoğlu