Xocalı rayonu strateji əhəmiyyət daşıyan bölgədə yerləşdiyi üçün ermənilər həmin ərazini, xüsusilə də, Xocalı Hava Limanını ələ keçirməyə çalışırdılar. Ancaq bu o qədər də asan deyildi. Çünki, Xocalı Hava Limanı Azərbaycan polisi tərəfindən qorunurdu. Ora komendant təyin olunan Əlif Hacıyev və Xüsusi Təyinatlı Polis Dəstəsinin bir neçə üzvü ciddi şəkildə düşmənə qarşı müqavimət göstərirdilər. Buna baxmayaraq ermənilər dayanmadan ora hücum edir, azərbaycanlıları sıxışdırmağa çalışırdılar. Onların əsas fikri Xocalı Hava Limanını ələ keçirmək idi. Çünki, bundan sonra Xocalı demək olar ki, ermənilərin nəzarətinə keçəcəkdi. Əlif Hacıyev isə bütün qüvvəsini səfərbər edib, erməniləri hava limanına buraxmırdı.
Əlif Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində dünyaya gəlib. Ailənin üçüncü övladı idi. 1970-ci ildə məktəbi bitirdikdən sonra, Xankəndi şəhərində sürücülük kursuna yazılır. 1971-ci ildə isə hərbi xidmətə çağırılır və Minsk şəhərində hərbi xidmət keçir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləyir. 1974-1984-cü illərdə Belarus Daxili İşlər Nazirliyində, o cümlədən, Azərbaycanın daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışır. 1976-cı ildə SSRİ DİN-in “Frunze” adına Xüsusi Orta Milis Məktəbinə daxil olur. 1979-cu ildə həmin məktəbi bitirir və 1981-ci ildən təhsilini SSRİ DİN-in Akademiyasında davam etdirir. Əlif Hacıyev 1981-ci ildə Qalina adlı xanımla ailə həyatı qurur. Həmin evlilikdən Zərinə və İradə adlı qızları dünyaya gəlir.
Əlif Hacıyev Qarabağda xidməti vəzifəsini yerinə yetirərkən separatçıların Azərbaycana qarşı gizli fəaliyyətlərini öyrənir. Və bu istiqamətdə işlər görərək onları ifşa etməyə çalışır. Ancaq, erməni millətçiləri müxtəlif böhtanlar ataraq, Əlif Hacıyevin 10 il müddətinə həbs edilməsinə nail olurlar. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilir. 1987-ci ildə onun işinə yenidən baxılır və cəzası 6 ilə endirilir. O, 1989-cu ilin fevral ayının 20-də azadlığa buraxılır.
Əlif Hacıyev 1990-cı ildə yenidən Xocalıya qayıdır, dekabr ayında isə daxili işlər orqanlarına yendən bərpa olunur. Daha sonra Xocalı Hava Limanı xətt daxili işlər bölməsinə rəis və Xocalı Hava Limanının komendantı təyin edilir. Bir ildən sonra xüsusi xidmətlərinə görə mayor rütbəsi alır.
Bu müddət ərzində isə ermənilər Xocalını işğal etmək üçün müxtəlif planlar hazırlayırdılar. Həmin vaxtlarda Azərbaycanın Daxili İşlər naziri Məhəmməd Əsədov Xüsusi Təyinatlı Polis dəstəsinə tapşırıq verir. Tapşırıq Xocalı Hava Limanında olan bəzi erməni təxribatçılarını çıxarmaq və orada xidmət aparmaqdan ibarət idi. Həmin dəstəyə isə polis zabiti Elmar Hüseynov başçılıq edir. Onlar Xocalı Hava Limanına gəlib orada “təmizləmə” işləri aparırlar, Əlif Hacıyevlə tanış olurlar və birgə xidmət apararaq müxtəlif erməni təxribatlarının qarşısını alırlar. Həmin dəstənin tərkibində olan polis zabiti İlham Rüstəmov Xocalı Hava Limanında yaşadıqları bir anı belə xatırlayır:
“Bir gün Əlif Hacıyev işi olduğuna görə harasa gedirdi, hava limanına nəzarəti mənə tapşırdı. Bir müddət orada dayandıqdan sonra uzaqdan gələn “Raf” maşını gördüm. İçərisində keşiş və bir neçə şəxs vardı, bizə doğru irəlilədilər. Onlardan biri avtomobildən enib, mənə yaxınlaşdı və Zori Balayan olduğunu söylədi. Yerevana uçmaq istəyirdilər. Bu vaxt işçilərimizdən biri mənə dedi ki, bu bizim düşmənimizdir, Azərbaycana qarşı müxtəlif yalan təbliğatlarla məşğul olan ermənidir. Mən təbii ki, onları hava limanına buraxmadım. Bunu görüb məni təhqir etməyə, aqressiv danışmağa başladı. Yaxınlaşıb onun deputat nişanını qırıb götürdüm. Yanımda Vüqar var idi, ona bir şilllə vurdu, sonra çıxıb getdilər”.
Ancaq, 1991-ci ilin sonlarında xüsusi təyinatlı polislər Xocalı Hava Limanından geri çağırılır. Onlara heç bir açıqlama və ya səbəb göstərilmir. Hava limanında isə bir neçə polis əməkdaşı ilə birgə yalnız Əlif Hacıyev qalır. Bundan sonra isə erməni təxribatları artmağa başlayır və Xocalı təhlükə altına düşür. 1992-ci ilin yanvar ayında Xocalıya gedən mülki vertolyot vurulur. Nəticədə, 40 nəfər dünyasını dəyişir. Fevral ayından başlayaraq isə Xocalı ermənilər tərəfindən mühasirəyə alınır.
Fevralın 9-da Əlif Hacıyev Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü Bəxtiyar Aslanovu tapıb Xocalıya silah daşınmasının vacib olduğunu deyir. Çünki Ermənistanın son günlər atdığı addımlar həmin bölgəni təhlükəyə atırdı. Əlif Hacıyevlə Bəxtiyar Aslanov bir neçə avtomat və qumbara əldə etdikdən sonra vertolyotla Xocalıya geri qayıdırlar. Ancaq az sayda polis əməkdaşı və cəmi bir neçə avtomatla Xocalını erməni ordusundan qorumaq mümkün deyildi.
Fevralın 25-i axşam ermənilər Xocalıya hücum edir. Əlif Hacıyev və onun dəstəsi səhər saatlarına qədər düşmənə müqavimət göstərə bilirlər. Xüsusi Təyinatlı Polis Dəstəsinin üzvü, Əlifin döyüş yoldaşı Bəxtiyar Aslanov da düşmənlə sona qədər döyüşür. Bəxtiyar Aslanov həmin anları belə xatırlayır:
Hava limanını vurmağa başladılar. Çox dəqiq şəkildə vururdular, sanki kimsə onlara koordinatları vermişdi. Sonra dinc əhalini atəşə tutmağa başladılar. Biz əhalini düşməndən qurtarmağa çalışırdıq. Xocalı sakinlərini Əsgərandan, Qarqar çayının üstündən keçirib düşməndən qurtarmağa çalışdıq, ancaq orada bizi mühasirəyə aldılar və dinc əhalini qırmağa başladılar. Əlif Hacıyev də orada son gülləsinə qədər döyüşdü, vuruldu və şəhid oldu. Həmin döyüşdə atam, qardaşım və çoxlu qohumum şəhid oldu. Mən isə 6 güllə yarası aldım 14 ay hospitalda yarıhuşsuz vəziyyətdə yatdım”.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
Xocalı Soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir. Bu soyqırımda 613 nəfər vəhşicəsinə qətlə yetirildi. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Nəticədə, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Bundan başqa, 487 dinc sakin ağır yaralandı, 1275 nəfər girov götürüldü. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlum qalır.
Ruslan Yusibov