Şahmat insanların ən çox sevdiyi oyun sahələrindən biridir. İdmanın bu sahəsi insana təkcə oyun vaxtı deyil, eləcə də ömür boyu yüksək düşüncə və məntiq bəxş edir. Məntiqli insan da bu həyatda hər şeyi ölçüb, biçərək hərəkət edir. Sizcə, “Səhv etmir” deyə bilərikmi? Əlbəttə ki, yox. Çünki bu, insan oğludur və səhv etmək də insan üçündür. İnsan səhvlərindən nümunə götürərək, həyatı öyrənir, yaşayır və təcrübələrini yaşının neçə olmasından asılı olmayaraq qarşısındakı insanlarla bölüşür. Yəqin, söhbətin gedişindən artıq anladınız ki, budəfəki müsahibimiz uğurları ilə şahmat tariximizə adını yazdıran bir gənc olacaq. Onu elə öz dediyi kimi adlandıraq: Süsən Məmmədova. 20 yaşlı Ucar sakini...
- Özünüzü təqdim edərdiniz...
- Süsən Məmmədova. 20 yaşlı Ucar sakini... Ata, ana, qardaş və mən də daxil olamqla standart 4 nəfərlik ailənin üzvüyəm. Hazırda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) 3-cü kurs tələbəsiyəm. Eyni zamanda müəllim kimi də fəaliyyət göstərirəm.
- Şahmat sizin üçün nədir? Nə üçün idmanın bu növünü seçdiniz? Sizi şahmata kim və nə vaxt həvəsləndirdi?
- 11-ci dünya çempionu Bobbi Fişer “Şahmat həyatdır!” deyərdi. Mənim üçün də şahmat həyatdır. Şahmat ilk olaraq alışdığımız idman növlərindən fərqli olduğu üçün maraq dairəmə daxil oldu. Daha sonra xəzinələrini kəşf etdikcə doğru yerdə olduğumu anladım. Əslində, şahmata ilk addımım bir az gözlənilməz oldu. Belə ki, qardaşım şahmata gedirdi. Bir gün “Qız şahmata gedə bilməz” deyə ortaya bir mövzu atdı. Və iddialaşma nəticəsində özümü şahmat məktəbinin qarşısında gördüm.
- Hansı beynəlxalq turnirlərdə iştirak etmisiniz? Uğurlarınızdan danışardınız...
- Polşa, İran (4), Gürcüstan, Yunanıstan (2), Türkiyə, Tailand, Rusiya, Rumıniya, Latviya və s. kimi ölkələrdə ölkəmizi təmsil etmək hüququ qazanmışam. 2013-cü ildə İranda “Xəzər Kuboku” adlı “Open” şəklində yarış keçirilirdi. D qrupuna əsasən qızlararası 1-ci, oğlanlararası 2-ci yeri tutdum. 2014-cü ildə Yunanıstana ilk səfərimdə şahmatın “Rapid” növü üzrə bürünc medalla təltif olundum. 2015-ci ildə Tailandda ilk onluqda olduğum üçün kobukla mükafatlandırıldım. 2016-cı ildə Yunanıstanda Məktəblilərin Avropa Çempionatında 3-cü yeri tutdum. 2017-ci ildə isə Rumıniyada keçirilən Məktəblilərin Dünya çempionatında 1-ci -2-ci yeri bölüşdürdüm. Ancaq 2-ci göstərici şəxsi görüş götürüldüyü üçün 2-ci yerə layiq görüldüm. Həmçinin, nə xoşdur ki, karyeram ərzində Azərbaycan çempionluğunu yaşadım. Bundan başqa, ayrı-ayrı vaxtlarda Azərbaycan Çempionatının gümüş və bürünc medallarını qazandım. “Təhsil” Respublika İdman Mərkəzinin Azərbaycan çempionatında isə 2 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görüldüm.
- Beynəlxalq şahmat ustası adını nə vaxt almısınız?
- Əvvəlki sualda qeyd etdiyim kimi 2017-ci ildə Rumıniyada keçirilən turnirə əsasən bu ada sahib oldum.
- Hansı yarışdan sonra ADBTİA-ya tələbə kimi müsabiqəsiz qəbul edildiniz?
- 2016-cı ildə Avropada yer tutanda ustalığa namizəd normasını doldurduğum üçün qəbul olacağımı düşünürdüm. Artıq bu mərhələdən sonra karyeramda ciddi addımlar atmaq üçün çalışdım. Və çox çəkmədi ki, bunun bəhrəsi kimi FİDE ustası oldum. İdmançı gözü ilə baxanda bəlkə də daha yaxşı ola bilərdi, amma o zamankı hədəfim bu nəticələrə köklənimişdi.
- Sizə görə müəllim olmaq çətindir, ya şahmatçı?
- Məncə ikisi də fərqli çətinlikləri özündə birləşdirir. Ancaq seçim qarşısında qalsam, şahmatçı deyərdim. Belə ki, idmançı kimi yaşamaq çox çətindir. Çünki həmişə hamıya nümunə göstərilirsən və kiçik şahmatçılar səni ideal bir idmançı kimi görmək istəyirlər. Halbuki, səhvsiz insan olmur. Ancaq bu, səndən tələb olunur. Bundan başqa, üzərindəki məsuliyyət bir müddətdən sonra bir növ təzyiqə çevrilir. Belə deyərdim ki, bir müddətdən sonra ya hissizləşirsən, ya da psixoloji olaraq yorğun düşürsən. Bunların hamsını da daxilində yaşayırsan. Çünki hər kəs səni izləyir. Sən isə heç nə olmamış kimi yeni turnirlərdə iştirak etməlisən.
- Hər xarakterdə tələbə olur. Şagirdlərlə necə dil tapırsınız?
- Hər şeydən əvvəl deyim ki, onlar o qədər təmiz ürəyə sahibdirlər ki, onları həqiqətən ürəkdən sevəndə sizə artıqlaması ilə qarşılıq verirlər. Amma hər biri sevmək məcburiyyətində deyil. Bu hallarda bir az da mənim fərqli xarakterə sahib olmağım, istifadə etdiyim sitatlar, istifadə etdiyim dərs metodları bir tələbəni dərsə bağlamağıma kömək edir. Bundan başqa, biz idmançı kimi yetişdiriləndə psixologiyanı da öyrənməliyik. Çünki bəzi hallarda rəqibə psixoloji olaraq zərbə vurmaq daha səmərəli olur. O zamanlar öyrəndiyim psixologiya materialları praktikada çox köməyimə çatır. Yeni kadr kimi hazırlaşan hər kəsə tövsiyə edirəm ki, 3-12 yaş arası uşaqların psixologiyasını mütləq araşdırsınlar və öyrənsinlər.
- Sizi kim yetişdirib?
- Müəllimim Vüqar Əsgərov olub. Hazırda fəaliyyətini Türkiyədə davam etdirir. Mən onun ilk şagirdi olmuşam. Hələ də danışanda “Mən sizin ŞAH əsəriniz oldum”deyə zarafat edirəm. Çox peşəkar insandır. Məncə, ən böyük üstünlüyüm müəllimimin mənim üçün həm böyük qardaş, həm də peşəkar insan olması oıub.
- Səfərə gedərkən hədəfiniz nə olur? Yalnız qələbə? Yarışlarda məğlub olmusunuz? Elə olubsa, ya da olarsa, özünüzə nə ilə təskinlik verərdiniz?
- İlk növbədə, yarışdan qabaq təmsil etdiyim ölkənin ağırlığını dərk edib ona görə davranmağa çalışıram. Çünki məğlub, ya da qalib olmağım daha çox məni maraqlandıran məsələdir. Amma ölkəmi doğru təmsil etmək mənim və mənim kimi hər bir idmançının borcudur. Qalibiyyət necə normal prosesdirsə məğlubiyyət də eyni dərəcədə normaldır. Ancaq bu, bir az da zamanla oturan psixoloji haldır. Yəni, məğlubiyyəti qəbul etməklə, məğlubiyyətlə barışmaq fərqli terminlərdir. İlk başda bunu anlamaq lazımdır. Əfsus ki, bəzən yanlış anlayırıq və bu, şahmatçı kimi ağır zərbələr almadan mütləq şəkildə aradan qaldırılmalıdır. Əfsus ki, özümə təskinlik məsələsini mən 14 ildə bacarmadım. Son yarışım istisna olmaqla deyərdim ki, bütün yarışlarımda hisslərimlə davrandım. Təbii ki, bu bir az da xarakterlə bağlıdır. Təsəllim yalnız sabahkı oyuna köklənməklə özümü hazırlamaq olurdu. Çünki mənə görə bir məğlubiyyətin acısını, ancaq yeni bir qələbə çıxara bilər. Və elə də olurdu...
- Sonda yeniyetmə və yaşıdlarınıza sözünüz...
- Başqasının, hətta ailəniz belə olsa, xəyalını yaşamayın, öz xəyallarınızdan isə əl çəkməyin. Unutmayın, başda sizə maneəçilik törədən insanlar uğur qazananda sizi ən çox alqışlayan insanlar olacaq. Bunu yaşamış bir insan kimi deyirəm. Sevgilər...
Aygün Zayıdova