Məktəb illərindən başlayaraq gələcək işlərimizə aid planlar qururuq. Çalışırıq ki, mümkün qədər elə ixtisaslara yiyələnək ki, həm gəlirli, həm də ehtiyac duyulan sahələr olsun. Lakin dünyada İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) sürətli inkişafı bəzən bu günün gəlirli və ehtiyac duyulan peşələrini çox qısa müddətdə sıradan çıxarır. Bu baxımdan dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərindən biri olan "Oxford Economics"in apardığı araşdırmalara nəzər salmaq çox əhəmiyyətlidir. Mərkəzin əsas araşdırma mövzusu isə 2030-cu ildən sonra ən çox ehtiyac hiss ediləcək peşələrdir. Onlardan bəziləri haqqında sizə məlumat verməyə çalışacağıq...
1. "3D Mühəndisi" - 3D printer texnologiyaları son dövrün diqqətəlayiq texnologiyalarından biridir. Qida, səhiyyə, toxuculuq və bir çox digər sahələrdə əhəmiyyətli yeniliklər vəd edən peşənin gələcəkdə istehsalı tənzimləyə biləcəyi düşünülür.
2. "Robot Mühəndisi" - Sənayedən tutmuş ictimai iaşəyə, tibbdən tutmuş hərbiyə qədər robotların köməyindən bir çox sahələrdə istifadə olunur. Mövcud vəziyyət bir tərəfdən milyonlarla iş yeri üçün təhlükə törədir, digər tərəfdən yeni iş yerləri yaradır. Gələcəkdə ən çox ehtiyac duyulacaq peşələrdən biri də robot mühəndisləri olacaq. Robot texnologiyası sahəsində ixtisaslı kadr çatışmazlığı artıq bu gündən hiss olunmaqdadır.
3. "Biotexnoloq" - Hazırda məşhur investor və milyarder Cim Mellon kimi mütəxəssislərin simasında biotexnologiya sahəsindəki inkişafa diqqət artır və biotexnoloqlar ən çox axtarılan mütəxəssislər sırasına daxil olur. Biologiyanın alt sahələrindən biri olan biotexnologiya ekspertizasının həm dövlət, həm də özəl sektorda ən parlaq sahələrdən birinə çevriləcəyi gözlənilir.
4. "Xakerlər" - Kiber hücumlar bu gün həm şirkətlər, həm də hökumətlər üçün çox böyük problemə çevrilir. Odur ki, bu hücumların qarşısını qanunlar çərçivəsində alacaq xakerlərə də böyük ehtiyac yaranır. Onların əsas işləri isə təhlükəsizliklə bağlı zəif nöqtələri aşkar etmək və onlara qarşı tədbir almaqdır.
5. "İqlim Nəzarəti Mühəndisi" - İqlim böhranı bu gün ən problemli mövzulardan biridir və hökumətlər bu problemin həlli üçün mütəxəssislərə daha çox ehtiyac hiss edirlər. 2020-ci ildə Davos Sammitində ən çox müzakirə olunan məsələlərdən biri də iqlim dəyişikliyi idi. Odur ki, bu problem yaxın gələcəyin əsas problemlərindən biri olacaq və nəticədə, problem üzərində işləyəcək mütəxəssislər kimi iqlim mühəndislərinə böyük ehtiyac duyulacaq.
6. "Nanotexnologiya Mühəndisi" - Tez-tez eşitdiyimiz nanotexnologiya mühəndisləri maddənin ən kiçik hissəsinə kimi "daxil olurlar" və onlar eyni zamanda bu sahədə işləyən ən əsas elm adamlarıdırlar. Zaman keçdikcə nanotexnologiyanın bəşəriyyətə bir çox töhfə verəcəyi gözlənilir.
7. "Şəxsi Məlumat Brokeri" - Məlumatların məxfiliyi və təhlükəsizliyi Facebook-un "Cambridge Analytica" qalmaqalından sonra dünyanın diqqət mərkəzinə çevrildi. Artan narahatlıqlar bu sahədə bir çox yeniliyə səbəb oldu. Odur ki, insanların istehsal etdiyi şəxsi məlumatlardan pul qazanacaq "broker"lərə ("ticarətçi"lərə) gələcəkdə böyük ehtiyac duyulacaq.
8. "Blokçeyn Mütəxəssisləri" - "Bitkoin" ("Virtual pul") haqqında danışarkən ağla gələn ilk şey "blokçeyn" olsa da, bu, daha geniş bir sahədə istifadə olunur. Milyarder investorlarla yanaşı, nəhəng iqtisadiyyatlar da bu texnologiyaya nikbin yanaşırlar. Çin prezidenti Xi Jinping "blokçeyn" texnologiyasını qəbul edən liderlərdən biridir. NASA və bir çox şirkət də işə "blokçeyn" texnologiyaları sahəsində mütəxəssislər götürməyə çalışırlar.
9. "Onlayn Təlimatçı" - Artan imkanlar və dəyişikliklərlə əlaqədar bu gün bir çox insanlar onlayn təlimin üstünlüklərindən istifadə edirlər. Gələcəkdə bu işin daha da populyarlaşacağı göz qabağındadır. Bundan əlavə, onlayn təlimçilərin gələcəkdə qurulacaq bir çox universitetlərin təsiri ilə daha çox dəyər qazanacağı düşünülür.
10. "Satış üzrə Mütəxəssis" - Köhnəlmiş bir peşə kimi səslənsə də, satış mütəxəssislərinə tələbat getdikcə artacaq. Texnologiyanın nə qədər irəliləməsindən asılı olmayaraq şirkətlər müştərilərinə, tərəfdaşlarına və potensial investorlarına satış və təqdimatlar edə biləcək mütəxəssislərə ehtiyac duyacaqlar.
11. "Biotibbi Mühəndislik" - Bu peşə Avropa və ABŞ-da gələcək peşələr kateqoriyasında birinci yerdədir. Biotibbi mühəndislər tibbi alətlər və avadanlıqların dizaynı, saxlanılması, istehsalı, təqdimatı və marketinqindən tutmuş bir çox yerlərdə işləyirlər. Artıq ölkəmizdəki universitetlərdə də bu peşə ilə bağlı kafedralar fəaliyyət göstərir. Bu baxımdan yaxın illərdə bu peşəyə tələbatın daha da artacağı proqnozlaşdırılır.
12. "Fizioterapist" - İnkişaf edən texnologiya və elm sayəsində yaşlı insanların sayı və buna paralel olaraq da fiziki terapiya mütəxəssislərinə ehtiyac artır. Çünki bir çox yaşlı insanların ağrının idarə olunması və terapevtik müalicə kimi fiziki reabilitasiyaya ehtiyacı var və bu ehtiyacın gələcəkdə daha da artacağı gözlənilir.
13. "Tibbi Məsləhətçilər" - Artıq robotlar gələcək əməliyyatlarda iştirak etməyə hazırlaşırlar. Bu səbəbdən gələcəkdə həm robotlara, həm də xəstələrə xidmət etmək üçün tibbi məsləhətçilərə ehtiyac olacağı gözlənilir.
14. "Zibil Mühəndisi" - Getdikcə artan əhali, həmçinin istehlakla əlaqədar artan tullantı problemi zibil mühəndisliyini yaradacaq. Zibil mühəndisləri milyardlarla ton tullantıların geri qaytarılması və təkrar emal ediiməsi üzərində işləyəcəklər. Artıq Massaçusets Texnologiya İnstitutunda, həmçinin məşhur Kembric və Stanford universitetlərində də bu sahədə mütəxəssis hazırlamaq üçün proqramlar var.
Allahverdi Cəfərov