Elm aləminin bu gün gəlib çatdığı inkişaf səviyyəsinə bəşər tarixi boyu ortaya çıxan elmi biliklərin yekunu desək, hər halda yanılmarıq. Bu minvalla bu gün tibb elmində, xüsusilə də mövzumuzla bağlı olaraq anatomiya sahəsində mikroskopik səviyyədə dəqiq biliklərə sahib olmağımızda yüz illiklər boyu əldə edilən elmi biliklərin bəhrəsi, çox sayda elm qəhrəmanının töhfəsi var. Əslən şirvanlı olan Şəmsəddin İtaki də bir anatom-həkim kimi bu elmin inkişafına mühüm töhfələr vermişdir.
Şəmsəddin İtaki 1572-ci ildə dövrün elm mərkəzlərindən biri olan Şirvanda dünyaya gəlmişdir. O, tibb, fəlsəfə, tarix, riyaziyyat və astronomiya kimi bir çox elm sahəsində araşdırmalar aparmışdır. Şəmsəddin İtaki Osmanlı İmperatorluğunda ilk rəngli, şəkilli və türkcə qələmə alınan “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) adlı əsərin müəllifidir. O, bu əsərini 1632-ci ildə ömrünün sonlarına yaxın tamamlamışdır. Şəmsəddin İtaki bu əsərində Roma-Yunan elmi ilə Ərəb-Türk elmini bir araya gətirmiş, bu əsəri ilə hələ XVII əsrin əvvəllərində neyroanatomiya (insan beyninin anatomiyası) və embriologiya (rüşeymin və ya embrionun inkişafını öyrənən elm sahəsi) elminin əsasını qoymuşdur.
Tale elə gətirmişdir ki, Şəmsəddin İtaki daha çox Osmanlı diyarında tanınmış, elmi meyvələrini 17-ci əsrin qabaqcıl Osmanlı həkimlərindən biri kimi qələmə almışdır. Şirvanda dünyaya gələn bu anatom-həkimin daşıdığı İtaki adı onun türk və fars dillərində yazdığı şeirlərində istifadə etdiyi təxəllüsüdür. Şəmsəddin İtaki bu əsərində toxumalar (bir-biri ilə bağlı olan və orqanizmdə eyni vəzifələri yerinə yetirən eynicinsli hüceyrə qrupu), tənəffüs və həzm sistemləri kimi bədəndəki müxtəlif orqanlar və sistemlər haqqında ətraflı məlumat vermişdir. Şəmsəddin İtaki kitabında həm şərq, həm də qərb əsərlərindən istifadə etmiş, sinir sisteminin rəsmlərini şəxsən özü çəkmişdir.
Şəmsəddin İtaki “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) adlı əsərinin müqəddiməsində qeyd etdiyinə görə o ilk təhsilinə Quranı əzbərləyərək başlamışdır. Bundan sonra 20 ildən çox dini və dünyəvi elmləri, o cümlədən tibb və əczaçılığa aid əsərləri oxumuşdur. XVI əsrin sonlarında Şirvanda meydana gələn müharibələr və daxili qarışıqlıqlar zamanı Şəmsəddin İtakinin malları yağmalanmış, ailə üzvlərinin bir çoxunu itirmişdir. 1605-ci ildə Şirvanın xeyli hissəsi Səfəvi qüvvələri tərəfindən tutulmuş və bu səbəblə də Şəmsəddin İtaki Şirvandan ayrılaraq Osmanlıya köç etmək məcburiyyətində qalmışdır.
Qeyd edək ki, o dövrə aid əlyazmaları, həmçinin, arxiv materiallarını tədqiq etdikdə əslində Səfəvilər dövründə Osmanlıya üz tutan bir çox alimin olduğunu görürük. Osmanlıya köç etmək məcburiyyətində qalan alimlərdən Qasim Naxçıvaninin “Risalə”sində qeyd etdiyinə görə Səfəvilər bölgəyə gəldikdən sonra xüsusilə alimləri və zahidləri hədəfə almış, onların həyatlarına qəsd etmişlər. Dövrün söz sahibi olan alimlərinin elm mərkəzlərinin, mədrəsələrin qapılarına qıfıl vuraraq, öz ata-baba torpaqlarını tərk etmək məcburiyyətində buraxılmaları bu dövrün sosial-ictimai həyatında böyük bir qırılma nöqtəsinin varlığından xəbər verir. Həmçinin, Səfəvilər dövründə Azərbaycanın müxtəlif bölgələrindən, elm mərkəzlərindən alimlərin, şair və sufilərin kütləvi şəkildə Osmanlıya köç və hicrət etmələri araşdırılması zəruri olan mühüm mövzulardan biridir. Kim bilir, bu zaman elə başda Şəmsəddin İtaki olmaqla neçə-neçə alimlərimizin varlığından xəbərdar olacağıq...
Həm tarixlərin müqayisəli təhlilindən, həm də “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərinə yazdığı ön sözdən aydın olduğu kimi Şəmsəddin İtaki Osmanlı Sultanı IV Muradın dövründə yaşamışdır.
Şəmsəddin İtaki tibb sahəsində özündən əvvəl yaşamış alimlərin yolu ilə getmiş, İbn Sinanın əsərlərini oxuyaraq, onun görüşlərini mənimsəmişdir. O, bəzən xəstəliklərin diaqnoz və müalicəsində İbn Sinanın görüşlərinə yaxın, bəzən də İbn Sinanın görüşlərinə yenilərini əlavə edərək, təcrübə əsaslı özünəməxsus bir yol təqib etmişdir. “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərində verilən bilgilər o dövrdə mədrəsələrdə verilən nəzəri anatomiya bilgilərinə nisbətən çox inkişaf etmiş səviyyədə idi.
Şəmsəddin İtaki müxtəlif mənbələrdən götürdüyü 30-dan çox anatomik təsviri əsərinə əlavə etmiş, şərq və qərbin həkim və alimlərinin əsərlərindən istifadə edərək, türk dilində bir anatomiya kitabı yazmışdır. Həmçinin, o, əsərində bir çox tibbi termini türk dilində vermişdir.
Əslən şirvanlı olan və buralardan Osmanlı coğrafiyasına köç etmək məcburiyyətində qalan Şəmsəddin İtakidən söhbət düşəndə elm tarixçisi və fəlsəfəçi, professor Esin Kahyanın (1941-) adını çəkmədən keçmək olmaz. Çünki bu günə qədər Şəmsəddin İtaki haqqında ən əhatəli və ən dərin elmi araşdırmalar aparan məhz professor Esin Kahyadır.
Onu da qeyd edək ki, professor Esin Kahya dünyada elm tarixi sahəsində ilk elmi ünvana sahib olan Aydın Sayılının tələbəsi olmuş, Şəmsəddin İtakinin həyat və yaradıcılığına dair elmi işini də məhz Aydın Sayılının elmi rəhbərliyi altında tamamlamışdır.
Professor Esin Kahya Şəmsəddin İtakinin əsərini həm dərindən tədqiq etmiş, həm də bu əsəri ingilis dilinə tərcümə etmişdir. Bu tərcümə Şəmsəddin İtakinin “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərinin bu gün əldə olan yeddi əlyazma nüsxəsindən istifadə edilərək hazırlanmışdır. İngilis dilinə edilən bu tərcümə ilə yanaşı Esin Kahya bu tərcümə üçün orijinal bir “Giriş” hissəsi də qələmə almışdır. Esin Kahya bu “Giriş” hissəsində anatomiya elminin tarixi inkişafı haqqında ta Paleolit dövründən bu yana kimi tarixi bir araşdırma aparmış və bu araşdırma ilə oxucuya Şəmsəddin İtakinin bu tarixi proses içərisindəki yerini çox gözəl bir şəkildə göstərmişdir. Şəmsəddin İtakini həm ingilis dilli, həm də türk dilli oxuculara tanıtdığı üçün Esin Kahyaya mənən borclu olduğumuzu qeyd etmək hər halda yerinə düşər.
Şəmsəddin İtaki bu əsərini əsasən Osmanlı Sultanı IV Murad və oğluna həsr etmiş, kitabın ərsəyə gəlməsi və tanınmasında vəzir Rəcəb Paşanın əməyi olmuşdur. Bu kitab bir çox cəhətdən əhəmiyyətlidir. Birincisi, kitabın mövzusu anatomiya elmi haqqındadır. Məlum olduğu kimi, Osmanlı dövründə anatomiyaya dair kitablara çox nadir rast gəlmək olardı. İkincisi, bu əsər türk dilində qələmə alınmışdır. Şəmsəddin İtakinin bu əsərinin olduqca gözəl bir üslubu var. Əsərdə mövzulara görə terminoloji ifadələr həm ərəb, həm də türk dilində verilmişdir. Bəzən də terminoloji ifadələr fars və yunan dilində verilmişdir. O, bir orqanı təsvir edərkən əvvəlcə ərəb və türk, bəzən də fars dilində qarşılıqlarını göstərmişdir. Bu minvalla əsərdə anatomiya elminə dair olduqca geniş terminologiya bilgisi var. Üçüncüsü isə bu əsərdə anatomiyaya dair izah və şərhlər rəsmli bir şəkildə verilmişdir.
Esin Kahya əsərdəki şəkilləri üç qrupa ayırmışdır. Birinci qrup şəkillər Əhməd ibn Mənsurun anatomiya kitabındakı şəkillərə oxşayır və tipik İslami rəsm xüsusiyyətləri daşıyır. İkinci qrup şəkillərdə Avropa təsirini açıq şəkildə görmək olar. Misal üçün Andreas Vezalinin (1514-1564) “Fabrica” (İnsan Orqanizminin Quruluşu) əsərindəki tənəffüs və cinsiyyət orqanı sistemləri, həmçinin beyin və əzələ ilə bağlı rəsmlərlə Şəmsəddin İtakinin əsərindəki eyni rəsmlər arasında sıx əlaqə və bənzərliklər görmək olar. Buradan aydın olduğuna görə Şəmsəddin İtaki Vezalinin kitabını görmüşdür. Ancaq Şəmsəddin İtakinin kitabında bu rəsmlər təsadüfi şəkildə deyil, mövzulara görə yerləşdirilmişdir. Qeyd edək ki, Şəmsəddin İtsakinin bu əsəri Osmanlı və Avropa arasındakı elmi əlaqələrin mövcudluğunu göstərmək baxımından da əhəmiyyət daşıyır. Üçüncü qrup şəkillər isə müəllifin özü tərəfindən çəkilmişdir. Bunlar ikinci qrupda olduğu kimi daha keyfiyyətli rəsmlər deyil. Bu şəkillər mövzu ilə əlaqəli olduğu üçün müəllif tərəfindən mətnə daxil edilmişdir.
Şəmsəddin İtaki hər nə qədər insan bədənini özündən əvvəlki Berqamalı Qalen, İbn Sina və İbn Nəfis kimi ilk anatomistlərin izah və şərhlərinə əsasən təsvir etsə də, nisbətən müasir dövrə aid edilən Andreas Vezalinin (1514-1564) “Fabrica” (İnsan Orqanizminin Quruluşu) əsəri ilə də tanış olmuş və ondan da təsirlənmişdir. Bu məqam isə bizə onun əsəri vasitəsilə Osmanlı tibb elmi üzərində ilk Avropa təsirini göstərir. Şəmsəddin İtaki öz görüşlərini kitabda orqanları təsvir edərkən də açıqlamışdır.
Elm tarixçisi Esin Kahya XVII əsrin ilk yarısından etibarən Osmanlı tibb elmində Avropanın təsirlərinin göründüyünü qeyd edir. Esin Kahya bu təsirə bariz bir misal olaraq da məhz XVI əsrin sonları, XVII əsrin əvvəllərində yaşamış Şəmsəddin İtakinin (1572-1632) “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərini göstərir.
Şəmsəddin İtaki sinir sistemindən bəhs edəndə mətnin yan tərəfində və ya sinir sistemi ilə bağlı açıqlamanın sonunda həmin sinirlərin bədəndə yayılmasını göstərən şəkilləri vermişdir. Bu şəkillərin bənzərinə nə o dövrün digər müəlliflərində, nə də İslam dünyasındakı anatom-həkimlərin əsərlərində rast gəlmək olar. Buradan aydın olur ki, müəllif həmin şəkilləri məhz özü çəkmişdir. Bu görüşü qüvvətləndirən digər bir məqam da mətndəki açıqlamalarla bu şəkillərin uyğun gəlməsidir.
Şəmsəddin İtakinin əsərindəki rəsmlərin anatom-həkim Andreas Vezalinin (1514-1564) “De corpore humani fabrica libri septem” (İnsan Orqanizminin Quruluşu Haqqında Yeddi Kitab) adlı əsərində olduğu kimi peşəkar əl qabiliyyəti ilə çəkilməməsi olduqca təbiidir. Çünki Andreas Vezalinin kitabındakı anatomik rəsmləri dövrün məşhur rəssamları çəkmişlər. Halbuki eyni imkan eyni dövrdəki Osmanlı elm adamları üçün mövcud deyildi.
Həyatında çox çətin dövrlər keçirən və vətənindən ayrılmaq məcburiyyətində qalan, ancaq getdiyi yerlərdə də qiyməti bilinməyən Şəmsəddin İtaki elmə və elm xadiminə qarşı bu laqeydliyə görə həmişə iztirab çəkmişdir. Şəmsəddin İtaki Osmanlı Sultanı IV Muradın dövründə İstanbula gəlmişdir. O, tibb və təbiət elmləri haqqında dərin bilgisinə baxmayaraq ömrünün səmərəsiz keçdiyini düşünürdü. Necə ki, Şəmsəddin İtaki “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərində sahib olduğu tibbi və təbii elmləri “Dərsxanei-İdris”də öyrəndiyini, həkim olduqdan sonra uzun müddət unudulduğunu qeyd etmişdir.
Çox yaxşı tanıdığı və təqdir etdiyi şəxslərdən olan o dövrün böyük alimləri İbrahim Əfəndi və Əli Əfəndi Şəmsəddin İtakini türk dilində bir anatomiya kitabı yazmağa təşviq etmişdir. Şəmsəddin İtaki də həkim və filosof olan bu şəxslərin tövsiyəsi ilə bu kitabı qələmə almışdır. O, “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsəri üçün 20 ildən çox vaxt sərf etmişdir. Şəmsəddin İtaki dəyərli bir cövhər və bir elm adamı olmasına baxmayaraq, 50 yaşına qədər bəxtsizlik içərisində həyat sürmüş, 60 yaşında xəstəlik və qocalıqla üzləşəndə ölümün çox yaxın olduğunu hiss etmiş, dünyəvi qayğılara görə kədərlənməyin boş və mənasız olduğunu anlayaraq həccə getmişdir. Bu zaman Şəmsəddin İtakiyə Osmanlı Sultanı IV Murad tərəfindən “Şeyxul-Harameyn” vəzifəsi verilmişdir.
Şəmsəddin İtakinin Şeyxul-Harameyn, yəni Məkkə və Mədinə şəhərlərinin şeyxi (müftisi) təyin edilməsi onun dini elmlərdə də sözün həqiqi mənasında söz sahibi olduğunu göstərir. XVII əsrdə Şirvanda böyüyən, ilk təhsilini buradakı mədrəsələrdə alan Şəmsəddin İtaki anatomiya alimi kimi tanınsa da, o, Məkkə və Mədinə kimi müsəlmanların iki əsas müqəddəs şəhərində şeyx (müfti) ola biləcək qədər din alimi idi. Beləcə, Şəmsəddin İtakiyə verilən bu iki kəlməlik ad (“Şeyxul-Harameyn” - Məkkkə və Mədinənin şeyxi) 3-4 əsr əvvəl Şirvan və Şamaxı da daxil olmaqla müsəlman ölkələrindəki alimlərin həm dini, həm də dünyəvi elmlərə birgə sahib olduqlarını göstərir.
Tədqiqatçıların qeyd etdiyinə görə, İtakinin yaşadığı dövrlərdə qələmə alınan tibb əsərlərində qadın genital orqanının anatomiyası haqqındakı bilgilər son dərəcə məhdud idi. Bu dövrlərdə Osmanlı tibb ədəbiyyatında bu mövzuda bilgilər təfsilatdan uzaq və haradasa bir neçə addan və bir neçə sətirdən ibarət idi. Ancaq XVII əsrdə yazılmış ilk türkcə anatomiya kitabı olan “Təşrihi-Əbdan” (İnsan Bədəninin Anatomiyası) əsərində digər kitablarla müqayisədə bu haqda olduqca geniş bir bölməyə yer verilmişdir.
Qonşu Türkiyədə Şəmsəddin İtakinin adının yaşadılması ilə bağlı müəyyən işlər görülmüşdür. Belə ki, Şəmsəddin İtakinin adı tibb terminologiyasına daxil edilmiş, bir şəxsin xəstəliklə bağlı müvazinətini itirərək yerə yıxılması və bu yıxılmanın dərəcəsi, həmçinin, xəstəyə verəcəyi zərərlə bağlı yıxılma riskinin hesablanması şkalasına “İtaki düşme riski ölçeği” adı verilmişdir. Ortaya qoyulan bu hesablama şkalası (İtaki düşme riski ölçeği) xəstələrin yıxılmalarına səbəb olan risk faktorlarını əhatə edən 19 risk faktorundan ibarətdir.
Şəmsəddin İtaki kimi bu torpaqlarda dünyaya gəlmiş, müəyyən səbəblərə görə vətənindən uzaq düşmüş bu dəyərli insanların Azərbaycanda da tanınmasını və adlarının yaşadılmasını arzu edirik.
Nazim Mustafayev