Uca dinimiz İslamın təməl ibadətlərindən biri də Ramazan ayında oruc tutmaqdır. Yəni, bu ayda oruc tutmaq üzrlü səbəbi olmayan hər müsəlman üçün borcdur. Oruc tutmaq haqda Allah (c.c.) belə buyurur: "(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər gün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə, (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz, oruc tutmaq sizin üçün nə qədər xeyirlidir! (Bəqərə, 2/184)
Söhbətə bir həqiqətdən başlayaq ki, Allahın (c.c.) bizim ibadətimizə ehtiyacı yoxdur, möhtac olan bizik, o ibadətə də, Allahın (c.c.) mərhəmətinə də bizim ehtiyacımız var. İnsan üçün ən böyük fəlakət nədir, bilirsinizmi? - Allahın (c.c.) mərhəmətindən məhrum olmaq. Hər kəs üçün ən böyük səadət də Allahın (c.c.) mərhəmətinə layiq olmaqdır. Bu mövzuda Ramazan ayı müsəlman üçün misilsiz fürsətdir.
Ramazan orucunda çox faydalar var, amma oruc tutan adam bu ibadəti tək bir niyyətlə yerinə yetirər: Allahın (c.c.) əmri olduğu üçün, Onu razı salmaq, məmnun etmək, Ona bağlılığını isbat etmək üçün. Bu niyyətlə tutulan oruca, qılınan namaza, verilən zəkata ixlaslı, yəni təmiz, xalis, başqa niyyət qarışmamış ibadət deyilir. Yox, əgər bu niyyətin yanına başqa faydalar, məqsədlər (məsələn, sağlamlıq, qənaət kimi) girərsə, o niyyət bulanmış olar. Biz Allah rizasına yönələk və əmin olaq ki, bu oruc Sahibi bizi bizim bildiyimizdən də yüksək nemətlərlə mükafatlandıracaq.
Oruca belə niyyət edilir: "Niyyət edirəm Allah rizası üçün Ramazan orucunu tutmağa". Hər gün üçün də, Ramazanın başında qarşıdan gələn bütöv ay üçün də niyyət edə bilərsiniz. Yəni, dillə demək mühüm deyil, mühüm olan sizin qəlbinizdəki niyyətdir. Orucun açıldığı, yəni, iftar vaxtı da belə dua edə bilərsiniz: "Allahım, Sənə inandım, Sənə güvəndim, Sənin verdiyin ruzi ilə orucumu açıram və sabahkı Ramazan orucuna da niyyət edirəm. Bilərək, ya bilməyərək işləmiş olduğum, işləyəcəyim günahlarımı bağışla!" İftarı çörəklə də açmaq olar, su ilə də, meyvə ilə də. Amma Peyğəmbərimizdən (Ona Allahın salamı olsun!) gələn adətə görə, iftarı xurma, zeytun, bunlardan heç biri olmadıqda isə su ilə açmaq daha faydalıdır. Sahura (el arasında ona obaşdan da deyirlər) qalxmaqda da fayda var. Peyğəmbərimiz buyurur ki, bir qurtum su üçün də olsa, sahura qalxın.
Ramazan ibadətini rahat yerinə yetirə bilmək üçün düzgün qidalanma çox mühümdür. Çünki Ramazan ayının öz ritmi, öz rejimi var. Əsas məsələ bu ritmə, rejimə girə bilməkdir. Gərək gecənin bir vaxtında oyanasan, sübh namazının girmə vaxtına qədər yeyib yığışasan və oruca başlayasan. Yəni, bu ayda istər-istəməz insanın yuxu və yemək rejimi ciddi şəkildə dəyişir. Bir məqamı heç unutmayın: istər sahurda, istərsə də, iftarda heç vaxt artıq yeməyin. Çox yemək Ramazanın rejimini pozacaq və sizin o rejimə uyğunlaşmağınızı çətinləşdirəcək. Yuxudan əvvəl heç vaxt çətin həzm olunan yeməklər yeməyin. Duru xörəklərə üstünlük verin. Əgər diqqətli olsanız, düzgün qidalansanız, ən başlıcası isə bu ibadətə səmimi olaraq niyyətlənsəniz, inanın ki, bu ay sizin üçün bayrama çevriləcək. Hər dəfə iftar süfrəsinə əyləşəndə istər-istəməz könlünüzdə bir rahatlıq duyacaqsınız, ruhunuz xoş bir atmosferə girəcək. Təsəvvür edirsinizmi, bu gün siz Allahın (c.c.) əmrini yerinə yetirmisiniz, indi də onun verdiyi nemətlərlə orucunuzu açırsınız.
İnsanın mənəvi tərbiyəsində orucun misilsiz xidmətləri var. Hansı tərəfdən baxırsansa-bax, Ramazan mənəvi tərbiyə və yüksəliş ayı kimi görünəcək. Bu ayda könül rahatlıq tapır. Əgər insan bütün iradəsini, gücünü səfərbər edib özünü pis vərdişlərdən, xasiyyətlərdən uzaq tuta bilsə, onun dəyişməsi, gözəlləşməsi üçün Ramazan ayı kifayət qədər yetərli vaxtdır. Yəni, bu ayda gözəlləşə bilən insan qalan on bir ayda da bu gözəlliyin hamısını olmasa da, bir hissəsini qəlbində, ruhunda saxlayacaq.
Bu ayda gündüz hər kəsin gözü qarşısında yemək, içmək təkcə oruc tutanlara qarşı deyil, həm də Allahın (c.c.) əmrinə qarşı hörmətsizlikdir. Ramazanda iftar məclisləri olar, insanlar bir-birini iftara dəvət edər, arada səmimiyyət, qardaşlıq duyğuları güclənər. Ramazanda verilən zəkat, sədəqə Allah qatında daha dəyərli olar.
Ramazan Qurani-Kərimin nazil olmağa başladığı, Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) peyğəmbərlik məqamına ucaldıldığı aydır. Allahın (c.c.) mərhəmətinin biz bəndələrin başı üzərində daha çox çağladığı aydır. İnsanın insana qarşı daha şəfqətli davrandığı, bir-biri ilə dərdlərini paylaşdığı, paylaşdıqca da azaldığı dövrdür.
Bir Hədisi-Şərifdə də Rəsulullah (s.ə.s.) belə buyurur: "Hər kim yalan söyləməyi tərk etməsə, onun yeməsini, içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur" (Buxari, Səvm: 6). Allah (c.c.) bəndələrindən bütün ibadətlərində ilk növbədə səmimiyyət gözləyir və onları yalandan, riyadan uzaq durmağa çağırır. Hədisi-Şərifdə açıq ifadə edilir ki, bütün gününü yalanla yaşayanın orucuna Allahın (c.c.) ehtiyacı yoxdur. Cəmiyyətimizdəki bütün naqisliklər yalan və riyadan, nəfsə uymaqdan və səmimiyyətsizlikdən irəli gəlir. Hər bir ibadət insanı təmizləyən, yüksəldən bir vasitədir. Əgər namaz qılan, oruç tutan, zəkat verən biri yalanı, riyanı, haqsızlığı tərk etməsə, o pis əxlaqla yaşamaqda davam etsə, namazı dizində, orucu dodağında, zəkatı da barmağının ucunda qalar, yəni, Allah (c.c.) o əməlləri ibadət olaraq qəbul etməz. Oruc tutan insan nəfsinin deyil, Allahın qulu olduğunu isbat etmiş olar, iradəsi, imanı güclənər.
Ramazan dua ayıdır. Oruca niyyətli qəlblə, oruclu ağızla dua edək ki, Rabbi-Rahim mərhəmətini üzərimizə yağdırsın. Bizim duaya çox ehtiyacımız var. Hər kəsin dəyəri duası qədərdir. Ona görə də, bu mübarək ayı fürsət bilək, İslam aləminin yüksəlişi, günahlarımızın bağışlanması, ölmüşlərimizin ruhu, övladlarımızın səadəti, xalqımızın, vətənimizin tərəqqisi üçün dua edək.
Ramazanın iki ləzzəti var. Birincisi, gün boyu ağzı oruclu gəzdikdən sonra, axşam namazının girməsi ilə iftar süfrəsinə əyləşmək, ikincisi isə axirətdə bu ibadəti yerinə yetirənlər üçün haqq dərgahında öz mükafatını almaq. Allah (c.c.) bizə bu gözəl ayda layiqincə ibadət etməyi nəsib etsin! Ramazanın zövqünü, ləzzətini ruhumuza, ömrümüzə yazsın! Allah (c.c.) bütün şəhidlərimizi rəhməti ilə bürüsün! Ramazanı bayram bilən hər kəsin Ramazanı mübarək olsun!