Hər birimizin “n” sayda vərdişlərimiz var. Mənfi, ya da müsbət. Biz az qala həyat tərzimizə çevrilən bu vərdişlərin ilk başda zərərli olub-olmadığının fərqində olmuruq. Amma alışdığımız vərdişlərin bizə necə təsir etməsindən müəyyən bir müddət sonra agah oluruq. Agah oluruq ki, bu əməlimiz bizə necə mənfi təsir edirmiş və bu əməlimizlə ətrafımızı necə narahat edirikmiş. Fərqi yoxdur, ətrafımızda ata-ana olsun, bacı-qardaş, qonum-qonşu, yoxsa başqa biri. Bu dəfəki müsahibimiz psixoterapevt Kəmalə Əfəndi oldu və onunla “Pis vərdiş nədir?”, “İnsanlarda pis vərdiş nə üçün formalaşır?” kimi suallar ətrafında danışdıq…
- Pis vərdişlər nədir və ya pis vərdiş dedikdə nə başa düşülməlidir?
- Vərdiş insanların gündəlik həyatlarında davamlı olaraq etdikləri şeylərə deyilir. Pis vərdişlər dedikdə isə əsasən həzz verən, eyni zamanda asılılığa səbəb olan, həm şəxsə, həm də cəmiyyətə psixi və fiziki zərər verən siqaret, alkoqol, narkotik vasitələr və s. nəzərdə tutulur. Asılılıq və ya bağlılıq həzz verən bir maddədən istifadəyə öyrəşmək, olmadığı zaman onu arzu etmək, onun yoxluğundan gərginlik və ya narahatlıq keçirməkdir. Vərdiş edilmiş hər hansı bir maddənin olmadığı təqdirdə tərləmə, titrəmə, təngnəfəslik, qusma və s. kimi hallar meydana gələ bilər.
- Pis vərdişlərin kökündə nə dayanır? Nə üçün insanlarda pis vərdişlər formalaşır?
- Ümumilikdə onu deyə bilərəm ki, bir insanın şəxsiyyət kimi formalaşmasında, onun düşüncə və davranışlarında üç əsas amil müstəsna əhəmiyyətə malikdir. Bunlar irsiyyət, çevrə və ailədir. Hər bir insanın davranışlarına, eləcə də müsbət və ya mənfi vərdişlərinin formalaşmasına bu üç amil ayrı-ayrılıqda təsir göstərir. Həyata dair ilk müşahidələrimizi və təcrübələrimizi ailəmizdən alırıq. Yaxşı ilə pisi, doğru ilə yanlışı ilk ailəmizdən öyrənirik. Buna görə də, ailə üzvlərimiz bizim üçün mühüm nümumələrdir. Eyni zamanda ən azı ailəmiz qədər əhəmiyyətli olan dost qruplarımız da asudə vaxtlarımızı necə dəyərləndirəcəyimizə təsir edir. Ona görə də, bu iki mühitdən birində və ya hər ikisində zərərli vərdişləri olan şəxs və ya şəxslər olduqda digərlərinə də təsirsiz ötüşmür.
- Bir insanı mənfi vərdişlərindən uzaqlaşdırmaq üçün hansı addımlar atılmalıdır?
- Mənfi vərdişlərdən qurtulmaq üçün ən əsas addım şəxsin özünün bu məsələdə istəkli olmasıdır. Şəxsi iradə və səy olmadan hər hansı pis vərdişdən uzaqlaşmaq qeyri-mümkündür.
- İnsan mənfi vərdişlərdən heç kəsin köməyi olmadan yaxa qurtara bilərmi? Bunun üçün o nə etməlidir?
- Yuxarıda da qeyd etdiyim kimi zərərli vərdişlərdən şəxsin bilavasitə özü yaxa qurtara bilər. Bunun üçün əvvəlcə istəkli olmaq, sonra isə düşüncələri nəzarət altında saxlamaq lazımdır. Çünki bu vərdişləri tərgitməyə, onlardan yaxa qurtarmağa mane olan bir sıra düşüncə qəlibləri var: "Bir dəfədən bir şey olmaz", "Bu gün də edim, sabahdan etməyəcəyəm", "İstəsəm, tərgidə bilərəm" və s. kimi. Ona görə də, atılacaq ilk addımlardam biri bu fikirləri beyindən uzaqlaşdırmaqdır. Bir vaxtlar pis vərdişləri olub sonra tərgidən şəxslərlə ünsiyyət, motivasiyaedici filmlərə baxmaq (və ya motivasiyaedici kitablar oxumaq), özü üçün fərqli hobbilər tapmaq kimi hallar pis vərdişlərdən qurtulmağa kömək edən variantlardan bəziləridir. Bütün bunlar yetərsiz qaldıqda və işə yaramadıqda isə psixoloqlardan professional dəstək almaq məsləhətdir.
- Azyaşlılar pis vərdişləri necə ayırd edə bilərlər?
- Onlara nüfuz etmək, ünsiyyət qurmaq və istədiyimiz mesajları travmaya səbəb olmadan catdırmaq üçün ən uyğun və ideal variant oyun oynamaqdır. Bildiyimiz kimi azyaşlı uşaq oyun prosesində formalaşır, ətraf aləmi dərk edir. Hər hansı bir davranışın və ya vərdişin pis, həmçinin, zərərli olduğunu göstərmək üçün onlarla bu mövzuda oyunlar oynamaq olar. Məsələn, siz uşağınızla “həkim-həkim” oynayaraq, "Həkim, mən siqaret çəkdiyim üçün xəstələnmişəm, boğazım ağrıyır və möhkəm öskürürəm. Mənə necə kömək edə bilərsiniz?" deyə sullar verə və bu yolla həm uşağınızı mənfi vərdişlərin nəticəsini görməyə, həm də onu “bu mənfi vərdişlərdən necə qurtulmaq olar” məsələsi ilə bağlı düşünməyə məcbur edə bilərsiniz. Eyni zamanda bu oyunları kiçik nağıl və hekayələrlə bəzəmək və qəhrəmanın başına gələn hadisələr kimi nağıl etmək olar. Bu zaman artıq uşağın beynində həmin vərdişlərə qarşı neqativ fikir formalaşar.
- Yeniyetmələr bəzi zərərli vərdişlərində valideynlərini günahkar görürlər. Həqiqətən, valideyn övladının zərərli vərdişə aludə olmasına səbəb ola bilərmi? Hansı hallarda bu baş verə bilər?
- Yeniyetmələr ümumilikdə başlarına gələn hər şey ücün həmişə valideynlərini günahlandırırlar. Xüsusilə də, söhbət mənfi şeylərdən gedirsə. Yeniyetməlik dövrü insanın həyatında üç ən kritik dövrlərdən biridir. Biz psixoloqlar bu dövrü krizis və ya böhran dövrü də adlandırırıq. Bu yaş dövründə uşaqlar ailədən uzaqlaşır, dost çevrəsinə daha yaxın olurlar. Siz bunu sanki açıq bir yara kimi də düşünə bilərsiniz. Həm də hər an mikrob düşməyə hazır olan bir yara. Valideynin ən kiçik bir diqqətsizliyi nəticəsində bir yeniyetmə uçuruma gedə bilər. Lakin dediklərimi oxucular yanlış anlamasın, valideynin uşağa diqqəti dedikdə heç də onu sıxışdırmağını nəzərdə tutmuram. Çünki hiperqayğı qədər zərərli olan ikinci şey elə hiperqayğının özüdür. Bu zaman da yeniyetmə ailənin həddən artıq qayğısından bezə və ailədən bir az da emosional olaraq uzaqlaşa bilər. Yeniyetmə ilə ünsiyyət eynilə keks bişirməyə bənzəyir. Sobanı vaxtında söndürməyi unutsanız, keks yanar, davamlı açıb baxsanız, bişməz. Yeniyetmə ilə ünsiyyət də eynilə belədir. Nə çox, nə az. Ancaq bu şəkildə yeniyetməyə nəzarət edərək, onu bir çox fəlakətlərdən qorumaq olar.
- Pis vərdişi olan yeniyetmələrin valideynləri nə etməlidirlər?
- Pis vərdişi olan yeniyetmələrin valideynləri ilk növbədə yeniyetmə ilə danışmağa çalışmalı və bu söhbət əsnasında əsla onu ittiham etməməli, günahlandırmamalıdırlar. Əks halda, yeniyetmə ailəsi ilə bu mövzunun müzakirəsini birdəfəlik bağlaya bilər. Ona görə də, belə bir halla rastlaşan valideynlərə tövsiyəm səbirlə övladı ilə danşmaq, aludə olduğu vərdişin verə biləcəyi zərərləri izah etmək, onu bu vərdişi tərgidə biləcəyinə inandırmaq və bunun üçün onu cəsarətləndirməyə calışmaqdır. Müvəffəq olmadıqda isə bir mütəxəssisdən dəstək almağı tövsiyə edirəm. Sonda isə bir məsələni də vurğulamaq istərdim. Zərərli vərdişlər və onlardan asılılıq dedikdə artıq günümüzdə ən az siqaret və alkoqol qədər (hətta, bəlkə onlardan da cox) yayılmış telefon, internet, sosial şəbəkə asılılıqları da aktualdır. Məhz bu asılılıqlar da yeniyetmələr arasında sürətlə yayılmaqdadır. Buna görə də, valideynlərə tövsiyəm odur ki, ilk növbədə özləri onlara düzgün nümunə olsunlar və elektron cihazları uşaqlara müəyyən zaman kəsiyində verərək, düzgün istifadə etdiklərinə əmin olsunlar.
Aygün Zayıdova