Doqquz yaşlı qızım mənə və anasına bir velosiped istədiyini deyəndə bayrama hələ iki ay var idi. Ancaq bayram yaxınlaşdıqca, qızımın velosiped arzusu sanki yavaş-yavaş azalmağa və hətta, yox olmağa başladı. Kim bilir, bəlkə də bizə elə gəldi. Buna görə də, biz ona bayram üçün kiçik bir gəlincik (son günlər bu gəlincik qız uşaqları arasında çox böyük rəğbət qazanmışdı) və bu gəlincik üçün kiçik bir ev aldıq. Ancaq bayrama çox az qalmış qızımın velosiped arzusu yenidən baş qaldırmağa başladı. Ancaq nə yazıq ki, bayrama çox az qalmışdı və qızımın istədiyi velosipedi almaq üçün demək olar ki, vaxt yox idi.
Nəhayət, bayram gecəsi gəlib çatdı. Saatlar gecə saat 9-u göstərəndə qızım və kiçik qardaşı artıq yataqlarında mışıl-mışıl yatırdılar. Elə bu vaxt qızımızın velosiped arzusu ağlımıza gəldi. Əlbəttə ki, bir ata-ana kimi uşağımızın bu arzusunu gözündə qoymaq bizə çox ağır gəlirdi. Və daxilən də olsa, özümüzdə bir günahkarlıq duyğusu hiss edirdik. Nəhayət, mən həyat yoldaşıma:
- Sən nə deyəcəksən, bilmirəm, ancaq mən bir şey təklif etmək istəyirəm. Gəl, bir yerdə gildən bir velosiped düzəldək və üzərinə: "Əgər bu gil velosipedi versən, əvəzində həqiqi velosiped ala bilərsən", deyə yazaq! - dedim.
Əlbəttə ki, verdiyim bu təklif həyat yoldaşımın da çox xoşuna gəldi. Çünki qızımız artıq böyümüşdü və buna görə də, istədiyi velosipedi özünün seçməsi daha məntiqli idi. Beləliklə, həm mən, həm də həyat yoldaşım dörd saat çalışıb-vuruşandan sonra gildən kiçik bir velosiped düzəltdik. Bayram səhəri isə qızımızın ürək şəklindəki qutunu açmasına və içindən ağ və qırmızı rəngli gil velodipedi çıxarmasına həyəcanla tamaşa etdik. Qızım velosipedin üzərindəki yazını yüksək səslə oxudu, sonra da birdən-birə üzünü bizə tutaraq:
- Yəni, deyirsiniz ki, indi mən sizin düzəltdiyiniz bu gil velosipedin əvəzinə həqiqi velosiped ala bilərəm? - deyə soruşdu.
- Əlbəttə! - deyə ikimiz də gülümsəyərək az qala bir ağızdan cavab verdik.
Birdən-birə qızımın gözləri doldu və:
- Mən heç vaxt sizin düzəltdiyiniz bu gözəl velosipedi başqasına dəyişə bilmərəm! - dedi.
Birdən-birə sanki ikimiz də sevincimizdən uçduq. Və o anda bəlkə də qızımıza yer üzündəki bütün velosipedləri ala bilərdik...