Tarixi təxminən 50 il olmasına baxmayaraq, artıq dünya əhalisinin yarıdan çoxu internetdən istifadə edir. İnternet istifadəçilərinin böyük əksəriyyəti isə qlobal internet şəbəkəsinə “Ümumdünya hörümçək toru” (WWW - World Wide Web) adlandırılan sistem vasitəsilə daxil olur.
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2022-ci il üçün açıqladığı məlumatda dünyada 9 milyard 933 milyon insanın yaşadığı qeyd olunur. İnternetdən İstifadə üzrə Beynəlxalq Statistika Təşkilatının (İnternet World Stats - İWS) açıqladığı məlumatda isə qeyd olunur ki, dünya əhalisinin 67,9%-nin və ya 5 milyard 386 milyonunun internetə çıxışı var.
Müqayisə üçün qeyd edək ki, 17 il əvvəl 2005-ci ildə dünya əhalisinin cəmi 16%-nin internetdən istifadə imkanı var idi. Son 17 ildə isə internetdən istifadə edənlərin sayı 4 dəfə çoxdur.
İnternetə ən çox çıxış imkanı olanlar isə Şimali Amerikada yaşayanlardır. Bu qitədə yaşayanların 93,4%-i internetdən istifadə edir.
Dünyanın ayrı-ayrı regionları üzrə internetə çıxışı olan insanların sayı aşağıdakı kimidir. (Qrafik 1)
İnternetdən ən çox və ən az kimlər istifadə edir?
Avropanın 3 ölkəsində - Kipr, Lixtenşteyn və Maltada internetə çıxışı olmayan insan yoxdur. Digər Avropa ölkələrində də insanların böyük əksəriyyətinin internetə çıxış imkanları var. Avropada Albaniya, Bolqarıstan, Moldova və San-Marinoda internetdən istifadə edənlərin sayı digər ölkələrlə müqayisdə aşağıdır. San-Marinoda əhalinin 60%-i, Bolqarıstanda 70%-i, Moldovda və Albaniyada isə 76,3%-i internetdən istifadə edir.
Ümumiyyətlə, dünyada internetə çıxış imkanının ən aşağı səviyyədə olduğu ölkələr əsasən Afrika və Asiya qitələrində yerləşir.
Əhalinin internetə çıxış imkanının ən aşağı səviyyədə olduğu ölkə Şimali Koreya hesab olunur. 26 milyon əhalisi olan bu ölkədə cəmi 20 min insan internetdən istifadə edir. Bu isə əhalinin cəmi 0,1%-ni təşkil edir. İnternetdən istifadə edənlərin böyük əksəriyyəti isə dövlət qurumlarının işçiləridir. Şimali Koreyada adi vətəndaşlar internetdən istifadə edə bilmirlər.
Digər bir Asiya ölkəsində - Əfqanıstanda əhalinin 22,9%-i və ya 9,2 milyon insanın internetə çıxış imkanı var. Bu ölkədə 30 milyondan çox insan internetdən istifadə edə bilmir.
Asiyada internetə çıxış imkanı geniş olan ölkə isə Cənubi Koreyadır. Cənubi Koreyada əhalinin 97%-i internetdən istifadə edir.
Afrika qitəsində internetdən ən az istifadə edənlər Cənubi Sudan və Eritreya əhalisidir. Cənubi Sudanda əhalinin 7,9%-i, Eritreyada isə 6,8%-i internetdən istifadə edir. Afrikada ən yüksək göstərici isə Əlcəzair və Liviyada qeydə alınır. Bu ölkələrdə internetə çıxış imkanları müvafiq olaraq 83,8% və 94,8% təşkil edir.
Və Azərbaycan...
Azərbaycan əhalinin internetə çıxış imkanına görə keçmiş SSRİ və qonşu ölkələr arasında orta sıralarda qərarlaşır.
Aşağıdakı cədvəldə keçmiş SSRİ ölkələrinin, həmçinin Azərbaycanla qonşu ölkələrin internetə çıxış imkanı göstərilir. (Qrafik 2)
İnsanlar virtual dünyada hansı dillərdə danışırlar?
Dünyadakı mövcud internet istifadəçilərinin 25,9%-i ingilis dilindən istifadə edir.
İngilis dilindən sonra virtual dünyada ən çox Çin dilindən (Mandarin) istifadə olunur. İnternetdə bu dildən istifadə edənlərin sayı 900 milyona və ya ümumi istifadəçilərin 19,5%-nə bərabərdir.
Növbəti sırada ispan dili qərarlaşır. Bu dildən istifadə edənlərin sayı 370 milyon, yəni, ümumi istifadəçilərin 7,9%-ni təşkli edir.
İlk onluğa daxil olan dillər arasında ərəb (ümumi istifadəçilərin 5,2%-i), portuqal (3,7%), indoneziya və malay (4,3%), fransız (3,3%), yapon (2,6%), rus (2,5%) və alman (2%) dilləri yer alır.
Ümumilikdə adlarını qeyd etdiyimiz 10 dildən istifadə edənlər ümumi istifadəçilərin 77%-ni təşkil edir və sayı 3,5 milyarddan çoxdur.
Digər dillərdən istifadə edənlərin sayı isə ümumi istifadəçilərin 23%-nə bərabərdir.