Ənəs ibn Nadr Allah Rəsulunun (s.ə.s.) himayəsi və tərbiyəsində on il qalan məşhur hədis ravisi Ənəs ibn Malikin (r.a.) əmisidir. Ənəs ibn Malikin atası vaxtilə qardaşı Ənəs ibn Nadrın adını öz oğluna vermişdi. Həzrət Peyğəmbərimiz (s.ə.s.) Ənəs ibn Nadr (r.a.) haqqında belə buyurmuşdur: "Allahın (c.c.) bəndələri arasında elə kəslər var ki, (hansısa hadisə qarşısında) belə olacaq desə, Allah (c.c.) onun sözünü yerinə yetirər". Ənəs ibn Nadr (r.a.) Bədr döyüşündə iştirak edə bilməmişdi. O bunu özünə sığışdıra bilmir, həmişə öz-özünü məzəmmət edirdi. Bir gün o, Allah Rəsulunun (s.ə.s.) hüzuruna gəlmiş və: "Əgər Allah yolunda cihad etmək üçün başqa fürsət olsa, necə vuruşduğumu hamı görəcək", - demişdi.
Oxçuların təpəni tək etməsi...
Uhud döyüşünün ilk mərhələsində düşmən ordusu pərənpərən düşmüşdü. Bununla da Allah Rəsulunun (s.ə.s.) təpəyə yerləşdirdiyi oxçular: "Hər halda düşmən məğlub oldu!" deyərək yerlərini tərk etmişdilər. Artıq oxçular üçün təpədə qalmağın (əvvəlcədən onlara tapşırıldığı kimi) bir əhəmiyyəti yox idi. Çünki onların fikrincə döyüş çoxdan bitmişdi. Abdullah ibn Cübeyrin (r.a.) səyləri kifayət etmədi. Oxçular yerlərini tərk etdilər və təpədə cəmi səkkiz oxçu qaldı.
Xalid ibn Vəlidin gözlədiyi an...
Müharibənin o anına qədər iki yüz atlısı ilə heç nə edə bilməyən Xalid ibn Vəlid oxçuların bu səhvini görən kimi həmləyə keçdi. Təpədəki səkkiz mücahidi şəhid etdikdən sonra İslam ordusuna arxadan hücum etdi. Bu qəfil hücum müsəlmanlar üçün gözlənilməz oldu. Müsəlmanlar təşvişə düşmüş və təlaş içində bir-birilərinə qılınc çalmağa başlamışdılar. Belə ki, Huzeyfə ibn Yəmanın (r.a.) qoca atasının müşrik olduğunu zənn etmiş və onu da şəhid etmişdilər. Huzeyfə (r.a.) atasına hücum edənlərin qarşısını almağa çalışsa da, buna nail ola bilməmişdi.
İslam ordusundakı çaşqınlığı və Xalid ibn Vəlidin iki yüz atlı ilə arxadan hücumunu görən müşriklər də geri qayıtdılar. Bu vaxt müsəlmanlar çox çətin vəziyyətə düşdülər. Müşriklərdən bir dəstə öz aralarında əhd bağlayaraq Peyğəmbərimizi (s.ə.s.) öldürəcəklərinə and içdilər. Onlardan biri olan Abdullah ibn Kamiə İslam ordusunun bayraqdarı Musab ibn Umeyri (r.a.) şəhid etdi. Musab ibn Umeyr (r.a.) Peyğəmbərimizə (s.ə.s.) çox bənzəyirdi. Peyğəmbəri (s.ə.s.) öldürdüyünü düşünən Abdullah ibn Kamiə bir daşın üstünə çıxaraq qışqırırdı: "Məhəmmədi öldürdüm, Məhəmməd öldü!" Bir anda hər şey dayandı. Uhud dağının ətəklərinə sakitlik çökdü. Qılınclar qalxmadı. Allah Rəsulu (s.ə.s.) ilə var olanlar Onsuz (s.ə.s.) nə edəcəkdilər? Səhabələri özündən ayırmayan, onları ata sevgisi ilə sevən və müsəlmanların canlarından çox sevdiyi Peyğəmbərin (s.ə.s.) şəhadət xəbəri müsəlmanlar üçün çox sarsıdıcı oldu. O, öldükdən sonra döyüşməyin nə mənası var idi?
"Bu fidan kəsilməməli"...
Ənəs ibn Nadr (r.a.) bu vaxt sanki vəzifənin öz çiyinlərinə düşdüyünü hiss edirdi. O, şəhid olana qədər bu yolda vuruşmalı və geri qayıtmamalı idi. Bu fürsət bir daha gəlməyəcəkdi. Sanki o, hal dili ilə: "Yenicə yetişən bu İslam fidanı kəsilməməli, İslam düşmənlərinə bu fürsət verilməməli, əvəzində biz kəsilməli, doğranmalıyıq", deyirdi. İbn Kamiənin "Məhəmmədi öldürdüm! O, öldü!" deyə səslənməsi müharibənin bitməsinə və möminlərin döyüşdən əl çəkməsinə səbəb oldu. Artıq müsəlmanların hədəf və qayələri qalmamışdı. Bəziləri Mədinəyə qayıtmağa çalışır, bəziləri Əbu Süfyana təslim olmaq istəyir, bəziləri də ağlayır və heyrətlə nə olacağını gözləyirdilər. Dirək yıxılmış, yuva dağılmış, uşaqlar acınacaqlı vəziyyətdə qalmışdılar. Allah Rəsulu (s.ə.s.) ilə başlanan möhtəşəm yuxu çox acı fəlakətlə sona çatmışdı. Müharibə bitmiş, düşmən açıq bir qələbə qazanmışdı. O an üçün mənzərə belə görünürdü...
"O, öləndən sonra yaşamağın nə mənası?.."
Ənəs ibn Nadr (r.a.) tam bu vaxt ortaya çıxdı. Daşa sitayiş edən müşriklər qalib gələ bilməz, Allah (c.c.) yolunda vuruşan möminlər məğlub ola bilməzdilər. Bu fəlakətin qarşısını almaq üçün nəsə etmək lazım idi. O, üzünü Allaha (c.c.) tutub dedi: "Ey Rəbbim! Bu möminlərin halına və nizamsızlığına görə Səndən bağışlanma diləyirəm. Mən bu müşriklərin etdiklərindən Sənə sığınıram". Sonra müşriklərə tərəf getməyə başladı. O, yolda gördüyü döyüş yoldaşlarına, iman qardaşlarına səslənir, onları yenidən hərəkətə keçməyə çağırırdı: "Əgər Allahın Rəsulu (s.ə.s.) vəfat edibsə, Allah (c.c.) əbədidir. Gəlin, Allah (c.c.) yolunda vuruşaq, biz də şəhid olaq". Az sonra o daşın üstündə oturaraq ağlayan Həzrət Öməri (r.a.) gördü və soruşdu:
- Ey Ömər, niyə döyüşmürsən?
- Allah Rəsulunun (s.ə.s.) vəfat etdiyini bilmirsən?
- O (s.ə.s.) öləndən sonra yaşamağın nə mənası? Qoy, Onun (s.ə.s.) şəhid olduğu yol uğrunda vuruşaq, biz də şəhid olaq!
O, düşmən üzərinə yürüməkdə davam etdi. Tədricən Uhuda yeni bir canlılıq gəlir, meydanın ruhu dəyişirdi. "Rəsulullah (s.ə.s.) vəfat etdikdən sonra döyüşməyin nə mənası var?" fikri yox olur, "Rəsulullahdan (s.ə.s.) sonra yaşamağın nə mənası var!" fikri yayılırdı. Mədinəni tərk edərək bura gəlməyimizin, döyüşməyimizin səbəbi Allahın (c.c.) rizasını qazanmaq deyilmi?
"Uhudun arxasında cənnət var"
Ənəs ibn Nadr (r.a.) düşmən üzərinə gedərkən Mədinənin cəngavərlərindən Sad ibn Muazı (r.a.) görmüş və ona yaxınlaşaraq belə demişdi: "Gəl, döyüşə davam edək. Ey Sad! Allaha and olsun ki, Uhudun arxasında cənnət var. Mən cənnətin qoxusunu duyuram". O, bu sözlərdən sonra düşmən üzərinə hücum etdi.
Döyüş bitənə qədər onu heç kim görmədi. Uhud döyüşündən sonra da onu heç kim tapa bilmədi. Ancaq döyüş meydanındakı şəhidlər arasında qulaqları, burnu və dodaqları kəsilmiş, gözləri oyulmuş, üzərində 80 qılınc, nizə və ox yarası olan insan bədəni var idi. Bunun kimə aid olduğunu heç kəs bilmirdi. Ənəs ibn Nadrın (r.a.) bacısı Rubey qardaşının cəsədini ancaq barmağındakı bir işarədən tanıya bilmiş və oradaca yerə oturaraq ağlamağa başlamışdı. Meydanın ortasında ətrafına nur saçan bu şəhid bədəninin səksən yerində nizə və qılınc zərbələri var idi. Müşrik qadınlar onun cəsədini parçalamış, tanınmaz hala salmışdılar.
O, qanının son damlasına qədər vuruşaraq şəhid oldu. Ənəs ibn Nadrı (r.a.) müşriklərdən Süfyan ibn Uveyf şəhid etmişdi. Sad ibn Muaz (r.a.) Uhud döyüşünün sonunda Allah Rəsulunun (s.ə.s.) hüzuruna çıxacaq və dərin bir hüznlə Ənəs ibn Nadr (r.a.) kimi ola, onun arxasınca gedə bilmədiyini deyəcəkdi.
Ənəs son nəfəsini verəndə Mədinəli şair Kəb ibn Malikin (r.a.) səsi eşidildi: "Allah Rəsulu ölmədi, O sağdır, yaşayır!" Bunlar, bəlkə də, Ənəs ibn Nadrın (r.a.) eşitdiyi son sözlər idi. Bəlkə də, bir mələk gəlmiş, ona Rəsulullahın (s.ə.s.) sağ olduğunu və hələ hər şeyin bitmədiyini söyləmişdi. Artıq müsəlmanlar Allah Rəsulunun (s.ə.s.) ətrafında toplaşır, İslam ordusu yeni bir qələbənin həyəcanını yaşayırdı. Döyüşdən sonra müsəlmanlar yaralılarına qulluq etməyə, şəhidlərini dəfn etməyə başladılar. Mədinə xalqı döyüş meydanı olan Uhud dağının ətəklərinə gələrək şəhidlərinə göz yaşı tökür və Rəsulullaha (s.ə.s.) heç bir şey olmadığına görə Allaha (c.c.) şükür edirdilər.
"Möminlərin arasında elələri də var ki..."
Döyüşün ən şiddətli anında ortaya atılan, yenidən düşmənin üzərinə hücuma keçən bu Uhud qəhrəmanını və onun yol yoldaşlarını bir Quran ayəsi belə mədh edir: "Möminlərin arasında elələri də var ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər" (Əhzab, 33/23). Ənəs ibn Nadr (r.a.) və onun kimi onlarla qəhrəman Allaha (c.c.) və Rəsuluna (s.ə.s.) olan sevgilərini Uhud günü canlarını fəda etməklə göstərdilər. Uhudda şəhadət şərbətini dada bilməyən digər səhabələr isə ömürləri boyu həsrətlə şəhidliyi gözlədilər və həyatlarını Peyğəmbərin (s.ə.s.) yoluna həsr etdilər.