Teymur İbrahim 
 

Gündəlik həyatımızda çox tez-tez istifadə etdiyimiz bir deyim var: "Hava-su kimi lazımdır". Bizim həyatımızda xüsusi əhəmiyyət daşıyan məqamların, nüansların, yeri gələndə əşyaların əhəmiyyətini vurğulamaq üçün bu ifadəyə müraciət edirik. Sözsüz ki, bu əbəs yerə deyil. "Hava-su kimi lazımdır" deməyimiz bu iki şeyin insan həyatında rolunu səciyyələndirir. Doğurdan da elədir. İnsan bədəninin orta hesabla 60, insan beyninin isə orta hesabla 75 faizini su təşkil edir. Qanımızın isə 90 faizindən çoxu sudan ibarətdir. Əgər insan, bədənindəki suyun 2 faizini itirirsə, o zaman susuzluq hiss edir. İtki 6-8 faiz arası olanda bədbin əhvali-ruhiyyə, 10 faizə çatanda isə hallüsinasiya baş verir, 12 faizdə isə ölüm baş verir. Yeməksiz 6 həftə yaşaya bildiyimiz halda, susuz bu, cəmi bir neçə gün mümkün olur. 

Yuxarıda qeyd edilənlər suyun insan həyatında və sağlamlığında nə qədər böyük rola malik olduğunu demək üçün kifayətdir. Bu, özlüyündə susuzluğun insan orqanizmində, həmçinin, sağlamlığında yol açdığı fəsadlardan və xəstəliklərdən xəbər verir. Bəs görəsən, susuzluğun orqanizmimizdə yol açdığı fəsadlar və ya xəstəliklər hansılardır? Gəlin, onlarla tanış olaq...

YORĞUNLUQ: Su bədənimizdəki ən vacib enerji mənbələrindən biridir. Dehidrasiya (susuzluq) orqanizmdə fermentativ aktivliyin azalmasına səbəb olur və nəticədə, yorğunluğa, həmçinin, halsızlığa yol açır.

ENERJİ İTKİSİ: Bizim yanacağımız sudur. Bədəndəki 1% su itkisi təxminən 10% enerji itkisinə səbəb olur. Susuzluğun enerji itkisinə necə təsir etdiyini peşəkar idmançıların nümunəsində də görmək olar. Enerji itkisi ilə yanaşı yaddaş və refleks zəifliyi də müşahidə edilə bilər.

ASTMA VƏ ALLERGİYALAR: Dehidrasiyaya məruz qalan bədən suya qənaət etmək üçün hava yollarını daraldır. Biz susuz qaldığımızı hiss edənə qədər histamin bunu müəyyən edir və ifrazını artırır. Nəticədə, müxtəlif allergik xəstəliklərə yoluxma riskimiz artır.

YÜKSƏK QAN TƏZYİQİ: Qeyd etdiyimiz kimi, bədən su ehtiyacını normal qarşıladığı zaman qanın 92%-i su olur. Bədən susuz qaldıqda isə qan qatılaşır və bu da nəticədə, qan təzyiqinin yüksəlməsinə səbəb olur.

DƏRİ PROBLEMLƏRİ: Dehidrasiya dəri vasitəsilə toksinlərin ifraz olunmasını azaldır və onu hər cür dəri problemlərinə qarşı (məsələn, dermatit və ya psoriaz kimi) müdafiəsiz qoyur.

YÜKSƏK XOLESTEROL: Bədən susuz qaldıqda, xolesterol səviyyəsini artırır və beləliklə də, hüceyrədən daha çox su itkisinin qarşısını almağa çalışır. 

HƏZM POZĞUNLUQLARI: Su və qələvi mineral çatışmazlığı (kalsium və maqnezium də daxil olmaqla) qastrit, xora və qastro-ezofageal reflyuks kimi bir çox həzm sistemi xəstəliklərinə səbəb olur.

SİDİK KİSƏSI VƏ BÖYRƏK PROBLEMLƏRİ: Toksin və tullantı turşusunun yığılması bakteriyaların inkişafı üçün əlverişli şərait yaradır. Bu da böyrək və sidik kisəsində iltihab, ağrı və infeksiya ilə nəticələnir.

QƏBİZLİK: Su çatışmazlığı zamanı bədənin kritik funksiyaları üçün su təmin etmək vəzifəsi böyük bağırsağın üzərinə düşür. Su kifayət qədər olmadıqda, tullantı maddələr bağırsaqda çox yavaş irəliləməyə başlayır və bu da qəbizliyə səbəb olur.

OYNAQ AĞRISI VƏ OYNAQ SƏRTLİYİ: Bütün oynaqlarda əsasən sudan ibarət olan qığırdaq yastıqları var. Bədən susuz qaldıqda qığırdaq zəifləyir və oynaqların "təmiri" ləngiyir. Nəticədə, oynaqlarda ağrı və sərtlik hissi meydana gəlir. KÖKƏLMƏ: Bədənimiz toksinləri effektiv şəkildə aradan qaldıra bilmir və onları yağ hüceyrələrində saxlayır. Bundan əlavə, bədən toksinləri kifayət qədər su ilə ifraz edə bilmirsə, nəticədə, yağ hüceyrələrini də sərbəst buraxmır.

VAXTINDAN ƏVVƏL QOCALMA: Xroniki olaraq bədən susuz qaldıqda orqanlar, o cümlədən bədənin ən böyük orqanı olan dəri qırışmağa başlayır və vaxtından əvvəl qocalma əlamətləri ortaya çıxır.

BEYİN ZƏDƏLƏNMƏSİ: Həddindən artıq susuz qalan bədəndə natrium və kalium kimi elektrolitlərin saxlanmasında bir balanssızlıq meydana gəlir. Nəticədə, sinir sistemi və beyin zədələnir. Miqren, sinusit və s. kimi xəstəliklərin də əsasını susuzluq təşkil edir.

DEPRESSİYA: Bədənin susuz qalması depressiyaya da səbəb olur. Çünki su kifayət qədər olmadıqda ən vacib orqanlar susuz qalır və susuz qalan orqanlarla birlikdə orqanizmdə problemlər ortaya çıxır. Bu isə xroniki susuzluqla yanaşı, depressiyaya da səbəb olur.

BAŞ AĞRILARI: Susuz qalan zaman müşahidə edə biləcəyimiz hallardan biri də ürək kimi döyünən baş ağrılarıdır. Əgər səbəb sırf susuzluqdursa, su içdikdən qısa bir müddət sonra bu ağrılar aradan qalxır.

Susuzluğun əlamətləri 

1. AĞIZ QURULUĞU: Bir çox insan ağız quruluğunun susuzluğun başlanğıc əlaməti olduğunu bilir. Təəssüf ki, ağız quruluğu varsa, demək susuzluq son həddədir və təcili su içmək lazımdır. Digər tərəfdən, kifayət qədər su qəbul etmədikdə ağızdakı selikli qişa quruyur (məsələn, tüpürcək çatışmazlığı kimi), bu isə danışmağı, udmağı və hətta nəfəs almağı çətinləşdirir. Xoşbəxtlikdən, bunu su içməklə asanlıqla aradan qaldırmaq olar.

2. BAŞ AĞRISI: İdarəetmə mexanizmimiz olan beynimizin 75%-i sudan ibarətdir. Beynimizdə ən kiçik bir su itkisi olduqda bir çox problemlər müşahidə olunmağa başlayır. Bəzi tədqiqatlar göstərir ki, hətta 2% itki belə intellektin azalmasına səbəb olur. Bəzən baş ağrısını aradan qaldırmaq üçün ağrıkəsicilər qəbul edilir və ağrı kəsilir. Halbuki burada ağrıkəsici ilə qəbul edilən suyun faydası ağrıkəsicidən daha təsirlidir. Odur ki, başımız ağrıyarkən ilk olaraq su içmək məsləhətdir.

3. DƏRİDƏ QURULUQ: Dərimiz bir növ daxili orqanlarımızın əksi kimidir. Ümumi sağlamlığımız haqqında bizə bir çox iqpucu verir. Dərinin qurumasının və vaxtından əvvəl qocalmasının ən mühüm səbəblərindən biri susuzluqdur. Gündəlik su ehtiyacı yetərsiz olduqda həyati vacib orqanların işləməsi üçün su daha az əhəmiyyətli orqanlara məhdud şəkildə göndərilir. Dərimiz isə ürək və beyin kimi orqanlarla müqayisədə daha az əhəmiyyət kəsb edir.

Sudan vaxtında və düzgün istifadə ilə bir çox problemlərin qarşısını ala bilərik. Yeməkdən əvvəl su içmək porsiyalarımızı azaltmağa kömək edər və buna görə də, daha asan arıqlamağımıza gətirib çıxarar. Əgər il ərzində gündə 1,5 litr su istehlak edəriksə, əlavə olaraq 17400 kalori yandırmış olarıq ki, bu da təxminən 2,5 kiloqrama bərabərdir. Yalnız su içmək lazımdır, çünki istehlak etdiyimiz digər mayelərin tərkibində kalori və şəkər var. Suyun kalorisi isə sıfıra bərabərdir. Soyuq su içmək maddələr mübadiləsini sürətləndirir və kalori yanmasına səbəb olur. Sürətlənmiş maddələr mübadiləsinin təsiri ilk 10 dəqiqədən sonra başlayır və 30-40 dəqiqədən sonra maksimuma çatır.

Sonda isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin bu sətirlərini yazmaq lap yerinə düşər: "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da". Odur ki, sudan qədərində və vaxtında istifadə etsək, orqanizmimiz də daha sağlam olar.