İbrahim Mahmud 
 

Kainat bütövlükdə insanlığa xidmət üçün yaradılıb. Yaradan həm qadını, həm də kişini bir-birindən fərqli, eyni zamanda bir-birinə tamamlayıcı göndərib. Hər birimiz özünəməxsus xüsusiyyətlərimizlə seçilir, bu dünyada özünəməxsus mövqe tuturuq. Cəmiyyətin formalaşmasında aparıcı rol oynayan qadın isə öz enerjisi ilə ön plandadır. Zərif cinsin nümayəndəsi olan qadın öz gücü ilə bütöv bir nəslin yetişməsində əvəzsiz rol oynayır. Bəs, zərif ruhuna ağır yük yükləyən qadın bütün bunların öhdəsindən necə gəlir? Və ən əsası ona bu gücü verən nədir? - Enerji. Bəli, enerji bir növ insan zehnini idarə edən gücdür. Eril (kişi) və dişil (qadın) adlandırılan enerji həm qadında, həm də kişidə mövcuddur. Ancaq hər birinin özünəməxsus xüsusiyyətləri var. Məsələn, eril enerji zehin gücünü, məntiqi, nitqi, bir sözlə, sol beynin funksiyasını təmsil edir. Bu enerji insanın idarə edən, hərəkətə keçən və rəqabət aparan tərəfidir. Dişil enerji isə əksinə, bir növ qəbuledici rol oynayır, daha çox hisslərə söykənir, həmçinin, humanist tərəfləri daha qabarıqdır. İnsanda hansı enerji daha yüksəkdirsə, o xüsusiyyətlər onda ön planda olur. Bəs, enerji balansını qorumaq üçün nə etməliyik? Öz yaradılışına uyğun yaşamaq, öz missiyasını doğru təbliğ etmək mümkündürmü?

Qadın iş həyatında necə mühit seçməlidir?

Araşdırmalar göstərir ki, əgər enerji balansı pozularsa, insan psixologiyasında ciddi xaos yaranar. Bu bir faktdır ki, cəmiyyətin inkişafında qadın enerjisinin əvəzsiz rolu var. Elm təsdiq edir ki, kişi enerjisinin rəngi boz və tutqundur. Qadınlarda isə əksinə enerji qırmızı və parlaq rəngdədir. Kişi enerjisinin hər hansı enerji mənbəyinə çıxışı olmadığı üçün daha çox qəbuledici funksiyasını daşıyır. Deməli, Yaradan Həvvanı Adəmə təkcə həmdəm deyil, eyni zamanda, ona enerji mənbəyi kimi yaratmışdı.

Ötən əsrin əvvəllərində qadının cəmiyyətə inteqrasiyası onun fəaliyyətinin daha geniş sahələrə yayılmasına gətirib çıxardı. Hazırda idarəçi mövqedə olan və bu istiqamətdə ön sıralarda duran kifayət qədər uğurlu xanımlar var. Lakin qadın cəmiyyətdə mövqe tutarkən bir qədər ehtiyatlı davranmalıdır. Belə ki, psixoloji araşdırmalar uzun müddət kişi mərkəzli kollektivdə işləyən qadınların daha çox tükənmişlik sindromundan əziyyət çəkdiyini göstərir. Buna səbəb isə qadının gün boyu enerji payladığı halda bu enerjini yerini doldura bilməməsidir. Bu da onun gün sonunda tükənməsinə gətirib çıxarır. Bu hal davamlılıq təşkil etdikdə isə qadında psixoloji gərginlik və vaxtından tez qocalma müşahidə edilir. Məsələn, siyasi sahədə kifayət qədər güclü idarəçi olan Almaniya kansleri Angela Merkel hakimiyyəti dövründə ölkə iqtisadi baxımdan ən gözəl dövrünü yaşadı. Lakin bu, Merkelin daxili aləmi üçün heç də belə olmadı. Əlbəttə ki, biz onun sevdiyi işlə məşğul olduğunu, həmçinin, bu işin ona kifayət qədər şöhrət qazandırdığını gözardı edə bilmərik. Lakin onun simasına diqqətlə nəzər salsaq, həddindən artıq tükənmiş, yorulmuş, çökmüş bir qadın obrazının şahidi oluruq. Buna görə də, daim enerji mənbəyi rolunu oynayan qadınların daha "mülayim" bir mühitdə işləmələri ötürdükləri enerjinin onlara qazanc gətirməsi baxımından daha məqsədəuyğundur. Məktəb, bağça, səhiyyə kimi cəmiyyətin formalaşmasında əsas rol oynayan sahələr qadına sərf etdiyi enerjini artıqlaması ilə geri qaytarır.

Sosial həyatı evdar xanımlıqdan ibarət olan qadınlar da mütləq özlərinə məşğuliyyət tapmalı və bunu vərdiş halına gətirməlidirlər. Çünki enerji toplanır və qadın özü də fərqində olmadan onu idarə etməkdə çətinlik çəkir. Bu da ailədə münasibətlərin pozulması ilə özünü büruzə verir. Qeyd etmək lazımdır ki, bəzən münasibətləri iki tərəfin deyil, ətraf mühitin də enerjisi mənfi təsir altına ala bilər. 

Özünü qəbul etmə

Bütün təfərrüatlarına qədər mükəmməl yaradılan qadın öz enerjisini düzgün idarə etmək üçün ilk növbədə, özünü düzgün tanımalı və qəbul etməlidir. Saçların uzun olması qadında mühüm nüanslardan biridir. Belə ki, araşdırmalar qısasaçlı xanımların enerji ötürülməsində disbalans yaşadıqlarını göstərir. Saçlar minimum çiyinlərdən aşağı düşməlidir. Bu, enerjinin dövr edərək qadının özünə qayıtmasını və beləliklə də, balansın qorunmasını təmin edir. 

Geyim

Qadın davamlı enerji mənbəyi rolunu oynadığına görə burada müsbət enerji ilə yanaşı mənfi enerji də toplana bilir. Bunun üçün də xanımlar hərəkəti məhdudlaşdıran dar geyimlərdən uzaq olmalıdırlar. Sözügedən mənfi enerjinin torpağa ötürülməsi baxımından isə enli və uzun paltarlar daha məqsədəuyğun hesab olunur. 

Danışıq

Elmi araşdırmalar göstərir ki, kişilər susarkən, qadınlar isə danışarkən düşünürlər. Buna görə də, qadınlar danışarkən onları dinləmək, fikirlərinə dəyər verildiyini göstərmək lazımdır ki, bu enerji mənfiyə yox, müsbətə çevrilsin. 

Enerji balansını qorumaq

Cəmiyyəti qadın formalaşdırsa da, İlahi qüvvə həm qadını, həm də kişini bir-birinə tamamlayıcı yaradıb. Qadını kişisiz, kişini isə qadınsız təsəvvür etmək tək ayaqla yeriməyə bənzəyir. Lakin ilk növbədə, insanın öz-özü ilə olan münasibəti normal səviyyədə olmalıdır. Yəni, insanın sosial "mən"i ilə real "mən"i arasındakı əlaqə dərin olmalıdır. O ünsiyyət pozulduğu zaman insanın daxili aləmindəki balans da pozulur və bu zaman onun güclü bir tərəfdaşa ehtiyacı olur. Bu, ya həyat yoldaşı, ya da valideynlərdən hər hansı biri ola bilər. Əsas məsələ bu şəxslə arasındakı sevgi bağının sağlam və güclü olmasıdır.

İstər qadın üçün olsun, istərsə də kişi üçün, mühüm olan enerji balansını stabil saxlamaqdır. Çünki biri digərindən nə üstün, nə də aşağıdır. Həmçinin, həyatdakı mövqeyimizi düzgün müəyyənləşdirmək üçün hər iki enerjiyə ehtiyacımız var. Sadəcə olaraq, onu düzgün istiqamətləndirməliyik. Biz fərqinə varmasaq da, bu balansın pozulması bütün həyatımızı təsiri altına ala bilər.