Rəvan Məmmədov 
 

Azərbaycan tarix boyu ən çətin sınaqlardan keçdi. Dəfələrlə torpaqlarımıza təcavüz oldu, işğal edildi, bölündü. Bu prosesin ən ağrılısı isə Türkmənçay müqaviləsi və ondan sonra baş verdi desək, yəqin ki, yanılmarıq. İrəvan və ətrafının Azərbaycanın tarixi torpaqları olmasına baxmayaraq millətimiz oradan haqsız şəkildə köçürüldü, evləri, yurdları əllərindən alındı. Bu cür hadisələrdən biri İkinci Dünya müharibəsindən sonra baş verdi. 1947-ci il 23 dekabrda SSRİ Nazirlər Soveti "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" 4083 nömrəli qərar çıxardı. 3 ay sonra, 1948-ci il 10 martda SSRİ Nazirlər Sovetinin daha bir qərarı ilə köçürmə tam təsdiqləndi.

Bu qərara əsasən, 100 min azərbaycanlı 1948-1950-ci illərdə "könüllülük prinsipinə əsasən" Azərbaycana köçürülməli idi. Qərarın axırıncı, II maddəsində ayrıca göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililərdən, yaşayış evlərindən xaricdən gələn erməniləri yerləşdirmək üçün istifadə olunsun. Həmin vaxt Ermənistan sayılan tarixi Azərbaycan torpaqlarında 400 min nəfərdən artıq vətəndaşımız yaşayırdı.

SSRİ Nazirlər Sovetinin sonuncu qərarı ilə 1948-ci ildə 1799 təsərrüfat və 7747 nəfər Azərbaycana köçürüldü. Razılaşmaya görə, 1949-cu ildə isə 3818 təsərrüfat və 15713 nəfər köçürülməli idi. Lakin SSRİ Nazirlər Soveti razılaşmanı yerinə yetirmədi. Çünki rəqəmlərin böyüdülməsini tələb edirdi. Beləcə, SSRİ hökumətinin rəsmi nümayəndəsi S. Çeremuşin Azərbaycan SSR Nazirlər Sovetinin sədri T. Quliyevdən 40 000 nəfər azərbaycanlının köçürülməsini tələb etdi. Bu, təbii ki, Azərbaycan üçün çıxılmaz bir vəziyyət idi. Həm haqsız köçürülmə, həm də əldə olunmuş razılaşmanın yerinə yetirilməməsi təcavüzün böyüklüyünü göstərirdi. Bu proses artıq sadə köçürülmədən çox, zorla qovulmaya çevrilmişdi.

Azərbaycan SSR rəsmiləri düşdükləri vəziyyətdən çıxış üçün SSRİ Nazirlər Soveti sədrinin müavini G. Malenkova müraciət edir. Bildirir ki, 40 min nəfərin belə qısa müddətdə köçürülməsi və yerləşdirilməsi üçün Azərbaycanın lazımi imkanları yoxdur. Müraciətdə köçürmə planlarına yenidən baxılması və əvvəlki razılaşmaya qayıdılması tələb olunur.

Deportasiya tədbirləri 22 rayonu əhatə edirdi. Artıq bu istiqamətdə təzyiqlər də başlamışdı. Erməni millətçiləri azərbaycanlıları həmin rayonlardan qovub çıxarmağa çalışırdılar. Erməni rəsmilərinin göstərişi ilə faşist düşüncə öz sözünü deyirdi. Hətta köçürülmənin baş tutduğu Kür-Araz ovalığında belə azərbaycanlılar ermənilər tərəfindən rahat buraxılmırdı. Ölkənin mərkəzində belə ermənilər vətəndaşlarımıza təzyiq göstərirdilər. Bəzi mənbələrə görə, Azərbaycan SSR-in Kür-Araz ovalığı və digər rayonlarında yerləşdirilən azərbaycanlılar burada yaşayan ermənilər tərəfindən də təqib olunur, barələrində böhtan dolu məktub və teleqramlar rəhbərliyə göndərilirdi. Hətta indiki Şəmkir ərazisində rayon partiya və icra orqanlarında rəhbər vəzifə tutan ermənilər 150 nəfər azərbaycanlının öz təsərrüfatları ilə birlikdə rayondan sürgün edilməsi barədə qərarın qəbul edilməsinə nail ola bilmişdilər.

1949-cu ildə Ermənistandan Azərbaycanın Saatlı, Göyçay, Mirbəşir (indiki Tərtər), İmişli, Əli Bayramlı (indiki Şirvan), Zərdab, Salyan, Kürdəmir, Xaldan, Sabirabad, Jdanov (indiki Beyləqan), Yevlax, Ucar, Gədəbəy və Bərdə rayonlarına 15276 adam köçürülür. 1950-ci ildə isə Azərbaycana 3419 təsərrüfatın və 14361 nəfərin köçürülməsi həyata keçirilir. Deportasiya prosesi erməni millətçilərin bütün təzyiq və tələblərinə baxmayaraq sürətli şəkildə həyata keçirilmirdi. Digər tərəfdən, hökumət köçürülən azərbaycanlıların həyatlarının yaxşılaşdırılması üçün tədbirlər görmürdü. Prosesin ağır hal aldığını görən bir çox vətəndaşlar 1950-ci ildə yenidən Ermənistana, öz keçmiş yaşayış yerlərinə qayıtmağa başladılar. Onlar əlacsız qalaraq Mərkəzi hökumətə şikayət və etiraz məktubları göndərirdilər. Ancaq bütün bu məktublara baxmayaraq heç bir nəticə yox idi.

1951-ci il mayın 27-nə olan məlumata görə 36 azərbaycanlı ailəsi geri qayıtmışdı. Buna baxmayaraq deportasiya davam edirdi. 1952-1953-cü illərdə daha 3155 təsərrüfat və 1376 nəfər azərbaycanlı dədə-baba yurdlarından qovuldu. Lakin geri qayıdanların sayında da artım müşahidə olunurdu. 1954-cü ildə yayılan rəsmi məlumata görə, 1115 ailə artıq geri qayıtmışdı. Ancaq onların sonrakı taleyi barədə dəqiq məlumatlar yoxdur.

Deportasiya 1956-cı ilə qədər davam etdi. 1954-1956-cı illərdə 1316 təsərrüfat və 5876 azərbaycanlı Ermənistandan qovuldu. Bu, uzun illər davam edən Ermənistanın mərhələli şəkildə böyüdülməsi prosesi idi. Bəhs etdiyimiz tarixdə 100 min nəfərdən çox azərbaycanlı zorla köçürüldü. Çoxları getdikləri yerdə ümumi şəraitin çətinliyinə uyğunlaşa bilmir, xəstəliklərə tutulur, ac qalır, həyatları puç olurdu.

Azərbaycan vətəndaşlarının başlarına gətirilən bu oyunlar heç vaxt unudulmadı. 1813-cü il Gülüstan müqaviləsi, 1828-ci il Türkmənçay müqaviləsi, 1918-ci il azərbaycanlılara qarşı edilən soyqırım, 1948-1956-cı illərdəki deportasiya, 1990-cı illərdə torpaqlarımıza erməni təcavüzləri və həmin tarixlər arasında yaşanan digər bədbəxt hadisələr bu gün də yaddaşlardadır.

Nəhayət, 2020-ci ildə yenidən baş qaldırmağa çalışan ermənilərin "Böyük Ermənistan" xülyası yerlə bir oldu. Bir daha dirilməmək üzrə torpağa gömüldü. Sadaladığımız tarixi mərhələlərə nəzər yetirdikdə Rusiya-Ermənistan-İran üçbucağında Azərbaycanın nələr çəkdiyini müşahidə etmək çətin deyil. Ancaq belə görünür ki, hazırkı dövrdə tarixin tam başqa mərhələsi başlayır. Və ölkə həmin üçbucaqdan yavaş-yavaş çıxır. Yaxın gələcəkdə isə Azərbaycana edilən bütün haqsızlıqların öz əleyhlərinə çevrilməsinin də şahidi olacağıq.