Yusif Yusifli 
 

Zəlzələ uzun illərdir Yer kürəsinin ən təhlükəli fəlakətlərindən biridir. Alimlər bu təbiət hadisəsini əvvəlcədən xəbər vermək üçün araşdırmalar aparsalar da, indiyə qədər tam dəqiq şəkildə zəlzələni əvvəlcədən müəyyən etmək mümkün deyil. Bu barədə danışmazdan əvvəl zəlzələnin nə olduğu ilə bağlı qısa məlumat verək...

Zəlzələ Yer qabığının qırılması və sürüşərək toqquşması nəticəsində baş verən hadisədir. Bildiyimiz kimi, Yer qabığı maye şəklindəki mantiya qatı üzərindədir. Bunu bir növ dənizdə üzən gəmiyə də bənzətmək olar. Toqquşma nəticəsində ortaya çıxan seysmik dalğalanmalar Yeri silkələyir və nəticədə, zəlzələ dediyimiz hadisə baş verir. Bəs, bunun qarşısını almaq mümkündürmü? Zəlzələni əvvəlcədən müəyyən etmək olarmı?

Zəlzələnin harada və nə vaxt baş verəcəyini təxmin etmək hazırda olduqca çətindir. Zəlzələ ilə bağlı elm hazırda məhdud səviyyədədir. Alimlərin görə bildikləri iş sadəcə olaraq, Yer qabığını tədqiq etmək, daxildə olan maddələrin kimyəvi tərkibinə baxaraq (bunun üçün müxtəlif üsullar var) zəlzələ ehtimalını öyrənməkdir. Ancaq hələlik heç bir texnologiya dəqiq şəkildə yer qabığının haradan və nə vaxt qırılacağını və ya çökmələrin baş verəcəyini hesablaya bilmir. Ancaq bu istiqamətdə işlər aparıldığı üçün gələcəkdə bu təbiət hadisəsini də əvvəlcədən xəbər vermək mümkün olacağı istisna deyil.

Bir çox geoloqlar deyirlər ki, zəlzələni tam şəkildə proqnozlaşdırmaq, demək olar ki, qeyri-mümkündür. Çünki planetin bütün qabığını təhlil etmək olduqca mürəkkəb bir prosesdir. Digərləri isə deyirlər ki, bir sıra yeni texnologiyalar, o cümlədən proqnozları daha sürətli və dəqiq öyrənməyə kömək edə biləcək süni intellektlər bu sahədə uğur gətirə bilər. Texnologiya irəliləməkdə davam etdikcə zəlzələdən xəbərdar edən sistemlər də inkişaf edir. Bu şəbəkələr yeraltı təkanları aşkar və təhlil etmək üçün seysmoloji maşınlardan istifadə edir və zəlzələdən bir neçə saniyə əvvəl insanlara bildirişlər göndərən sistemə qoşulur. Ancaq ən mükəmməl texnologiyalar belə, yalnız saniyələr və ya çox nadir hallarda dəqiqələr (ən yaxşı halda bir neçə dəqiqə) əvvəl xəbərdarlıq edə bilir. Bu da təbii ki, vaxtında evakuasiyanı çətinləşdirir. ABŞ Geoloji Tədqiqat Xidməti Zəlzələ Elm Mərkəzinin direktoru Kristin Qulet də: "Zəlzələ çox tez baş verir. Bu halda, "İnsan zəlzələləri proqnozlaşdırmaq iqtidarında deyil" demək daha ədalətlidir", - deyir. Çünki zəlzələlərin əsasını qoyan plitələrin hərəkəti yavaş-yavaş baş versə də, qopmalar çox sürətli, hətta ani olur. 

Hazırda zəlzələ ilə bağlı ən uyğun xəbərdarlıq Yer qabığını tədqiq etmək və tarixdə baş verən hadisələrə baxaraq ehtimallar ortaya qoymaqdır. Bu fikri söyləməyə bəzi əsaslar var. Burada qırılma xətlərindəki enerji yataqları, bu enerjinin tarixən hansı aralıqlarda boşalması, zəlzələnin maqnitudasının uzunmüddətli statistikası və sair nəzərə alınır.

1970 və 1980-ci illərdə tədqiqatçılar heyvanların davranışları, radon emissiyaları və elektromaqnit siqnalları kimi bir sıra işarələrə baxaraq zəlzələlərdən əvvəl ola biləcək siqnalları tapmağa çalışdılar. Deyvisdəki Kaliforniya Universitetinin fizika və geologiya professoru Con Randl da bəzi nəticələr əldə etdi. Ancaq bu nəticələrin heç biri elmi tələblərə cavab verəcək qədər etibarlı deyildi.

Mütəxəssislər əlavə edirlər ki, zəlzələnin baş verdiyi zaman təsadüfilik elementi var ki, bu da bəzən heç bir xəbərdarlıq əlaməti olmadan baş verə bilər. Texnologiya zəlzələ olduğunu bildirsə də, bunun baş verməmə ehtimalı da çox yüksəkdir.

1980-ci illərdə zəlzələ alimləri (başqa ifadə ilə seysmoloqlar) Kaliforniya ştatının Parkfild ərazisi yaxınlığındakı Yer qabığında çat olduğunu və həmin çatın qırılmasının bir müddət gecikdiyini dedilər və onu proqnozlaşdırmaq üçün çoxlu tarixi məlumatları təhlil etdilər. Nəticədə, onlar zəlzələnin 1993-cü ilə qədər baş verəcəyinə qərar verdilər. Lakin bu zəlzələ 2004-cü ilə qədər də baş vermədi.

Bir çox Qərb alimlərinin araşdırmalarına əsasən deyə bilərik ki, böyük və yaşlı dağların olduğu yerlərdə güclü zəlzələ ehtimalı olduqca aşağıdır. Bu halda dağlar bir növ dirək rolunu oynayır və necə deyərlər, Yer qabığını sabitləyir. Bu, həm qırılmaların, həm də sürüşmələrin qarşısını alır. Cavan dağların olduğu yerlərdə isə xırda zəlzələlərin olması mümkündür. Ancaq vaxt ötdükcə, xüsusilə də, dağların oturuşma və yerləşmə prosesi tamamlandıqca bu ehtimal get-gedə azalır.

Nəticə olaraq bildirək ki, zəlzələ gözlənilməz bir hadisədir. Təhlükənin olduğunu əvvəlcədən bilmək mümkün olsa da, dəqiq tarix vermək hələ ki, mümkün deyil. Ona görə də, zəlzələyə qarşı əvvəlcədən tədbir görülməsi qaçılmazdır. Xüsusilə də, Türkiyədə baş verən son zəlzələdən sonra yayılan "Zəlzələ deyil, bina öldürür" ifadəsinə çox həssas yanaşmaq lazımdır. Əgər hadisə nəticəsində güclü uçqunların qarşısı alınsa, ölüm hadisələrinin də müəyyən qədər qarşısı alınar. Yaponiyada kifayət qədər güclü zəlzələlərdə sağa-sola əyilən göydələnləri yəqin ki, çoxlarınız görmüsünüz. Hazırda zəlzələ fəlakətinə qarşı ən uyğun tədbirin tikinti zamanı bu tələblərin nəzərə alınması olduğu görünür.