Divardakı saata diqqətlə baxın və xəyali olaraq o saatın üzərində bir üstəgəl işarəsi çəkin, yəni, yuxarıdan aşağı 12-ni 6 ilə, soldan sağa 9-u 3-lə birləşdirin. Alınmış üstəgəl işarəsinin hər ucu ilin bir fəslinin başlanğıcını göstərir. 12 ən yüksəkdə, 9-la 3 eyni üfüqi xətt üzərində, 6 isə ən aşağıda yerləşir. Eyni xətt üzərindəki 9-la 3 bərabərliyi, 12 işığın, 6 isə qaranlığın uzunluğunu göstərir.
9-dan başlayaq, bərabərlikdir, işıqla qaranlığın, gecə ilə gündüzün bərabərliyi və elə bu bərabərliklə yaz fəsli qədəm qoyur və günlər uzanmağa başlayır. Saatın 12-si günün ən uzun, gecənin ən qısa vaxtını göstərir və həmin gün yay fəslinin başlanğıcıdır. Yay fəslinin başlanması ilə günlər gödəlməyə, gecələr uzanmağa başlayır və saat 3-də gecə ilə gündüzün növbəti bərabərliyi baş verir ki, bu da sentyabrın 21-nə təsadüf edir və payız fəslinin başlandığını göstərir. Günlər qısalmaqda davam edir və saatın 6-da ən uzun gecə, ən qısa gün yaşanır ki, bu da dekabrın 21-i, yəni qışın başlandığı gündür. Qışın başlanması ilə günlər yenidən uzanmağa, gecələr yenidən qısalmağa başlayır və martın 21-də yaşanan gecə-gündüz bərabərliyi bir çox şərq ölkələrində yaz bayramı, yenidən oyanış simvolu, təbiətlə birlikdə həyatın canlanması kimi qəbul edilir. Təsəvvür edirsinizmi, bütün rəngarəng çiçəklərini, yaşıl yarpaqlarını itirmiş ağac gözləriniz qarşısında sanki yenidən doğulurmuş kimi al-əlvan çiçəklərə bürünür. Bir çox ağaclar hətta martın 21-dən əvvəl çiçək açmağa başlayır. Kol dibində baş qaldıran boynu bükük bənövşə də bahardan əvvəl, qışın son ayında görünməyə başlayır. Elə ona görə də, bənövşəyə baharın müjdəçisi deyilir.
Novruzla bağlı xalqımızın ənənələri, deyimləri, xüsusi geyimləri, atalar sözləri, oyunları, məzhəkələri var. Novruz süfrəsi dedikdə istər-istəməz adamın ağlına üstü döşəməli plov gəlir, qoz-fındıq, müxtəlif meyvə quruları, badam, innab, iydə, qovrulmuş buğda, boyanmış yumurta gəlir. Qapılara torba, yaxud papaq atmaq, bir eldən yığılan payı bir evdə paylaşmaq var bu bayramda.
Novruz hazırlığına hələ boz ayın əvvəllərindən başlanar. Həyət-baca təmizlənər, ev-eşiyə əl gəzdirilər, bayram süfrəsi tədarükü görülər. Ölkəmizin bəzi bölgələrində ilin axır çərşənbəsi Novruzdan daha coşqulu, daha təntənəli qeyd olunur. Əslində, axır çərşənbə də, Novruz da, aradakı günlər də bayram ovqatı ilə keçir.
"Novruz" yeni gün deməkdir, yəni ayın, ilin başlanğıcı. Məlumdur ki, hazırda dünyada eyni zamanda 3 təqvimdən istifadə olunur. Biri miladi təqvimidir ki, İsa Peyğəmbərin (ə.s.) doğumundan başlayır, özü də Günəş təqvimidir. Yəni, Günəşin öz trayektoriyası üzrə bir dairəni tamamlaması 1 ilin başa çatması deməkdir. Bu proses də 365, yaxud 366 günə tamamlanır.
Digər bir təqvim isə Hicri-qəməri təqvimidir ki, el arasında buna müsəlman təqvimi deyilir. Bu təqvim öz mənbəyini bəşər tarixinin ən möhtəşəm hadisələrindən biri olan Məkkədəki müsəlmanların Allahın (c.c.) əmri və Onun Peyğəmbərinin (s.ə.s.) rəhbərliyi ilə Mədinəyə (o zamankı adı ilə Yəsrib şəhərinə) köç etməsindən götürür.
Hicr, yəni hicrət köç, bir yerdən başqa yerə daşınma deməkdir. Bu təqvimin adındakı "qəmər" sözünün mənası isə ay deməkdir. Yəni, bu təqvim hicrət hadisəsindən başlayan və ayın fəzadakı mövqeyinə görə hesablanan zaman bölgüsüdür. Bu təqvimdə yaz ayları, qış ayları anlayışı yoxdur. Çünki bir ildə 354-355 gün var. Miladi təqvimindən fərqli olaraq hicri-qəməri təqvimi sabit təqvim deyil. Hazırda yazın ilk günlərində başlayan Ramazan ayı müəyyən müddətdən, məsələn, iyirmi ildən sonra payız fəslinin ortasına düşəcək. Məhərrəm hicri-qəməri təqviminin ilk ayıdır, Aşura ayinləri, Ramazan və Qurban bayramları məhz bu təqvimə əsasən qeyd edilir.
Dünyada işlənən üçüncü təqvim isə hicri-şəmsi təqvimidir. Bu təqvim də bir az əvvəl danışdığımız hicrət hadisəsindən, yəni, miladi təqvimi ilə 622-ci ildən başlayır. İranda, Əfqanıstanda və bəzi ölkələrdə istifadə edilir. Hicri-qəməri ayın fəzada mövqeyinə görə hesablanırsa, hicri-şəmsi günəşin öz oxu ətrafında fırlanmasına görə hesablanır. Eynən miladi təqvimində olduğu kimi, bu təqvimdə də günlərin sayı miladi təqvimindəki kimi 365-366 gündür. Yəni, bugünkü miladi tarixindən 622 çıxsan, hicri-şəmsi təqvimi üzrə hazırkı il alınacaq. Bu təqvim əslində, fəsillərə görə tənzimlənir. Belə ki, gecə ilə gündüzün yaz bərabərliyində, yəni, martın 21-də həm yeni fəsil, həm də yeni il girir. İlin ən uzun günündə, yəni iyunun 21-də yay girir, gecə-gündüzün payız bərabərliyində, sentyabrın 21-də payız girir, ilin ən uzun gecəsində, dekabrın 21-də qış girir. Qeyd etdiyimiz Novruz bayramı da məhz gecə-gündüzün yaz bərabərliyi və bu bərabərliklə başlayan oyanış fəslidir. Novruz təkcə təbiətin yuxudan oyanması deyil, həm də yeni zəhmət ilinin başlanmasıdır.
Hələ dədə-babadan üzü bəri Novruz zəhmət, bərəkət mövsümünün başlanğıcı kimi qəbul edilməkdə, folklorumuzda bu mövzuda çox sayda holavarlar, atalar sözləri, zərb-məsəllər, bayatılar yer almaqdadır. Novruzla bağlı inanc, adət-ənənə adlandırılan sübh tezdən axar su üstünə getmək, suya açar salmaq, ocaq üstündən tullanmaq kimi bir çox işlər var ki, heç birinin məntiqi əsası, tarixi kökü yoxdur.
Bu söhbətdən sonra o həqiqəti vurğulamaq istəyirik ki, Novruz hər hansı mistik, ya da dini bayram deyil, dəqiq hesablanmış təbiət hadisələri üzərində qurulmuş ilin başlanğıcıdır. Özü də bu bayram günlərin uzanması, havaların isinməsi, təbiətin oyanması, insanların çöldə, tarlada işləməyə başlaması ilə müşaiyət olunur.
Novruz oyanışdır, anlayana bir qədər də ölümdən sonra dirilmək mənası verən təbiət hadisəsidir. Anlayana mübarək olsun!