Həyat o qədər sürprizlərlə doludur ki, harada, nə zaman başımıza nə gələcəyi məlum deyil. Evdə, işdə, yol gedərkən belə qəzaya uğraya və ya kiminsə başına bir hadisənin gəldiyinin şahidi ola bilərik. Bu zaman həyat xilas etmək imkanımız ola bilər. Necə? İlk tibbi yardım qaydalarını bilməklə... Gəlin, bu qaydalar, eyni zamanda ilk tibbi yardım çantasında olması ən vacib vasitələrdən danışaq. İlk tibbi yardım - hər hansı bir qəza və ya həyati təhlükə yaradan vəziyyətdə yaralıların xəstəxanaya çatdırılmasına qədər və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində mövcud vasitələrlə edilən dərmansız müalicə növüdür. Hər hansı zədə (sınıq, yanıq və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək, sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti var. Təəssüf ki, əksər insanlar yüngül məişət qəzalarında belə həkiməqədər ilk yardımın düzgün edilməsindən xəbərsizdirlər. İlk yardımı hadisə yerində göstərməklə ağır fəsadların qarşısını almaq olar. Bu zaman yaralılara və ya zərərçəkənlərə müdaxilə təcili, təmkinli və şüurlu bir şəkildə edilməlidir. Alınmış travmanın növündən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.) vacibdir. Qanaxma dayandırılmadıqda orqanizmdə qan kütləsi kəskin şəkildə azalmağa başlayır və bu da ürək fəaliyyətinin pisləşməsinə səbəb olur. Bu zaman bütün həyati vacib orqanlar oksigen çatışmazlığından zərər çəkməyə başlayır. Bu hal huşun itirilməsi kimi hadisələrə də səbəb ola bilər. Yadda saxlamaq lazımdır ki, üç cür qanaxma olur: kapillyar, venoz və arterial qanaxmalar. Kapillyar qanaxma zamanı yaranın üzərinə adi sarğı qoyduqda qanaxma dayanır. Venoz qanaxma zamanı tünd albalı rəngdə qan fasiləsiz yavaş axınla xaric olur. Bu zaman sıxıcı sarğı qoymaqla qanaxmanı dayandırmaq olar. Ən təhlükəli qanaxma isə arterial qanaxmadır. Bu zaman fəvvarə şəklində al qırmızı qan sürətlə damardan xaric olur və zərərçəkən bir neçə dəqiqə ərzində çoxlu qan itirir. Belə olan halda turna və ya əl altında olan hər hansı vasitədən (ip, rezin, parça, bel kəməri və s.) istifadə etməklə, zədə nahiyəsindən yuxarıda iri magistral damarları sıxmaqla qanaxmanı saxlamaq lazımdır. Eyni zamanda turnanın (və ya əl altında olan hər hansı vasitənin) qoyulduğu vaxtı qeyd etməkdə də fayda var. Çünki 1-2 saatdan sonra 2-3 dəqiqəlik sarğını boşaltmaq lazımdır ki, ətrafın qidalanması pozulmasın. Əks halda, qanqren baş verə bilər. Əl altında heç nə olmadıqda isə damarı barmaqla sümüyə doğru sıxmaq lazımdır. Yadda saxlamaq lazımdır ki, jqut yanlız güclü qanaxma zamanı qoyulmalıdır. Əks halda, düzgün qoyulmayan jqut toxuma və sinirlərin geriyədönməz şəkildə zədələnməsinə səbəb ola bilər.
İlk yardım zamanı qanaxmanın qarşısını almaq üçün atılan addımlardan ən vacibi isə bintləmədir. Bintləmə doğru edilmədikdə qanqren hallarına gətirib çıxara bilir. Buna görə də, bu qaydaları düzgün bilmək və yerinə yetirmək lazımdır. Bintləmənin qaydaları aşağıdakı kimidir:
- Bint yaranın üzərinə çox sıx bağlanmamalıdır. Bu, qanqrenə səbəb olur;
- Prosesi yerinə yetirərkən xəstəyə mümkün qədər rahat vəziyyət yaratmaq lazımdır ki, ağrıları artmasın;
- Yaranın bintlə sarınması bintin başını bədənin bintlə sarınan hissəsinin ətrafına fırlamaqla iki əllə aparılır. Bu zaman bintin başını soldan sağa olmaqla açırlar;
- Bintin hər növbəti qatı özündən əvvəlki qatın eninin yarısını və ya 2/3 hissəsini örtməlidir;
- Bintləmə zamanı bədənin bintlə sarınan hissəsi, xüsusən də ətraflar sarğı qoyulandan sonra olacaqları vəziyyətdə olmalıdır. Məsələn, sarğıdan sonra xəstə gəzərsə, diz oynağına dizin bükülmüş vəziyyətində sarğı qoyulması yararsızdır;
- Bintin uclarını bədənin sağlam hissəsi üzərində bağlamaq lazımdır.
Bintləmədən sonra ağrılar gözlənilmədən dayanarsa, barmaqlarda şişmə və göyərmə baş verərsə, bu qanqrenin başlamasından xəbər verir. Belə olduğu təqdirdə dərhal sarğı ya tam açılmalı, ya da bir qədər boşaldılmalıdır. Ümumiyyətlə, mütəxəssislər həkiməqədər edilən yardım zamanı dərman preparatlarından istifadə etməməyi tövsiyə edirlər. Çünki bu, ölüm hallarına və bir sıra ağırlaşmalara səbəb ola bilər. Eyni zamanda hadisə yerində ilk tibbi yardımın edilməsi barəsində məlumatsızsınızsa, xəstələrə və ya yaralılara toxunmamalı, onları olduqları yerdən tərpətməməlisiniz.
İlk tibbi yardımı göstərmək üçün təbii ki, yanınızda mütləq ilk yardım çantası olmalıdır. Daha əvvəl də qeyd etdiyimiz kimi bu çanta evdə, maşında, səyahətdə, iş yerində, məktəbdə və s. məkanlarda insanların köməyinə vaxtında çatmaq üçün hazırlanır.
Bununla yanaşı, tibbi yardım çantası bir neçə aydan bir mütləq yoxlanılmalı, vaxtı keçmiş dərmanlar atılmalı və yeniləri ilə əvəz edilməlidir. Bu çanta zərbəyədavamlı materialdan olmalı, isti və ya günəş şüası düşən yerdə saxlanılmamalı və üzərində mütləq Qızıl Aypara şəkli olmalıdır ki, digər çantalarla səhv salınmasın. Çantanı hazırlayan şəxs özünün də ehtiyac duyduğu preparatları mütləq bura daxil etməlidir.
İlk tibbi yardım çantasında olmalıdır:
- Üçkünc sarğı bezləri;
- Rulonlu sarğı bezləri;
- Steril qazlı bezlər;
- Yod, spirt, hidrogen məhlulu;
- Pambıq,
- Yapışqan sarğı;
- Boyunluq;
- Turna;
- Antiseptik məhlullar;
- Ağrıkəsici preparat;
- Sancaq;
- Qayçı;
- Fənər;
- Qələm və qeyd dəftəri (Təcili tibbi yardım gələnə qədər zədələnmiş şəxs haqqında vacib məqamları yazmaq üçün).
İlk yardım çantası istər evdə, istərsə də avtomobildə uşaqların əlinin çata bilməyəcəyi yerlər nəzərə alınmaqla rahatlıqla götürə biləcəyiniz yerlərə qoyulmalıdır. Evdə olan hər kəs sözügedən çantanın harada olduğunu dəqiq bilməlidir ki, vaxtında müdaxilə edə bilsin. Ev üçün nəzərdə tutulan ilk yardım çantasında yaxşı olardı ki, təzyiq və ürək-damar xəstəlikləri üçün lazım olan vacib dərmanlar da yer alsın. Bunlar hamımızın tanış olduğu Korvalol, Valerian, Nitroqliserin və Validoldur. İlk yardım kimi bu preparatlar əvəzolunmaz hesab edilir. İstəyə uyğun olaraq hər bir şəxs fərdi olaraq özü ilə daşıya biləcəyi sadə və kiçik ilk yardım çantası hazırlaya bilər.
İlahə Hüseynova