İki qurbağa var idi. Biri ağ, o biri qara... Ancaq rəngləri kimi xasiyyətləri də bir-birinə zidd idi. Ağ qurbağa nə qədər nikbin idisə, qara qurbağa da o qədər bədbin idi. Ağ qurbağa bir şeyə ağ deyirdisə, qara qurbağa mütləq qara deyirdi. Beləcə, qurbağalar dalaşa-vuruşa yaşayırdılar...
Bir gün qurbağalar darıxdıqları üçün yaxınlıqdakı kəndə getməyi qərara aldılar. Kəndə yaxınlaşanda ağ qurbağa dedi: "İstəyirsən, çox yaxına getməyək. Yoxsa, adamlar bizi görərlər". Qara qurbağa isə adəti üzrə etiraz etdi: "Bu qaranlıqda bizi kim görəcək? Belə fikirləri başından çıxar". Ağ qurbağa əlacsızlıqdan razılaşdı. Qurbağalar bir evə çatdılar. Ağ qurbağa ona yenə qayıtmağı təklif etdi. Ancaq qara qurbağa yenə ona etiraz etdi.
Artıq ağ qurbağanın ayaqları getmirdi. Bunu görən qara qurbağa bir az yumşaldı: "Onda gəl bir oyun oynayaq, sonra da evimizə qayıdaq". Sonra evin pəncərəsindəki hündür qabı göstərdi: "O qabı görürsən? İkimiz də onun üstündən tullanaq. Görək kim qalib gəlir?" Ağ qurbağa etiraz etmək istəsə də, sonra fikrini dəyişdi. Adi bir şeyin üstündə neçə illik dostunu itirmək istəmirdi. Tullandılar. Sən demə, bu qab böyük bir süd sərnici idi. Artıq iş-işdən keçmişdi. Hər ikisi sərnicin içinə düşmüşdü. Üstəlik, sərnic o qədər hündür idi ki, çıxmaq da mümkün deyildi. Qara qurbağa hay-küy salmağa başladı: "Ay aman, məhv olduq! Buradan çıxa bilməyəcəyik. Elə bu südün içində boğulub gedəcəyik". Ağ qurbağa dostunu sakitləşdirmək istədi: "Ümidini kəsmə. Kim bilir, bəlkə kimsə köməyimizə gəldi. Biz də buradan xilas olduq". Qara qurbağa acı bir qəhqəhə ilə güldü: "Nə sayıqlayırsan, heç olmasa indi sayıqlamaqdan əl çək". Ağ qurbağa isə dediyindən dönmək istəmirdi: "Mən sayıqlamıram. Ancaq mənə elə gəlir ki, biz buradan çıxacağıq".
Qara qurbağanın ümidsizliyi get-gedə artır, ümidsizliyi artdıqca da ayaqlarının gücü azalırdı. Sonra qara qurbağa: "Artıq gücüm qalmadı, sən məni bağışla", - deyib çabalamaqdan əl çəkdi. Bir neçə dəqiqə sonra da boğuldu. Ağ qurbağa dostunun belə tez təslim olmasına çox məyus oldu. Ancaq yenə də ümidini itirmədi. Ümidi artdıqca özü də bilmədən əvvəlkindən çox çabalayırdı. Ağ qurbağa çabaladı, çabaladı və birdən ayağı nəyəsə toxundu. Dönüb baxanda bunun balaca yağ topası olduğunu gördü. Gözləri sevinclə parladı. Çünki artıq xilas olmaq üçün az da olsa, ümid var idi. Gücü birdən-birə artdı. Bu dəfə nə üçün çabaladığını bilirdi. Bir saata yaxın çabaladı. Yağ topası o qədər böyümüşdü ki, artıq onun üstünə çıxıb tullanmaq da olardı. Bir neçə dəqiqə sonra isə ağ qurbağa artıq sərnicdən çıxmışdı...