Ruslan Yusibov 
 

Tanınmış dublyaj aktyoru Kamal Yaşarla görüşüb söhbətləşdik. Bəlkə də, çoxunuz onun adını bilmir və ya tanımır. Ancaq səsini eşidənlər evimizə hər gün qonaq olan aktyoru xoş bir təbəssümlə, doğmalıqla qarşılayır. Onlar Azərbaycanda cəmi 25-30 nəfərdirlər. Həm bədii filmləri, həm də cizgi filmlərini səsləndirirlər. Onların səsi ilə həm müsbət, həm də mənfi qəhrəmanlar evimizə qonaq olurlar. Hər dəfə fərqli obrazda dublyajlar edən Kamal Yaşarla dublyaj, rejissorluq, kino sahəsi, cəmiyyəti narahat edən problemlər və digər mövzularda danışdıq... 

- Kamal bəy, xoş gəlmisiniz. Sizi son təsirli müraciətinizdən sonra insanlar daha çox tanımağa başladılar. Gəlin, elə əvvəlcə həmin məsələ barədə danışaq. 

- Bəzi insanlar bu müraciətə emosional bir müraciət kimi yanaşdılar. Düzdür, mən orada müxtəlif obrazların dili ilə səsimi çatdırmağa çalışdım. Ancaq insanlar bunu daha çox şəxsi çərçivədə qəbul etdilər. Hətta bir neçə gündür artıq neçə nəfər mənə pul göndərmək istədiyini yazır. Halbuki mənim niyyətim bu deyil. Mən müraciətimdə bunu demək istəməmişəm. Bu sadəcə olaraq, problemlərin içindən doğan bir nüansdır və vəziyyətin daha aydın olması üçün bunu qeyd etmişəm. Mənim əsas istəyim problemin düzəlməsidir. Bu düzələndən sonra hər şey öz qaydasına düşəcək, ev də olacaq, maşın da olacaq və sair. Nəyə görə, başqası mənə pul verməlidir?

- Dublyaj sahəsində hansı problemlər var? Bu sahənin inkişafı üçün nə etmək lazımdır?

- Bizim sahənin əsas problemlərindən biri odur ki, həm dövlətin nəzdindədir, həm də deyil. Bu işi bacaran cəmi 25-30 adam var. Bunlar televiziyaların nəzdindəki dublyaj studiyalarında işləyirlər. Bir növ televiziyanın bir sahəsi kimidir. Azərbaycanda TV-lər həm bir mənada müstəqildir, həm də deyil. Müəyyən qadağaları, məhdudiyyətləri var. Dublyaj sahəsinə isə dövlətin nəzarəti var. Onlar bu sahəyə nəzarət edir və yeri gələndə: "Bunu burada niyə belə dedin?" deyirlər. Amma sahənin inkişafı üçün addım yoxdur, təkbaşınayıq. Qiymətlər də çox aşağıdır. Heç kim bilmir necə təyin olunur. Tutaq ki, aktyorlardan biri, ikisi o qiymətə işləmədi, ancaq başqası məcbur olur və razılaşır. Nəticədə, o pul dəyişmir. Həm redaktorun işini görürsən, həm də digər işləri yerinə yetirirsən, ancaq qazanc bəllidir. Bir sözlə, absurd məsələdir. Halbuki, bu belə olmamalıdır və bunu sındırmaq lazımdır. Cəmi 25-30 nəfər bu işi görən var. Tərcüməçiləri və digərlərini də saysaq, 10 milyon əhalini dublyaj filmlərlə təmin edən cəmi 50 nəfər var. Və o 50 nəfərə yer yoxdur, onlar özlərini tapa bilmirlər. 

- Siz həm də "Dan yeli" filminin rejissorusunuz. Bu filmi çəkmək ideyası haradan yarandı? 

- O vaxt məni "Azərbaycanfilm" kinostudiyasından çağırdılar. Onda hələ bəzi struktur dəyişiklikləri olmamışdı. Və çağırıb mənə belə bir film olduğunu dedilər. Halbuki əvvəl onu başqa bir rejissora təklif etmişdilər. Ancaq o, filmi istəməmişdi. Doğrusu, bunu biləndən sonra bir az narahat oldum. Bildirdim ki, kiminsə bu işdə zəhməti varsa, onu istəmirəm. Elə bir problemin olmadığını dedilər. Sadəcə olaraq, o, filmdən imtina etmişdi. Filmi götürdüm və gördüm ki, materialda fikir var, ancaq hələ çiydir. Əlbəttə ki, filmi götürəndən sonra onun üzərində işlədik. Mütəxəssis yoldaşlarla, dostlarla da bölüşdük. Sonra da o filmi dövlət sifarişi ilə çəkdim. Amma o filmin aqibəti çox da yaxşı olmadı. Filmi çəkəndən sonra kinostudiyanın rəhbərləri dəyişdi. Digər proseslər yerinə yetirilərkən film şkafda qaldı və necə deyərlər, köhnəldi. Təkcə Azərbaycan kino günlərindən birində nümayiş olundu. Amma çox yaxşı film idi, müharibə mövzusunda çəkilmişdi. 

- Hazırda Azərbaycanda rejissorluq sahəsinin vəziyyəti necədir? 

- Rejissorluqla bağlı bizim ölkənin vəziyyəti heç də yaxşı deyil. Məsələn, rejissorun biri mən. 3 il əvvəl dövlət sifarişli film çəkmişəm, ancaq hələ də şkafda qalır. Mədəniyyət Nazirliyinin xətti ilə hər rejissorun bəxtinə 5-6 ildə bir film düşsə, sevinər. Halbuki o qazancla yaşamaq da mümkün deyil. Gərək əlavə işlər görəsən. O da olmur, çünki bazar elə böyük bazar deyil. Bazarda 2-3 böyük prodakşn var, bütün avadanlıqlar da təbii olaraq onların əlində cəmləşir. 

- Sizcə, niyə əksər hallarda komediya filmləri çəkilir? Halbuki dram filmləri də çəkiləndə kifayət qədər sevilir. Dəfələrlə bunun şahidi də olmuşuq... 

- Əvvəl dediyim kimi yenə bazar məsələsi... Ancaq yoldaşlar dram çəkməyə başladılar və bu artıq bir qığılcım ola bilər. Əslində, cəmiyyətin tələbi də başqadır. Cəmiyyət o qədər yorulur, o qədər boğulur ki, komediya filmlərinə getmək, bir az gülmək, əylənmək istəyir. Məsələ budur ki, kaş ki, insanlara gülmək üçün daha yaxşı filmlər təqdim olunaydı. İndiki bir çox komediyalarda bayağılıq özünü göstərir. Ancaq bu da bir tərəfdən başa düşüləndir. Hamının intellektual filmə baxmasını gözləmək də doğru deyil. Kinoya gedən aktiv vətəndaşların sayı 120 min civarındadır. İndi müstəqil film çəksən belə, o filmin xərcini çıxara bilməyəcəksən. Ona görə də, böyük büdcəli keyfiyyətli film çəkmək hazırda mümkün deyil. Sən zəif avadanlıqla az büdcəli film çəkə bilərsən, ancaq onda da ortaya yaxşı bir şey çıxmayacaq. Əslinə qalanda, bu problem dünyanın hər yerində belədir. 

- Azərbaycanda hazırda kino sahəsi barədə nə deyə bilərsiniz? 

- Böyük məsələləri dəyişmək üçün gərək hamı özünü fəda etsin. Söz deyənin başına arzuolunmaz şeylər gəlir. Bu da çoxunun qatlanmaq istəmədiyi şeylərdir. Gəlin, bir məsələyə toxunaq. Müharibə bitdi, ancaq bizdə hələ də müharibəyə aid film yoxdur. Sual etməliyik ki, biz yaxşı rejissorlar, ssenaristlər hazırladıqmı? Onların yetişməsi üçün xarici ölkələrdə dərslərə, təlimlərə göndərdikmi? Heç bir hazırlıq görülmür, acanda isə deyirsən ki, yemək yoxdur. Sənin mütəxəssislərində problemlər var. Ölkədəki mütəxəssislər çox yüksək deyil. Bəzən də xaricə öyrənmək üçün göndərilənlər gedirlər, orada yeyirlər, içirlər, gəzirlər, sonra da ölkəyə qayıdırlar. Bütün bunlar qaydasına düşməlidir. Bu işin yaxşılaşması üçün insanların sevgisi, istəyi çatışmır. Bizdə cizgi filmləri çəkilmir və bu, nədənsə, heç kimi narahat etmir. Uşaqlar da rusca, ingiliscə, türkcə cizgi filmləri izləyirlər. Düzdür, başqa dildə olan cizgi filmlərini də dublyaj edirik, ancaq bu sahənin də nə vəziyyətdə olduğunu qeyd etdik. Bir sözlə, ümumi problemdir. 

- Kamal Yaşar - Yaşar Kamal... Bəzən sizi bilmədən də olsa, Yaşar Kamal kimi çağıranlar olurmu? Ya da adınızın Yaşar Kamal adı ilə bir əlaqəsi varmı? 

- Yox, heç bir əlaqə yoxdur. Yaşar mənim atamın adıdır. Ona görə götürmüşəm. Bir az da sənətlə məşğul olanların həmişə yaşasın, xatırlansın kimi istəklərini ifadə edir. Hərçənd mən belə hadisələrlə xatırlanmaq, yadda qalmaq istəmirəm. Mən illərdir, insanlar üçün çalışıram, xidmət edirəm. Düzdür, müəyyən qədər cəmiyyətdə tanıyırlar. Amma bir videodan sonra hamının səni tanıması məni incidir. Bu mənə o qədər də xoş deyil. İstəməzdim ki, məni görəndə "ev istəyən aktyor" desinlər. Halbuki mənə başqa çarə buraxmadılar. Dəfələrlə səsimizi çatdırmağa çalışdıq. Ancaq yenə də bir nəticə əldə etmədik. Mədəniyyət Nazirliyi elektron poçtunu açıb yoxlasın. Bir də bizə çıxış yolu buraxmırlar, sonra da deyirlər ki, "Gəl əvvəl mənə de"! Axı mən demişəm, hətta neçə dəfə demişəm. Bir də ki, mən niyə deməliyəm? Bu ölkə hamımızın deyil? Bəyəm, kimsə bizə "Zibili yerə atma" deməlidir? Sadəcə olaraq, normal adam bunu etməməlidir. Bu, Mədəniyyət Nazirliyinin problemidir, özü də həll etməlidir. Niyə mən kiməsə deməliyəm, stress yaşamalıyam, işimi itirməliyəm? 

- Ölkəmizdə dublyaj sahəsi digər ölkələrlə müqayisədə sanki bir az geri qalır. Sizcə, bunun səbəbi nədir? 

- Dublyaj məsələsində bizim aktyorlar çox əziyyət çəkirlər. Düşünün ki, bir nəfər azı 3-4 nəfərin səsini çıxarır. Sən istəyirsən ki, səsin o biri səsə oxşamasın. Bu da istər-istəməz insanı yorur. Ancaq Türkiyədə də vəziyyət o qədər ürəkaçan deyil. Onlardan da oxşar şikayətlər eşidirik. Son illərə qədər bizdə bir film 4-5 aktyorla dublyaj edilirdi. İndi isə bəzi TV-lər cəhd edirlər və bir filmi heç olmasa 7-10 aktyorla dublyaj etməyə çalışırlar. Tamaşaçı da baxanda artıq görür ki, fərqli səslər gəlməyə başlayır. Əlbəttə ki, bu çox yaxşı haldır. Məntiqlə nə qədər səs varsa, o qədər də aktyor olmalıdır. 

- Bəzən dublyaj olunan filmlərdə dublyaj səsi ilə birgə orijinal səsi də eşidirik, bunun səbəbi nədir? 

- O da başqa bir problemdir. Çünki filmi pirat olaraq alırlar. Filmi montaj edərkən istifadə olunan bəzi kanallar var. Orada biri aktyorun səsidir, digəri effektlərdir, başqa biri təbiətin səsidir və sair. Dublyaj edəndə təkcə aktyorun səsini bağlayır və üzərinə tərcümə edilmiş səsi oturdurlar. Ancaq pirat filmlərdə bu mümkün olmur. Bütün səslər qarışıq olur. Ona görə də, dublyajda bu cür problem baş verir. İctimai kanal artıq bir ənənənin əsasını qoydu və lisenziyalı filmlər almağa başladı. Düzdür, çox bahadır, ancaq keyfiyyət üçün bu lazımdır. 

- Bir incəsənət xadimi kimi, sizcə, incəsənətin əsas məqsədi nə olmalıdır? 

- Mən elə fikirləşirəm ki, incəsənətin əsas məqsədi dünyanın gözəlliyini insanlara bir daha xatırlatmaqdır. Onlara bu baxımdan yeni bir baxış bucağı qazandırmaqdır.