Çox şeyə sahib olmaq əsas deyil. Əsas olan az şeylə keçinmək, çox şeyə ehtiyac hiss etməməkdir.
"Qənaət tükənməz xəzinədir" buyurur Allah Rəsulu (s.ə.s.). İsrafın haram olduğunu, ardınca ehtiyacı, qıtlığı doğurduğunu da buyurur Sevimli Peyğəmbərimiz. Bu gün ən çox ehtiyac duyduğumuz məsələ bəlkə də elə budur: İsrafdan qurtara bilmək. Həyatımızın hər səhifəsində israf və ehtiyac yan-yana gəlir. Allah (c.c.) Qurani-Kərimdə israfla bağlı belə buyurur:
- Yeyin, için, ancaq israf etməyin! Allah israf edənləri, əlbəttə, sevməz. (Əraf, 7/31)
- İsraf etmə! İsraf edənlər şeytanların qardaşlarıdır. (İsra, 17/26-27) - Mallarınızı səfehlərə verməyin! (Nisa, 4/5)
- Xəsis olma, israf da etmə! (İsra, 17/29)
Allah (c.c.) səxavətli, ağıllı insanları nişan verərkən belə buyurur:
- Onlar sərf etdikləri zaman nə israf edərlər, nə də xəsislik. İkisi arasında orta bir yol tutarlar. (Furqan, 25/67)
Başımıza gələnlər yoxluqdan gəlmir, toxluqdan gəlir. Peyğəmbərimizdən (s.ə.s.) soruşurlar: "Neçə çeşid xəstəlik var?" Cavabında: "Yediklərinizin çeşidlərinə baxın", - buyurur. Yəni, xəstəliklərin sayı elə yediklərimizin sayı qədərdir.
Həyatını israf etmək ömrünü boş şeylərə həsr etməkdir. Canını israf etmək enerjisini əhəmiyyətsiz işlərlə tükətməkdir.
Çox yemək bir tərəfdən neməti israf etmək olduğu kimi, o biri tərəfdən də bədən əmanətinə qəsd etməkdir.
Rəsulullah (s.ə.s.) buyurur:
"Qiyamətdə hər kəs bu dörd suala cavab vermədən hesabdan qurtula bilməyəcək:
- Ömrünü necə keçirdi;
- Öyrəndiyi elm üzrə yaşaya bildimi;
- Malını haradan, necə qazandı və haralara xərclədi;
- Bədənini hansı işlərdə yordu, əldən saldı."
"Az yemək, az yatmaq, az danışmaq" - Peyğəmbərimizin (s.ə.s.) bizə qızıl tövsiyələrindən biri də budur.
Hər şey qarşılığı ilə müqayisədə görünür. Qənaətin bir tərəfində israf var, o biri tərəfində xəsislik.
İsraf Allahın (c.c.) verdiyi nemətlərin dəyərini bilməməkdir, xəsislik Allaha (c.c.) güvənməməkdir. Qənaət isə bütün nemətlərin Allahdan gəldiyini bilmək və onları Allahı (c.c.) razı edəcək şəkildə sərf etməkdir.
Qənaət dünyaya olan ehtiyacı zərurət səviyyəsində minimuma endirməkdir.
Qənaət dünyaya sahib olsan da, ona gözünün ucu ilə baxmamaqdır.
Qənaət könlünü dünyaya deyil, Allaha (c.c.) verməkdir.
Qənaət əxlaqdır, xüsusi mənəvi kateqoriyadır.
Sən malın-mülkün Sahibini tanısan, mal-mülkün bir əmanət olduğunu bilsən və təyinatına uyğun sərf etsən, Sahibi də o malın, mülkün bərəkətini artırar. Dünyaya könül verməyəni Allah sevər, başqalarının əlindəkinə göz dikməyəni insanlar.
Qənaət layiq olanı sevməkdir, layiq olmayana arxa çevirməkdir. Möminin gözü də, könlü də Allaha (c.c.) yönələr, dünyaya baxmaz.
Qənaət azadlığın birinci mərhələsidir. Qənaət insanı azadlıq yoluna çıxarır.
Qənaət bəzən ən ucuz, ən sadə bir şeyi itirməmək üçün mübarizə aparmaq, bəzən də hər şeyini gözünü qırpmadan Allah rizası üçün fəda etməkdir.
Allah (c.c.) bizə verdiyi hər şeylə bizi imtahan edir. Udduğumuz sayı bəlli nəfəsin də bir gün hesab-kitabı varsa, gör indi qolundakı gücün, gözündəki nurun, ağzındakı dilin, cibindəki pulun, evindəki oğul-uşağın sorğu-sualı necə olacaq.
"Ya Rəbb, verdiyin ruziyə qarşı məni qənaətkar, ruzini də mənim üçün bərəkətli et!" - Bu da Könüllər Sultanının (s.ə.s.) bir duası.
Qənaət Allahın təqdirinə müqavimətsiz təslimiyyətdir. Yəni, sən bir nəticəni əldə etmək üçün lazım olan nə varsa, hamısını yerinə yetirəcək və əvəzində Allahın (c.c.) sənə verdiyi qismətə qane olacaqsan.
Qənaət - Allahın təqdirinə qane olmaqdır.
Qəni - Allahın (c.c.) Əsmaül-Hüsnasından biridir. Yəni, könüldən qənaətkar olan həqiqi mömindir.
Allah insanlara varlı və ya kasıb olduqlarına görə yox, həmin şərtlər daxilində gördükləri xeyir və ya şər işlərə görə dəyər verir. Sədəqənin də azı-çoxu olmaz. Allah qatında sədəqənin dəyəri onu verənin ixlası ilə bərəkətlənər.
Bir sultan məscid tikdirmək istəyir. Memarları, işçiləri yığır, məqsədini bildirir, lazım olan hər şeyi verir və tapşırır ki, onun icazəsi olmadan heç kimdən bir şey almasınlar. Onlar da "Baş üstə!" deyib işə başlayırlar. Günlər keçdikcə məscidin divarları yüksəlir. O ətrafda yaşayan bir qarı onların işinə baxıb fərəhlənir və çox istəyir ki, bu xeyir işə yardım etsin. Amma nə edəcək ki? Cibində pulu yox, daş qaldırmağa heyi yox. Bir günlük dolanışığı bir bardaq ayran idi, o da qonşudan gəlirdi. Bir gün dişini dişinə sıxdı, o ayranı içmədi və məscid tikənlərin yanına aparıb dedi:
- Balalarım, mən günlərdən bəri düşünürəm ki, sizə bu xeyir işinizdə kömək edim. Amma nə gücüm var, nə də var-dövlətim, amma bir bardaq ayranım var. Onu da sizə gətirdim. Siz bu ayranı için, mənim də könlüm rahat olsun ki, heç olmasa bu yolla əlimdən gələni etdim.
Gənclər əvvəlcə qəbul etmək istəmirlər, ancaq fikirləşirlər ki, bu xeyirxah nənənin qəlbini qırmaq da doğru olmaz. Ayranı alıb içirlər. Aradan bir müddət keçir və məscid hazır olur. Sultan sabah məscidi təhvil almağa gedəcəkdi ki, gecə qəribə bir yuxu görür. Görür ki, böyük bir tərəzi var, bu tərəzinin bir gözünə gözəl bir məscid, o biri gözünə isə bir bardaq ayran qoyulub, ayran məsciddən ağır gəlir. Yuxudan təlaşla ayılır və səhərə qədər yata bilmir. Səhər olan kimi məscidi tikənləri sarayına yığır, yuxusunu danışır və izah istəyir. Onlar təəccüblə bir-birinin üzünə baxırlar və o ayran məsələsini sultana danışırlar. Sultan fikrə gedir və sakitcə deyir:
- Mən bir məscid tikdirdim, o qarı isə bir bardaq ayranını sizə pay verdi. İndi başa düşürəm ki, o qarı o bir bardaq ayranı ilə Allah qatında məndən daha çox savab qazandı.
Allah (c.c.) mala-pula baxmaz, ürəyə baxar, niyyətə baxar. İstanbulda "Sanki yedim" adında məscid var. Məhəllə sakinləri bir müddət üçün nahar yeməyindən imtina edir və pulunu bir yerə yığırlar. Həmin yeyilməyən naharlardan bir məscidi inşa etmək üçün lazım olan məbləği toplayırlar. Məscidə ad verməkdə də çətinlik çəkmirlər: "Sanki yedim" məscidi.
Qənaət həm də bərəkətin qapısıdır. Qənaət olan yerdə ehtiyac olmaz. Əslində, ehtiyaclarını düzgün sıralaya bilmək böyük istedad tələb edir və günümüzün ən mühüm, ən aktual məsələlərindən biridir.
Qənaət orta yoldur, dinimizin bizdən istəyi də elə orta yolu tutmaqdır.
Qənaət insanı təmənnasızlığa öyrədir. Qənaətin nə olduğunu bilən və onu həyatına tətbiq edən insan başqalarına dünyanı hədiyyə etsə də, bir qarşılıq ummaz.
Qənaət yemək üçün yaşamaq deyil, yaşamaq üçün yeməkdir.
Bir nəfər Musa Peyğəmbərin (ə.s.) yanına gəlir və deyir:
- Ya Musa, mənim var-dövlətim o qədər çoxalıb ki, qorxuram başım qarışa və ibadətimdə axsayam. Dua elə, Allah mənə verdiyi var-dövlətin bərəkətini azaltsın.
Həzrəti Musa (ə.s.) ona belə deyir:
- Hər gün bir parça quru çörək götür və gəzə-gəzə ye.
Aradan bir müddət keçəndən sonra onlar yenə rast gəlirlər və həmin şəxs yenə şikayət edir:
- Ya Musa, sən deyəni elədim, amma var-dövlətim daha çox artdı.
Musa Peyğəmbər deyir:
- Bir göstər görüm, sən o dediyimi necə elədin?
Adam da əvvəlcə yaxasına bir önlük bağlayır, sonra gəzəgəzə quru çörəyi yeyir, axırda da önlüyün üstünə tökülmüş qırıntıları toplayıb ağzına atır. Musa Peyğəmbər gülümsünür və:
- Bu önlük məsələsi heç mənim ağlıma gəlməmişdi. Düşünmüşdüm ki, sən çörəyi yedikcə qırıntıları yerə tökülər, sənin də evinin bərəkəti çəkilər, - deyir.
Qənaət sədəqədir, sədəqə Allahın (c.c.) əmanət verdiyi sərvəti yenə Onun xəzinəsinə qoymaqdır. Allahın (c.c.) xəzinəsinə qoyulan sərmayə yüz qat, min qat artığı ilə qarşıya çıxar və bu dünyada əmanət daşıyanı o dünyada sərmayə sahibi edər.