Cəmi bir neçə dəfə danışdığınız bir adamın adını qırx üç il sonra xatırlamaq o qədər də asan deyil. On iki yaşım olanda gündəlik xərclərimi çıxarmaq üçün evlərə qəzet paylayırdım və adını xatırlaya bilmədiyim o yaşlı qadın da mənim müştərim idi. Onunla cəmi bir neçə dəfə danışsam da, bağışlamağın nə olduğunu elə o yaşlı qadından öyrəndim...
...O gün günlərdən şənbə günü idi. Dostumla mən nə edəcəyimizi bilmirdik. Odur ki, yaşlı qadının evinin arxa tərəfinə keçdik və bir küncdə gizlənib evinin damına daş atmağa başladıq. Atdığımız daşların damın üstündən "axmasına" tamaşa edir və onları quyruqlu ulduzların göydə axmasına bənzədirdik. Bu vaxt özümə yerdən bir daş tapdım. Və götürüb var gücümlə damın üstünə atdım. Ancaq daş bu dəfə damın üstünə yox, pəncərənin şüşəsinə düşdü. Sınan şüşənin səsini eşidən kimi gizləndiyimiz yerdən çıxıb qaçdıq...
Bütün gecə yaşlı qadını düşünərək qorxudan yata bilmədim. Ancaq ertəsi gün qəzetini vermək üçün qapısını döyəndə həmişəki kimi təbəssümlə mənə baxdı. Mən isə utandığımdan onun üzünə baxa bilmədim. Bu hadisədən sonra qəzet paylamaqdan qazandığım pulları yığmağı qərara aldım. Və üç həftə sonra düz yeddi dollar yığdım. Sonra bir kağıza: "Şüşənizi sındırdığım üçün üzr istəyirəm. Yəqin ki, qoyduğum bu pullar yeni şüşə almaq üçün kifayət edər" deyə yazdım və yeddi dollarla birlikdə bir zərfin içinə qoydum. Sonra hava qaralana qədər gözlədim və hava qaralandan sonra zərfi yaşlı qadının poçt qutusuna atdım. Sanki birdən-birə üzərimdən ağır bir yük götürülmüşdü. Üstəlik, əvvəlki kimi yaşlı qadının üzünə baxa biləcəyim üçün çox sevinirdim. Ertəsi gün qapısını döyüb qəzetini uzadanda həmişəki kimi yenə təbəssümlə mənə baxdı. Bu dəfə mən də eyni təbəssümlə onun üzünə baxdım. Üzümü çevirib gedəndə isə: "Bir dəqiqə... Az qala unutmuşdum. Bu qurabiyələr sənindir", - deyə əlindəki qutunu mənə uzatdı.
Evdən uzaqlaşanda sevinclə qurabiyələri yeməyə başladım. Bir neçə qurabiyə yemişdim ki, qutuda kiçik bir zərf olduğunu gördüm. Zərfi açanda içində yeddi dollar pul və bir də bu məktub var idi: "Səninlə fəxr edirəm!.."