Yasin Kərimli 
 

"O pək sevimli, gözəl, incə, nazlı bir xilqət, Onun ayaqları altındadır fəqət cənnət: Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək". Şeirimizin ən görkəmli nümayəndələrindən olan Hüseyn Cavid qadına münasibətdə əsl İslam mütəfəkkiri kimi çıxış edir. Əgər diqqət etdinizsə, ikinci misra Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) "Cənnət anaların ayaqları altındadır" hədisinin poetik ifadəsidir. Dörd misrasını verdiyimiz bu şeirin başqa bir yerində isə şair Allahın (c.c.) qadına qüdsiyyət, yəni, müqəddəslik verdiyini də irəli sürür. Şeirin sonluğu isə bütün dövrlər və cəmiyyətlər üçün keçərli olan bir həqiqəti işıqlandırır: Cəmiyyətin barometri qadındır. Qadını cahil olan cəmiyyət cəhalətdən qurtula bilməz; qadını azad olmayan cəmiyyət azad sayılmaz; qadın gülmədikcə cəmiyyət gülməz; qadın yüksəlmədikcə o cəmiyyət də yüksəlməz. 

*** 

Qadın səni dünyaya gətirən anadır, hər addımında isti hənirini hiss etdiyin, sənin üçün hər fədakarlığa hazır bacıdır, bir ömür sənin hər nazını çəkən, cəfana qatlanan ömür-gün yoldaşıdır... Ana bir milləti yetişdirən ailənin ən mühüm fərdidir. O, İslam nəzərində o qədər müqəddəsdir ki, Allah Rəsulu (s.ə.s.): "Cənnət anaların ayaqları altındadır," - buyurur. Ana bir xalqı yoğuran müqəddəs əl, cəmiyyətin ilk hüceyrəsi olan ailə yuvasının qurucusudur. Xeyir əməl işləmək istəyən biri Peyğəmbərimizin (s.ə.s.) yanına gəlir və soruşur: - Ey Allahın Peyğəmbəri, mənə elə bir tövsiyə ver ki, onunla Allahın rizasını qazana bilim. Rəsulullah belə cavab verir: - Get anana yaxşılıq elə, onun xidmətində dur! Həmin adam bu sualı üç dəfə təkrarlayır və hər dəfə də eyni cavabı alır, ancaq dördüncü dəfə Uca Peyğəmbərimiz ona atasının xidmətində durmağı əmr buyurur. 

*** 

İslam dini anaya elə uca məqam verir ki, bu həqiqəti isbat etməyə çalışmaq Günəşin, havanın, damardakı qanın varlığını sübut etmək kimidir. Qadın və kişini xəlq edən Allah (c.c.) onlara fitrətlərinə uyğun qabiliyyətlər vermişdir. Qadın cismən zəif və incə varlıqdır, ətrafda baş verən hadisələr ona daha tez təsir edir. Belə zərif təbiətli bir varlığı incəliyi, zərifliyi və nəcibliyi ilə görmək, tanımaq, sevmək, dəyər vermək insanlıq borcudur. Əslində, qadın adlı bu nəcib varlıq ona bəxş edilən bəzi qabiliyyətlərdə kişiləri çox-çox geridə qoyur. O, şəfqət qəhrəmanıdır, övladlarının üstündə yarpaq kimi titrəyir. Kişi şəfqətdə onunla yarışa bilməz. O, övladını qorumaq üçün gözünü qırpmadan hər cür təhlükənin, odun-alovun içinə atılmağa hazırdır. Bu əngin şəfqət hissi analara lütf edilmiş olduqca dəyərli və müqəddəs bir duyğudur.

*** 

Yəqin ki, Musa Peyğəmbər və cənnətdə ona qonşu olacaq insanla bağlı söhbəti eşitmisiniz. Hadisə belə cərəyan edir ki, Musa Peyğəmbərin sualına cavab olaraq Allah (c.c.) onun Cənnətdə bir gənclə qonşu olacağını bildirir və bu xəbərdən marağa düşən Peyğəmbər bu işin mahiyyətini, yəni, sadə bir insanın hansı məziyyətinə, xeyirli əməlinə görə Cənnətdə bir Peyğəmbərə qonşu olacağını öyrənmək üçün yola çıxır və Uca Rəbbin bildirdiyi həmin gənci tapır. Qonaq olduğunu, bir gecə qalmağa yer axtardığını bildirir, gənc də onu evinə dəvət edir. Evə çatanda gənc Musa Peyğəmbərə yer göstərərək, o biri otağa keçir və bir müddət sonra üzündə təbəssümlə geri dönür. Peyğəmbərin sualına cavab olaraq deyir ki, o biri otaqda qoca anam var. Özü də o qədər qocalıb ki, hər səhər onu yedirib-içirib bir yatağa qoyur, yatağı da tavana asıb işə gedir, dönəndə də əvvəlcə onu yedirib içirir və sonra gəlib özü ağzına bir tikə yemək qoyur. Təbəssümünün səbəbini də belə açıqlayır ki, hər dəfə anası ona: "Allah səni Cənnətdə Həzrəti Musaya qonşu eləsin", - deyə dua edir. 

*** 

İnsanın öz iradəsi ilə seçdikləri, sevdikləri var, məsələn dost kimi, həyat yoldaşı kimi, iş yoldaşı kimi, yol yoldaşı kimi... Bir də hər bir kəs üçün Allahın seçdikləri var, ata-ana kimi, vətən kimi, qardaş-bacı kimi, qohum-əqrəba kimi... Allahın seçdiklərini sevmək əslində Allahın seçimini sevməkdir. Ana sevgisi, anaya hörmət Allahın əmridir, hər duyğudan fərqli, ülvi bir hissdir. Quran təbiri ilə desək, evinizdəki qoca anaya, yaxud ataya, sizə verdikləri əziyyət nə qədər olursa-olsun, "uf" belə deməyə haqqımız yoxdur. 

*** 

Bir cəmiyyətin inkişafını onun qadınlarının səviyyəsi ilə müəyyən etmək ən doğru üsuldur. Əgər qadın elmli, təhsillidirsə, hadisələri düzgün oxuya və nəticə çıxara bilirsə, təbii ki, onun yetişdirdiyi övlad da cəmiyyətdə mühüm yer tutur. Qadının fəallığı cəmiyyətin fəallığıdır, qadının uğuru cəmiyyətin uğurudur. Qadın cəmiyyət həyatında nə qədər mühüm mövqe tutarsa, o cəmiyyətdə ədalət, inkişaf o qədər güclü olar. Çünki qadın zərifdir, humanistdir, ürəyində şəfqət duyğusu daha çoxdur, qarşısında bir məzlum gördümü, onun dərdini bölüşür, köməyinə yetməyə çalışır. 

*** 

Qadına layiq olduğu dəyəri uca dinimiz İslam verir. Məhz İslam dini qadını yerdən qaldırdı, cəmiyyətin ön cərgəsində layiqli yerinə qoydu, onu hər cür zülmdən, istismardan, cəfadan azad etdi. Təsəvvür edin ki, İslam dini gələndə qadın dünyanın hər yerində əşya kimi satılırdı, ərəb qəbilələri ailənin ilk övladı qız olarsa, onu diri-diri torpağa gömürdü. İslam dini gəldi və Sevimli Peyğəmbərimiz üzünü kişilərə tutaraq: "Qadınlarınız sizə Allahın əmanətidir", - buyurdu. Əmanət nədir bilirsinizmi? Heç bu haqda düşünmüsünüzmü? Siz kiməsə bir şeyi hədiyyə edə bilərsiniz, borc verə bilərsiniz, əmanət edə bilərsiniz. Hədiyyə odur ki, verirsən və verdiyin sənin səlahiyyətindən, sərəncamından çıxır. Borc vermək odur ki, verirsən, alanda da onun özünü və ya onun dəyəri nisbətində bir şeyi geri alırsan. Əmanət isə tamam fərqlidir, verirsən, alanda da ancaq öz verdiyini geri alırsan, daha onu başqası ilə əvəz etmək və ya dəyəri nisbətində başqa bir şeylə dəyişmək olmaz. İndi özünüz düşünün ki, qadın əmanətdir və əmanətin Sahibi də Allahdır. Gün gələcək Onun verdiyi əmanətin hesabı çəkiləcək. Yəni, qadına xor baxan, ona qarşı haqsızlıq edən kişi Allahın əmanətinə xəyanət etmiş olur və bunun da hesabını Allaha (c.c.) verəcək. Bəli, bəşər övladının bazarlarda qul kimi satıldığı, diri-diri torpağa gömüldüyü bir çağda bəşərin başı üstünə Günəş kimi doğan İslam dini qadını ailənin mühüm fərdinə çevirdi və ona dəyər qazandırdı. 

*** 

İlin hər günü onların günü, onların bayramıdır, daha doğrusu, evində anası olana hər gün bayramdır. Günün sonunda yorğun, əzgin bir halda döndüyün evində səni qarşılayan ana çöhrəsi ilə yenidən özünə gəlir, təzələnir, ağrı-acılarından sıyrılırsan. Ana təmənnasız dostdur, onun səndən təmənnası sənin daha yaxşı, daha uca, daha xoşbəxt olmağındır. Səndən istədiyini də sənin üçün istəyər. Yeri ürəyimizin, məqamı süfrəmizin başındadır. Ananı tərk edən, onu illərlə gözü yaşlı qoyan övlad əsl zalımdır. Ananın duası ilə Cənnətin, qarğışı ilə Cəhənnəmin qapısı açılar övlad üzünə. Onu sevmək, qarşısında baş əymək qəhrəmanlıq deyil, onun haqqıdır, ondan üz çevirmək isə övladın nankorluğudur. Allahdan və Peyğəmbərdən sonra hər bir insanın borclu olduğu ən böyük varlıq anadır. XCV Onun ən böyük bayramı övladının uğurudur, övladının bayramı isə onun varlığıdır. Bir xoş söz, bir səmimi ifadə ən böyük hədiyyədir onun üçün. Hər kəsə ana yanında yaşamaq nəsib olmur. İşlə, evlə əlaqədar, ya da hansısa səbəb üzündən ayrı yerdə, ayrı şəhərdə yaşayırsan. Hər gün olduğu kimi zəng edirsən, hal-əhval tutursan, zəngin səbəbini soruşanda da, "Heç, elə səsini eşitmək istədim", deyirsən. Əslində, bu cavab ona onun nə qədər dəyərli, nə qədər əziz olduğunu bir daha xatırlatmaqdır. Məsələ təkcə bahalı hədiyyələrdə deyil, səmimi sevgidə, onunla aranızda olan qırılmaz bağdadır. 

*** 

Martın 8-i Beynəlxalq Qadınlar Günüdür. Bu əlamətdar günün tarixi o qədər də uzağa getmir. Almaniya vətəndaşı Klara Setkinin təşəbbüsü ilə 1910-cu ildən qeyd olunur. Amma bizim milli əxlaqımızda qadın həmişə ucadır, həmişə hörmət, ehtiram sahibidir. Azərbaycanın ana kitabı adlandırılan və yaşı 1300 il olaraq hesablanan "Kitabi-Dədə Qorqud"da qadınların cəmiyyətdə mühüm mövqe tutduğu, idarəçilikdə rol oynadığı açıq-aydın görünür. Bütün qadınlarımızı, bütün analarımızı ən səmimi duyğularla təbrik edir, onlara könül xoşluğu, ailə səadəti, cəmiyyətimizin inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq.